Boris Kaqarlitski - Marksizm: "Təqlidçilər və yenilikçilər. Bernşteyn."


SOLFRONT oxuculara tanınmış  rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur”  kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

 

Boris Yulyeviç Kaqarlitski

Marksizm: Tədris üçün tövsiyə olunmur    

Təqlidçilər və yenilikçilər

  Etiraf etmək lazımdır ki, təqlidçilər cəmiyyətdə marksist ideyaların kütləvi yayılması üçün tarixən zəruri idilər. Aydındır ki, məktəb ədəbiyyat müəllimi, məsələn, Qoqol olmaq məcburiyyətində deyil. Onun üçün Qoqolu oxumaq və az və çox dərəcəəd aydın şəkildə uşaqlara “Dikanka yaxınlığında Xutor axşamları” və “Müfəttiş” əsərlərinin məzmununu izah etmək kifayətdir. Amma bəla ondadır ki, proses bununla bitmir. Əvvəlcə əsərləri oxumuş və onların məzmununu uşaqlara izah etmiş insanlar gəlir, bir müddət sonra isə biz, kitabların özlərini deyil, məktəb izahını oxumuş və bunları öz uşaqlarına danışmağa başlayan  və s. uşaqlarla üzləşirik.

Bu, qanunauyğun tendensiyadır. İstənilən ideyanın kütləvi yayılması onun nəhəng miqyaslarda primitivləşdirilməsi ilə müşayiət olunur. XIX və XX əsrlər astanasını marksizmin inanılmaz uğuru dövrü hesab etmək olar. Hər yerdə Marksın ideyalarını öz proqramlarının və ideologiyalarının təməli kimi qəbul edən işçi partiyaları yaranır. “Kapital” bir çox dillərə tərcümə olunur. Hər yerdə böyük filosofun baxışlarını izah edən populyar broşuralar dərc edilir. Əvvəllər onun işlərinə təkəbbürlü şəkildə etinasızlıq edən professor kafedraları indi gənc nəsildən, nəzəri təhsilin zəruri elementi kimi onlarla tanışmağı tələb edirlər.

Amma artıq XIX əsrin sonunda biz nəzəri alət kimi marksizmin aşkar böhranıı ilə qarşılaşırıq. Nəzəriyyə diskussiyyalar olmadan, orijinal ideyalar olmadan inkişaf edə bilməz. Bu arada demək olar ki, o dövrün bütün marksist diskussiyaları ya bu və ya digər tezislərin eyni müəlliflər tərəfindən iki dəfə, üç  dəfə, dörd dəfə təkrar deyilməsinə, ya da “Kapital”da və ya “Manifest”də hansı ayrı bir passajın interpretasiyası mübahisələrinə gətirilirdi. Həm də unutmayın ki, həmin zamanda Marksın bütün yazıları dərc olunmamışdı. Düzünü desək, bütün yazıları indiyə qədər dərc edilməyib. Yəni “Kapital” müəllifi artıq tanınmış klassikdir, amma onun ideyalarının məzmunu tamamilə aydın deyil. Gənc Marksın əsərləri möhkəm şəkildə unudulub, bəziləri isə ümumiyyətlə oxucuya məlum deyil.

“Paris əlyazmaları” (“1844-cü ilin iqtisadi-fəlsəfi əlyazmaları”) tanınmamış qalır. Onlar yalnız 1932-ci ildə dərc olunmuşdular və nəzəriyyədə müəyyən çevriliş etmişdilər. Biz 1890-cı illərin marksizmi haqqında danışarkən, xatırlamaq lazımdır ki, bir sıra vacib ideya və mətnlər onun çərçivələrindən kənarda qalır. Buna görə də, rəsmi şəkildə oxucular üçün əlçatan olan bəzi ideya və mətnlər qeyri-müəyyən qalır. Və əksinə, Marksı ona görə tənqid edirlər ki, o, bu və ya digər problemlərə diqqət ayırmamışdır, hansı üzərində ki, o, çox işləmişdir, amma bu işlər haqqında hələ heç kimin məlumatı yoxdur.

Nikolay Berdyayev çox ibrətamiz nümunə ola bilər. 1904-1905-ci illərdə o, marksizmdən özünün kifayət qədər özünəməxsus xristianlığına doğru təkamül yolu keçir. O zaman “Həyat problemləri” adlı, “Mərhələlər”dən fərqli olaraq sol meylli, amma şübhəsiz, marksist meylli olmayan jurnal meydana gəlir. Əgər biz Berdyayev tərəfindən marksizmin tənqidini diqqətlə oxusaq, görərik ki, o, açıq qapını döyür. Onun şəxsiyyətin cəmiyyətdə özünü gerçəkləşdirmə problemləri haqqındakı ideyaları gənc Marksın tezisləri ilə üst-üstə düşür, sadəcə olaraq “Paris əlyazmaları” müəllifi, kapitalizmdə insanın yadlaşması haqqında danışdıqda problemi daha əsaslandırılmış və dərin başa düşür.

Amma Karl Kautski və rəsmi marksizmin digər apostollarının mətnlərində yadlaşma, şəxsiyyət problemləri haqqında heç nə yoxdur. Onlar üçün hər şey işçinin kapitalist tərəfindən istismarına, bir sinfin digər sinfə birbaşa tabe edilməsinə gətirilir. Sosial münasibətlər tamamilə birplanlı, səthi, karton görünürlər.

Amma məhz bu cür primitiv marksizm Kautskinin tələbələri tərəfindən bütün dünyaya yayılmışdır. Və o, məhz bu formada işçi sinfi tərəfindən mənimsənilmişdir. Həm də məhz elementar ideyaları olan sadə nəzəriyyə təbliğat uğurunun əsas şərti idi. İşçi kütlələri onları maraqlandıran əsas məsələlərin cavabını alırdılar. Nəzəriyyənin incəliklərinin isə həmin anda əhəmiyyəti yox idi.

İşçi sinfi öz tarixi missiyaları, öz vəzifələri, problemləri haqqında təsəvvürlər əldə etməyə başladılar. O dərk etdi ki, öz maraqlarının müdafiəsi üçün təşkilatlanmaq lazımdır. O, özü ilə qürur duymağa başladı. Sinfi şüur marksist broşurlarının, müasir intellektualın nəzər nöqtəsindən, onlar nə qədər primitiv olsalar da, oxunması ilə gəlirdi.

Bəla ondadır ki, marksizmin funksional istifadəsi onun nəzəri inkişafı ilə ziddiyyətdə idi, bundan əlavə, o, işçi partiyalarının inkişafı vəzifələri ilə ziddiyyətdə idilər. Çünki məsələ sadəcə nəzəriyyənin intellektual gözəlliyində deyil, nüansları nə qədər incə başa düşməyimizdədir. Həyat dəyişir, nəzəriyyə onu təhlil etməli və yeni suallara cavab verməlidir. Karton nəzəriyyə isə bunun üçün yararsızdır.

İşçi partiyaları öz mövcudiyyətləri müddətində yeni siyasi təcrübə yaradırlar, yeni problemlər yaranır. Marks tərəfindən otuz, qırx, əlli il əvvəl yazdığı sözlər kömək etmir.

Qərbi Avropada sosial – demokratik partiyaların minlərlə üzvü artıq gündəlik siyasi mübarizəyə cəlb olunmuşlar. Onlardan bir çoxu parlamentlərdə, bələdiyyələrdə otururlar. Onları hakimiyyətdə iştirak etməyə dəvət edirlər. Belə vəziyyətdə nə etməli? Bu barədə “Kapital”da heç nə yazılmayıb.

Bernşteyn

  Marksizmin özünütənqidin ilk cəhdi Eduard Bernşteyn tərəfindən edilmişdir. O, “təftişçilik” adı almışdır. Məsələ ondadır ki, Bernşteyn  çox sadə metodikadan çıxış edirdi. “Təftiş” termini əsasən mühasibat işinə aid edilir. Biz anbara gəldik, əşyaları yoxladıq, nəyin yerində olub – olmadığını aşkar etdik. Nə istifadəyə yararlıdır, nə isə sıradan çıxıb.

Bernşteyn marksizm eyni cür, ancaq ideoloji hazır məhsul anbarına yanaşdığı kimi yanaşır. Bu, Marksın yazdığıdır, bu isə bizim bu gün gördüyümüzdür. Təbii ki, biz sırf mexaniki uyğunsuzluqları görürük. Balansı götürürük və baxırıq. Lazım olmayanı silirik, lazım olanı saxlayırıq. Bernşteyn mürəkkəb nəzəri quruluşlara heç hazır deyil, o, ümumiyyətlə təhlil etmir. O sual vermir ki, nə baş verib, nə üçün bu və ya digər ideya indi yararsızdır. Sadəcə yararsızdır, vəssalam. Deməli, silmək lazımdır.

Əslində nəzəriyyədə hər şey qarşılıqlı əlaqəlidir. Əgər hansısa element işləmirsə, onu qeyd etmək kifayət deyil. Aydınlaşdırmaq lazımdır – nə üçün? Buradan nəzəriyyənin digər aspektlərinə münasibətdə hansı nəticələri çıxarmaq olar?

Nə üçün mən heç nəyi uyğunlaşdıra bilmirəm və bunu etmək üçün hansı əməliyyatlar yerinə yetirilməlidir?

Bernşteyn üçün əsas olan, Marksın proletariatın mütləq və nisbi yoxsullaşması haqqındakı tezisi olur. “Kapital” müəllifi yazır ki, burjuaziya izafi dəyərin müntəzəm çıxarılmasına ehtiyac duyur, əmək haqqının artımı isə buna ziddir. Daha müasir maşınların tətbiqi əsas kapitala olan xərclərin artımına gətirib çıxarır. Amma məhz insan əməyinin istismarı, Marksın fikrincə, izafi məhsul yaradır. Deməli, rəqabət inkişaf etdikcə, istehsal müasirləşdikcə, mənfəət norması aşağı düşəcək. Problem mənfəətin həcmində deyil, çünki dövriyyələr artacaq, amma mənfəət norması aşağı düşür. Mənfəətin bu cür aşağı düşməsini kompensasiya etmək üçün burjuaziya müntəzəm olaraq əməyin istismarını artırmalıdır. Kapital öz mənfəətini saxlaya bilmək üçün, əmək haqqını aşağı salmalıdır.

İrəliyə gedərək, deyim ki, cari sxem tamamilə doğrudur – tarixi və riyazi cəhətdən, amma Marksın həyatının sonunda etdiyi iki düzəlişlə birlikdə. Birinci düzəliş ondan ibarətdir ki, təsvir edilmiş sikl texnoloji stabillik dövlərinə aiddir. Mənfəət normasının azalma tendensiyası stabil bazar şəraitində çox nəzərə çarpır. Amma əgər iqtisadiyyatda gözlənilmədən prinsipial olaraq yeni texnologiyaya əsaslanan yeni sahə yaranırsa, birinci mərhələdə orada mənfəət çox yüksək olur. Qalan digər sahələr sanki yenilikçilərə bac ödəyirlər. Bu, xam yeri şumlamaq, ilk məhsulu toplamaq kimi bir şeydir. Yalnız sonra, sahə stabilləşdikdən sonra, texnologiyanın inkişafı artıq inqilabi deyil, təkmil olduqdan sonra, rəqabət yüksəlir, bazar doyur, mənfəət norması aşağı düşməyə başlayır. Biz bu yaxınlarda bunu kompyuter sənayesi, mobil telefonlar, İnternet nümunəsində gördük.

Eyni şey bazarların fəth edilməsinə də aiddir. Müstəmləkəçilər hələ kapitalizmdən, azad bazar və liberalizmdən xəbərsiz olan varvar ölkələrə gəldikdə, mənfəət ilk dövrlərdə nəhəng miqyaslarda olur. Amma sonra aborigenlər burjua qaydalarına görə yaşamağa adət edirlər. Muncuqlara və digər parlaq bəzəklərə tələb bir qədər azalır. Yenə də onilliklər əvvəl biz, kapitalist bazarının “yaranan bazarlar” (emerging markets) adlanan sabiq kommunist ölkələrini necə zəbt etdiklərini müşahidə edirdik. 1990-cı illərin əvvəllərindəki mənfəəti on il keçdikdən sonra təkrarlamaq olmaz.

İndi, böyük miqyasda statistika yığıldıqdan sonra, biz görürük ki, inkişafın sabit dövrləri azalan mənfəətlər dövrü olur. Məhz buna görə müəyyən mərhələdə kapital ümidsiz şəkildə yeni bazarlar axtarmağa və yeni əmtəələr yaratmağa başlayır.

Artıq Marksın özünün də gördüyü, problemin digər aspekti ondan ibarətdir ki, burjuaziyanın əmək haqqını azaltmaq bacarığı sərhədsiz  deyil. O, sadəcə olaraq işçinin fiziki şəraitdə sağ qalması ilə deyil, həm də mütəşəkkillik səviyyəsi və işçi hərəkatının mübarizə qabiliyyəti ilə məhdudlaşır. Marks bunu işçi sinfinin siyasi iqtisadı adlandırır. İşçi təşkilatları burjuaziyaya birtərəfli qərarlar verməyə imkan vermir. Həmkarlar ittifaqı, sosialist partiyalar yaranır, yeni qanunlar (viktorian İngiltərəsində fabrik qanunvericiliyindən başlayaraq, hansını ki, Marks çox yüksək qiymətləndirirdi) yaranır.

Bernşteyn dövrü məhz belə bir dövr idi ki, bu zaman, bir tərəfdən, müstəmləkələrin fəthini, yeni sahələrin yaranmasını (elektrotexnika, avtomobillər, aeroplanlar, ilk telefonlar) və s. görürük, digər tərəfdən, sosial–demokratik həmkarlar ittifaqı hərəkatı meydana gəlir. Amma Bernşteyn bunları təhlil etmir. O sadəcə olaraq deyir: mənfəət norması azalmır, işçilərin həyat səviyyəsi isə yüksəlir. Əgər bu belədirsə (burada onun konkret faktları var), deməli, nəzəriyyəni bu bölməsi köhnəlib. Onu tullayaq.

Əgər proletarlar daha yaxşı yaşayırlarsa, deməli, inqilaba doğru deyil, daha çox əksinə, güzəştə doğru hərəkət baş verir. Axı işçi hərəkatı nə qədər güclüdürsə, o burjualardan o qədər çox sərfəli güzəştə nail olmağa imkanı var, inqilaba da bir o qədər az ehtiyac var. Yeri gəlmişkən, ədalət üçün qeyd etmək lazımdır ki, Beynşteyn demir ki, inqilab lazım deyil, o iddia etmir ki, sanki inqilab heç vaxt baş verməyəcək, o sadəcə bu müzakirəni bağlamağa qərar verir. Müəyyən proses baş verəcək, amma onun necə irəliləyəcəyini tezliklə görəcəyik. Əsas odur ki, bizim işçi partiyası maraqlarımız var və biz bu maraqları bir gün, indi müdafə edəcəyik.

Asanlıqla görmək olar ki, burada Bernşteyn, Marksın dayandığı yerdən başlayır. Amma işçi hərəkatının nəzəri və tarixdəki rolunun dərk edilməsində irəli getmək üçün deyil, ümumiyyətlə heç yerə getməmək üçün. O, faktiki olaraq nəzəriyyəni ləğv edir. Marksizm işlədi, öz işini gördü, öz vəzifəsini yerinə yetirdi, indi o, artıq lazım deyil, lazımdır ki, yaxşı əmək haqqı versinlər. Bu, sinfi mübarizənin çox almansayağı dərk edilməsidir.

Sonrakı sol nəsillərin nəzər nöqtəsinə görə, bu, əsas təhdiddir. Axı Bernşteyn sadəcə siyasət haqqında mülahizələr etmir, o, işçi mühitində real olaraq mövcud olan müəyyən əhval-ruhiyyələrə əsaslanır. Və bu əhval-ruhiyyə XX əsr ərzində, sol ideoloqların bədbəxtliyindən, Qərbdə artacaq. 1960-cı illərdə radikal tələbələr deyəcəklər – işçiləri satın alıblar, onlar birinciliyi mərci şorbasına satıblar!

Amma əgər XX əsrin əvvəli marksistləri Marksı daha yaxşı oxusaydılar, görərdilər ki, “Kommunist Manifest”in müəllifi proletariatın inqilabiliyini yoxsulluqla deyil, muzdlu işçinin kapitalist istehsal münasibətləri sistemindəki yeri ilə izah edir. Başqa sözlə, hətta əgər işçini barışdırmaq, satın almaq, ona layiqli mövcudluq şəraiti və yaxşı siyasi kompromis hazırlamaq olarsa, o, proletar, yenə də təhlükəli sinif olaraq qalacaq, sistem üçün təhlükə olmaqda davam edəcək. Və o, əvvəlki kimi kapitalın qatili olmasa da, istənilən halda qəbirqazanı kimi çıxış edəcək.

Bernşteynin baxışları marksistlərin çoxunda hiddət oyatmaya bilməzdi. Bu andan etibarən Marksın tələbələri təftişçilərə və ortodokslara parçalanırlar. Birincilər Bernşteyni dəstəkləyir, ikincilər isə məzəmmət edirlər. İkinci qrupa Kautski və Plexanov aiddirlər. Onlara Şərqdən gənc inqilabçılar – V.İ.Lenin, Y.U.Martov və Roza Luksemburq qoşulurlar. Amma əgər biz polemikanın gedişinə diqqətlə nəzər yetirsək, görərik ki, Lenin və Roza Luksemburq Bernşteyni, böyük yoldaşları kimi tənqid etmirlər. Böyük nəsil üçün ortodoksiyanın müdafiə edilməsi kifayətdir. Gənclər üçün – yox. Onlar, Bernşteynin qaldırdığı suallara öz orijinal cavablarını verməyə çalışırlar.

  Tərcümə: Ləman Orucova                                 (c) solfront.org