Pol A. Baran - "İntellektualın öhdəlikləri"


Pol A. Baran - "İntellektualın öhdəlikləri"

İntellektual kimdir? Cavab, belə görünür ki, aşkardır: öz ağlı  ilə pul qazanan(və ya əgər o, maddi cəhətdən təmin  olunmuşsa, öz ambisiyalarını təmin etmək üçün işləyir), iş    zamanı fiziki deyil, əqli əmək sərf edən insan.  Belə sadə  variantda bu  tərif çətin ki, ədalətli hesab edilə  bilər.  Hər  fiziki əməklə məşğul olmayan insanı intellektual adlandırmaq  çox şeydə “intellektual” termininin özünü təhrif etmək  deməkdir.  Doğrudan da, “böyükalın professor” və “yumurtabaş” kimi ifadələrin yaranması ondan xəbər verir ki, hardasa ictimai şüurda “öz başı ilə işləyən”lərdən daha dar təbəqəni təşkil edən müəyyən insan kateqoriyasının ideya ayırımı mövcuddur.

Bunlar sadəcə terminoloji nüanslar deyillər.  Bir–birindən tamamilə fərqlənən bu iki anlayışın mövcudluğu cari sosial vəziyyəti əks etdirir və bunu dərk edərək, biz intellektualın cəmiyyətdəki yeri və funksiyalarının necə olmasını daha yaxşı aydınlaşdıra bilərik.  Birinci tərifə əsasən, biz elə bir insan qrupu haqqında danışırıq ki,  onlar cəmiyyətin vacib hissəsini təşkil edir, öz işlərini əzələlər deyil, beyinləri vasitəsilə, əllər deyil, ağıl hesabına  yerinə yetirirlər.  Gəlin onları “əqli əmək işçiləri “ adlandıraq.  Onlar biznesmenlər və həkimlər, şirkət rəhbərləri və “mədəniyyət tədarükçükləri”, birja brokerləri və universitet professurasıdırlar.  Yığıcı termin təhqiredici heç nəyi nəzərdə tutmur, bu “bütün amerikanlar” və “bütün çubuq çəkənlər” kimi müəyyən əlamət üzrə birləşmədən başqa bir şey deyil.  Bu “əqli əmək işçiləri” qrupunun dayanıqlı artımı sürətli tarixi inkişafın ən əyani nəticələrindən biridir.  O, cəmiyyətdə əmək bölgüsünün çox vacib aspektini əks etdirir, hansı ki, hələ ruhanilər təbəqəsinin yaranmasından başlamışdır və öz apopeyinə inkişaf etmiş kapitalizm-əqli əməyin fiziki əməkdən, “mavi” yaxalıqlıların “ağ” yaxalıqlılardan ayrılması dövründə çatmışdır.

Bu bölgünün həm səbəbləri, həm də nəticələri mürəkkəbdir və hər şeyi əhatə edir.  Əmək məhsuldarlığının fasiləsiz genişlənməsi ilə, hansı ki, bölgünün özü ilə güclənirdi, bu bölgü eyni zamanda fərdin tərəqqi edən dezinteqrasiyasının prinsipial aspektlərindən biri oldu, bu dezinteqrasiyanı Marks “insanın özü–özünə yadlaşması” adlandırırdı.  Bu yadlaşma yalnız şəxsiyyətin harmonik inkişafı və böyüməsinə təsir etmir – onu asanlaşdırmır, əksinə, əqli əmək işçilərinin necəsə “açılışma”, işçilərin isə - “mədəniyyətə qoşulması” meyllərini vurğulayır – həmçinin cəmiyyətin kökündən qütbləşməsinə və bir–birinə qarşı duran iki cəbhəyə bölünməsinə gətirib çıxarır. Bu cür parçalanma sosial siniflər arasındakı qarşıdurmaya əsaslanaraq, cəmiyyətin qarşılıqlı mübarizə aparan təbəqələri arasındakı həqiqi fikir ayrılıqlarını qatı ideoloji dumanla örtür və öz təsirinə görə irqi və dini mövhümatlardan geri qalmayan yanlış problemlər və destruktiv təbəqələşmə yaradır.  Bütün əqli əmək işçilərinin bir ortaq maraq birləşdirir: daha çətin, daha az gəlirli və daha az şərəfli (axı şərəflilik meyarını da onlar müəyyən edirlər) işdən - əl işindən uzaqlaşmaq.  Bu ümumi maraqla hərəkət edənlər işlərinin çətinliklərini və onun yerinə yetirilməsi üçün zəruri olan çoxcəhətliliyi, diplomlarının, elmi dərəcələrinin və s. vacibliyini şişirdərək, öz xüsusi statuslarını vurğulamağa meyllidirlər.   Onlar öz mövqelərini qoruyaraq, özlərini rəhbər sinfi təşkil edən əqli əmək işçiləri ilə eyniləşdirərək  özlərini fiziki işdən ayırırlar və onlara bu statusu verən, onlara təqdim edilən üstünlükləri yaradan və qoruyan bu ictimai quruluşu dəstəkləyirlər.

Beləliklə, kapitalizmdə əqli əmək işçisi – kapitalist sistemin sadiq nökəri, nümayəndəsi və intişarçısıdır. Bir qayda olaraq, şeylərin mövcud nizamı onda etiraz doğurmur və nəyisə tənqid etməyi sadəcə öz gücünün birbaşa tətbiqinin dar çərçivələrində bacarır.  Onu yalnız məşğul olduğu iş maraqlandırır.  Belə ki, məsələn, o, malik olduğu, idarə etdiyi və ya işlədiyi istehsalda əmək haqqının azalması yollarını axtaracaq. Yeni sabun və ya yeni siyasi namizəd barədə ictimai fikri “satmaq” tapşırığı aldıqda o, lazımi çalışqanlıq və yaradıcılıqla işə başlayacaq.  Atomun quruluşu haqqındakı müasir biliklərlə kifayətlənməyərək o, öz gücü və istedadını bu biliklərin yüksəlməsinə yönəldəcək.  Onu  “texniki icraçı” adlandırmaq istəyi yaranır, amma bu termin anlaşılmazlığı yalnız dərinləşdirir.  Korporasiyanın prezidenti kimi, o, dövlət iqtisadiyyatının vəziyyətinə, həmçinin minlərlə insanın işinə və həyatına təsir edə biləcək qərarlar qəbul edə bilər. Görkəmli dövlər məmuru kimi o, ciddi şəkildə dünya hadisələrinin gedişinə təsir göstərə bilər.  Böyük qurumun və ya elmi təşkilatın rəhbəri kimi o, uzun müddət ərzində böyük alimlər qrupuna istiqamət və tədqiqat metodikası verə bilər.  Bunlar sübut edir ki, bizim qarşımızda “texniki icraçı” dayanmayıb, belə ki, tərifə görə, o diktə etmir, icra edir; məqsədlər qoymur, onlara çatmaq yollarını axtarır; qlobal layihələrə rəhbərlik etmir, xırdalıqlarla işləyir.  Amma yenə də “texnoloji icraçı” termini tərifə görə, bu əlamətin ənənəvi traktovkasına nisbətən mənim “əqli əmək  işçisi” ilə nəzərdə tutduğuma daha yaxındır.

Buna görə də, təkrar edirəm, əqli əmək işçisinin qayğı predmeti və istehsal məqsədi – cari tapşırıqdır.  Bu, həyatda onun birbaşa fəaliyyət göstərdiyi sahənin rasionalizasiyası, mənimsənilməsi və idarə edilməsidir.  Bu  münasibətdə o, metaldan listlər doğrayan, mühərrikin yığılması ilə məşğul olan və kərpic qoyan sadə işçidən az fərqlənir və ya heç fərqlənmir. Başqa sözlə desək, əqli əmək işçisi yerinə yetirdiyi işin mənası, əhəmiyyəti, onun ictimai əmək sistemindəki yeri ilə maraqlanmır.  Yəni, onu çalışdığı fəaliyyət sahəsinin digər sahələrlə hansı əlaqədə olduğu və qlobal tarixi prosesdə onun əhəmiyyəti ilə maraqlandırmır.  Onun təbii instinkti yalnız öz işi ilə məşğul olmaqdan ibarətdir və əgər o məqsədyönlü və ambisiyalıdırsa, bu işdə maksimal uğura nail olmaq istəyir.  Qoy digərləri də öz gücləri çərçivəsində işləri ilə məşğul olsunlar. Təhsil, təcrübə və səriştə kateqoriyaları ilə düşünməyə öyrədilən əqli əmək işçisi tarixi prosesin qloballığını bir çox ixtisaslaşlamardan  biri kimi nəzərdən keçirir.  Onun nəzərində bu fəaliyyət sahəsi filosofların, dini xadimlərin və ya siyasətçilərin fəaliyyət sahəsi, “mədəniyyət” və “dəyərlər” – şairlər, rəssamlar və mütəfəkkkirlərin fəaliyyət sahəsidir.

Mən iddia etmirəm ki, hər əqli əmək işçisi məhz bu cür bu ideyanı formalaşdırır və onu dəstəkləyir.  Amma yenə də demək olar ki, belə ideyanı dəstəkləyən və rasionalizasiya edən nəzəriyyələr ona daxili olaraq yaxındırlar.  Onlardan biri  də – zamanla sınanmış və geniş yayılmış - hər kəsin öz bağının qayğısına qalarkən digər bağların da çiçəklənməsinə səbəb olduğu dünya haqqında Adam Smitin nəzəriyyəsidir.  Bu fəlsəfə nöqteyi–nəzərindən bütöv, ümumi haqqında fikirlər şüurun periferiyasına itələnir, insana isə dolayı yolla – yalnız o, özünü vətəndaş hiss edərkən toxunur. Bu fəlsəfənin gücü və nüfuzu onda gizli olan vacib həqiqətə əsaslanır: kapitalizmdə Ümumi olan - üstünlük təşkil edən, gizli qüvvələrlə   hərəkətə gətirilən, obyektivləşdirilmiş proses kimi şəxsiyyətə qarşı durur ki, şəxsiyyət onları nəinki idarə etmək, heç dərk etmək iqtidarında da deyil.

Əqli əmək işçilərinin vəziyyətini əks etdirən və tələbatlarını təmin edən digər nəzəriyyə - vasitə və məqsədlərin bölgüsü; bir tərəfdən elm və texnologiyanın ayrılması və digər tərəfdən məqsəd və dəyərlərin qısa və dürüst ifadə edilməsidir.  Bu mövqeni (görkəmli mənşəyinə görə bundan əvvəlki ilə yarışa bilən) Ç.P.Snou onu “işin müqavilə üsulu” adlandıraraq çox uğurlu şəkildə formalaşdırmışdır.  Onun sözləri ilə desək, müqaviləçilər aşağıdakını iddia edirlər: “Biz alətləri istehsal edirik, bununla bizim vəzifələrimiz bitir.  Və artıq sizə, siyasətçilərə, digərlərinə bu alətləri necə istifadə etməyə qərar vermək qalır.  İstisna deyil ki, siz onları çoxlarına rəzil görünə biləcək məqsədlərdə istifadə edəcəksiniz.  Bu belədirsə, çox təəssüf. Amma biz alimlər bunda günahkar deyilik”.  Şübhəsiz ki, alimlərə aid olanlar digər əqli əmək işçilərinə də aid edilir.

Deməyə ehtiyac yoxdur ki, “müqavilə işi” praktikada smitsayağı “hər kəs öz işi ilə məşğul olmalıdır” kimi münasibətə gətirib çıxardır – bu, eyni fikirdir, sacədə başqa sousla.  Və bu münasibət praktiki olaraq indi də eyni formada qalır və indi biz təbii əxlaqi – etik norma və qaydalara deyil, dövlətə ümid bəsləyirik, Tanrının görünməz əlini daha çox qavranılan, amma bu zaman ondan daha rəhmdil olmayan kapitalist dövlətinin əli ilə əvəz edirik.  Nəticə birdir: fərd özünü ümumi və vahid olanın qayğısına qalmaqda iştirakçı hesab etmir və onu digərlərini öhdəsinə buraxaraq, o eo ipso mövcud quruluşu fakt kimi qəbul edir və üstünlük təşkil edən meyarları (rasionallıq), dominantlıq təşkil edən dəyərləri və cəmiyyət tərəfindən sırınan  meyarları (məhsuldarlıq, nailliyyətlər və uğurluluq) mənimsəyir.

Mən razıyam ki, əqli əmək işçiləri ilə intellektuallar arasında aydın sərhədi yalnız tarixi prosesi bütövlüklə nəzərə alaraq axtarmaq olar.  Axı intellektualı məhz bu, əqli əmək işçilərindən və əlbəttə ki, digərlərindən ayırmağa imkan verərək fərqləndirir – səthi deyil, dərin, onun bütün fikirlərindən keçən və onun işinə təsir edən, tarixi prosesə maraq.  Əlbəttə, bu o demək deyil ki, intellektual adi həyatda məşğul olduğu yeganə şey bütövlükdə tarixi inkişaf yollarıdır.  Bu tamamilə qeyri – mümkün olardı.  Amma yenə də, intellektual  həmişə fəaliyyət göstərdiyi sahəni insan mövcudiyyətinin digər aspektləri ilə əlaqələndirməyə çalışır. Əslində isə məhz əqli əmək işçiləri üçün (onların fəaliyyəti burjua ideologiyası və mədəniyyəti ilə hopdurulmuş kapitalist qurumları və institutları çərçivələrində baş verir) ictimai bilik və əməyin müxtəlif kəsişməyən müstəvilərdə yerləşən şeyi birləşdirmək meyli, məhz birləşdirmə, qarşılıqlı əlaqə kəşf etmə meyli intellektualın ən nəzərə çarpan əlamətlərindəndir.  Bundan başqa, bu inteqrasiya meyli intellektualın cəmiyyətdəki əsas funksiyalarından birini müəyyən edir: elə bir əsas anlayışın simvolu və canlı xatırlatması kimi xidmət etmək ki, kapitalizmdə avtonom, ayrılmış, bir – birindən uzaq görünən ictimai həyat hissələri - ədəbiyyat, incəsənət, siyasət, iqtisadiyyat, elm, xalqın mədəni səviyyəsi və psixi köklənməsi – yalnız o halda qavranıla bilərlər (təsirə məruz qala bilərlər) ki, öz qloballığına görə hər şeyi əhatə edən tarixi prosesin hissələri kimi nəzərdən keçirilsinlər.

Bu “bütövdə həqiqət” prinsipi – Hegelin sözləri ilə desək - özündə bütöv olanın varlıq kimi qəbul edilməsindən və ya onun ayrı – ayrı hissələrini təhlil etməyin qeyri – mümkünlüyündən imtinanın zəruriliyini daşıyır.  Bir ölkədə işsizlik problemi, digərində aşağı inkişaf səviyyəsi və iğtişaşlar, istənilən vaxt kəsiyində təhsil sistemi və ya elmin inkişafının müasir vəziyyəti tədqiq olunub – olunmamasından asılı olmayaraq cəmiyyətdə üstüntlük təşkil edən heç bir şərtlər varlıq kimi qəbul oluna bilməz, “ərazidənkənar” nəzərdən keçirilə bilməz.  Baş verənlərin məğzi və tarixi prosesin mərkəzi anlayışı: ictimai quruluşun özünün dinamikası və təkamülü arasındakı mürəkkəb qarşılıqlı münasibətlərin gizlədilməzi tamamilə yolverilməzdir.

Burjua ideoloqları tərəfindən səylə tətbiq edilən praktikanın nəticələrini dərk etmək daha vacibdir, hansı ki, insani “dəyərlərin” elmi səriştə çərçivələrindən kənara çıxmasından ibarətdir.  Çünki əqli əmək işçiləri tərəfindən fakt kimi qəbul olunan bu “dəyərlər” və “etik əqidələr” göydən düşməyiblər.  Onlar özləri tarixi prosesin nəticəsidirlər və onları yalnız diqqətə almaq deyil, həmçinin mənşələrinə və tarixi prosesdə oynadıqları rollarına görə öyrənmək lazımdır.  Əslində, “dəyərlər”, “etik əqidələr” və s.  kultunun ifşası onların meydana çıxmasının, transformasiyasının və yox olmasının sosial, iqtisadi, psixoloji səbəblərinin, həmçinin onların müəyyən vaxt kəsiyində xidmət etdikləri maraqların aşkar edilməsi intellektualın insanlığın ümumi inkişafına ən böyük şəxsi töhfəsidir.

Buradan daha bir problem doğur.  Öz funksiyalarını qoyulmuş məqsədə çatmaq üçün daha səmərəli vasitələrin tapılması kimi anlayan əqli əmək işçiləri üçün məqsədlərin özünə aqnositk baxış xarakterikdir. Öz sahələrində mütəxəssislər, rəhbərlər, mühəndislər kimi onlar inanırlar ki, məqsədlərin formalaşması, həmçinin prioritet istiqamətlərin tərtibi onların səlahiyyətlərinə daxil deyil.  Yuxarıda deyildiyi kimi, onlar dərk edirlər ki, vətəndaşlar kimi hansısa üstünlüklərə malik ola bilərlər, amma digər qanuna tabe olanlarla eyni dərəcədə, nə az, nə çox.  Amma alimlər, mütəxəssislər, professionallar kimi onlar “xeyir və şər və s. haqda söhbətlər”də hər hansı mülahizələrdən çəkinirlər.  Tamamilə aydındır ki, praktikada belə mövqe kvo statusunun təsdiqidir, mövcud quruluşun yaxşı yöndə istənilən dəyişikliklərinə maneçilik törədənlərə kömək əlinin uzadılmasıdır.  Bu “etik neytrallıq” bir çox iqtisadçıları, sosioloqları və atropoloqları belə bir fikrə gətirib çıxarmışdır ki, Alim kimi onların qərar verməyə haqqı yoxdur ki, doğrudan da zəif inkişaf etmiş ölkə vətəndaşları üçün iqtisadi artım yoluna qədəm qoymaq daha  yaxşı olacaqmı; həmin “etik neytrallıqla” o da izah olunur ki, planetin ən yaxşı alimləri özlərini bakterioloji silahın ixtirasına, sonra isə təkmilləşdirilməsinə həsr etmişlər.

Siz burada etiraz edə bilərsiniz ki, mən faktları təhrif edirəm və əslində problem məhz “nə yaxşıdır və nə pisdir” və nə “insan rifahına şərait yaradır, nə yaratmır” kimi iddialarda sübüt və məntiqin tətbiq mümkünsüzlüyündən doğur.  Bu dəlil nə qədər inandırıcı olsa da, burada yersizdir.  Bəli, doğrudan da, birdəfəlik, istənilən vaxt və məkan üçün nəyin tərəqqinin xeyrinə, nəyin zərərinə xidmət etməsinə qərar vermək mümkün deyil.  Amma belə absolyut, belə universal iddia özü yanlış məqsəddir və onun mütləq zəruriliyində təkid etmək mürtəce ideologiyaya xasdır.  Əslində tərəqqi üçün, insan taleyinin yüngülləşməsi üçün əlverişli şərait, həmçinin buna maneçilik törədən amillər tarixi dövrdən və yerdən asılı olaraq dəyişirlər.  Haqqında mübahisələr edilən suallar heç vaxt ümumilikdə  xeyir və şər haqqında abstrakt, mücərrəd suallar olmamışlar; onlar həmişə kifayət qədər müəyyən problemlər olmuşlar ki, onların aktuallığı konkret tarixi proses nəticəsində yaranan ziddiyyətləri, artan gərginliyi, dəyişiklikləri şərtləndirirdi.  Yeganə, absolyut şəkildə rəddedilməz həllin tapılması mümkünlüyü, həmçinin zəruriliyi heç vaxt yaranmamışdı; bütün zamanlarda insan müdrikliyi, biliyi və təcrübəsi qarşısında qoyulan ən mürəkkəb vəzifə bacarıldığı qədər mövcüd şərtlər daxilində mümkün olan ən yaxşı nəticəyə yaxınlaşmaqdan ibarət idi.

Amma əgər biz “müqaviləçiləri”, “etik neytralları”, öz işlərinin icraçılarını izləsək, onda biz tarixi təcrübənin açılması və dərk edilməsi üçün dərin biliklərə, əsaslı təhsilə və ən geniş imkanlara malik olan cəmiyyət təbəqəsinə qarşı durmuş olacağıq – biz onlara cəmiyyəti əxlaqi – etik orientirlərlə təchiz etməyə mane olacağıq, hansılara ki, cəmiyyətin hər yolayrıcında ehtiyacı var. Əgər, bu yaxınlarda tanınmış iqtisadçının dediyi kimi, “bütün mümkün fikirlər mənim öz fikrimdən daha böyük və ya daha kiçik nüfuza malik deyil” isə, bu halda alimlər və müxtəlif ixtisaslı əqli əmək işçiləri ictimai rifahın yaradılması və qorunmasına nə kimi töhfə verirlər? Cəmiyyətin qarşısında qoyduğu məqsədlərə çatmaq üçün üsullar ixtira edirlər?   Belə cavab qəbul edilmir.  Çünki cəmiyyətin “seçimi” heç nədən yaranmır: cəmiyyəti bu “seçimə” konkret ictimai dövrdə mövcud olan ictimai quruluş gətirib çıxarır, bundan başqa  bu “seçimə” onu təhdidlər və qorxutma yolu ilə, təhdid, qorxu və məcbur etmə üçün kifayət qədər hakimiyyət gücünə malik ideyalarla məcbur edirlər. Düşünmək lazım deyil ki, bu “seçimlərin” nəticələrinə təsir etmək cəhdindən uzaqlaşarkən əqli əmk işçiləri “dəyərlərin” formalaşmasında müəyyən vakuum qoyurlar.  Onlar sadəcə olaraq bu həyati əhəmiyyətli fəaliyyət sahəsini şarlatanlara, fırıldaqçılara və onların taylarına ötürürlər ki, elələrinin niyyətləri humanistlikdən çox uzaqdır.

Ən inadlı “etik neytralların” arqumentlər üzərində dayanmaq istərdim.  Onlar deyirlər (bəzən qızararaq və hıqqanaraq) ki, heç bir məntiq və sağlam düşüncə ilə humanizmin şəksiz üstünlüyü sübut edilməyib.  Niyə kiminsə acından ölməsi yolverilən deyil, əgər onun əzabları başqalarını daha zəngin, azad və ya xoşbəxt edirsə? Nə üçün kütlənin rifahı haqqında düşünmək lazımdır, öz rifahın haqqında yox? Nə üçün insan bədnam “qottentotlar üçün süd” haqqında düşünməlidir, əgər bu onun özü üçün artıq qayğıdırsa? Humanizm özü məntiqi bazası olmayan “dəyər kateqoriyası” deyilmi? 30 il əvvəl gənclərlə görüş zamanı nasist tələbə lideri (sonra “müvəffəqiyyətli” esesçi və qestapo rəhbərlərindən biri olan) mənə bu barədə sual verdi və o zaman verdiyim cavabdan daha yaxşısını mən bu gün də fikirləşə bilmərəm: insan işləri və hərəkətləri yalnız insanlar arasında ola bilər; heyvanlarla insanlığa dair məsələlər haqqında danışmaq – zamanın boş yerə sərf olunmasıdır.

Bu məsələdə intellektual üçün kompromis mümkün deyil.  Fikir ayrılıqları, şübhələr, alovlu çıxışlar qaçılmazdır və əlbəttə ki, inkişaf edən, sağlam və xoşbəxt insanlığın mövcudluğunun zəruri şərtlərinin yaranması üçün vasitələrin axtarışında zəruridir.  Amma humanizmə bağlılıq, bütün insanlığın rifahı yolunun axtarışının heç bir  elmi və ya məntiqi əsasa ehtiyacı olmaması postulatına sadiqliq intellektualın bütün əhəmiyyətli hərəkətləri üçün aksiomdur və bu aksiomu qəbul etmədən fərd intellektual adlandırıla bilməz.

S.T.Snounun əsərləri onun bu nəzər nöqtəsini dəstəklədiyinə heç bir şübhə qoymasa da, elə görünə bilər ki, onun üçün intellektualın vəzifəsi yalnız həqiqəti deməkdir.  (Amma burada artıq heç kim həqiqətin yalandan daha yaxşı olmasına dair sübutlar və məntiqin olmamasına etiraz etmir!)  O, həqiqətən də alimlərə, ilk növbədə onların həqiqətə sadiq qulluğuna  heyranlıq duyur. Alimlər – o, özünün yuxarıda deyilən nitqində deyir – “orada nəyin gizləndiyini aydınlaşdırmaq istəyirlər.  Bu arzu olmadan elmin mövcudluğu mümkün deyil.  Bu, onların fəaliyyətinin əsas hərəkətverici qüvvəsidir.  O, alimi hər şeydən əvvəl tədqiqatın istənilən mərhələsində həqiqətə ehtiram göstərməyə məcbur edir. Buna görə də əgər sən həqiqətən də orada nəyin olduğunu bilmək istəyirsənsə, sənin nə özünü, nə də başqalarını aldatmaq haqqın yoxdur. Sənin özünə yalan demək haqqın yoxdur.  Kobud desək, təcrübənin nəticələrini saxtalaşdırmaq olmaz”. Buna baxmayaraq belə nəticə bizi intellektualın əsas xarakteristikası tərifinə gətirirsə də, o, problemi bütövlüklə açmaqdan uzaqdır.  Belə ki, problem sadəcə onların həqiqəti söyləyib – söyləməməsində deyil, həmçinin ondadır ki, bu həqiqət hər konkret vəziyyətdə nə deyir, nədən danışılır və nə susulur.  Hətta təbiət elmləri sahəsində də bundan qaçmaq mümkün deyil, bəzi qorxunc qüvvələr var ki, onlar alimlərin bacarıqlarını və enerjisini müəyyən yöndə istiqamətləndirirlər, bununla da hər yolla onların digər sahələrdəki işlərinin nəticələrini tormozlayır və neytrallaşdırırlar.  İş cəmiyyətin strukturu və fəaliyyəti məsələlərinə gəldikdə isə, problem həlledici əhəmiyyət qazanır, belə ki, sosial məsələlərdə həqiqət yalana çevrilə bilər (və hətta böyük ehtimalla), əgər fakt mütləq tərkib hissəsi olduğu sosial kontekstindən ayrılıbsa, əgər o, tarixi prosesdən təcrid olunubsa.  Buna görə bu sahədə yalnız əhəmiyyətsiz məsələlərdə həqiqət danışılır, məhz bu “kiçik həqiqətin” axtarışında və yeridilməsində təkid edirlər ki, bu, kvo statusu qoruyucularının əsas ideoloji silahına çevrilir. Digər tərəfdən, həqiqətən də əhəmiyyətl məsələlər haqqında gerçəklər, “əsas həqiqət” axtarışı, vahid olanın müxtəlif hissələrinin tarixi və sosial səbəbləri və onlar arasındakı qarşılıqlı əlaqələrin aşkar edilməsi anti – elmi spekulyasiya elan edilir və professional diskriminasiya, ictimai təcrid və aşkar qorxudulma yolu ilə təqib olunur.

Buna görə də həqiqəti söyləmək arzusu – intellektualın əlamətlərindən yalnız biridir.  Digər əlamətlər – cəsarət, rasional tədqiqatı, onun hara gətirib çıxaracağından asılı olmadan davam etdirməyə hazırlıq, “amansız tənqidi, o cəhətdən amansız ki, o, həm öz mülahizələrində, həm də bir – birinə qarşı duran qüvvələrin münaqişəsində rəhmsiz”(Marks) dinləməkdir. Bundan çıxış edərək, intellektual – öz mahiyyətinə görə sosial tənqidçidir, vəzifələri daha yaxşı, daha humanist və rasional ictimai quruluşa doğru irəliləmədə maneələri müəyyən etmək, təhlil etmək və onların öhdəsindən gəlməyə kömək etmək olan insandır.  Belə halda o, cəmiyyətin vicdanı və konkret tarixi dövrün təklif etdiyi mütərəqqi qüvvələrin carçısıdır.  Bunun nəticəsində o, qaçılmaz olaraq “fitnəçi” və kvo statusunu saxlamaq istəyən hakim təbəqələr üçün, həmçinin onların xidmətində dayanan əqli əmək işçiləri üçün maneəyə çevrilirlər ki, onlar intellektualları ən yaxşı halda utopiklik və metafiziklikdə, ən pis halda isə - qiyamçı və  təxribatçı fəaliyyətdə ittiham edirlər.

Rəhbər dairələr nə qədər mürtəcedirlərsə, mövcud ictimai quruluşun azadlığa maneə törətməsi daha çox həqiqətəuyğundur, o, daha çox anti – intellektual və irrasional əhval – ruhiyyə ilə, həmçinin mövhumatla qidalanır.  İntellektual üçün ictimai təzyiqə, rəhbər sinfin ideologiyasına və konformist əqli əmək işçilərinin rahat və tox həyatı ilə yaşamaq arzusuna müqavimət göstərmək daha çətin olur. Belə şəraitdə intellektualın funksiyaları üzərində dayanmaq və onun cəmiyyətdəki rolunu vurğulamaq müstəsna əhəmiyyətli olur.  Belə ki, məhz belə şəraitdə onun payına humanizm, şüur və tərəqqi ənənələrinin qorunması kimi məsuliyyətli və eyni zamanda şərəfli missiya düşür, bunlar bizim insanlıq tarixindən əldə etdiyimiz ən dəyərli mirasdır.

Siz deyə bilərsiniz ki, mən intellektualı qəhrəmanla eyniləşdirirəm, insandan tələb etmək olmaz ki, o, öz sakit həyatına ziyan vuraraq bütün insanlığın rifahı naminə çoxluğun təzyiqinə qarşı dursun və bütün sınaqlara tab gətirə bilsin. Mən razıyam ki, bunu tələb etmək mənasız olardı.  Mən heç tələb də etmirəm. Tarixdən bizə çoxsaylı nümunələr məlumdur ki, hətta ən ağır zamanlarda intellektuallar öz şəxsi eqoist maraqları üzərində yüksəlməyə və bütövlükdə cəmiyyətin ehtiyacları ilə maraqlanmağa nail olmuşlar.  Bu həmişə nəhəg cəsarət işə sadiqlik tələb edirdi.  Bu gün bizim ümid edə biləcəyimiz yeganə şey odur ki, bizim ölkəmiz də antihumanizm, aqnosistizm və abskurantizm təzyiqi altında intellektual şərəflərini qoruya biləcək kişi və qadınların öz “kvotasını” verəcək.

Маy 1961 il

www.solfront.org