Məmməd Süleymanov - Sinfi mübarizə. İsmayıllı epizodu...


ismayilli “Odlar yurdu”nda növbəti piromaniya heç də oda olan təhtəlşüur sevgidən qaynaqlanmayıb. Bu yanğınlar şüurlardakı dərkolunan qəzəbin çıxış üçün başqa yol tapa bilməməsindən yaranıır. İsmayıllı camaatı üçün Ələkbərovların evi, oteli və maşınları sadəcə mülkiyyət forması, əşya deyil. Bütün bunlar narazıların nəzərində hazırkı hakimiyyətin simvollarıdır. Onlara vurulan od da hakimiyyətə münasibəti sərgiləyir. O da şəksizdir ki, ədalətli cəmiyyətdə “zərərdədilər”in o mülkləri də, o maşınları da olmamalıydı. Necə ki, dilsiz-ağızsız, hərəkətsiz Bastiliya Fransa qiyamçılarının nəzərində vur-tut daş parçası deyildi, mütləqiyyətin qara, bədheybət simvoluydu. Elə ona görə də 1789-cu il inqilabı Bastiliyanın süqutu ilə başladı. Fərdlər nifrət bəslədikləri rejimi sökəndə əvvəlcə onun simvollarını dağıdırlar. Ancaq bu dirənişin, 2 gündür davam edən etirazların doğurduğu bir çox suallar var ki, onlara cavabın tapılması növbəti uğursuzluqlardan, məğlubiyyətlərdən sığortalaya bilər. Əks halda yenə də aksiyanı reaksiya, dirənişi total repressiyalar əvəzləyəcək. Kamyu sanki bizim illərimiz üçün yazıb: “Bəlli oldu ki, sən haqlı ola, ancaq uduza bilərsən, güc ruhu üstələyə bilər. Və dövrlər var ki, mərdlik kifayət etmir”. Ondan başlayaq ki, İsmayıllı olayları sinif mübarizənin daha bir epizodudur. Eynilə Nərimankənd etirazları, Quba hadisələri kimi. Hər üçünün əsasında feodallara qarşı təhkimlilərin etirazı dayanır (Neoliberalizmin periferiyasındakı kapitalizmdə feodal və quldarlıq dövrlərinin münasibətləri özünü daha qabarıq göstərir, nəinki Qərbdə olan kapitalizmin). Qubada olduğu kimi, İsmayıllıda da Ələkbərov klanından olan kəslərin harın davranışı səbəb yox, təkandır. Necə ki, əks-inqilabla yekunlaşan Tunis üsyanında Məhəmməd Buazizinin təhqir olunması və özünü yandırması səbri daşdıran son damla olmuşdu. Söyüş və təhqirlərə qalsa, özlərini estet sayan epataj “yazıçılar”, ofis planktonları, şəbədə aktivistlər bu xalqa saysız-hesabsız dəfə “xalq yatıb”, “xalq qorxaqdır” kimi təhqir və bu aşağılamaların söyüş formalarını yağdırıblar (İndisə oturub “Xalq deyəsən oyanır” başlıqlı statuslar və şərhlər yazırlar). Mənim nəzərimdə Ələkbərov klanının İsmayıllı camaatına söylədiyi söyüşlərlə o “müxalifət planktonu”nun xalqı aşağılamaq adəti arasında heç bir fərq yoxdur. Və budur, “oyanan xalq” 2-ci gündür yorğun, yatmamış, izolə olunmuş, köməksiz, ümidsiz halda çarpışır, küçələrdədir, bəs onun passivliyini dəlil gətirən siyasi meyitlər haradadır? İsmayıllıda əzilirlər, Bakıda isə bəyanatlar verirlər. Yaxud doğrudanmı o partiyaların bölgələrdə heç bir şöbələri və fəal üzvləri yoxdur ki, prosesi taktika baxımından daha adekvat etsinlər? Niyə Nərimankənddə də, Qubada da, İsmayıllıda da aksiyaları siyasi partiyalardan və ictimai təşkilatlardan tamam uzaq insanlar başlayır, davam etdirir, partiya və təşkilatlar isə yalnız seyr edir? Axı yeri gəldi, gəlmədi, bu siyasətçilər hakimiyyətə gəlmək üçün bütün potensiallarının olduğunu car çəkməyi xoşlayırlar? Budurmu sizin potensialınız? İsmayıllı olaylarında “yad əl” axtarışı olacaq, hətta tapacaqlar da. Bəlkə kimsə də deyəcək ki, bu, anonsunu Zahid Orucun verdiyi həmin revanşdır. Yaxud, oliqarxların nüfuz bölgüsüdür. Yaxud, Bi-Pi-nin təşkilatçılığıdır. Axtarın, özünüz bilərsiz. Ancaq unutmayın: bu təşkilatçılar uzağı yanğına mane olmamağa göstəriş verə bilərlər, ancaq xalqda bu qədər böyük süni qəzəb yarada bilməzlər. Narazılığı şişirtmə olan, statist rolu oynayan camaat 2 gün dalbadal yüz dəfələrlə güclü qüvvəyə əzilənə qədər dirəniş verməz axı... Harada görünüb ki, təhkimlilərin feodallara, qulların quldarlara qarşı az-çox qətiyyətli və nisbətən uğurlu qiyamı lidersiz, avanqardsız, heç olmasa bəsit təşkilatlanmasız və müəyyənləşdirilmiş taktikasız baş versin? Jakeriya hərəkatı Gilyom Kal olmadan, İngiltərə İnqilabı Kromvelsiz mümkünmü? Tarixdə ən məşhur qul üsyanını Spartakın adı ilə adlandırmırlarmı? Biz isə tam fərqli və faciəli mənzərə ilə üz-üzəyik. Kamyunun “Taun”undakı kimi qapalı elan olunmuş şəhər, cəza ekspedisiyasının sayı etirazçıların sayını ötməkdə, insanlarda nə müqavimətə təpər, nə çıxıb getməyə fürsət var, məğlubiyyət isə Bənəniyar ssenarisinin təkrarından xəbər verir. Budur reallıq... Və bu reallığın dərki bizi siyasi arenanın boş olması faktı ilə üz-üzə qoyur...