Partiyaya daxil olduğum zamandan az il ötməyib… Mən razıyam…Kommunistlər sıx ailədirlər… Onların aşılanmış dərisi və mətanətli ürəkləri var… Hamı kommunistlərə diş qıcayır… Məhz kommunistlərə… Yaşasın spiritlər, monarxistlər, qələndərlər, hər cür cinayətkarlar… Yaşasın təməlin olmadığı, dumanlı fəlsəfə… Yaşasın hürən və dişləyən köpək; yaşasın şəhvətpərəst astroloqlar, pornoqrafiya, ədəbsizlik, yaşasın xəyanətkarlar… yaşasın hamı, kommunistlərdən başqa… Yaşasın ismət kəmərləri, yarım minillikdir ki, öz ideoloji ayaqlarını yumayan konservatorlar… Yaşasın yoxsul qəsəbələrdəki bitlər, pulsuz ümumi qəbirlər; yaşasın anarxo-kapitalizm, yaşasın Rilke və Andre Jid öz Koridonito`su ilə; yaşasın hər qəbildən mistisizm… Hər şey yarayar… Hamını qəhrəman qəbul edərik… Qoy bütün qəzetlər çıxsın… Qoy hamını dərc etsinlər, kommunistlərdən başqa… Fərq qoymadan hamı üçün azad edilmiş Santo-Dominqoya yol açıqdır… Hamı qaniçən diktator Truxilyonun ölümünə sevinə bilər, inadla onun qarşı mübarizə aparan kommunistlərdən başqa… Yaşasın karnaval… karnavalın son günləri… Zövqə görə maskalar var… Xristian idealist maskaları, ultrasol maskası, xeyirxah xanımların və mərhəmətli matronaların maskaları… Amma gözünüzü dörd açın – bura kommunistləri buraxmaq olmaz… Qapıları möhkəm örtün… Səhv etməyin… Kommunistlərin heç nəyə haqqı yoxdur… Gəlin subyektiv şeylərlə, insanın mahiyyəti, mahiyyətin mahiyyətliliyi ilə məşğul olaq… Və hamı razı olacaq… Bizim azadlığımız var… Sərhədsiz azadlıq… Onlar bunu qəbul etmirlər, bunun nə olduğunu bilmirlər… Mahiyyətlə məşğul olmaq üçün azadlıq… mahiyyətin mahiyyətliliyi…
Son illər bax beləcə ötüb keçib. Ənənəvi caz getdi, soul gəldi, biz abstrakt rəngkarlıq postulatlarında batıb qaldıq, bizi müharibə sarsıtdı, bizi müharibədə qətlə yetirdilər… Burada isə hər şey eyni qaldı. Bəlkə, eyni qalmayıb? Ruh, yüksək olan haqda nə qədər ibarələr, nə qədər polis dubinkaları, amma yenə də düzəlmir, alınmır. Çatlasan da, partlasan da alınmır… Bütün ehtimallar dağıldı… Xalq mütəşəkkil çıxış edir… Tətillər və partizan döyüşləri dayanmır… Kuba və Çili azadlığa nail oldular… Nə qədər insan “İnternasional” oxuyur… Bunlar necə də qəribədir… Necə də pisdir… Müxtəlif dillərdə oxuyurlar, Latın Amerikasının ispan dilində oxuyurlar… Təcili tədbir görmək lazımdır… Qadağan etmək lazımdır… Daha çox yüksək olan haqda danışmaq lazımdır… Səylə azad dünyaya tərif oxumaq lazımdır… Dubinkaları daha çox işə salmaq lazımdır… Dollarlara qənaət etmədən… Daha belə olmaz… Dubinka azadlığı ilə Xerman Arsinyeqasın qorxusu arasında… İndi də bu Kuba… Bizim yarımkürədə, almanın tam mərkəzində həmin mahnını kubalı saqqallılar oxuyurlar… Bizim Məsih nəyə yarayır? Keşişlərin nə xeyri var? İndi heç kimə inanmaq olmaz… Hətta keşişlərə də. Onların bizim işlərimizdən başları çıxmır… Görmürlər ki, bizim səhmlərin qiyməti birjada necə düşür…
Bu arada insanlar Günəş sistemi üzrə dırmaşırlar… Ayda ayaq izlərini qoyurlar… Hər yerdə dəyişikliklərə can atırlar və yalnız köhnə sistemlər keçmişdən yapışıblar… Onların həyatı orta əsrlərin nəhəng hörümçək torunda başlanıb… Bu tor poladdan da möhkəmdir… Amma yenə də dəyişikliklərə inanan insanlar var, onlar dəyişikliklərə nail olublar, onların zəfərinə, çiçəklənməsinə nail olublar… Lənət şeytana!.. Bahar qarşısıalınmazdır!
www.solfront.org