Britaniya imperiyasinin “sirləri”


  ““Müstəmləkə” sözü özlüyündə indiki zamanda mənfi çalar qazanıb, buna görə də onun istifadəsindən imtina etmək lazımdır. İndi bizim müstəmləkə işləri üzrə administrasiyamız yox, başqa bir şey olmalıdır. Bəs nə üçün “Birlik protektoratlığının nəzarəti altındakı ərazilər” adlanmayaq?” Tərcüməçinin önsözü: “Hansı daha yaxşıdır – açıq yoxsa gizli müstəmləkəçilik? Son illərdə bu sual Böyük Britaniyada və Fransada tez-tez həm kütləvi media, həm də müxtəlif təbəqlərdən olan siyasi xadimlər tərəfindən verilir. Sabiq müstəmləkələrdə fundamentalizmin və “ənənəvi dəyərlərə” bağımlılığın yüksəlməsi sabiq metropoliyalarda avropalıların “sivilizasiya missiyası”na dair köhnə arqumentləri doğurur ki, guya onlar “orta əsrlərə yuvarlanmanı” və tayfalar arası müharibələri dayandırmağa qadirdirlər.

Digər tərəfdən, tez-tez açıq müstəmləkəçiliyin xeyrinə arqument kimi “səmimi olmaq zərurəti” – yəni sabiq müstəmləkələri rəsmi şəkildə öz yurisdiksiyalarına qaytarmaq haqqında danışılır. Müstəmləkə keçmişinə (və indiki zamana) qarşı bu cür maraq əsasən sabiq metropoliyalardan asılı olan ölkələrin resursları uğrunda müharibənin nəticəsidir ki, Çin də, britaniyalılar və fransızları onların sabiq afrika və asiya müstəmləkələridən sıxışdıraraq, fəal şəkildə bu ölkələrə qoşulmuşdur. Beləliklə, müstəmlələr haqqında müzakirələrin “qaynar nöqtəsində” və “əla-həzrətin” yubileyinin qeyd edilməsi ərəfəsində Böyük Britaniyada, Avropanın “qabaqcıl” və “demokratik” dövlətlərinin “son” müstəmləkə siyasətinin sinizmini təsvir edən, müharibədən sonrakı britaniya müstəmləkələri arxivlərini açıqlayıblar.

Britaniya hökuməti müstəmləkə dövrünün əvvəllər itirilmiş hesab edilən gizli sənədlərini açmağa məcrub olub.

Britaniya isteblişmenti indi Britaniya imperiyasını əfsanələşdirməyə çalışır. Tarixdə mövcud olmuş, köləlik və topçuların hərbi gücü üzərində qurulmuş ən böyük imperiyalardan biri olmasına baxmayaraq, bizim rəhbər dairələr iddia edir ki, bu, guya, “yumşaq” müstəmləkəçilik idi. Bu yaxınlarda “itirilmiş” arxiv sənədlərinin aşkar edilməsi bu cür yersiz iddianı tam şəkildə təkzib edir.

Aşkar edilmiş sənədlər, 1940-cı illərdə britaniya hökumətinin ciddi şəkildə Beçuanlandda – indiki Botsvanada kimyəvi silah sınaqlarının keçirmə niyyətləri haqqında informasiyanı ehtiva edir. Orada 1950-ci illrədə qiyamçı hərəkat “Mau-Mau”nun dəstəklədiklərinə görə şübhə altında olan keniyalılara verilən amansız kollektiv cəza təcrübələri haqqında informasiya var. Arxiv sənədləri, Malaya müstəmləkə hökumətinin sol rəqiblərinin necə “aradan qaldırılması” haqqında məlumat verirlər. Onlar Çaqos arxipelaqından əhalinin köçürülməsinə dair Böyük Britaniyanın ABŞ ilə, orada ABŞ-ın Dieqo Qarsiya aviabazasını tikmək üçün razılaşması detallarını ehtiva edir.

Bütün bu sənədlər yalnız ona görə açıqlanmışdır ki, “Mau-Mau” veteranları britaniya hökumətini işgəncə verilməsi ittihamı ilə məhkəməyə verib. Müstəmləkə administrasiyasının sabiq məmuru Erik-Qriffits Cons 1957-ci il məktubunda yazırdı: “Əgər biz günah işləyiriksə, o zaman bunu heç olmasa sakitcə etməliyik”. Məktubun özü isə, məhbusları necə döymək haqqında idi. Orada deyilirdi ki, “zorakılıq tətbiq edənlər təmkinli, sakit və obyektiv olmalıdırlar”. Müstəmləkə administrasiyasının “günahlarına” həmçinin “məhbusların diri-diri yandırılması” təcrübəsi də daxil idi.

Böyük Britaniya hökuməti bu cinayətlərə görə məsuliyyət daşıdığını təkzib edir. O iddia edir ki, 1963-cü ildə Keniya dövlətinin müstəqilliyi elan olunarkən, bütün hüquqi öhdəlikləri keniya hökumətinə vermişdir. Nəticə etibarilə, hərbi cinayətlərə görə formal olaraq onları törətmiş konkret şəxslər mühakimə edilə bilərlər.

“Mau-Mau” veteranları

“Mau-Mau” Veteranları Assosiasiyasının sədri Gitu-va-Kaxenqeri bəyan edir: “Əgər müstəmləkə administrasiyasının arxivləri keniya dövlətinə verilməyibsə, iddia etmək olar ki, bütün məsuliyyət onlara aiddir?”

“Mau-Mau” partizan hərəkatının veteranları Devid Andersonun – keniya milli arxivinda aydın olmayan boşluğa diqqət yetirmiş tarixçiyə istinad edirlər. Keniyanın müstəqilliyinin elan edilməsindən dərhal sonra arxiv sənədlərinin bütöv bölmələri “yoxa çıxdı”. Anderson britaniya hökumətindən, “itmiş” sənədlərin Ali Məhkəmədə dəlil kimi təqdim edilməsini tələb etdi.

Britaniya hökuməti, əgər əvvəldə sənədlərin yox olduğunu, sonra belə olmadığını iddia etsəydi, çox pis vəziyyətdə qalardı. Bu səbəbdən keçən ilin yanvar ayında Böyük Britaniya DİN-i “təsadüfən” arxivləri tapdı. Orada yalnız Keniyaya aid olan sənədlər deyil – 37 sabiq müstəmləkəyə aid 8800 sənəd var idi.

Müstəmləkə administrasiyasının 1960-cı illərin əvvəlində göndərilmiş hesabat yazısında deyilirdi ki, bu sənədlərin aşkara çıxarılması “metropoliya hökumətinə, hərbçilərə, məmurlar və digərlərinə xələl gətirə bilər”. İndi isə Britaniya hökuməti arxivi hissə-hissə açaraq, prosesi 2012-ci ilin aprelindən 2013-cü ilin noyabrına kimi uzatmaq fikrindədir.

Bu hərəkəti, çətin ki, ictimaiyyətə böyük güzəşt hesab etmək olar. Qanuna görə, bu sənədlər hələ 1980-ci illərdə işıq üzü görməli idilər. Bundan əlavə, hökumət heç cür bir faktı izah etmir ki, hətta açılmış sənədlərdə də “tam məxfi” möhürü altında olan 13-dən az olmayaraq, sənəd qutuları yoxdur. Həmçinin məlumdur ki, təhlükə törədə biləcək bir çox sənədlər sadəcə olaraq “səhv əllərə” düşmək qorxusundan yandırılmışlar.

Arxiv sənədlərinin birinci partiyası ictimaiyyətə açıldı, lakin orada Fələstin və Rodeziya kimi müstəmləkələrə aid heç bir sənəd yox idi. Digər müstəmləkələrə gəldikdə isə, bu qovluqlarda onların tarixinin ən ağır dövrləri yoxa çıxıb. “Mau-Mau” veteranlarının britaniya hökumətinə qarşı məhkəməsində şahid kim çıxış edən tarixçi Karolin Elkins bəyan edir ki, dərc olunan sənədlər “böyük arxivin yalnız miskin bir hissəsidir”. Amma hətta “miskin hissə” belə bizə Britaniya imperiyasının XX əsrin ikinci yarısında yürütdüyü siyasətin mahiyyətini göstərir.

Hökumət ümid edir ki, mass-media tezliklə, Britaniya imperiyasının törətdiklərinə marağını itirəcək və buna görə də arxiv sənədlərinin açılması prosesini uzun müddətə uzatmaq istəyir. Buna baxmayaraq, bizim qurbanlar qarşısında unutmamalı olduğumuz borcumuz var.

Dünyanı dəyişdirərək və xalqları istismar edərək

Britaniya imperiyası – öz zamanında rəhbərlərin sübut etməyə çalışdığının əksinə olaraq – heç də fəth edilmiş xalqların rifahı uğrunda qurulmamışdı. O, rəhbər dairələrin maraqlarına xidmət etməyə: bütün dünya resurslarının istismar edilməsinə və britaniya malları üçün bazarların təmin edilməsinə əsaslanırdı. İmperializm hər zaman dünyanın kapitalist yenidənqurması üçün vasitə olmuşdur və olmaqda davam edir. Müstəmləkələrdəki insanlar bu istismara könüllü şəkildə tabe olmurdular – onlara toplar və pulemyotlarla qalib gəlmişdilər.

Müstəmləkə derjavalarının hakimiyyəti İkinci Dünya Müharibəsində sarsıldı – amma müharibə bitdikdən sonra müstəmləkələr üzərində nəzarət bərpa edilmişdi. Asiyadakı azadlıq hərəkatları Britaniyanı, nəzarət etmək iqtidarında olduğu ərazilərin sərhədlərinə yenidən baxmağa məcbur etdi. Afrikaya gəldikdə isə, Böyük Britaniya güman edirdi ki, burada xalqların istismarının köhnə siyasətinə qayıtmaq olar. Britaniya kabineti Komitəsi o zamanlar bəyan etmişdi: “afrikalıların özünü idarə etməsinə bənzər bir şeyin yaranması üçün bir neçə nəsil dəyişməlidir”.

1947-ci ildə Hindistanın müstəqilliyinin elan edilməsindən sonra müstəmləkə işləri üzrə britaniya administrasiyası açıq şəkildə bəyan etmişdi: “Afrika indi bizim müstəmləkə derjavamızın nüvəsidir – bu ərazilər, iqtisadi və hərbi gücümüz üçün ehtiyat toplaya biləcəyimiz yeganə materik əraziləridir”. Amma iyirmi ildən az müddətdən sonra imperiyanın bütün ərazilərindəki sakinlər britaniyalılara tabe olmağı rədd etdilər.

Böyük Britaniya Keniya, Malaya və digər müstəmləkələrdəki azadlıq hərəkatlarına qarşı amansız müharibələr aparırdı – halbuki onları, müharibə deyil, “fövqəladə vəziyyət” adlandırmağı üstün tuturdu. Bu gün müstəmləkə imperiyaları keçmişdə qalıb, amma onların yaratdığı imperialist sistem mövcuddur. Dünyada baş verən münaqişələr isə hələ də imperialist derjavalar – o cümlədən Böyük Britaniya və ABŞ tərəfindən qızışdırılır.

Malaya: “...Bütöv bir şəbəkə məhv edilib”

İctimaiyyətə açılmış sənədlər, imperiyanın cinayətlərini pərdələməyə yönəlmiş evfemizmlərlə doludur. Britaniya kəşfiyyatının Malayanın azadlıq mübarizlərinə qarşı müharibənin gedişindəki aylıq hesabatlarında Malaya Kommunist Partiyası üzvlərinin “aradan götürülməsi” haqqında çox sayda xatırlatma var. Kəşfiyyat bölməsinin başçısı Medok yazır: “1956-cı ilin son ayında 41 terrorist aradan götürülüb. Ümumilikdə bu il ərzində 287 terrorist öldürülüb, 52-si ələ keçirilib və daha 134-ü əsirliyə düşüb”. 1957-ci ilin yanvar ayında o yazır: “Selanqorda biz təvazökar, amma kifayət qədər əhəmiyyətli qələbə qazanmışıq – Kuala-Lumpur ətrafında bütöv bir şəbəkə məhv edilib”.

Malayadakı müstəmləkə hökumətinə qarşı belə bir ittiham irəli sürülüb ki, britaniya ordusu müntəzəm olaraq qadınların soyundurulması, axtarışı və alçaldılması təcrübəsindən istifadə edirdi. Əsgərlər qadınları soyunmağa məcbur edirdilər, sonra onları yoxlayırdılar, paltarı isə uzağa ataraq, qadını digər əsgərlərin də yanından keçməyə məcbur edirdilər. Yeri gəlmişkən, dərc olunmuş sənədlər bu işin istintaqı nəticələrini ehtiva etmir.

Kommunistlərə qarşı yönəldilmiş “fövqəladə vəziyyət” zamanı müstəmləkə məmurları bürokratiyaya məxsus vəziyyəti “normallaşdırmaq” arzusu ilə fövqəladə vəziyyət qanunlarının təsirini uzatmağı uğurlu şəkildə birləşdirirdilər.

O cümlədən, onlardan biri gizli hesabat kağızında yazırdı: ““İctimai təhlükəsizliyə dair” qətnaməsinin nəşr edilməsinə ehtiyac var – amma əgər biz onu tətbiq etməyə çalışsaq, bizə təzyiq göstərərək, onun ləğv edilməsini və ya fövqəladə vəziyyət haqqındakı qətnaməyə əhəmiyyətli dəyişikliklərin daxil edilməsini tələb edəcəklər... mən əmin deyiləm ki, biz buna hazırıq”. Sonra o, müasir zamanda ordu və polis tərəfindən istifadə edilən evfemizm dilindən istifadə edir: “Çətinlik ondadır ki, əgər polislər qəti şəkildə müdaxilə edərlərsə, onlar yerli siyasi xadimlərin qəzəbinə düçar olacaqlar”.

Başqa bir məmur yazır: ““Müstəmləkə” sözü özlüyündə indiki zamanda həddən artıq mənfi çalar qazanıb, ona görə də onun istifadəsindən imtina etmək lazımdır. İndi bizim müstəmləkə işləri üzrə administrasiyamız deyil, müstəmləkə işləri üzrə katib deyil, müstəmləkə xidməti deyil, başqa bir şey olmalıdır. Məsələn, nə üçün “Birlik protektoratlığı altındakı ərazilər” və ya başqa bir şey adlandırılmasın?”

Keniya. “Yerlilərin sürüləri müsadirə edilib”

1958-ci ildə afrika müstəmləkələrindəki hökumət hər vəcdlə afrikalılara “təxribatçı” konfranslarda iştirak etməyə mane olmağa çalışırdılar. Keniya qubernatoru Tanqanika (indi – Tanzaniyanın bir hissəsi) qubernatoruna yazırdı: “Əgər siz, həm də kommunistlər tərəfindən təşkil edilmiş konfranslarda iştiraka mane olmaq üçün pasportları müsadirə edirsinizsə, o zaman qərar artıq konkret şəraitdən asılı olaraq yerindəcə qəbul ediləcək”.  Əlbəttə ki, Naser dövründə Misirə gedən insanların pasportları alınırdı.

Bu yaxınlarda müstəqillik əldə etmiş, Britaniya Birliyinin üzvü və Böyük Britaniyanın sadiq müttəfiqi hesab olunan Qanaya səfərlərə gəldikdə isə, hətta bu belə “siyasi cəhətdən məqsədəuyğun deyildi (ümumilikdə imperiyanın maraqlarını nəzərə alsaq)”.

“Bu ərazilərdə adətən tətbiq olunan praktika afrikalılara, fəaliyyəti müəyyən konkret təyinat ölkəsi və tranzit ölkələrlə məhdudlaşdırılmış pasportların verilməsi idi. Nəticə etibarilə, afrikalılar Qanaya gedə bilərdilər, amma daha uzağa yox. Britaniya hökuməti, beləliklə, kommunist rejimini tənqid etdiyi öz “dəmir pərdəsini” yaradaraq, insanların yerdəyişmə azadlığını məhdudlaşdırırdı.

Sənədlər həmçinin “Mau-Mau” ilə müharibə dövründə kollektiv cəza və soyğun praktikası haqqında məlumatları ehtiva edir. Məsələn, Nayvaşa əyalətindən olan dörd insanı qiyamçılar dəstəsinin “gizlədilməsi və onlara yardım göstərilməsində” ittiham edirlər. Rəsmi sənəd göstərir: “Kukuyo xalqının tam şəkildə hökumətlə əməkdaşlıqdan imtina etməsini və təhlükəsizlik qüvvələrinə yardım etmək istəyinin olmamasını nəzərə alaraq, onlara malik sürü müsadirə edilib”. Britaniyalılar 30 qoyun müsadirə ediblər.

Bütün torpaq və mülkiyyət soyğunu nümunələri yaxın zamanda Keniyada nəzərdən keçiriləcək, burada insanlar hələ ki, ədalətin olmaması və müharibə zamanı itirilmiş mülkiyyətə görə təəssüflənə bilərlər.

Dieqo Qarsia. “Qayağılardan başqa burada heç bir yerli əhali olmayacaq”

ABŞ Hind okeanında, insan olmayan bir adada hərbi bazaya malik olmaq istəyirdi ki, orada heç bir “siyasi təşviqat” olmasın. Britaniyalılar onlara Çaqos arxipelaqında Dieqo Qarsia adasını təklif etdilər ki, burada 1500 yerli əhali nümayəndəsi – ilua xalqı yaşayırdı, onların 500-ü məhz Dieqo Qarsiada məskunlaşmışdı. Onlar məcburi şəkildə britaniyalılar tərəfindən köçürülmüşdü.

Britaniya DİN-i BMT-dəki diplomatlarına belə bir təlimat vermişdi ki, ada sakinlərini kokos plantasiyalarında işləyən “müqaviləli işçilər” kimi tanıtsınlar. Sənəddə aydınlaşdırılır ki, bu cür ifadə ona görə rahatdır ki, “ilua xalqının mövcudluğunu tanımır, amma eyni zamanda da həqiqətdən uzaqlaşmır”. İlua xalqı Mavrikiyaya deportasiya edilmişdi. Britaniya diplomatlarından biri 1966-cı ildə yazırdı: “Burada qağayılardan başqa yerli əhali olmayacaq”. Onun kolleqası ser Dennis Qrinhill cavab vermişdi: “Təəssüf ki, quşlardan başqa orada naməlum Tarzanlar və Cümələr (ingilis yazıçısı Daniel Defonun “Robinzon Kruzo” əsərinin qəhrəmanı). Arzuolunandır ki, onları da Mavrikiyaya göndərsinlər”.

(c) solfront.org

[Yazı original məqalədən solfront.org üçün hazırlanmışdır]