abunə ol: Yazılar | Şərhlər | Еmail

Qadınların Əmək Hüquqları

Hər bir kəsin hüququ var!

AR əmək qanunvericiliyi qadın orqanizminin fizioloji xüsusiyyətləri, qadınların cəmiyyətin həyatında tutduqları yer və daşıdıqları missiyanı nəzərə alaraq qanunvericilik işləyən qadınlar üçün normal şərait yaratmaq məqsədi ilə əlavə təminatlar sistemi nəzərdə tutmuşdur və əmək münasibətlərində qadınlar üçün nəzərdə tutulmuş güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

Cinsi mənsubiyyətə görə qadınlara qarşı ayrə-seçkiliyin bütün formaları qadağandır. İşəgötürən:

  • işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmağa və bərabər imkanlar yaratmağa borcludur.
  • cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmağa, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbeh tədbirini tətbiq etməməyə və ayrı- qarşısını almaq üçün lazimi tədbirlər görməyə borcludur.
  • cinsindən asılı olamayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əmək haqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.
  1. Əmək müqaviləsinin bağlanması üzrə təminatlar.

Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərini işə götürməkdən imtina olunan hallara şamil olunmur.

İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtininanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb və hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir (ƏM maddə 240).

  1. İşə qəbul zamanı sınaq müddətinin müəyyən edilməsi

Əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə sınaq müddəti təyin edilmir. (ƏM maddə 52)

  1. Yüngül işə keçirilmə

Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.

Yaş yarımınına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə, işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirməlidir və ya uşağının yedizdirilməsi  üçün zəruri şəraitin yaradılmasını təmin etməlidir – bu zaman onların orta əmək haqqı saxlanılır və onların əmək haqqının azaldılması qanunvericiliklə qadağan edilir. (ƏM maddə 243)

  1. Qadın əməyinin qadağan edilməsi

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır.

Fiziki işlə məşğul olmayan rəhbər vəzifələrdə çalışan və ya sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə yetirilməsinə yol verilir.

Qadınların Əmək Məcəlləsi ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cığəlb edilməsi qadağandır.

Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin göstərilməsi) daxil edilə bilər.

  • başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması;
  • ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq hündürlüyə qaldırılması;
  • bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması;
  • 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması.

Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir. (ƏM maddə 241)

  1. Orta əmək haqqının saxlanılması

Hamilə və 3 yaşınadək uşağı olan qadınların həm özünün, həm də uşağının tibb müəssələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. (ƏM maddə 245)

  1. Gecə vaxtı, bayram günləri işə cəlb etmə, ezamiyyətə göndərilmə zamanı təminatlar.

Hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.

3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların iş vaxtından artıq işlərə, istirahət, bayram və iş günü hesab olunmayan digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir. (ƏM maddə 242)

  1. Natamam İş vaxtı

Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. (ƏM maddə 245)

  1. Uşağı yedizdirilməsi üçün fasilələr

Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.

Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır.

Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır. (ƏM maddə 244)

  1. Hamiləlik və doğuşa görə məzuniyyətlər

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət aşağıdakı müddətlərdə verilir:

  • normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü);
  • doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü);
  • iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü). (ƏM maddə 125)
  • Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. (ƏM maddə 127)

İşçilərin xahişi ilə bir iş ilində: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyı tutulmuş uşağı olan qadınlara uşaq dörd yaşına çatanadək ödənişsiz məzuniyyətlər verilir. (ƏM maddə 130)

  1. İllik əmək məzuniyyətlərinin verilməsində təminatlar

Əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. (ƏM maddə 117)

  1. Əmək müqaviləsinə xitam verilməsi zamanı təminatlar

İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olan qadınların işdə saxlanılmasına üstünlük verilir (ƏM maddə 78)

İşəgötürən tərəfindən hamilə, habelə 3 yaşınadək uşağı olan və yeganə qazanc yeri işlədiyi müəsisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən qadınlarla işəgötürən tərəfindən əmək müqaviləsinin ləvğ edilməsi qadağandır (ƏM maddə 79)

Tərtib edənlər:
Azər Quliyev
Həmid Xəlilov
Neftçilərin Hüquqlarını Müdafiə
Təşkilatı İctimai Birliyi

Solfront üçün hazırladı:
Samirə Güney

Baxış sayı:1311