abunə ol: Yazılar | Şərhlər | Еmail

Kollektiv müqavilə hansı şərtlərlə bağlanmalıdır?

Hal-hazırda qüvvədə olan Əmək Məcəlləsi şəraitində kollektiv müqavilənin rolu daha da artmışdır. Çünki, Əmək Məcəlləsi bir sıra müddəalar üzrə (xüsusilə də əmək müqavilələrinin bağlanması və əmək müqaviləsinə xitam verilməsi) işçilərin hüquqlarını xeyli məhdudlaşdırmışdır. Buna görə də müasir şəraitdə kollektiv müqavilə işçilərin hüquqlarının müdafiə olunmasında çox mühüm alət ola bilər.

Hüquqi və sosial-iqtisadi cəhətdən əsaslandırılmış kollektiv müqaviləsinin bağlanması işçilərin hüquqlarının qorunması üçün çox böyük əhəmiyyət daşıyır.

Kollektiv müqavilə işçilər və işəgötürənlər arasında bağlanan və müəssisələrdə sosial-iqtisadi münasibətləri tənzimləyən hüquqi aktdır və bu müqavilə işçilərin Əmək Məcəlləsi ilə təsbit olunmuş hüquqi və sosial təminatların daha da yüksək səviyyəsini nəzərdə tutur.

Kollektiv müqavilələrin bağlanmasında işçiləri təmsil edən orqan həmkarlar ittifaqı təşkilatları, həmkarlar ittifaqı olmayan müəssisələrdə isə əmək kollektivi nümayəndələrindən təşkil olunmuş səlahiyyətli komissiyalardır. Müəssisədə bir neçə həmkarlar mövcud olarsa, bu komissiya üzvlərin sayı nisbətinə uyğun olaraq yaradılır.

İşəgötürənin nümayəndəsi müəssisə təşkilatın rəhbərləri, yaxud onların vəkil etdiyi şəxslər, işəgötürənlər birliyinin səlahiyyətli orqanları, işəgötürənlər tərəfindən səlahiyyət verilmiş digər komissiyalar da ola bilər.

Əmək Məcəlləsinin 22-ci maddəsi kollektiv müqavilənin bağlanmasının əsas prinsiplərini müəyyən edir. Bu prinsiplər aşağıdakılardır:

  1. tərəflərin hüquq bərabərliyi;
  2. kollektiv müqavilə və sazişin məzmuna dair məsələlərin müzakirəsində tərəflərin müstəqilliyi və könüllülüyü;
  3. obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi;
  4. ç) öhdəliklərin icrasına təminat;
  5. qanunvericiliyin tələblərinə əməl edilməsi;
  6. öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət;

Qanunvericilik kollektiv müqavilənin bağlanmasını nə işəgötürən üçün nə də ki, əmək kollektivi üçün məcbur etmir. Əgər, əmək kollektivi kollektiv müqavilənin bağlanmasını tələb etmirsə, işəgötürən kollektiv müqavilənən bağlanmasına görə məsuliyyət daşımır. Əgər, əmək kollektivi işəgötürənə kollektiv müqavilə bağlanması üçün rəsmi müraciət etmişdirsə, o zaman işəgötürən kollektiv müqaviləni bağlamağa məcburdur. Kollektiv müqavilənin və sazişin şərtlərinin hazırlanması məqsədilə kollektiv danışıqların aparılmasından boyun qaçırmağa yol verilmir.

Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.

Kollektiv müqavilənin məzmunu və strukturunu müqaviləni bağlayan tərəflər müstəqil olaraq formalaşdırır. Bununla belə, Əmək Məcəlləsinin 31-ci maddəsinə əsasən Kollektiv müqaviləyə, bir qayda olaraq aşağıdakı məsələlər üzrə tərəflərin qarşılıqlı öhdəlikləri daxil edilir:

  1. müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;
  2. əməyin ödənilməsi qaydaları və miqdarının, pul mükafatlarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
  3. qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;
  4. məşğulluq, kadr hazırlığı və ixtisasartırma, işçilərin sərbəstləşdirilməsi şərtləri;
  5. iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
  6. işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;
  7. əməyin qiymətləndirilməsi, əmək normalarının müəyyən edilməsi və yenidən işlənməsi qaydaları;
  8. qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
  9. əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
  10. əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
  11. əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və onun fəaliyyət qaydası;
  12. işçilərin tibbi və sosial sığortasının üstün əlavə şərtlərinin müəyyən edilməsi;
  13. işəgötürənin təşəbbüsü ilə əkəm müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqları təşkilatı ilə razılaşmalar aparılması;
  14. işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
  15. həmkarlar ittifaqlarının üzvlərinin əmək haqqından üzvlük haqqının tutlması, habelə həmkarlar ittifaqları təşkilatına nizamnamə fəaliyyətini səmərəli təşkil etmək üçün digər zəruri şəraitin yaradılması;
  16. kollektiv əmək mübahisəsinin tənzimlənməsinin əlavə üsulları haqqında razılaşmalar;
  17. kollektiv müqavilənin şərtlərinin yerinə yetirilməsinə nəzarət;
  18. kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti;
  19. əmək və icra intizamının möhkəmləndirilməsi üçün tədbirlər;
  20. iş yerində və ya işlə əlaqədar olaraq, ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləri və təhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;
  21. iş yerində və ya işlə əlaqədar olaraq, seksual təhrik məsələlərinə dair izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə təhriklərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımi tədbirlərin görülməsi;

Kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər, o cümlədən bu Məcəllədə nəzərdə tutulduğundan daha güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə xərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və digər güzəşt və əvəzlər) nəzərdə tutula bilər.

Bu Məcəllədə və digər normativ hüquqi aktlarda kollektiv müqavilyə daxil edilməsi nəzərdə tutulmuş müddəaların daxil edilməsi nəzərdə tutulmuş müddəaların kollektiv müqavilədə əks etdirilməsi məcburidir.

Qüvvədə olan qanunvericilik ilə müqayisədə işçilərin vəziyyətini pisləşdirən müddəaların kollektiv müqavilənin şərtlərinə daxil edilməsi qadağan edilir.

Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlana bilər. Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan başqa müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, eləcə də həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam verilməsi kollektiv müqavilənin hüquqi qüvvəsinin itirilməsinə səbəb olmur.

Müəssisənin mülkiyyətçisi dəyişdikdə, kollektiv müqavilə üç ay müddətində qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədilə danışıqlara başlamalıdırlar.

Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra, eləcə də sınaq müddəti ilə işə qəbul olunan yaxud, müddətli əmək müqaviləsi, əvəzçiliklə işləyən və yaxud Hİ üzvü olmayan şəxslərə də şamil edilir.

Əgər, kollektiv müqavilə yalnız müddətsiz və ya daimi əsaslar ilə işləyən işçilərin hüquqlarını qorumağı əks etdirirsə, bu zaman bu işçilərə qarşı ayrı-seçkilik sayılır.

Qanunvericilik ayrı-ayrı işçilərin kollektiv müqaviləyə qoşulmasını tələb etmir. Bununla belə, işəgötürən yeni qəbul edilmiş işçiyə kollektiv müqavilənin şərtləri barədə məlumat verməlidir.

Tərtib edənlər:
Mirvari Qəhrəmanlı
Azər Quliyev
Həmid Xəlilov
Neftçilərin Hüquqlarını Müdafiə
Təşkilatı İctimai Birliyi

Solfront üçün hazırladı:
Zaur Hüseynzadə

 

Baxış sayı:1777