abunə ol: Yazılar | Şərhlər | Еmail

BİRLƏŞİN VƏ HÜQUQLARINIZI MÜDAFİƏ EDİN

                        İşçilərin Həmkarlar ittifaqlarında birləşmək hüququ

            Həmkarlar ittifaqı nədir?
            Həmkarlar İttifaqı (Hİ) Müəssisə və təşkilatlarda işçilərin öz qanuni maraqlarını müdafiə etmək üçün yaratdıqları müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Hİ AR qanunvericiliyi, kollektiv müqavilə, Baş kollektiv, Sahə tarif (kollektiv) Ərazi (rayon) kollektiv sazişləri ilə dövlət səviyyəsində işçilərin işə götürənlər ilə sosial-iqtisadi, əmək münasibətlərini tənzimləyən və onların maraqlarını müdafiə edən bir qurum kimi təmsil olunur. Hİ Həmkarlar ittifaqı haqqında Azərbaycan Respublikası Qanununda və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti həyata keçirir.
Həmkarlar İttifaqında birləşməklə işçilər sosial-iqtisadi və əmək hüquqlarının qorunması üçün əlavə təminatlar əldə edirlər. Hİ-nə qanunvericiliklə əmək məcəlləsinə və sosial-iqtisadi hüquqlar sahəsində qanunvericiliyə əməl olunması üzərində nəzarət etmək və qanun pozuntularının aradan qaldırımasını işəgötürəndən tələb edilməsi hüququ verilmişdir.

            Həmkarlar İttifaqı nə üçün lazımdır?
            Hİ-nin məqsədi qanunvericiliklə müəyyən edilmiş imkanlardan istifadə etməklə işçilərin qanuni hüquq və maraqlarını qorumaq, işçilər ilə işəgötürənlər arasında konstruktiv işgüzar əlaqələrin yaradılması, nəticədə işçilər üçün ləyaqətli əmək haqqı, normal əmək şəraiti və əməyin mühafizəsinin təmin edilməsi, işəgötürənlərin sosial məsuliyyətinin artırılmasına nail olmaqdır.
Müəssisənin uğurla işləməsində həmkarlar ittifaqları da çox maraqlıdır. Çünki bu işçinin gəlirlərinin artmasını, əmək kollektivinin sosial problemlərinin həll edilməsi üçün əlavə vəsaitlərin yönəldilməsini mümkün edir. Əlavə vəsaitlərin yaranması eyni zamanda qanunvericiliklə nəzərdə tutulmayan əlavə sosial proqramların həyata keçirilməsini mümkün edir.
AR qanunvericiliyi və sahə tarif sazişləri ilə həmkarlar ittifaqları dövlət səviyyəsində işçilərin işəgötürənlər ilə sosial-iqtisadi, əmək münasibətlərini tənzimləyən və onların maraqlarını müdafiə edən bir qurum kimi təmsil olunur.
Müəssisə və təşkilatlarda bu funksiyanı həmkarlar ittifaqları komitələri həyata keçirir. Həmkarlar ittifaqları işəgötürənlər ilə öz qarşılıqlı münasibətlərini sosial tərəfdaşlıq prinsipləri əsasında qurur.

            Həmkarlar İttifaqlarında birləşmək işçiyə hansı imtiyazları verir?
Həmkarlar ittifaqı müəssisədə əmək şəraiti, əmək normaları, əmək haqqı və əməyin mühafizəsi və işçilərin digər sosial-iqtisadi hüquqları üzrə vəziyyətin müstəqil qiymətləndirilməsinin qarantıdır.
Həmkarlar İttifaqı hüquqi cəhətdən əsaslandırılmış kollektiv müqavilənin qəbul edilməsi və onun yerinə yetirilməsi üzərində səmərəli nəzarət deməkdir. Bu yolla Hİ

  1. müvafiq sahələrin və müəssisələrin iqtisadi və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması tədbirlərinin müəyyən edilməsi və həyata keçirilməsi;
  2. orta əmək haqqının artım səviyyəsinin inflyasiyaya uyğun təmin edilməsi;
  3. əmək normalarının və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;
  4. kompensasiya və əmək haqqına əlavələrin (dövlət tərəfindən müəyyən olunmuşlardan az olmamaq şərti ilə) məbləğinin müəyyən edilməsi;
  5. əməyin mühafizəsi üzrə zəruri tədbirlərin həyata keçirilməsi;
  6. daha əlverişli əmək şəraitinin müəyyən edilməsi;
  7. məşğulluğa kömək göstərilməsi;
  8. təsərrüfatın mütərəqqi forma və üsullarının inkişaf etdirilməsi;
  9. müəssisələrdə qabaqcıl texnika və texnologiyanın, elmi-texniki tərəqqinin digər nailiyyətlərinin tətbiqi;
  10. tələbata uyğun və rəqabət qabiliyyətli məhsulların istehsalı;
  11. ekoloji təhlükəsizliyin təmin edilməsi;
  12. müəssisənin bağlanması və işçilərin kütləvi surətdə işdən azad edilməsi, işdən çıxarılması hallarının qarşısını ala biləcək tədbirlərin görülməsi;
  13. işçilərin və onların ailə üzvlərinin sosial müdafiəsi üzrə xüsusi tədbirlərin görülməsi ;
  14. əlillərin və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan işçilərin, gənclərin (yeniyetmələrin) əməyindən istifadə etməklə əlavə iş yerləri yaradan müəssisələrə güzəştlərin müəyyən olunması;

kimi öhdəliklərin yerinə yetirilməsini təmin edə bilər.

      Hİ-nın üzvü olmaqla işçi

  • Kollektiv müqavilədə nəzərdə tutulmuş sosial-iqtisadi güzəştlərdən istifadə edir;
  • Əmək və digər sosial-iqtisadi hüquqlar üzrə pulsuz hüquqi yardımdan istifadə edir;
  • Hİ işəgötürənə işçinin vəzifədə irəli çəkilməsinə, əmək haqqının artırılmasına, əlavə ödənişlərin ödənilməsi haqqında təklif edə bilər;
  • Hİ işçinin adından işəgötürənlər ilə danışıqlar apara və yaranmış mübahisənin həllində işçi tərəfindən çıxış edə bilər;
  • İşçiyə qarşı yol verilmiş qeyri-qanuni hərəkətlərin qarşısını al və bu hərəkətlərin nəticələrinin aradan qaldırılmasını tələb edə bilər;
  • Hİ əmək mübahisələrinin həlli zamanı məhkəmədə işçiyə pulsuz hüquqi yardım göstərə bilər;
  • Müəyyən hallarda işçi Hİ tərəfindən maddi yardımlar ala bilər.
  • İşçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürən tərəfindən tədbirlərin görülməsinə kömək etmək
  • Sanatoriya-kurort müalicəsindən, istirahət evlərindən güzəştli istifadə etmək

və s. əlavə təminatları əldə edir.

İşçi başa düşməlidir ki, əgər o həmkarlar ittifaqının üzvü deyildirsə, işlədiyi müəssisədə işəgötürənlə təkbətək qalır və həmkarlar ittifaqının köməyindən özünü məhrum edir.

Həmkarlar ittifaqları necə yaradılır?
AR milli qanunvericiliyi və qoşulmuş olduğu beynəlxalq müqavilələr hər bir kəsin həmkarlar ittifaqında birləşmək hüququnu tanıyır. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Vətəndaşların, ən azı yeddi nəfərin, həmkarlar ittifaqı yaratmaq və öz istəkləri ilə müvafiq həmkarlar ittifaqı təşkilatında birləşib onun nizamnaməsini qəbul etmək hüququ var.
Həmkarlar ittifaqları öz nizamnamələri ilə müəyyən olunmuş vəzifələri yerinə yetirmək məqsədilə könüllülük prinsipləri əsasında sahə, ərazi və başqa əlamətlər üzrə birliklər (şura, federasiya, konfederasiya) yaratmaq hüququna malikdirlər.
Həmkarlar ittifaqları dövlət orqanlarından, müəssisələrdən, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmayıb, onlara hesabat vermirlər. Dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının hüquqlarının məhdudlaşdırılmasına səbəb olan və ya onların nizamnamələri çərçivəsində qanuni fəaliyyətinə maneçilik törədən hər cür müdaxiləsi qadağandır.
Həmkarlar ittifaqlarında üzvlük, qanunda göstərilən hallar istisna olmaqla, vətəndaşların qanunvericiliklə təmin edilən əmək, sosial, iqtisadi, siyasi, şəxsi hüquqları və azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilməz.
İşçilərin işə qəbulunu, irəli çəkilməsini, habelə işdən azad edilməsini onların həmkarlar ittifaqları yaratmaq təşəbbüsləri, fəaliyyət göstərən həmkarlar ittifaqlarına daxil olmaları və oradan çıxmaları ilə şərtləndirmək qadağandır.

Yadda saxlayın ki, həmkarlar ittifaqının gücü təkcə Hİ liderlərinin fəaliyyətindən deyil, Hİ-nin hər bir üzvünün fəallığından asılıdır.

Tərtib edənlər:
Azər Quliyev
Həmid Xəlilov
Neftçilərin Hüquqlarını Müdafiə
Təşkilatı İctimai Birliyi

Solfront üçün hazırladı:
İlqar Məmmədov

Baxış sayı:2689