abunə ol: Yazılar | Şərhlər | Еmail

V.İ.Lenin. Partizan müharibəsi

Şərh

Partizan fəaliyyəti məsələsi bizim partiya və işçi kütlənin güclü marağına səbəb olub. Biz artıq dəfələrlə ötəri olaraq  bu məsələyə toxunmuşuq, indi isə söz verdiyimiz kimi baxışlarımızın daha tam şərhinə başlamağı düşünürük.

I

Əvvəldən başlayaq. Hər bir marksist mübarizə üsulları məsələsinə baxışda hansı əsas tələbləri irəli sürməlidir? Birincisi, marksizm sosializmin bütün primitiv formalarından onunla fərqlənir ki, o, hərəkatı hər-hansı müəyyən bir mübarizə üsuluyla əlaqələndirmir. O, müxtəlif mübarizə üsullarını qəbul edir, özü də ki onları “uydurmur”, əksinə, hərəkatın gedişatı zamanı öz-özünə yaranan inqilabi siniflərin mübarizə üsullarını zənginləşdirir, təşkilatlandırır, onlara şüur qatır. Sözsüz ki, istənilən  mücərrəd formula, doktrina reseptinə düşmən olan  marksizm, hərəkatın inkişafı, kütlələrin şüurunun artması, iqtisadi və siyasi böhranların ağırlaşması  ilə daha da yeni və müxtəlif müdafiə və hücum üsulları yaradan kütləvi mübarizəyə qarşı diqqət tələb edir. Buna görə də marksizm əlbəttə ki heç bir mübarizə üsulunu inkar etmir. Marksizm heç bir halda yalnız həmin an üçün mövcud və mümkün olan mübarizə üsulları ilə məhdudlaşmır və həmin sosial konyunkturanın dəyişilməsi ilə gedən yeni, o dövrün xadimlərinə  məlum olmayan mübarizə üsullarının zəruriliyini qəbul edir. Bu baxımdan marksizm, belə demək olarsa, kütləvi təcrübədən ibrət götürür, hansı ki kütlələri  kabinet “sistematiklərinin” uydurduğu  mübarizə üsullarıyla öyrətmək tələblərindən uzaqdır. Məsələn Kautski sosial inqilab üsullarını nəzərdən keçirən  zaman : “Biz bilirik ki, gələcək böhran bizə qabaqcadan  görə bilmədiyimiz yeni mübarizə üsulları gətirəcək” – deyirdi.

İkincisi, marksizm, sözsüz ki, mübarizə üsulları  məsələsinə tarixi yöndən baxmağı tələb edir. Bu məsələni konkret tarixi şəraitdən kənarda qoymaq dialektik materializmin əlifbasını başa düşməmək deməkdir. Müxtəlif siyasi, milli-mədəni, məişət və s. şəraitlərdən asılı olaraq iqtisadi təkamülün müxtəlif anlarında müxtəlif mübarizə üsulları əsas üsul kimi ön plana çıxır, bununla əlaqədar olaraq ikinci dərəcəli, əlavə  mübarizə üsulları  da öz növbələrində şəkil dəyişirlər. Müəyyən mübarizə vasitəsi məsələsinə, detallı olaraq həmin hərəkatın həmin inkişaf pilləsindəki konkret şəraitini nəzərə almadan hə ya yox cavabı vermək-marksizmin əsasını tamamilə tərk etmək deməkdir.

Bizim rəhbər tutmalı olduğumuz iki əsas nəzəri müddəalar bunlardır. Qərbi Avropanın marksizm tarixi bizə deyilənləri sübut edən sonsuz sayda nümunə verir. Avropa sosial-demokratiyası hal-hazırda parlamentarizmi və professional hərəkatı mübarizənin əsas üsulu hesab edir, o keçmişdə üsyanı tanıyıb və gələcəkdə də rus kadetləri və bezzaqlaveslər kimi liberal burjuanın fikirlərinə baxmayaraq  konyunktura dəyişikliyi ilə tanımağa hazırdır. Sosial-demokratiya 70-ci illərdə baş verən ümumi tətili sosial panaseya, siyasi yolla dərhal burjuaziyanın devrilməsi üsulu kimi inkar edirdi, lakin kütləvi siyasi tətili (xüsusilə Rusiyanın 1905-ci ildəki təcrübəsindən sonra) sosial-demokratiya müəyyən şəraitlərdə zəruri mübarizə üsulu kimi tamamilə tanıyır. Sosial-demokratiya XIX əsrin 40 – cı illərindəki küçə barrikada mübarizəsini tanıyırdı – XIX əsrin sonlarında bəzi məlumatlara əsaslanaraq rədd edirdi – Kautskinin sözüylə, yeni barrikada taktikası irəli sürən Moskva təcrübəsindən sonra, bu sonuncu baxışını yenidən nəzərdən keçirməyə və barrikada mübarizəsinin məqsədəuyğunluğunu qəbul etməyə tam hazır olduğunu bildirmişdi.

II

Marksizmin əsas müddəalarını müəyyən etdikdən sonra keçək rus inqilabına. Onun irəli sürdüyü mübarizə üsullarının tarixi inkişafını yada salaq. Əvvəlcə fəhlələrin iqtisadi tətilləri (1896-1900),sonra fəhlələrin və tələbələrin siyasi nümayişləri(1901-1902),kəndli üsyanları(1902),müxtəlif kombinasiyalı nümayişlərin və kütləvi siyasi toqquşmaların başlanması(Rostov 1902, 1903-cü ilin yay tətilləri, 1905-ci il 9 yanvar), ümumrusiya siyasi toqquşması, bəzən yerli barrikada mübarizəsi ilə birgə(oktyabr, 1905),kütləvi barrikada mübarizəsi və silahlı üsyan(1905, dekabr),dinc parlament mübarizəsi (aprel-iyun, 1906),natamam hərbi qiyamlar(iyun 1905 – iyul 1906),natamam kəndli üsyanları(1905-ci ilin payızından 1906 – ci ilin payızınadək).

Ümumiyyətlə, mübarizə üsulu nöqteyi nəzərdən 1906 – ci ilin payızında vəziyyət belə idi. Mütləqiyyətin “cavab” mübarizə forması 1903-cü ildə Kişinyovda başlayan və 1906-ci ildə Sedelikdə qurtaran  qaragüruh talanıdır. Bütün bu dövr ərzində qaragüruh talanı və yəhudilərin, tələbələrin, inqilabçıların, şüurlu fəhlələrin döyülməsinin təşkili,qaragüruh qoşununun zorakılığını satın alınmış qara camaatın zorakılığı ilə birləşdirməklə, kənd və şəhərlərdə artilleriya istifadə etməklə, cəza ekspedisiyası, cəza alayı və s. ilə birləşməklə daha da təkmilləşir, mükəmməlləşir.

Mənzərənin əsas fonu belədir. Bu fonda  sözsüz ki təsadüfi, ikinci dərəcəli, əlavə kimi bir hadisə görünür, hansının ki öyrənilməsinə və qiymətləndirilməsinə bu məqalə həsr olunub. Bu hadisə  nədir? Onun formaları ,səbəbləri hansılardır? yaranma vaxtı və yayılma dərəcəsi? İnqilabın ümumi gedişatında onun rolu? Onun, sosial-demokratiya tərəfindən təşkil və rəhbər olunan  fəhlə sinfi mübarizəsinə münasibəti? Mənzərənin ümumi fonunu çəkdikdən sonra keçid alacağımız  məsələlər bunlardır.

Bizi maraqlandıran məsələ silahlı mübarizədir. Bunu ayrı-ayrı  və kiçik bir qrup şəxslər aparır. Onların bir hissəsi inqilabi təşkilatlara aiddir, bir hissəsi isə (Rusiyanın bəzi yerlərində çox hissəsi) heç bir inqilabi təşkilata aid deyil. Silahlı mübarizə bir-birindən tamamilə ayrılmalı  olan 2 məqsəd güdür – birincisi, bu mübarizə ayrı-ayrı şəxslərin, hərbi-polis xidməti rəislərinin və  tabeçilərin öldürülməsinə; ikincisi, həm dövlətdən, həm də ayrı-ayrı şəxslərdən pul vəsaitlərinin müsadirə olunmasına yönəlib. Müsadirə olunmuş vəsaitin bir hissəsi partiyaya, bir hissəsi xüsusi olaraq silahlanma və üsyana hazırlığa, bir hissəsi də bizimlə xarakterizə olunan mübarizəni aparan insanların təminatına gedir. İri ekspropriasiyalar (200 min rubldan çox Qafqazdan, 875 min rubl Moskvadan) birinci növbədə inqilabi partiyalara gedirdi – xırda ekspropriasiyalar isə ilk növbədə, bəzən bütövlüklə “ekspropriatorların” təminatına  gedirdi. Bu mübarizə üsulu şübhəsiz ki, yalnız 1906-cı il dekabr üsyanından sonra geniş vüsət aldı. Siyasi böhranın silahlı mübarizəyədək şiddətlənməsi və xüsusilə, şəhər və kəndlərdə ehtiyacın, aclığın və işsizliyin artması təsvir olunan mübarizəni yaradan səbəblər arasında mühüm rol oynayırdılar. Bu mübarizə üsulunu, əsas və yeganə sosial mübarizə forması kimi baldırıaçıqlar, lümpenlər və anarxist qruplar qəbul etdilər. Mütləqiyyət  tərəfindən  mübarizənin “cavab” forması kimi hərbi vəziyyət, yeni qoşunların səfərbərliyi, qaragüruh talanları, hərbi-səhra  məhkəməsi nəzərdən keçirilməlidir.

III

Nəzərdən keçirilən mübarizənin sadə qiymətləndirilməsindən  növbəti nəticə  çıxır: bu – anarxizm, blankizm, qədim terror, fəhlələrin mənəviyyatını pozan, onlardan geniş əhali kütləsini uzaqlaşdıran, hərəkatın intizamını pozan, inqilaba ziyan vuran kütlədən ayrılmış yalqızların işidir.

Amma bu misalların sübutu var mı? Bunu yoxlamaq üçün nəzərdən keçirilən mübarizənin ən çox yayıldığı ərazini – Latviya ərazisini götürək. Latviya sosial-demokratiyasının fəaliyyətindən  “Новое Время” qəzeti (9-12 sentyabr)  bu cür narazılıq edir. Latviya sosial-demokratik fəhlə partiyası(RSDFP-nın bir hissəsi)  düzgün olaraq  3000  nüsxəylə öz qəzetini buraxdırır. Rəsmi hissədə məhv edilməsi hər bir vicdanlı insanın borcu olan casusların siyahısı çap olunur. Polisə kömək edən hər bir kəs “inqilab düşməni” elan olunur və mülkiyyəti müsadirə olunmaqla  edam olunur. Əhalidən s.d. partiya üçün  pullar  yalnız möhürlü qəbz təqdim olunandan sonra alınır. Partiyanın sonuncu hesabatında  illik gəlirin 48000 rublundan  5600 rublu Libava şöbəsindən ekspropriasiya yolu ilə alınaraq silahlara ayrılır. “Новое Время” qəzetini aydındır ki, bu “inqilabi qanunvericilik”, bu “qorxunc hakimiyyət”  özündən çıxarır.

Latviya sosial-demokratiyasının fəaliyyətini anarxizm, blankizm, terrorizm adlandırmağa heç kimin hünəri çatmaz. Axı niyə? Çünki burda yeni mübarizə üsulunun dekabrda baş verən və yenidən baş verəcək üsyanla əlaqəsi aşkardır. Bütün Rusiyaya şamil olunduqda bu əlaqə elə də aydın görünməsə də, o mövcuddur. ”Partizan” mübarizəsinin məhz dekabrdan sonra yayılması, onun iqtisadi və siyasi böhranlarla əlaqəsi danılmazdır. Qədim rus terrorizmi intelligent –  sui – qəsdçinin işi idi; indi isə partizan mübarizəsini döyüşçü fəhlə ya da ki sadəcə işsiz fəhlə aparır. Blankizm və anarxizm, şablonlara meylli insanların asanlıqla ağlına gəlir, lakin Latviya ərazisindəki aşkar üsyanlar şəraitində bu əzbərlənmiş damğaların yararsızlığı gözə girir.

Latışların misalında  üsyan şəraitindən kənarda  bizim partizan müharibəsinə aid olan sadə təhlilimizin büsbütün qeyri – düzgün, qeyri – elmi, qeyri – tarixi olmağı aşkar görünür. Bu şəraiti nəzərə almaq, iri qiyam aktları arasındakı aralıq dövrün xüsusiyyətləri haqqında fikirləşmək, hansı mübarizə formalarının qaçılmaz olaraq yaranmasını başa düşmək lazımdır, anarxizm, oğurluq, sərsərilik kimi kadetdə də, novovremenetsdə   də eyni olan  əzbərlənmiş söz yığını ilə can qurtarmaq  yox.

Deyirlər, partizan fəaliyyəti bizim işimizdə intizamı pozur. Bu fikri 1905-ci ilin dekabrdan sonrakı şəraitə, qaragüruh talanları və hərbi vəziyyət dövrünə  tətbiq edək. Bu dövrdə hərəkatın intizamını daha çox nə pozur: müqavimətin olmaması yoxsa mütəşəkkil partizan mübarizəsi? Mərkəzi Rusiyanı onun qərbi ətrafıyla, Polşayla, Latviya  ilə müqayisə edin. Sözsüz ki, partizan mübarizəsi qərbi ətraflarda daha geniş yayılıb və daha yüksək inkişafa çatıb. Və həmçinin də sözsüz ki ,ümumiyyətlə inqilabi hərəkat və xüsusilə s.-d. hərəkatı mərkəzi Rusiyada  qərbi ətraflara  nisbətən daha nizamsızdır. Əlbəttə ki, burdan  Polşa və Latviya s.-d. hərəkatının partizan müharibəsinə görə daha nizamsız olmağı haqda nəticəyə gəlməyi düşünmürük. Yox. Burdan yalnız o nəticə çıxır ki, partizan müharibəsi 1906-cı ildə Rusiyada olan  sosial-demokratiya fəhlə hərəkatının intizamsızlığına tabe olmur.

Burda tez-tez milli şəraitə də istinad edirlər. Lakin bu əsaslanma işlənən arqumentasiyanın xüsusilə zəif olduğunu göstərir. Əgər məsələ milli şəraitdədirsə, deməli anarxizm, blankizm, terrorizm – ümumrus və hətta məhz rus günahlarında yox, başqa şeydədir. Cənablar, bu başqa şeyi konkretləşdirin! Onda görəcəksiniz ki milli zülm yaxud antaqonizm heç nəyi izah eləmir, çünki onlar həmişə qərbi ətraflarda olub, partizan mübarizəsini isə yalnız həmin tarixi dövr yaradıb. Milli zülm və antaqonizmin  mövcud olduğu, amma buna baxmayaraq bəzən heç bir milli zülm olmadan inkişaf edən partizan mübarizəsinin mövcud olmadığı yer çoxdur. Məsələnin konkret olaraq aydınlaşdırılması işin milli zülmdə yox, üsyan şəraitində olduğunu göstərəcək. Partizan mübarizəsi, kütləvi hərəkatın əməldə artıq üsyana gəlib çıxdığı və vətəndaş müharibəsində “böyük döyüşlər” arası az-çox  uzun fasilələr başlayan dövrdə  mübarizənin qaçılmaz formasıdır.

Hərəkatın intizamını pozan partizan fəaliyyəti yox, bu fəaliyyətləri əldə saxlaya bilməyən partiyanın zəifliyidir. Məhz buna görə də biz ruslarda  partizan çıxışlarına qarşı olan anafemalar həqiqətən də partiyanın intizamını pozan gizli, təsadüfi, qeyri – mütəşəkkil partizan fəaliyyətlərlə birləşir. Hansı tarixi şəraitin bu mübarizəni yaratdığını anlamaqda gücsüz olduğumuz kimi, onun pis tərəflərini iflic etməkdə də gücsüzük. Buna baxmayaraq mübarizə gedir. Onu güclü iqtisadi və siyasi səbəblər törədir. Biz bu səbəbləri və bu mübarizəni dayandırmaq iqtidarında deyilik. Bizim partizan mübarizəsindən narazılığımız, bizim partiyanın üsyan işindəki zəifliyindən narazılığımızdır.

Bizim intizamsızlıq haqqında dediklərimiz mənəvi pozğunluğa da aiddir. Mənəviyyatı pozan partizan müharibəsi deyil, partizan çıxışlarının qeyri – mütəşəkkilliyi, nizamsızlığı, bitərəfliyidir. Bizi bu danılmaz mənəviyyatsızlıqdan partizan çıxışlarının ünvanına deyilən ittihamlar və lənətlər bir damcı da olsun qurtarmır, çünki bu ittihamlar və lənətlər dərin iqtisadi və siyasi səbəblər nəticəsində yaranan hadisələri dayandırmaqda tamamilə gücsüzdür. Bizə etiraz edəcəklər: əgər biz qeyri-normal və mənəviyyatı pozan hadisələri dayandırmaqda gücsüzüksə bu, partiyanın anormal və mənəviyyatsız  mübarizə üsullarına keçməyinə əsas vermir. Lakin  belə etiraz artıq sırf  liberal – burjua  tərzdə olardı, marksist tərzində yox, çünki marksist vətəndaş müharibəsini və ya partizan müharibəsini ümumiyyətlə anormal və mənəviyyatı pozan hesab edə bilməz. Marksist sosial dünyanın yox, sinfi mübarizənin əsasında durur. Kəskin iqtisadi və siyasi böhranın bəzi dövrlərində sinfi mübarizə birbaşa vətəndaş müharibəsinə kimi inkişaf edir, yəni ki xalqın iki hissəsi arasındakı silahlı mübarizəyədək. Belə dövrlərdə marksist vətəndaş müharibəsi nöqteyi-nəzərində durmalıdır. Marksizm nöqteyi-nəzərdən ona olunan istənilən mənəvi ittiham yolverilməzdir.

Vətəndaş müharibəsi dövründə proletariat partiyasının idealı mübarizə aparan partiya olur. Bu qətiyyən danılmazdır. Biz, vətəndaş müharibəsi nöqteyi-nəzərdən bu və ya digər vətəndaş müharibəsi formasının, bu və ya digər dövrdə səmərəsizliyinin sübut olunmasını tamamilə mümkün hesab edirik. Biz, hərbi məqsədəuyğunluq nöqteyi-nəzərdən  vətəndaş müharibəsinin müxtəlif formalarının tənqid olunmasını tamamilə qəbul edirik və şəksiz razılaşırıq ki ,bu məsələdə həlledici səs hər bir yerin öz s.-d. praktiklərinə məxsusdur. Lakin marksizmin prinsipləri naminə biz şübhəsiz  tələb edirik ki, vətəndaş müharibəsi şəraitinin analizindən anarxizm, blankizm, terrorizm kimi çeynənmiş və şablon kəlmələrdən istifadə etməklə canlarını qurtarmasınlar və hansısa PEPEESOV təşkilatın nə vaxtsa tətbiq etdiyi mənasız partizan fəaliyyəti üsulları s.d.-nın ümumiyyətlə partizan müharibəsində iştirakı məsələsində qorxuluq kimi təqdim olunmasın.

Hərəkatın nizamsızlaşması məsələsində partizan müharibəsinə istinad etməyə tənqidi yanaşmaq lazımdır. Yeni təhlükələr və yeni qurbanlarla  əlaqəli olan istənilən yeni mübarizə üsulu, bu yeni mübarizə formasına hazır olmayan təşkilatların nizamını pozur. Bizim köhnə təbliğatçı dairələr təşviqata keçidi pozurdular. Bizim komitələr nəticədə nümayişə keçidi pozdular. İstənilən müharibədəki istənilən hərbi fəaliyyət döyüşçü sıralarına müəyyən nizamsızlıq gətirir. Burdan elə nəticə çıxarmaq lazım deyil ki müharibə aparmaq olmaz. Burdan o nəticə çıxır ki, müharibə aparmağı öyrənmək lazımdır. Vəssalam.

Fəxrlə və özündənrazı şəkildə: biz anarxist, oğru,quldur deyilik, biz bundan daha yüksəkdəyik, biz partizan müharibəsini inkar edirik, deyən sosial-demokratları görəndə öz-özümə soruşuram: bu insanlar nə dediklərini başa düşürlər mi? Bütün ölkə boyu qaragüruh hakimiyyəti ilə əhali arasında silahlı toqquşma və vuruşma gedir. Bu hadisə inqilabın həmin pillədə inkişafı üçün qaçılmazdır. Əhali kor-təbii və qeyri-mütəşəkkil şəkildə-və məhz buna görə də çox vaxt uğursuz və pis formalarda – bu hadisələrə qarşı da silahlı toqquşmalar və hücumlar şəklində cavab verir. Mən başa düşürəm ki biz, təşkilatımızın zəifliyi və hazırlıqsızlığı ucbatından  müəyyən vaxt ,müəyyən ərazidə bu kor-təbii mübarizəyə partiya rəhbərliyi etməkdən imtina edə bilərik. Mən başa düşürəm ki, bu işi yerli praktiklər həll etməlidirlər, zəiflərin və hazırlıq keçməyənlərin hazırlanması asan deyil. Amma görəndə ki sosial-demokratiya nəzəriyyəçisində və publisistində bu hazırlıqsızlığa görə kədərlənmə duyğusu əvəzinə təkəbbürlü özündənrazılıq və anarxizm, terrorizm, blankizm haqqında cavanlıqdan əzbərlədiyi narsissayağı heyranlıqla təkrarladığı kəlmələrdir, onda dünyadakı inqilabi doktrinanın alçaldılması mənə ağır gəlir.

Deyirlər ki: partizan müharibəsi şüurlu proletariatı səfil əyyaşlara, baldırıaçıqlara yaxınlaşdırır. Bu düzdür. Lakin burdan o nəticə çıxır ki, proletariat partiyası heç vaxt partizan müharibəsini yeganə və hətta əsas mübarizə üsulu hesab edə bilməz; bu üsul digərlərinə tabe olmalı ,əsas mübarizə üsullarına uyğun gəlməli, sosializmin maarifləndirmə və təşkilatlandırma təsirinin altında nəcibləşməlidir. Bu sonuncu şərt olmadıqda  tamamilə hər şey, burjua cəmiyyətindəki bütün mübarizə vasitələri proletariatı özündən yuxarıda və aşağıda yerləşən qeyri-proletar təbəqələrə yaxınlaşdırır və hadisələrin kor-təbii axınına  buraxılmaqla üzülür, təhrif olunur, fahişələşir. Hadisələrin kor-təbii axınına atılmış toqquşmalar “Alliances” – fəhlələrlə sahibkarları arasında istehlakçılara qarşı olan saziş – şəklini almaqla təhrif olunur. Parlament təhrif olunaraq “xalqın azadlığı”, ”liberalizm”, ”demokratiya”, respublikaçılıq, antiklerikalizm, sosializm və digər tezsatılan malların topdan və pərakəndə olaraq alınıb-satıldığı fahişəxanaya çevrilir.Qəzetlər təhrif olunaraq ucuz aradüzəldən, kütlələri pozan, onların alçaq instinktlərinin kobud yaltaqlıq alətinə və s. çevrilir. Sosial – demokratiya, proletariatı çin səddiylə ondan birazca yuxarıda və aşağıda duran təbəqələrdən qoruyacaq universal mübarizə vasitələri tanımır. Sosial-demokratiya müxtəlif dövrlərdə müxtəlif vasitələrdən istifadə edir, onlardan istifadəni həmişə ciddi surətdə müəyyən olunmuş ideoloji və təşkilati şəraitlərdə qurur.

IV

Rus inqilabının mübarizə vasitələri Avropa burjua inqilablarından nəhəng müxtəlifliyi ilə fərqlənir. Kautski müəyyən dərəcədə bunu qabaqcadan görmüşdü, 1902-ci ildə  gələcək inqilabın (əlavə edirdi: bəlkə də rus inqilabı istisna olmaqla) xalqla hakimiyyət arasındakı mübarizədən çox, xalqın 2 hissəsi arasındakı mübarizə kimi olacağını bildirməklə. Rusiyada şübhəsiz ki bu ikinci mübarizənin qərbdəkindən daha geniş inkişafını görürük. Xalq  arasında bizim inqilabın düşmənləri çox deyillər, lakin onlar mübarizənin kəskinləşməsi ilə gündən-günə daha da çox təşkilatlanırlar və burjuaziyanın mürtəce təbəqələri tərəfindən dəstəklənirlər. Buna görə tamamilə təbii və qaçılmazdır ki belə bir ümumxalq toqquşmaları dövründə  ,üsyan qısa vaxt kəsiyi və kiçik ərazi ilə məhdudlaşan köhnə tək-tək aktlar  şəklində  ola bilməz. Tamamilə təbii və qaçılmazdır ki, üsyan daha yüksək və mürəkkəb, uzunsürən, bütün ölkəni əhatə edən vətəndaş müharibəsi şəkli, yəni xalqın 2 hissəsi arasında olan silahlı mübarizə şəkli alır. Belə müharibə,  bir sıra, böyük zaman kəsiyi ilə ayrılmış iri döyüşlər və onlar arası müddətdə baş verən kiçik toqquşmalar kimi təsəvvür olunmalıdır. Əgər bu belədirsə, bu isə şübhəsiz ki belədir – onda sosial-demokratiya mütləq bu iri döyüşlərdə və mümkün olduqca kiçik toqquşmalarda kütlələrə rəhbərlik etmək iqtidarında olan təşkilatlar yaratmağı özünə məqsəd qoymalıdır. Sosial-demokratiya sinfi mübarizənin vətəndaş müharibəsinədək şiddətlənməsi dövründə, bu vətəndaş müharibəsində yalnız iştirak yox, həm də rəhbər rolunu özünə məqsəd qoymalıdır. Sosial-demokratiya öz təşkilatlarını  elə tərbiyə etməli və hazırlamalıdır ki, onlar düşmən qüvvələrə ziyan vurmaq imkanını buraxmayan, əsl mübarizə aparan tərəf kimi çıxış etsinlər.

Söz yox ki bu çətin vəzifədir. Onu dərhal həll etmək mümkün deyil. Necə ki vətəndaş müharibəsi zamanı bütün xalq mübarizələrdə öyrənir və yenidən tərbiyə olunur, eləcə də bizim təşkilatlar tərbiyə olunmalı, bu təcrübələr əsasında bu vəzifəni yerinə yetirmək üçün yenidən qurulmalıdırlar.

Bizim praktiklərə  hər-hansı uydurulmuş mübarizə formasını zorla qəbul etdirməyə  və ya hətta kabinetdən Rusiyadakı vətəndaş müharibəsinin gedişatında bu və ya digər partizan mübarizəsinin rolu məsələsini qoymağa heç bir etirazımız yoxdur. Biz bu və ya digər partizan çıxışlarına konkret qiymət verməkdə sosial-demokratiyada cərəyan məsələsini  görmək  fikrindən uzağıq. Lakin biz gücümüz daxilində həyatın irəli sürdüyü yeni mübarizə üsullarına düzgün nəzəri qiymət verməkdə kömək etməyi  özümüzə vəzifə bilirik – şüurlu fəhlələrə yeni və çətin məsələni qoymaqda, onun həllinə düzgün yanaşmaqda mane olan şablonlarla və mövhumatlarla amansızcasına mübarizə aparmaq vəzifəsi.

V.İ. Lenin  sentyabr, 1906 Leninin əsərlərinin toplusu, 14 – cü cild səh.1-12

Tərcümə: Elmira Quliyeva

(c)  www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:12830