abunə ol: Yazılar | Şərhlər | Еmail

Misir müxalifətiylə bağlı

Şərh

Tunisdən sonra Misirdə də başlayan etirazlar hələ də davam edir. Misir xalqı uzun illərdir yoxsulluq və təzyiq altında həyat sürür. Ölkədə təhsil və səhiyyə problemləri misirlilər üçün həyatı dözülməz edir. Misirdəki hal-hazırdakı etirazlar xalqın ədalətsizlik qarşısındakı hiddətini ifadə edir.

İllərdir Mübarək hökümətinə böyük dəstək verən ABŞ da indi ondan üz çevirib. Halbuki indiyədək Mübarəkin sadəcə siyasi sahədə deyil, həm də iqtisadi sahədəki siyasəti ABŞ tərəfindən idarə olunurdu. 1991-ci ildə BVF-dən aldığı borç qarşılığında sərbəst bazar iqtisadiyyatı şərtlərini sərt bir biçimdə tətbiq etməyə başladı. Həmkarlar İttifaqlarının kiçildilməsi ilə bağlı tədbirlər görüldü.Misir ordusu da təchizat və maliyyə dəstəyi baxımında ABŞ-dan asılı idi. ABŞ Misir ordusuna son 60 il ərzində 70 milyard dollarlıq yardım göstərib. Misir ordusu bu pulları yenə də ABŞ şirkətlərinə verirdi. Misir General Motors-dan Abrams tankları, Boeing-dən CH-47 Chinook vertolyotları, Lockheed Martin-den F-16  qırıcı təyyarələri, Sikorsky Aircraft-dan Black Hawk vertolyotları alırdı. Polisdən fərqli olaraq Ordu etirazların ilk günlərindən nümayişçilərə qarşı heç bir gücdən istifadə etməyəcəyini deyərək bitərəf mövqedə olduğunu göstərsə də, fevralın 2-ində “Mübarək tərəfdarları” adı ilə polis və dustaqlardan təşkil olunmuş nümayişçilərin dəvələrlə və əllərində müxtəlif silahlarla hökumət əlehdarı xalq kütlələrinə hücum edəndə onların meydana Ordunun kontrol etdiyi yerlərdən daxil olduğu və nümayişçilərin tutub Orduya təslim etdiyi təcavüzkarların bir neçə gün sonra xalqın qarşısında yenidən peyda olması Ordunun bitərəf mövqedə olub-olmaması ilə bağlı suallar doğurdu. Ordu Mübarək hökümətinə qarşı bitərəf olsa, ABŞ-ın ən böyük müttəfiqlərindən olan bu ordunun ABŞ-a qarşı da bitərəf mövqedə olacağı düşünülə bilməz.

Təhrir meydanından çəkilməyən hökümət əlehdarı nümayişçilər Mübarəkin ölkədən getməsini tələb etsələr də, Mübarək istefa etmək fikrində deyil. Bunun əvəzində müxalifətlə dialoqa getmək təklifi irəli sürdü. Mətbuat tərəfindən əsas müxalif güc olaraq görülən “Müsəlman Qardaşları” ilk əvvəl hökümətlə danışığa girməyəcəyini bildirsə də, sonradan buna razı oldu. Bu danışıqlarda Konstitusiyaya lazımi dəyişikliklərin edilməsi üçün komitə yaradılması, nümayişlər başlayandan bəri saxlanılanların sərbəst buraxılması, korrupsiya ilə mübarizə, onun arxasındakıların müəyyən edilməsi, mətbuat azadlığı, telefon və internet məhdudiyyətlərinin aradan qaldırılması barədə razılıq əldə edilib.

Misirdə müxtəlif solçu qruplar, partiyalar, “Müsəlman Qardaşlar”ın Gənclər təşkilatı və Həmkarlar İttifaqları, o cümlədən nümayişçilərin böyük bir hissəsini təşkil edən gənclər hökümətlə dialoqlara qarşı çıxırlar. Onlar rejimin taleyini birdəfəlik həll etmək üçün işçiləri tətillərə çağırır, bütün misirlilər üçün səhiyyə hüququ, təhsil hüququ, ədalətli ictimai təhlükəsizlik rejimi, insan kimi yaşamağa yetəcək təqaüd və s. tələblər irəli sürür. Dialoqda iştirak edənlərin yalnız özlərini təmsil etdiklərini, xalqı təmsil etmədiklərini bildirirlər.

Həqiqi bir demokratiyaya yol açılması üçün hakim partiya ilə danışıqlara girmək yox, hakim partiyanın əzilməsi və parçalanması zəruridir. Köklü bir dəyişiklik üçün dövlət tərəfindən işlədilən sənayenin özəlləşdirilməsi, imkanlı şəxslər və şirkətlərin faydası üçün vergi dərəcələrini aşağı salınması, subsidiyalar və gömrük vergilərinin aradan qaldırılması kimi illərdir tətbiq olunan sərbəst bazar iqtisadiyyatı siyasətindən imtina edilməsi vacibdir. Dialoqa girmiş müxalifətin isə bunda bir mənfəti yoxdur, çünki həqiqi bir ictimai inqilab onlara da sərf etmir. Əgər iqtidara gələnlər varlılar və kasıblar arasında böyük uçurum yaradan bu siyasətdən imtina etməzlərsə, zəhmətkeş və yoxsul xalq kütlələri ilə qarşı-qarşıya qalacaqlar.

Kərim Ağayev


Oxşar yazılar:

Baxış sayı:16081

Şərhlər

  1. Emil deyir:

    Kərim yaxşı yazıdır. Misir hadisələri üçüncü dünya ölkələrinin eyni dərdə olduğunu bir daha sübut edir. ABŞın razılığı hakimiyyətə gələnlərin (hətta “demokratik” yolla gəlsələr belə)məqsədi bir olur: xalqı çapıb talamaq. Misirdə çatışmayan bir odur ki, təşkilatlanmış ideologiyası sağlam, potensial gücə malik siyasi qüvvə yoxdur. Ona görə də bu hadisələrin nə ilə nəticələnəcəyi naməlumdur. Hətta bəlkə qorxuludur. Azərbaycan sol qüvvələrinin bu hadisələrdən ibrət götürməli çox şeyi var.