abunə ol: Yazılar | Şərhlər | Еmail

NÖYÜT DEMOKRATİYASI

Şərh

NÖYÜT DEMOKRATİYASI   (Neft ölkəsi Nigeriyanın qara taleyindən seçmələr )

1950-ci illərin sonlarında Küveyt şeyxlərindən birinə televizor almağı təklif edəndə o, «Əla əşyadır, ancaq çox bahadır» deyərək boyun qaçırmışdı. Hələ o vaxtlardı ki, ərəb şeyxlərinin nağılvari var-dövlətindən söhbət gedə bilməzdi, neft fontanları sonu görünməyən sərvətə çevrilməmişdi, əfsanəvi pullar irəlidə idi.

Azərbaycanı Küveytə çevirəcəklərini vəd edənlər öz həyatlarını ərəb şeyxlərinin yaşam tərzinə çoxdan yaxınlaşdırsalar, hətta onları ötüb keçsələr də, adi vətəndaş ildən-ilə daha səfil günə düşməkdədir. Xammaldan gələn milyonlar bir qrupun cibində toplanır. Bu minvalla biz Küveytə yox, olsa-olsa, Nigeriyaya bənzəyəcəyik. O ölkəyə ki, nəinki korrupsiya reytinqində, həm də neftdən oğurlanan pulların məbləğinə görə bizimlə eynidir.

Meşədə neft gölü

Meşədə neft gölü

5 ilə 5 milyard dollar oğurluq…

Dövlət sərvətlərini mənimsəməkdə bütün dünyada bədnam ad çıxarmış Filippin diktatoru Ferdinand Markos hakimiyyətinin 25 ilində xarici banklara vur-tut 300 milyon dollar pul ötürmüşdü. Afrikanın neft nəhəngi olan Nigeriyanın 6 il əvvəl dünyasını dəyişən diktatoru general Sani Abaça isə hakimiyyətdə vur-tut 5 il olmasına baxmayaraq, ABŞ, İsveçrə, Lüksemburq və Lixtenşteyn banklarına yatırdığı neft pullarının məbləği nə az, nə çox – 5 milyard dollardır! İlə 1 milyard düşür.

Neft adi xalqlar üçün bəla, onun başında dayananlar üçün isə şəxsi büdcədir. Aramızda coğrafi, iqlim, milli, hətta irqi fərqlərə baxmayaraq, nigeriyalı ilə azərbaycanlı qismət qardaşlarıdır. Odur ki, bu bəlalı ölkənin keçdiyi yola baxmaqla biz özümüzün reklam olunmayan tariximizə diqqət etmiş olarıq.

…3 ilə 1 milyon tələfat

1960-cı ildə Böyük Britaniyadan müstəqilliyini bir hədiyyə kimi alan Nigeriyanı sonrakı 40 ildə 3 mülki və 7 hərbi hakimiyyət idarə edib. Və bircə halı çıxmaqla yerdə qalan 9 dəfədə hakimiyyət hərbi çevrilişlə təzələnib. Ölkənin gördüyü ən dəhşətli müharibə 1967-ci ildə başlayan Biafra separatçıları ilə qırğındır – 3 ildə 1 milyon adam qətlə yetirilib və acından tələf olub. Neftlə zəngin ölkənin Buhenvald məhbuslarını xatırladan sakinlərinin fotoları həmin illərdə bütün dünyanı dəhşətə gətirmişdi. Skelet insanlar, kaxeksiyanın son fazasında olan körpələr və bu fonda kimlərəsə milyardlar qazandıran neft müharibəsi.

Bütün bu illərdə ölkəni 42 il hərbçilər və cəmisi 12 il mülki adamlar idarə edib. Nəticə isə göz önündədir – əhalisinin sayına görə Afrika qitəsinin ən iri dövləti olan Nigeriyada həyat tərzi müstəmləkə olduğu dövrdəkindən də ölçüyəgəlməz dərəcədə aşağıdır. Halbuki o vaxtlar neft ingilislərə məxsus idi, indi isə – «xalq»a. Neft hasilatının həcminə görə Nigeriya dünyanın ən qabaqcıl 10 dövlətindən biri sayılır. Ölkədə hər gün 2 milyon barel neft çıxarılır.

Azad seçki qurbanları

Avropanın basqıları ilə üzləşən Nigeriya hərbçiləri bir neçə dəfə öz diktaturalarına legitimlik verməyə çalışıblar. 1993-cü ildə general-prezident İbrahim Babangida ilk dəfə azad   seçki keçirdi. O, hakimiyyətdə qala biləcəyinə ümid edirdi. Ancaq möcüzə baş verdi – qələbəni müxalifətçi, varlı iş adamı Moşud Abiola qazandı. Babangida səhvini düzəltmək      üçün seçkinin nəticələrini ləğv etdi, ancaq özü də hakimiyyətdə qala bilmədi – yaxın silahdaşı, müdafiə naziri Sanni Abaçanın rəhbərlik etdiyi hərbi çevriliş nəticəsində devrildi.

Yerli uşaqlar “Shell” boru kəmərindən oyun yeri kimi istifadə edirlər
Abaça seçkini udmuş Abiolanı tutdurdu. Onun ardınca çoxsaylı qohumları və həmfikirləri də məhbəsə salındı, həyat yoldaşını isə günün günorta çağı çoxsaylı şahidlərin gözü    qarşısında killer güllələdi.

Yerli uşaqlar "Shell" boru kəmərindən oyun yeri kimi istifadə edirlər

Yerli uşaqlar "Shell" boru kəmərindən oyun yeri kimi istifadə edirlər

Abaça Nigeriyanı idarə etmiş generallar arasında ən qətiyyətlisi idi. Qarşısına bütün yadfikirliliyin kökünü kəsmək məqsədi qoyaraq nəinki müxalif partiyaların fəallarını, hətta siyasi ambisiya ortaya qoya biləcək hərbçiləri də həbs etdirdi. Bu, hərbi çevriliş ənənəsinin kök atdığı Nigeriya üçün gözlənilməz hal idi – Abaçaya qədər hərbçilər həmişə monolit qüvvə təsiri bağışlamışdılar və repressiyalar poqonlulardan yan keçmişdi. Bir sözlə, hərbi elita «müqəddəs inək» statusunda sayılırdı.

Amerikanın diktator müttəfiqi

Ölkəni repressiyalar bürüyəndə Qərb Abaçanı sanksiyalarla hədələməyə başladı. Məsələn, ABŞ bəyan etdi ki, öz banklarındakı Nigeriya avuarlarını donduracaq, neft idxalına olan kvotaları isə ixtisara salacaq. Ancaq heç birini etmədi.

Məsələ ondadır ki, Nigeriyada çıxarılan neftin 41 faizini ABŞ alır. Bu, ABŞ-ın ümumi neft idxalının 8 faizini təşkil edir – bütün Yaxın Şərqdən gələn neftdən bir balaca aşağı rəqəm alınır. Təəccüblü deyil ki, ABŞ keçmiş dissident, CAR prezidenti Nelson Mandelanın Nigeriya neftinə embarqo təklifinə qoşulmadı. Halbuki elə həmin vaxtlarda Vaşinqton İ raqi insan haqları adıyla embarqo və sanksiyalarla boğurdu.

Abaçanın hakimiyyətdə olduğu 5 il ərzində «Nigeriyada demokratiyanın vəziyyəti» adlanan qanun layihəsi 3 il ABŞ Konqresində özünün müzakirə saatını gözlədi və sonda müzakirəyə çıxarılmadı. Ona həm də ABŞ Konqresindəki Nigeriyapərəst senatorlar əngəl oldular – «Vaşinqton post»un məlumatına görə, diktator Abaça bundan ötrü 5 milyon dollar rüşvət payladı.

Ancaq bu onun öz qazancının müqabilində qəpik-quruş idi. Abaça gözəl anlayırdı ki, etdiyi cinayətlərin müqabilində ABŞ-dan heç bir qulaqburması almayacaq – çünki okeanın o tayındakılara neft və loyal Kannibal lazım idi. O ki qaldı hüquqsuz, səfil Nigeriya xalqına, ölkəni bürümüş qətllər və edamlara, Qərbdə bu barədə ciddi düşünmürdülər.

Cəhənnəm sevincləri də puça çıxdı

Yerli icma nümayəndələri deyirlər ki, shell, Shevron, Exxon-Mobil və başqa transmilli neft şirkətlərinin gəlişi onlara ətraf mühitin çirklənməsi, represiya və kasıbçılıqdan savayı heç nə gətirməyib...

Yerli icma nümayəndələri deyirlər ki, shell, Shevron, Exxon-Mobil və başqa transmilli neft şirkətlərinin gəlişi onlara ətraf mühitin çirklənməsi, represiya və kasıbçılıqdan savayı heç nə gətirməyib...

ABŞ-dan arxayın olan Abaça onunla «siçan-pişik» oyunu oynayırdı. O, demokratik seçki keçirəcəyini vəd edirdi – əvvəlcə 1996-cı, sonra 1998-ci ildə. Sonuncuya bir neçə ay qalmış o, sadəcə, bütün rəqiblərini həbs etdirdi və bir neçə «cib partiyası» yaradaraq nökərlərini prezidentliyə namizəd kimi qeydiyyatdan keçirməyi planlaşdırdı. Ancaq bu ərəfədə heç kəsin gözləmədiyi hadisə baş verdi – 1998-ci il iyunun 8-də Abaça qəfildən dünyasını dəyişdi.

Bəziləri deyirlər ki, buna səbəb onun təzəcə dəbə minən «Viaqra»ya aludəçiliyi olub. Diktator cavanlığını qaytarmaq ümidi ilə ifrat doza «Viaqra» qəbul etdiyindən ürəyi tab gətirmədi və qocalığından da olub. Hətta deyilənə görə, ölüm onu 2 ağdərili qadının ağuşunda yaxalayıb.

İkinci versiyaya görə, onu rəqibləri zəhərləyib. Ancaq onu əvəzləyən hakimiyyətin məlumatına görə, meyitin təşrihi heç bir zəhər izi aşkar etmədi. Düzdür, Afrika iz qoymayan zəhərləri ilə də tanınıb. Üçüncü fərziyyəyə görə, sadəcə, diktatorun ürəyi xəstə idi və Əzrayılla görüşə də damar çatışmazlığı gətirmişdi.

Ancaq bunlar hamısı ikinci dərəcəli məsələlərdir. Əsas odur ki, Abaçanın ölümü Nigeriyada toy-bayram yaradıb. Şahidlərin bilgilərinə görə, xalq bütün gecəni səhərə qədər çalıb-oynayıb. Bu bayram hətta Abaçanın doğulduğu Kano şəhərində də təntənə ilə qeyd olunub.

Bədbəxt Nigeriya xilas olmaq şansı əldə etdi. Ancaq illüziyaları tez də dəfn etmək lazım gəldi.

Shell insan haqları və ətraf aləmin mühafizəsi fəallarının təzyiqi ilə neft çirkabını təmizləməyə razılaşır. Bu çirkaba qoruyucu geyimsiz girməyə razilaşan adamlara gündə cəmi 5 dollar ödənilir...

Shell insan haqları və ətraf aləmin mühafizəsi fəallarının təzyiqi ilə neft çirkabını təmizləməyə razılaşır. Bu çirkaba qoruyucu geyimsiz girməyə razilaşan adamlara gündə cəmi 5 dollar ödənilir...

Gözlər Nigeriyanın keçmiş paytaxı Laqosdakı şəhər türməsinə və orada 4 ildir təkadamlıq kamerada öz saatını gözləyən Moşud Abiolaya dikildi. BMT-nin Baş katibi Kofi Annan təcili olaraq Laqosa yollandı.

Deyilənlərə görə, Annan Abiolanın kamerasına daxil olanda tam izolyasiyada olan və dünyada baş verənlərdən bixəbər məhbus ondan kimliyini xəbər alır. Annan özünü təqdim edəndə isə Abiola soruşur: «Bəs misirlinin başına nə iş gəlib?» O, keçmiş Baş katib Butros Butros Qalini nəzərdə tuturdu və görünür, fikirləşirdi ki, onu da özü kimi devirib türməyə atıblar.

Annandan sonra Abiolaya başda ABŞ dövlət katibinin müavini Tomas Pikerinq olmaqla böyük amerikan heyəti təşrif gətirdi. Pikerinq Nigeriya, Hindistan və SSRİ-də – ABŞ üçün strateji əhəmiyyətli ölkələrdə çalışmışdı. Və bu vaxt ikinci gözlənilməz hadisə baş verdi – 1998-ci il iyulun 7-də, Pikerinqlə görüş zamanı artıq azad olmağa hazırlaşan Abiola amerikanların gözləri qabağında qəfildən vəfat etdi. Rəsmi versiya – ürək xəstəliyi. Ancaq hələ də qüvvəsini itirməyən fərziyyəyə görə, ona o biri dünya ilə qovuşmaqda Pikerinq və ABŞ nümayəndələri kömək göstəriblər.

Oğurluğa zaval yoxdur

Diktator Abaçanın ölümündən sonra başda Əbdüləziz Əbubəkr olmaqla hakimiyyətə yiyələnən müvəqqəti hərbi şura yeni seçki vəd etdi və 1999-cu ildə seçki keçirildi. Hakimiyyətə növbəti general Olusequn Obasanco gəldi. O, həbsdən 1 il əvvəl azad olunmuşdu. Bu, həmin general idi ki, 1976-cı ildə hərbi çevriliş etmiş, ancaq 2 il sonra növbəti hərbi çevrilişlə devrilmişdi. Buna baxmayaraq, Obasanco son 15 ildə ilk dəfə mülki hakimiyyəti bərpa etdi, həmçinin neft pullarının taleyi ilə maraqlandı. Onun səyləri ilə Abaçanın xarici banklara 5 milyard dollar daşıdığı bəlli oldu.

Onların pulunu qaytaracaqlarmı?.. Bəs sağlamlıqlarını necə?

Onların pulunu qaytaracaqlarmı?.. Bəs sağlamlıqlarını necə?

Obasanco 5 ildir həmin pulların Nigeriyaya qaytarılması üçün mübarizə aparır. Bu məbləğdən təqribən 3 milyard dollarlıq bank hesablarına artıq İsveçrədə qadağa qoyulub, ancaq neftdən oğurlanan sərvətin 1 senti belə bu günədək Nigeriyaya qaytarılmayıb.

Və qaytarılacağına olan ümid gündən-günə daha da tükənir…

Məmməd Süleymanov

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:28048

Şərhlər

  1. İxvan deyir:

    Və kim deyə bilər ki, bu hadisələr təkrarlanmayacaq