abunə ol: Yazılar | Şərhlər | Еmail

“Öz köpəkoğlumuz” siyasəti

Şərh

Və ya saxta demokratiya şüarları diktatorların mamaçası kimi.

Hər xalqa öz diktatorunu devirmək qismət olmur. Çünki diktatorun arxasında güclü dayaqlar durur. Ötən əsrin odioz rejimlərlə dolu tarixinə ötəri nəzər də bəs edir ki, bu qaniçən rejimlərin yaradıcısı, bəsləyicisi və təminatçısının əksər hallarda ABŞ olduğunu anlayasan. Özünü demokratiyanın yayıcısı sayan dövlət dünyanın bütün qitələrində xalqının qanına susamış ekzotik, qəddar və qaranlıq simalara mamaçalıq edib. Sovet illərində bunu “yeni müstəmləkəçilik” adlandırırdılar. Və zənnimcə, termin qətiyyən qüsurlu deyil. Hər halda, “Somosa köpəkoğludur, ancaq öz köpəkoğlumuzdur” kəlməsi bir başqasına yox, məhz ABŞ prezidenti Teodor Ruzveltə məxsusdur. Və bu kəlmə həm də ikrahdoğurucu ikiüzlülüyün tərənnümü idi – Ruzvelt Somosaya yuxarıdan aşağı, iyrənərək baxırdı (adam heç “köpəkoğlu”na da bu cür ikrahla yanaşa bilməzdi), onların münasibətləri üfüqi yox, şaquli müstəvidə idi. Ancaq bu ikrahla bahəm Somosa dinastiyası qorunur, bəslənir, hakimiyyətin nəsildən-nəslə ötürülməsinə imkan verilirdi.

Bu tipli misallar bütün Amerika qitəsində təsadüf edilən tendensiya, daha doğrusu, yazılmamış qanundan xəbər verirdi. Bütöv bir qitənin barmaqla sayılası qədər müstəqil siyasət yeridən rəhbərlərini isə qətl, dövlət çevrilişi, yaxud ölkəsinin işğalı gözləyirdi.

Maraqlıdır ki, Amerika qitəsi xalqları həmişə öz passionarlığı, fasiləsiz sürən milli-azadlıq hərəkatları ilə fərqlənsələr də, qüdrətli əllərin hər yerdə öz “köpəkuşaqları”nı yerləşdirməsinə mane ola bilmirdilər. Gör repressiyaların gücü nə qədər böyük, miqyası nə cür total olmalıdır ki, “Olum, ya ölüm!” şüarını bizlərsayağı boğazdan yuxarı yox, gerçəkdən tətbiq edən xalqlar belə öz diktatorlarına uduzdurulsun.

Kolumbiyada partizan savaşları artıq 45 ildir fasiləsiz davam edir. Hətta ölkənin İsveçrə boyda ərazisi özlərini Kolumbiya İnqilabi Hərbi Qüvvələri (FARK) adlandıran solçu partizanların nəzarətindədir, şimalda “19 may” hərəkatı, cənubda Kolumbiya İnqilabi Cəbhəsi marionet rejimlə onillərdir döyüşür, ancaq paytaxt Boqotada əyləşən ABŞ marionetlərini yıxmaq olmur ki, olmur. Səbəb sadədir – bütün ölkə boyu terror, qorxu kultu tətbiq edilir, Vaşinqtonun təlimatlandırdığı “Ölüm eskadronları” adlı muzdlu dəstələr partizanlara hər hansı simpatiyada şübhəli bilinən hər kəsi məhkəməsiz edam edirlər. Biz bu “demokratiya”nın cücərtilərini bu gün Əfqanistanda, İraqda, Filippində, Kosovoda, Haitidə, lap elə Qafqazda görürük.

***

Amerika qitəsi tarixində antiamerikanist və antiimperialist mövqedə durmuş hər bir dövlət rəhbərini acı sonluq gözləyib. Düzdür, indi dövr bir qədər başqadır və Vaşinqton, məsələn, Uqo Çavesin Venesueladakı hakimiyyətinə son qoya bilmir. Bir dəfə bu məqsədə çox yaxın idi – Karakasdakı səfirliyindən idarə olunan qiyamla hətta Çavesi həbs etdirmişdi. Ancaq 2 il əvvəl baş vermiş bu hadisələrdə xalq küçələrə çıxdı, bir gün sonra qiyamçılar qorxub özləri təslim oldular və Çaves taxtına qayıtdı.

ABŞ-Çaves duelində ikincinin uğurunun başqa izahı da var – artıq Venesuelanı əhatə edən dövlətlərdə hakimiyyətdə Stressner, Pinoçet kimi diktatorlar yoxdur, Braziliya, Argentina və Uruqvayda xuntalar devrilib. Ancaq həmin ölkələrdə diktatorların devrilməsi də ABŞ-ın öz planı idi – daha kommunizm düşərgəsinin olmadığını nəzərə alaraq odioz diktatorları yeni marionetlərlə əvəzləməklə imicinə “əl gəzdirmək” istəmişdi. Görünür, Pentaqonda oturanlar düzgün hesablama aparmayıblar – nəticədə Braziliya və Çilidə hakimiyyətə sol qüvvələr gəldi, digər ölkələrdə də devrilmiş xuntaların qanlı əməllərinin miqyası aşkarlananda bəlli oldu ki, bir daha bu cür rejimləri bərpa etmək mümkün olmayacaq. Halbuki başqa vaxtlar da vardı – 1956-cı ildə Qvatemala prezidenti Xakobo Arbens ABŞ kompaniyalarını milliləşdirəndə Vaşinqton ölkəni, sadəcə, işğal etdi.

1981-ci ildə Panamanın demokratik prezidenti Omar Torrixos Panama kanalını milliləşdirmək istəyəndə müəmmalı təyyarə qəzasına uğrayıb həlak oldu.

1989-cu ildə onun ardıcılı general Noryeqa bu işi davam etdirmək istəyəndə ABŞ Panamanı tutdu və qanuni prezidentin qollarını qandallayıb Nyu-Yorka apardı, orada mühakimə edib ömürlük həbs cəzasına məhkum etdi. Artıq 16-cı ildir ki, Noryeqa məhbəsdədir.

Yaxud Kubaya qarşı fəaliyyət göstərən muzdlu dəstələr, Fidel Kastroya qarşı saysız-hesabsız sui-qəsd cəhdləri, Nikaraquada marksist hökumətə qarşı silahlandırılan “Kontras” başkəsənlərinin 10 illik qanlı ekspedisiyaları. Və ya heç olmasa, Çilinin qanuni prezidenti Salvador Alyendenin devrilməsi, on minlərlə kommunistin və sosialistin general Pinoçetin əli ilə qətlə yetirilməsi…                                                                                                                                            Bunların hansı beynəlxalq hüquqa, suverenliyə hörmətə və insan haqları bəyannaməsinə sığır? Əlbəttə heç biri…

***

Bütün Amerika qitəsi boyu demokratiya adı altında qan gölməçələrinin izi var. Məhz bu adla Haiti xalqına ata və oğul Düvalyeləri, yalançı demokrat, əslində sadist keşiş Aristidi, Dominikan Respublikasına manyak Truxilyonu, Salvadora Napoleon Duarteni, Paraqvaya general Alfredo Stressneri, Çiliyə general Auqusto Pinoçeti, Braziliya, Uruqvay və Argentinaya rəngarəng hərbi xuntaları sırıyıblar. Bunların hər biri on minlərlə vətənpərvərin, azad insanın qətlinə fərman vermək idi. ABŞ hətta Qrenada kimi cırtdan bir ada dövlətində belə sosialist Moris Bişopun prezident seçilməsini bağışlamadı və ölkəni bəhanələrlə işğal etdi, prezident və bütün komandası fiziki cəhətdən məhv edildi.

***

Məhz Vaşinqtonun xeyir-duası ilə Haitidə hakimiyyətə 19 yaşlı koloritli    personaj – oğul Jan-Klod Düvalye (atasından fərqləndirmək üçün onu “Bebi-  dok”, yəni “Balaca doktor” adlandırırlar) və bütöv bir xalq hakimiyyətin,  dövlətin nə demək olduğundan xəbərsiz bir uşağa tapşırıldı. Bu şəxs tonton-  makutların “xaç atası”, Haitinin “ömürlük prezidenti” seçildi, 1971-1986-cı  illərdə diktatorluq elədi. Haitini ata Düvalyedən irsən, ata malı kimi alan “Balaca  doktor” 15 ildə 60 min siyasi rəqibini öldürtdürdü. Onun vaxtında haitililərin  meyitləri ABŞ-ın tibb universitetlərinə anatomik vəsait kimi satılırdı və bundan  Düvalyenin büdcəsinə gəlir daxil olurdu. 1986-cı ildən Parisdə, dəbdəbəli  villasında eyş-işrət içində yaşamağındadır. Ondan sonrakı hakimiyyətlər  Düvalyeni məsuliyyətə cəlb etməyə cəhdlərdə bulunsalar da, havadarları “öz  adamlarını” vermədilər. Nəinki xalqların qanını tökürlər, seçdikləri marionetlər  tam müflis olanda da onları yıxıb yerinə yenilərini gətirir, yıxılanların isə zəngin  və sakit ömürlərini təmin edirlər.

Elə oğul Düvalyeni də başqa bir marionetlə – keşiş Aristidlə əvəzlədilər. Xalq qalxıb Aristidi devirəndə və o, ABŞ-a qaçanda, Amerika hərbi gəmiləri paytaxt Port-o-Prens yaxınlığında lövbər salıb ultimatum verdilər: ya Haitinin baş şəhəri əhalisi ilə birlikdə məhv edilir, ya da Aristid geri qayıdır. Və Aristidi Haitiyə qaytardılar. Bütün bunlar 50 il əvvəl yox, cəmisi 8 il əvvəl baş verib.

Bəs nağılın sonu necə oldu? Aristid də tam siyasi iflasa uğrayanda ABŞ onu da bir əlcək kimi dəyişdi – hərbi çevrilişlə devirərək 2004-cü ildə tarixi vətəninə, Afrikaya (CAR) yolladı. Bu qaniçən də orada asudə yaşamağındadır.

Bəli, diktatorları vaxtlı-vaxtında dəyişmək lazımdır. Əks halda daha pis ssenari reallaşa bilər – xalq özü cəlladları devirər və yerinə antiamerikan liderlər gələr. Məsələn, Kubada bu cür oldu – diktator Batistanı kommunistlər devirdi və artıq 46 ildir orada Vaşinqtona nifrət edənlər hakimiyyətdədir.

Yaxud vaxtilə Nikaraquada “köpəkoğlu” Somosanın və onun sülaləsinin qulağının burulmaması hakimiyyətə marksistlərin – sandinoçuların gəlişi ilə nəticələndi. ABŞ sandinoçuların hökumətinə qarşı 10 il ərzində milyardlarla dollar xərclədi, ancaq bir şey çıxmadı. Yalnız kommunizmin süqutundan sonra Nikaraqua inqilabının lideri Daniel Orteqa hakimiyyəti seçki yolu ilə amerikanpərəst qadın-biznesmen Violet Barrios-i-Çamorraya verdi. Bəs sonra? Üstündən daha bir neçə il keçdi və seçkilərdə xalq yenidən “lənətlənmiş kommunistlər”i hakimiyyətə qaytardı. İndi də Nikaraquada solçular hakimiyyətdədir.

Yeri gəlmişkən, Teodor Ruzveltin haqqında danışdığı “köpəkoğlu Somosa”nın özü olmasa da, oğlu – Nikaraqua diktatoru Anastasio Somosa atasının təxəllüsünə həmahəng ola biləcək ölümlə öldü – köpək kimi. Sandinistlərin qələbəsindən sonra Cənubi Amerika ölkələrində dolaşan diktatoru Kolumbiya solçuları tələyə salaraq məhv etdilər.

***

Daha bir odioz personaj – Alfredo Stressner. Həm qəddarlığına, həm də bəxtinə görə xüsusi xatırlanmağa layiqdir. Hakimiyyətə 1954-cü ildə gəlib və Paraqvayı 35 il idarə edib. “Dövlət – elə mən özüməm!” kəlamı sanki heç vaxt gözündən qara eynək düşməyən bu adam barəsində deyilib. “Bu ölkədə bir yarpaq belə məndən icazəsiz tərpənmir” – bu sözləri isə o özü barəsində deyib. Paraqvayı qurğuşun və qanla idarə edən general Stressneri 1989-cu ildə xalq yox, öz kürəkəni devirdi. Təbii ki, qüdrətli əllərin xeyir-duası ilə. Stressner devriləndən bəri Braziliyada yaşayır. Artıq 90 yaşı var. Kütlə arasına çıxmır və sakit, özündənrazı qocalığını sürür.

Nadir hallarda xalqlar diktatoru devirərək onu layiq olduğu cəzaya çatdıra biliblər. Amerikanın daha bir “köpəkoğlu”su – Dominikan Respublikasının diktatoru Truxilyonu öz xalqı parça-tikə elədi. Bu həmin Truxilyo idi ki, paytaxt Santa-Dominqonun da adını dəyişib Syudad-Truxilyo etmiş və ölkə ərazisində özünə minlərlə hündür heykəl ucaltdırmışdı. Bəlkə də məhz elə Truxilyonun məşum sonu ABŞ-ı vadar etdi ki, ağlını tamamilə itirmiş yetirmələrini vaxtlı-vaxtında yeniləri ilə əvəzləsin…

Məmməd Süleymanov “III SEKTOR ”  jurnalı . 2005-ci il.


Oxşar yazılar:

Baxış sayı:8266