abunə ol: Yazılar | Şərhlər | Еmail

Salvador – “Buz” hekayəsi

Şərh

celil

“Biri ac idi, biri tox idi…”

Salvador bu istidə nədən yazsın? Qızmar günəşin bizi qayğanaq kimi bişirdiyi bir şəraitdə… buzdan. Özü də bu buz o buzlardan deyil. Necə deyərlər “Alma var, alma var”. Bu buz böyük mütəffkir Cəlil Məmmədquluzadənin “Buz” hekayəsinin əsas qəhrəmanı olmasa da həmin dövrün ictima-siyasi və iqtisadi problemlərinin mayakı hesab etmək olar. Mark Tvenin belə bir sitatı var: ““Klassika” – hamının təriflədiyi, ancaq oxumadığı bir kitabdır”. O, bunu Con Miltonun “İtmiş Cənnət” poeması barədə demişdir. Sözümün canı odur ki, kütləvimədəniyyətin “bestsellər” adı altında tirajladığı kitabların oxucuları çox olsa da yerli ədəbiyyata çox az adam yaxın durur. Halbuki yerli ədiblərimizin ən kiçik hekayələrində belə həyat eşqi, insanların gündəlikdə qarşılaşdıqları haqsızlıqlar, cahilliyin yol açdığı bədbəxtliklər, dostluq, yoldaşlıq, sevgi sətirbəsətir insan şüurunu yaxşı mənada rəndələyir. Düzgün olmaz desək ki, xarici ədəbiyyatı kənara atıb, ancaq öz ədəbiyyatımıza üstünlük verək, ən azı ona görə ki, adı çəkilən yerli ədiblərimiz də vaxtıkən xarici əsərləri oxuyaraq tərbiyələniblər. Söhbət 10 minlərlə tirajlanan heç bir mənəvi yükü olmayan kitablardan gedir.

Bir neçə ay bundan qabaq 2 AZN-ə aldığım bir ikinci əl kitabında yerli ədiblərimizin uşaqlar üçün nəzərdə tutulmuş hekayələr toplusu var idi. Kitabı hətta alanda satıcı elə düşünürdü ki, bunu öz yaxın qohumlarımdan hansısa uşağa alıram, halbuki kitabı özümə alırdım. Kitabın dili rus dilində idi, mənə öz ədiblərimizi məhz rus dilində oxumaq maraqlı gəldi ki, görəsən bu hekayəni rus dilində oxuyanda eyni hissləri verə bilirmi? Hər bir dilin özünəməxsus bədiiliyi var təbii olaraq.  Kitabda elə ilk olaraq Cəlil Məmmədquluzadənin hekayələri yer alırdı. Gözümə “Buz” hekayəsi sataşdı. Bu hekayəni bizə məktəb dərsliyində keçmişdilər, çox sevdiyim bir hekayə idi. Ancaq bir müddət unutmuşdum deyə, hekayənin adını və müəllifini tapa bilmirdim, ancaq xoşbəxtlikdən qarşıma çıxdı. O zamanlar hekayəyə uşaq gözü ilə baxmışdım, bu dəfə isə hekayə qarşımda yeni pəncərələr açdı.

Hekayə 14 yaşlı uşağın adından xalasının bərk xəstələnməsindən danışılır.
Əsərin baş qəhrəmanı hekayənin ta əvvəlində qeyd edir ki, şəhərdə kimsə xəstələnəndə xəstə yanına iki cür həkim çağrılır: birincilərə müsəlman həkimlər aiddirlər, hansılar ki dini etiqada görə deyil, sadəcə müsəlman ölkələrində təhsil aldıqları üçün, ikincilərə isə rus həkimləri aiddirlər – onlar da ya Rusiyada, ya da hansısa Avropa ölkəsində təhsil aldıqlarına görə bu cür adlanırlar. Əgər xəstə yanına müsəlman həkim çağırılırsa demək vəziyyət yüngülvaridir, yox əgər rus həkimi çağırılırsa, demək xəstənin vəziyyəti çox ağırdır. Xəstənin yüngül və ya ağır olmasından savayı müsəlman həkim daha ucuz başa gəlir. Müsəlman həkimi dərmanlar ilə birlikdə xəstənin qohumlarına beş-altı şahıya başa gəlirdisə, rus həkiminə bir manat zəhmət pulu, iki abbası fayton pulu, yarım manat da dərmanlara xərclənirdi. Buna görə də kasıb olan kəs məcbur müsəlman həkimini çağırırdı. Əsərin baş qəhrəmanın da qızdırmada yatan xalasına ilk öncə müsəlman həkimi Hacı Mirzə Səttar çağırılsa da onun gedişindən bir saat sonra rus həkimi gəlir. Bununla belə uşaq anlayır ki, xalasının vəziyyəti pisdir. Xalasının əri ona bir qəpik verib buz dalınca yollayır ki, buzu alıb gətirsin xalasının sinəsinin üstünə qoysunlar ta ki ürəyi sakitləşincəyə qədər. Həkim tapşırığıdır…

Elə hadisə bundan sonra başlayır. Buz dalınca baqqal carşısına gedən uşaq buzu alıb evə qayıdanda qonşuluqda hər zaman dalaşdığı Hacı Bayramın oğlu Şirəli ilə qarşılaşır. Yolda istidə buz parçasını hissə-hissə qoparıb ağzına qoyur, xalasının vəziyyətini anlasa da Şirəli ilə dava etməyi daha vacib sayır. Buzun qalan hissəsini isti torpağa qoyub Şirəli ilə əlbəyaxa döyüşür. Yoldan keçən adamlar davakar uşaqları aralamağa cəhd edərkən, arxadan yumruq zərbəsi vuran xalasının əri, uşağın bu hərəkitinə görə onu danlayıb buz dalınca özü gedir.

Bu hadisədən iki gün sonra baş qəhrəmanın xalası vəfat edir. Xalasının vəfatından sarsılmayan uşaq, yalnız bir şeyi xatırlayır. Onun uşaq ağlında ilişib qalan – buz olur. Cəlil Məmmədquluzadə uşağın diindən oxucuya əslində sual verir: “Vә yay fәsli arabalarda daşınan ağ vә tәmiz duru buz kәrpiclәrini görәndә xalam yadıma düşür vә öz-özümә deyirәm: o xoşbәxt ki, indi onun ürәyi yanır, bu buzu aparıb ona verәcәklәr ki, ürәyi sәrinlәnsin. Vә çox-çox daha da xoşbәxt adamlar var ki, bu buzlar onların lәziz yemәklәri vә marojnalarına sәrf olunur. Amma mәnim xalam odlu qızdırmanın içindә ürәyi yanmaqda olduğu halda, bircә tikәsinә hәsrәt qaldı vә iki gün sonra ölüb getdi”. Uşağın xalası buza görə ölmür əlbəttə ki, lakin uşaq öz uşaq ağlı ilə anlayır ki, vəziyyət o qədər pisdir ki, bəziləri yayda adi buz tapa bilmədikləri halda, onu öz marojnalarında (dondurma – m.q.) istifadə edənlər var.

Daha sonra əsas sual verilir: “Kimin qüsuru ucundan? Mәnimmi, ya yox? Kimdәdir taxsır? Mәndәdirmi ki, itlәr ilә dalaşmağa mәşğul olub, xalamın buzunu odlu torpağın içindә әritdim? Ya bәlkә günahkar tәbiәtdir ki, daş kimi bәrk bir buzu istidәn suya döndәrir? Ya bәlkә günah heç birimizdә deyil? Ondan ötrü ki, mәn tәk tәrbiyә görmәyәn on yaşında bir uşağın hәmin rәftarı çox tәbiidir, necә ki, buzun gün qabağında әrimәyi tәbiidir”. Uşaq anlamaqda çətinlik çəkir. Ailədə normal tərbiyə görməyən övladmı (günah valideynlərə yönəlir) günahkardır, ya buzun təbiətcə əriyən olmasındamı? Axı əgər buzun təbiətcə əriyən olmasını normal qəbul etsək, uşağın da təbiətcə davakar olduğunu qəbul edərik. Burada əsərin baş qəhrəmanı özünə təsəlli verməyə çalışır. Axı övladın davakar olmasının səbəbkarı onu böyüdən valideynləri və birbaşa cəmiyyətdir. Hansı ki indiki zəmanəmizdə bunun şahidi oluruq. Mədəni dəyərlərdən imtina edən valideynlər öz övladlarına da bu mənəviyyatsızlığı “irsi” ötürürlər. Uşaqlarının tərbiyəsi ilə məşğul olmaqdansa, oturdurlar tv qarşısına təki uşaq səsini çıxartmasın. Nəticədə isə zorakılığı şüuruna hopduran övlad bu cür davakar və dalaşqan olur.

Suallar isə davam edir: “Mәqsәd suallara cavab vermәk vә belә-belә fәnni mәsәlәlәri açmaq deyil. Vә heç bir mәqsәd yoxdur.

Ancaq hәr bir yay fәsli küçәlәrdә arabalarda buz sallarını görәndә, bir tәrәfdәn o buzu şampanskilәrә vә lәzzәtli marojnalara işlәdәn xoşbәxtlәr gözümün qabağına gәlir vә eyni zamanda xalamın “ciyәrinin yanmağı” yadıma düşür”. Günahı boynundan atmaq istəsə də yenə də daxilində əzab çəkən əsərin qəhrəmanı, heç nəyə baxmayaraq səbəbi bilmək istəyir. O, şampanskilərinə və marojlarına buz qoyan, kef edən yuxarı sinfin xoşbəxt nümayəndələri ilə, özünün “ciyəri yanan” bir tikə buza möhtac olan xalasını müqayisə edir. Və bu müqayisə görünür şüuraltında daim əsərin qəhrəmanına rahatlıq verməyib. Qırx ildən sonra hekayəni nağıl edən qəhrəman yalnız püxtələşdikdən sonra məsələnin nə yerdə olduğunu anlayır və keçmiçdə etdiyi hərəkətinə də peşman olur. Bu o deməkdir ki, artıq illər sonra bu insan təhsil alıb, kitab oxuyub dünya görüşünü artırıb və onun xalasının o vəziyyətində Şirəli ilə dalaşmağı qeyri-insani gəlir: “Nә qәdәr ki, uşaq idim, yadıma düşmәzdi; elә ki, yekәlib ağlım kәsdi, buz әhvalatı mәnә hәr bir yeri düşәndә dәrd olur. Bir tәrәfdәn dә on dörd yaşında olduğum vaxt ölümcül azarlı xalamı bir qәpiklik buza hәsrәt qoymağım yadıma düşür”.

İndiki vəziyyətimiz ilə müqayisə edək: bizdə də axı indi tibbin vəziyyəti o yerdədir ki, insanlar çalışırlar xaricə getsinlər. Bu Türkiyədə ola bilər, İran da. Təki öz ölkəmizdə olmasın. Ölkəmizdə tibb insanların gözündən elə salınıb ki, insanlar heç bir həkimə inanmırlar. Əksərriyyət həkim yanına getməmişdən qabaq az qala onun bütün tərcümeyi-halını əzbərləyir. Kasıbın isə nə xaricə getməyə nə də ki, özəl xəstəxanalarda müalicə almağa pulu var. Məcbur yerli poliklinikalarda və ya adı dövlət işdə isə özəl sayılan xəstəxanalarda əsərin qəhrəmanın xalası kimi can verməyə məcburdurlar.

Son zamanlar isə həm dünyada (qlobal istiləşmə ilə bağlı xəbərdarlıq edilirdi, lakin adəm övladı dinləmək istəməyib), həm də ölkədəki aşırı istilər hər kəsin əzib suyunu çıxardır. Bu ölkə öz xalqı üçün qapalı bir sistemə çevrilib. Yuxarıların nə vecinə?! Onlar indi Baham adalarında damaqlarında siqara, əllərində brendi ilə ilahi mənəvi dəyərlərdən danışırlar. Olan, günün altında dayanmadan işləyən, “tətil” sözünü ancaq məktəb illərində görən qara camaata olur. Dövlət Əmək Müfəttişliyində rəis müavini işləyən Məhərrəm Məhərovun verdiyi müsabisində deyildiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən iş rejimi 45° istidə dayandırılmalıdır. Tempratur isə 43° olub deyə iş saxlanılmyıb. Halbuki bəzi yerlərdə 45°-46° dərəcə də müşahidə olunub. Son 3 gündəki günvurmalar ona işarə deyilmi ki, havanın tempraturu yuxarıdır, yəni işləri dayandırmaq lazımdır?! Günün altında işləyən həmvətəmlərim anlayarlar nəyi nəzərdə tuturam. Nəinki günün altında heç bağlı yerlərdə də işləmək mümkün deyildi. Ölkəmizdə təbii olaraq, təhülükəsizlik tədbirlərini pozaraq əksər yerlərə havalandırma sistemləri quraşdırmırlar. İşçilərin canı yuxarıların vecinə belə deyil, canları çıxıb işləyərlər. Müdirlər kondisionerli otaqlarda ayağını o biri ayağının üstünə qoyanda işçilər tər-su içində işləyib evlərinə çörək gətirməyə məcburdurlar. Halbuki zəhmətkeşlər daha yaxşı iş şəraitinə layiqdirlər. Nə qədər ki, əziz həmvətənlərim susacağıq, o zaman bir tikə buza həsrət qalacağıq. Məqaləni isə yoldaş Vusal Jay-in “Fatal Sinopsis” trackindən ayırdığım bir sitat ilə bitirmək istəyirəm.

“…Günəşim ekzistensialdır, isitmək istəmir o da görməyənləri,

Bəlkə həddən artıq istidir, sinoptiklərsə bizdən gizlədir…”

https://www.youtube.com/watch?v=4PMjLXnOqXk

Oxşar yazılar:

Baxış sayı:2101