abunə ol: Yazılar | Şərhlər | Еmail

Salvador – “Faranheyt 451”

Şərh

10412023_10153356651209343_3362814479841124365_n

Sarı press yenə hay-küy qaldırıb: “19 may 2015-ci il, Bakı şəhəri, Azadlıq prospekti, 200/36 ünvanındakı 16 mərtəbəli binada yanğın baş verib. 14 ölü 50 yaralı var”. Səbəb? Binanın üzərində çəkilən penoplast fasadlar sən demə tez alışan imişlər. Dırnaqarası jurnalistlər üçün bu sensasiyon “ŞOK! ŞOK! ŞOK” başlıqlı xəbər də ola bilər. Gərçi “bıçaqlanma” hadisəsi yoxdur, amma yenə də ölüm-itim var. Min şükür… Paralel dünyada isə yanaraq və boğularaq ölən daha doğrusu öldürülən yaxınlarını, körpələrini ağlayan qohumların ah-naləsi Bakı küləyinin səsini boğur. Azərbaycanlılar dəhşət içindədirlər, I kosmik sürət ilə “inkişaf edən ölkədə” dövlət büdcəsindən oğurlanan pullar ilə keçirilən heç kimə lazım olmayan Olimpiada oyunlarının fonunda bu cür yanğın həqiqətən simvolikdir. Doğrudan da üzücü hadisədir, insanlar diri-diri yanır və hər kəs acizdir. Bulqakovun bir sözü var “Əlyazmalar yanmır”. Amma təəssüf ki, insanlar yanır və orada yanan insanlar sizin, bizim kimi insanlardır. “Mənə dəyməyən ilan yüz il yaşasın” dəməklə artıq ilanların ömrü 100-ü keçir. Amma qırılan bizim qoşundandır. Bu, Bakıda baş verən ilk və son faciə deyil, çünki hər faciədən sonra yenidən hər şey unudulur, həyat öz axarına qayıdır. Bir az keçmişə qayıdaq. Tarix 28 oktyabr 1995-ci il Bakı Metropliteni. “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270 nəfər yaralanmışdı. Səbəb isə bir oldu: avadanlıqlar köhnədir(!) və maşinist tuneldə səhv saxlayıb. Dispetçer ilə maşinist hər ikisi 10 il müddətinə həbs cəzası almışdılar. O dövrkü prezident Heydər Əliyevin sərəncamı ilə 3 gün ölkədə matəm elan edilmişdi. Qəzadə həlak olanların dəfn edilməsi və ailələrinə bir milyon manatlıq yardım verilməsi təmin edilmişdi. Ölənləri isə geri qaytarmaq mümkün deyil. Bu tarixi hadisə unudulub. Sual olunur, axı avadanlıqlara niyə nəzarət edilmirdi? Ölənlərin ailələrinə ayrılan pulu əzəldən xalqın rihafı üçün xərcləmək olmazdımı? Əlbəttə yox, kapitalizm ölkəmizdə yenicə addımlayırdı, bunlar hələ onun işartıları idi. Bəs bir tədbir görüldümü? Xeyr, sadəcə aşağı təbəqənin işçilərinə 10 il həbs cəzası verildi, vəssalam. Yenə köhnə hamam, köhnə tas. Təqribən 10 il sonra, 8 iyun 2005-ci ildə keçmiş Bakı Soveti (indiki İçərişəhər) stansiyasında enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət almışdı. 10 il müddətində heç bir tədbir görülmədi. Bakı metropolitenin rəsmi internet səhifəsində bu hadisə bu cür təsvir edilir: “”Bakı Soveti” stansiyasının aşağı istiqamətdə işləyən 2 saylı eskalatorunun texniki səbəblərə görə dayanması səbəbi ilə qəza baş verib. Bir neçə sərnişin təmirə dayandırılmış 1 saylı eskalatorun mühafizə çəpərini aşaraq pillələrlə enməyə başlayıb. Sərnişinlərin ağırlığından eskalatorun pillələri hərəkətə gələrək, yüksək sürət götürüb və müvazinətini saxlaya bilməyən sərnişinlər yıxılıblar, 1 nəfər ağır, 7 nəfər yüngül xəsarət alıb. Xəsarət alanlardan biri həmin gün xəstəxanada vəfat edib”.

11102610_992235180789327_773223388947968075_n
Və budur 10 il sonra yəni 2015-ci ildə Bakıda 16 mərtəbəli bina yanır, yenə yuxarıların səhvi ucbatından. Binanın alışmağının səbəbi üzlüyə vurulan tezalışan fasadlardır. Oxşar yanğın hadisəsi bu ilin aprel ayının 10-da Xətai rayonu, Zığ şossesi 16 ünvanında doqquzmərtəbəli yaşayış binasında da baş vermişdi. Azadlıq prospektindəki binadan fərqli olaraq bu 9 mərtəbəli binanın fasadlarının çəkildiyi kostruksiyası dəmirdən deyil, taxtadan olmasıdır. Buna görə də yanğın binanın yuxarı hissəsinə daha tez yayılmışdı. Hadisəyə səbəb kimi binanın aşağısında yandırılıan zibil gətirilir. Sonradan yanğın yanan zibildən tez alışan penoplasta keçib, nəticədə bina saniyələr içində alova qərq olub. 107 mənzili və 408 nəfər sakini olan bu 9 mərtəbəli binanın 60 mənzili yanaraq yararsız hala düşdü. Ailələrə təzminat kimi (əgər bunu təzminat adlandırmaq olarsa) 500 AZN verilmişdi. Lakin sakinlərin də haqlı olaraq dediklərinə görə bu məbləğ bir ay ərzində bir ailənin dolanışığına bəs etməzdi, əgər nəzərə alsaq ki, yaşamağa yerləri yox idi. Yəni bu məbləğ guya kirayə pulu kimi verilmişdi. Həmin penoplast örtük ilə örtülən qonşu binaların sakinləri də eyni aqibətdən narahat olmuşdular. Föqəladə Hallar Nazirliyi heç bir tədbir görmədikləri üçün qonşu binaların sakinlərinin bəziləri bu penoplast fasadları sökmüşdülər. Elə həmin bu hadisədən sonra bir nəfər (adının və soyadının bilinməsini istənməyib) Fövqalədə Hallar Nazirliyinə Yasamal rayonu Zərdabi prospekti 45 ünvanındakı binanın üzlənməsində istifadə olunan penoplast fasadların yanğına davamlılığı barədə müraciət göndərib və nəticədə aldığı 2-ci ərazi DYNİ-nin rəisi daxili xidmət polkovniki Elzar Qədimovun imzası olan cavab məktubunda bu cür yazılıb: “…Azərbaycan Respublikası DYMX Yanğın təhqiqatı sınaq laboratoriyasının 08.11.2012-ci il tarixli 331 № sınaq pratolunda “Global Stane” çətin yanan materiallardan olması bildirilmişdir”. Yəni narahatçılığa heç bir əsas yoxdur. Cavab məktubundakı tarix isə 30 aprel 2015-ci ildir. Yəni düz 19 gün bundan qabaq. Bugünkü hadisə isə sübut etdi ki, narahatçılığa əsas var özü də böyükdür. 1995-ci ilin ssenarisi isə təkrarlanır prezident sərəncam imzalayır: Dövlət başçısı baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə qərara alıb:

“1. Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:

Abid Şərifov – Azərbaycan Respublikasının Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Eldar Mahmudov – Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

  1. Dövlət Komissiyası:

– hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

– baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etsin;

– hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;

– yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;

– yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

– görülmüş işlər haqqında mütəmadi məlumat versin.

  1. Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsinlər”

16571

Dövlət büdcəsini talan edənlərə iş tapşırılır… Körpəsini ölənə pul verməklə susdurmaq istəyirlər. Sanki o pulu öz ciblərindən verirlər, utanmasalar deyərlər bizdən xeyirxahı yoxdur. Hacıbala Abutalıbov yanğın nəticəsində xəsarət alan ailələrin hər birinə 1000 AZN veriləcəyini və sonradan hər bir mənzil üçün ziyanın hesablanaraq təzminatın ödəniləcəyini bildirib. Bu məbləğ əlbəttə ki, dövlət büdcəsindən silinəcək, ancaq gərək bu məbləğ səhvi olanların cibindən verilsin. O zaman görək razı olarlarmı?! Ancaq Hacıbala Abutalıbov başqa fikirdədir:  “Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var”. Yəni, narahat olmayın dövlətin pulu var. Əgər qabaqcadan tədbir görülsə idi bu fasadlar çəkilməzdi, insanlar ölməzdi. Məsələn Sabunçuda icra hakimiyyətinin binası daş fasadla örtülüb, bəzi binalar da daş fasadla, qalanları isə penoplastdan çəkilib. Deməli hamısını daşdan çəkmək olardı, ancaq ortada yeyinti olmayacaqdı. Və nəticə etibarilə bu penoplastları ölkəyə idxal edən və binalara vuran “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov həbs edilib, şirkət isə bağlanıb. Həmişəki kimi guya iqtidarda olanların məsələdən xəbərləri yox imiş vəziyyəti yaradılır. Halbuki Klan oliqarxiyasında təklərin sahibkarlıq fəaliyyəti mümkün deyildir. Hər kəs bir-biri ilə əlaqədardır. 2014-cü Sərəncam imzalayaraq Gəncə şəhərinin sosial-mədəni iştirakında xidmətinə görə Miryusif Mahmudova “Əməkdar Mühəndis” fəxri adını verən də elə prezident İlham Əliyevdir.

3.02.2014 / Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarış Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Gəncə şəhərinin sosial-mədəni inkişafında xidməti olan  Mahmudov Miryusif Mircəfər oğluna  Azərbaycan Respublikasının “Əməkdar Mühəndis” fəxri adı verilsin. İlham Əliyev  Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 13 fevral 2014-cü il.    www.president.az"

3.02.2014 / Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarış
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Gəncə şəhərinin sosial-mədəni inkişafında xidməti olan
Mahmudov Miryusif Mircəfər oğluna
Azərbaycan Respublikasının “Əməkdar Mühəndis” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 fevral 2014-cü il.
www.president.az”

Bakıda baş verən bu hadisəni çox az adam xatırlayar: 28 avqust 2007-ci ildə Yasamal rayonunda Murtuza Muxtarov 185 ünvanında “Mütəfəkkir” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 2002-ci ildən bəri inşa etdiyi 16 mərtəbəli (bəzi yerlərdə 17 mərtəbəli deyilirdi) bina aşmışdı. Əziz Seyidov açıqlamasında bildirmişdi ki, guya binanın tikinti-texniki sənədləri mövcud deyil və müvafiq icra strukturlarından xəbərsiz (!) inşa edilib. Yəni şəhərin mərkəzində 16 (17) mərtəbəli bina inşa edilir və heç kimin bu hadisədən xəbəri yoxdur. Hadisə ilə əlaqədar “Mütəfəkkir” şirkətinin baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, podratçılar Fərhad Həsənov və Qədir Səlimov saxlanılıb və üç ay müddətində azadlıqdan məhrum edildilər.

bina_rtu746464566

Aralarında 10 il fərq olmaqla 1995, 2005 və nəhayət 2015-ci illərdə baş verən bu hadisələr, əsas vermirmi ki, ölkəmizin vəziyyəti barədə düşünək? Məgər bu ölkədə təhlükəli olan təkcə oda davamsız penoplast üzlüklərmidir? Xəstəxanalarda həkimlərin məsuliyyətsizliyizi ucbatından körpələr tələf olmurlarmı və ya Səhiyyə Nazirliyi uşaqlarımızı göz görə-görə ucuz peyvəndlərlə zəhərləmirlərmi? Bu ölkənin qeydinə bizdən başqa qalan olmayacaq, əziz yoldaşlar! Avropanın, ABŞ-ın, Rusiyanın qarşısında özümüzü müasir göstərməyə çalışmaqdansa bu lazımsız oyunlara xərclənən enerjini ölkəmizi ayağa qaldırmağa çalışaq. Ölkədə baş verən bütün hadisələrə görə hər birimiz məsuliyyət daşıyırıq. Ölənlərə üzülürük, kiminsə atası, anası, bacısı, qardaşı və körpəsi həyatını itirdi. İnsan olan hər bir kəsin ürəyi bugün bir başqa cür döyündü, şüuru bir başqa cür püxtələşdi. Siz narahatsınızsa, biz narahatıqsa və bütün bu haqsızlığa son qoymaq istəyiriksə, deməli hələ yaşamağa dəyər. Ölənlərin ruhları o zaman şad olacaq ki, bu cür hadisələr təkrarlanmasın. Ədalətli SOL Vətən naminə yoldaşlar! Ölənlərin yaxınlarının başı sağ olsun. Onlara səbr arzu edirik, ancaq səbrin də bir həddi var!

 

Oxşar yazılar:

Baxış sayı:1559