abunə ol: Yazılar | Şərhlər | Еmail

Aleksandr Tarasovla müsahibə: Sovet İttifaqı nə üçün dağıldı?

Comments Off on Aleksandr Tarasovla müsahibə: Sovet İttifaqı nə üçün dağıldı?

 

 

Solfront.org-un sizə təqdim etdiyi bu müsahibə tanınmış rus sol mütəfəkkiri, sosioloq, politoloq, kulturoloq və publisisti Aleksandr Tarasovla “Новая Литература” elektron jurnalının müxbiri Laçın tərəfindən aparılmışdır. Aleksandr Tarasov Rusiyada yeni nəsil sol fikrinin aparıcı simalarındandır və çox sayda məqalə, kitab, mühazirə və çıxışları ilə tanınmışdır. Azərbaycan dilində Aleksandr Tarasovun yazılarını solfront.org saytından oxuya bilərsiniz; həmçinin SOLFRONT tərəfindən nəşr edilmiş, Erix Frommun “Marksın İnsan Konsepsiyası” kitabında A.Tarasovun “Günümüzün radikalı üçün Erix Fromm irsi” adlı mühazirəsi yer alır.tarasov

 

Laçın: Bir neçə gün əvvəl Bakıda amerikanların təşkil etdiyi aerokosmik sərgidə oldum. Eyni zamanda həm heyran qalmış, həm də kədərlənmişdim. NASA əməkdaşları kosmonavtikanın inkişaf tarixini nümayiş etdirirdilər – Robert Qoddardın ilk yöndəmsiz raketlərindən Beynəlxalq kosmik stansiyaya qədər. Lakin eksponatların yarısı (!) sovet eksponatları idi. Bu cür güclü və belə qabaqcıl texnologiyalara malik bir derjava necə dağıla bilərdi; bu mövzuda bir dərya ədəbiyyat yazılsa da – necə? Bəziləri “sui-qəsd nəzəriyyələri” ilə spekulyasiya edir, digərləri ilə təbii hadisə hesab edirlər. Sizin fikriniz necədir?

Aleksandr Tarasov: Sovet İttifaqı stalin hakimiyyətinin dünya inqilabından “sosializmin bir, ayrıca götürülmüş bir ölkədə qurulmasına” yön dəyişdirməsi anından bəri dağılmağa məhkum idi. Çünki bu andan sonra sinfi qarşıdurma dünya tarixi üçün tamamilə adi olan dövlətlərarası qarşıdurma ilə əvəzləndi. Bolşeviklərin (və Kominternin) konsepsiyası hər bir ölkədə sinfi qarşıdurmanı nəzərdə tuturdu. Bu cür qarşıdurma münaqişədə güclü olan tərəfin, yəni rəhbər sinfin əl-qolunu müəyyən qədər bağlayır. Mübarizə artıq mövcud istehsal vasitələrinə sahib olmaq uğrunda getdiyi üçün (məsələn, zavodlar), rəhbər sinif heç bir halda onların dağıdılmasında maraqlı deyil (əks halda gəlir haradan götürülməli?), bundan əlavə, o, öz düşmənlərinin – zəhmətkeşlərin – kültəvi fiziki məhvinin tərəfdarı deyil, belə ki ki, onlar olmasa, zavodlar işləməyəcək. Nəhayət, onun silah seçimi məhduddur: deyək ki, sinfi mübarizədə nüvə və ya bioloji silahı öz ölkəsi daxilində tətbiq etmək olmaz – yalnız ona görə yox ki, bu cür silah qaçılmaz olaaraq hər iki tərəfi məhv edəcək, həm də ona görə ki, qələbə halında ölkənin özünü yaşamaq üçün yararsız hala salacaq. Dövlətlərarası münaqişələrdə isə bu cür məhdudiyyətlər yoxdur, orada məhv etmə uğrunda müharibə aparmaq olar. Biz bunu Böyük Vətən müharibəsi zamanı və sonralar qəddarlığını nasistlərin patoloji xüsusiyyətlərinin üstünə yıxa bilməyəcəyimiz Koreya müharibəsində gördük. Xatırladım ki, Koreya müharibəsi zamanı amerikan aviasiyası demək olar ki, Şimali Koreyanın azca gözə çarpan bütün məskunlaşma məntəqələrini yerlə bir etmişdi!

Dövlətlərarası münaqişə – ilk növbədə mübarizə aparan iqtisadiyyatların yarışıdır. Xatırladım ki, SSRİ qurunun altıda birini tuturdu. Nəticə etibarilə, o, altıda beşə qarşı mübarizə aparmal idi. Heyrətamizdir ki, Stalin bunu başa düşmürdü! Altıda-beş həmişə altıda-birdən üstündür, əgər söhbət dövlətlərarası münaqişədən gedirsə. Altıda-beşin müqayisə edilməyəcək dərəcədə daha çox resursu var. Yalnız heyrət etmək qalır ki, Sovet İttifaqı uzun müddət tab gətirə bilmədi, lakin öz rəqibi ilə bərabər səviyyədə kifayət qədər yarışa bildi.

SSRİ, hər şeylə bərabər, bir sıra digər səbəblərə görə də qeyri-bərabər, məğlub mövqedə idi. ABŞ və ümumiyyətlə mərkəz ölkələri (demək olar ki, NATO ölkələri ilə eyni ölkələr) “üçüncü dünya” ölkələrinin birbaşa və ya dolayı yolla talan edilməsi ilə məşğul idilər. SSRİ buna yol verə bilməzdi – həm ideoloji (rəsmi ideologiya icazə vermirdi), həm də praqmatik səbəblərdən (yalnız yeni müstəmləkəçi davranış bu və ya digər üçüncü dünya ölkələrini SSRİ-yə yönəlməyə təşviq edə bilərdi, əks halda, “keçəl həsəni həsən keçələ dəyişməzdilər”). Yəni, ABŞ və “birinci dünya” ölkələrinin daimi resurs və gəlir mənbəyi var idi, SSRİ-nin isə bu cür mənbəyi yox idi. Superetatist dövlət eyni zamanda həm istehsal vasitələri sahibi, həm gəlir əldə edən, həm də ölkədə nəhəng resurslar tələb edən bütün ictimai qurumların təşkilatçısı və təminatçısı idi. Burjua dövlətləri bütün ictimai qurumları təmin etmək məcburiyyətində deyillər, onlar – hətta ən zəngin ölklələrdə də – ictimai xərclərin yalnız bir hissəsini öz öhdəliklərinə götürürlər. Tamamilə hər yerdə kapitalizmdə yoxsulluq və mütləq səfalət, kütləvi işsizlik geniş yayılıb. Superetatist dövlət bunu özünə rəva bilməzdi: o, 1) özünə yad, lakin bəyan edilmiş, rəsmi humanist-bərabərləşdirici sosialist ideologiya şəraitində, b) iş qüvvəsinin məhdud təklifi şəraitində; c) hər cür ciddi sosial bərabərsizliyin artımının birbaşa ayrı-ayrı şəxslərin və ya siniflərin mövqeyini deyil, bütün dövləti təhdid etdiyi şəraitdə fəaliyyət göstərirdi. Yəni, SSRİ və ya hər hansı başqa bir superetatist dövlət, kapitalist ölkələrdən fərqli olaraq, vətəndaşların ictimai rifah məsələlərini onların şəxsi öhdəliyinə buraxa və bir ictimai təbəqənin və ya siniflərin rifahının, digər siniflərin və təbəqələrin (çoxluğun) hesabına artırmağa zəmanət verə bilməzdi ki, son variant özlüyündə daha az dövlət xərcləri deməkdir.

Son nəticədə, SSRİ sadəcə olaraq bu cür qarşıdurmada parçalandı. Əhaliyə “meşşan cənnəti” qurmağı vəd etmiş Sovet rəhbərliyi ictimai xərcləri kəskin şəkildə azalda (qərb neoliberal dövlətlərini etdiyi kimi) və maliyyəni hərbi xərclərə yönəldə bilməzdi. Qərb isə sovet rəhbərliyini məhz belə addımlar atmağa vadar edirdi. Birincisi, sonralar Zbiqnev Brjezinskinin[1] lovğalandığı kimi, o, SSRİ-yə qarşı Çe Gevara strategiyasından (“bir, iki çoxlu Vyetnamlar”) istifadə edərək, Sovet İttifaqını bütün dünya üzrə hərbi münaqişələrə soxurdu (Anqola, Efiopiya, Mozambik, Nikaraqua, Əfqanıstan) ki, bu öz ardınca nəhəng qeyri-istehsal xərclərini cəlb edirdi. İkincisi, ABŞ “ulduz müharibələri” (Strateji Müdafiə Təşəbbüsü – SMT) proqramını bəyan edərək, müvəffəqiyyətli şəkildə SSRİ-ni silahlanma yarışına cəlb edə bilmişdi. Brejnev dövləti xarici kəşfiyyat sahəsində ciddi bir uğursuzluğa yol vermişdi – aşkar edə bilməmişdi ki, SMT proqramı yalan idi, ABŞ nə lazer kosmik silahı, nə də sovet strateji Hava Müdafiəsi irəliləmə vasitələrini yarada bilmişdi. Brejnev dövləti SMT-yə qarşı inanılmaz dərəcədə nəhəng pul kütləsi sərf etmişdi. SSRİ iqtisadiyyatı, təkrar edirəm, sadəcə olaraq parçalanırdı. Sovet İttifaqına nüvə hücumu ehtimalı Kreml tərəfindən ciddi qarşılandığı üçün, müdafiə xərclərini ixtisar etmək mümkün deyildi – və nəticədə, bütün digər xərclər ixtisar edilmişdi (texniki yenidənsilahlanma, ictimai), bu isə iqtisadi durğunluq və ictimai narazılığa səbəb olmuşdu.

Məhz burada belə bir amil işə düşdü ki, rejim özü artıq əksinqilabi idi, əhalinin böyük hissəsi meşşan təfəkkür (yəni, xırda burjua) sahibi olmuşdu, rəsmi ideologiya isə ritualların kvazi-dini yığımına çevrilmişdi və ona nə əhali, nə də hakimiyyət inanırdı. Əgər bizim ölkəmiz inqilabi ölkə olsa idi, hakimiyyət və əhali səfərbər olardı, qayışları sıxaraq – və qeyri-adi metodlara qaçaraq, dözə və bu çətin dövrün öhdəsindən gələ bilərdi. Lakin meşşan, ideyalar və ümumi məqsədlər uğrunda fədakarlıq etməyə qadir deyil, o müstəsna olaraq, öz arxasının rifahını fikirləşir. Meşşanlar yuxarıdan aşağıya qədər bütün vəzifələrdə olduqlarına görə, onlar təslim olmaq qərarına gəldilər – və SSRİ məhv oldu.

Bu gün, bildiyimiz kimi, hər yerdə buna görə peşmanlıq çəkirlər. Lakin bu – inqilabi mübarizə aparmamaq istəyinə görə, “öz yuvasına qurmaq” səylərinə görə cəzadır. Obıvatel ümumiyyətlə strateji, uzaqgörən təfəkkürə malik deyil. SSRİ-nin dağılması və növbəti hadisələr bunu təsdiq etdi.

Əgər ölkədə fədakar inqilabi mübarizəyə hazır olan ictimai qüvvələr olsaydı (XX əsrin əvvəlində Rusiya imperiyasında olduğu kimi), hadisələr fərqli cərəyan edərdi. Yəni, SSRİ-nin süqutu – bütün tarixi dərsdir.

Laçın: Kara-Murza yazır ki, Qorbaçev dövründə İttifaqın dağılması ən pis variant deyildi – bu Sov.İKP-nın daha çox çürüməsindən daha yaxşı idi. Bunun nəticəsində hakimiyyət Marks-Lenin ideologiyasını de-yure saxlayaraq, daha burjualaşmış, bununla da bütün dünya və xüsusilə də sovet xalqının gözündə sol hərəkatı daha çox nüfuzdan salmış olardı. Siz bir çox məsələlər üzrə Kara-Murza ilə fərqli mövqelərdəsiniz; lakin ola bilər ki, bu məsələdə fikir ayrılığı yoxdur. Yoxsa səhv edirəm?

Aleksandr Tarasov: Bilirsiniz, mən ümumiyyətlə içkidən əziyyət çəkən insan təfəkkürünün məhsulu olan şeyləri ciddi şəkildə müzakirə etməyə hazır deyiləm. Çünki bunlar – qeyri-adekvatdır. Yazı-pozu ilə məşğul olan içki bağımlılarını tanıdığım qədərilə, onların hamısında eyni hal müşahidə olunur. Sərxoşluq zamanı onlar, əlbəttə ki, iş qabiliyyətlərini tamamilə itirirlər. Sərxoşluqdan ayıldıqda isə, əzab çəkməyə başlayırlar ki, bu qədər vaxtı boş yerə itiriblər – və bəzən demək olar ki, fasiləsiz işləyərək, gündə 50 səhifəyə qədər qızdırmalı kimi yazmağa başlayırlar. Təbii ki, bu sürət yazının keyfiyyətinə təsir edir. Onlar mahiyyətcə maniakal vəziyyətdə olduqlarına görə, yazılanları qeyri-tənqidi qəbul edirlər, bütün yazılanlar onlar üçün dahiyanə olur. Əlbəttə ki, uzun müddət bu cür işləmək mümkün deyil, onlar tükənirlər, başa düşürlər ki, artıq yaza bilmirlər, depressiyaya düşürlər, depresiyyanın öhdəsindən isə növbəti sərxoşluq vəziyyəti ilə gəlirlər… Lakin şüurun dəyişmiş halında yazılmış şeylərə ciddi yanaşmaq olmaz – əlbəttə, əgər bu poeziya deyilsə.

Bundan əlavə, tarixin arzu şəkli yoxdur. “Alternativ tarix” – tarix (və ya siyasət) elminin yox, fantastik ədəbiyyatın janrıdır. Tarixi proses – elə çoxsaylı müstəqil dəyişənlərə malik prosesdir ki (çünki hadisələrdə milyonlar iştirak edir, təsadüfi ölümlərdən irrasional şəxsi münaqişələrə qədər bütün parametrləri nəzərə almaq mümkün deyil), “daha yaxşı olardı/daha pis olardı” mövzulu hər cür mülahizə sadəcə olaraq yersizdir.

Biz “alternativ tarix” süjetlərini yalnız o halda müzakirə edə bilərik ki, o zaman bu “alternativ” məlum ictimai və siyasi qüvvələrin məlum planları tərəfindən müəyyən sun Məsələn, Hitlerin Qırmızı Ordunu məğlub etdiyi halda, Sovet İttifaqı xalqının başına nə gələcəyini müzakirə etmək olar. Çünki nasistlərin bu sahədəki planları bizə məlumdur: SSRİ əhalisinin bir hissəsini məhv etmək, digər hissəsini isə – qula çevirmək istəyirdilər. İrqi cəhətdən “təmiz” olaraq tanınmış əhalinin çox kiçik faizini isə “ariyalaşdırmaq” istəyirdilər. Sonuncuların sırasına isə, yeri gəlmişkən, nə azərbaycanlılar, nə talışlar, nə ləzgilər, nə də kürdlər daxil deyildi. “Ariyalaşdırmaya” folksdoyçe, mennonitlər (hollandların nəsli), şəhər baltikyanı xalqın bir hissəsi (almanların, datların, isveçlilərin övladları) və s. məruz qalacaqdılar.

Və ya biz Macarıstanda, Slovakiyada, Almaniyada, Polşada, Avstriyada proletar inqilablarının qalib gəlməsi halında olacaqları müzakirə edə bilərik. Çünki bolşeviklərin və Kominternin planı bizə məlumdur. Əgər bu inqilablar qalib gəlsəydi, mərkəzi daha güclü və siyasi cəhətdən inkişaf etmiş proletariatın olduğu, sənaye cəhətdən daha inkişaf etmiş ölkələrdə olan sovet respublikaları federasiyası yaradılacaqdı. Bu federasiyanın mərkəzi Berlin və ya Vyanada olacaqdı (bu yaxşı məlumdur, təsadüfi deyil ki, Kominternin rəsmi dili uzun müddət alman dili idi). Hadisələrin bu cür gedişatı iki tarixi fenomeni – nasizm (çünki Almaniya tam şəkildə sovetləşdiriləcəkdi) və stalinizmi (çünki kommunist partiyaları və dövlətlər ağırlıq mərkəzini kəndlilər və məmurlara deyil – Vətəndaş müharibəsindən sonra geridəqalmış Rus imperiyasının sabiq ərazilərində təbii olaraq baş verdiyi kimi – mütəşəkkil sənaye proletariatı və şəhər inqilabi ziyalılarına yönəldəcəkdilər) ləğv edəcəkdi.

Ümumiyyətlə deməliyəm ki, Rusiyada bir neçə xadim var ki, imperial, böyük derjava, əksinqilabi, antimarksist baxışların stalinizmlə birləşdirilməsi uğrunda fəal təbliğat aparırlar: Kara-Murza, Kurqinyan, Starikov. Onlar bu və ya digər dərəcədə dövlət tərəfindən təmin olunurlar: Starikov birbaşa dövlət televiziyasında işləyir, Kara-Murza və Kurqinyan “Bizimkilər[2]” üçün açılmış xüsusi “universitetdə” dərs deyirdilər, Seliqerdə “bizimkilərin” düşərhələrində çıxış edirdilər, teleefir onlar üçün açıqdır, konkret nəşriyyatlar onların əsərlərini dərc edir və “reklam edir”. Onlar – postsover ölkələrin zəhmətkeşlərinin sinfi və siyasi düşmənləridirlər, onlar – bürokrat-burjuaziyanın “troya atları”dır. Starikovu gözəl şəkildə ifşa edən yazı «Сен-Жюст» saytımızda dərc olunub (Roman Vodçenkonun “Мещанин во писательстве” məqaləsi, http://saint-juste.narod.ru/Starikov.html). Ümid edirəm ki, növbə Kara-Murza və Kurqinyana da gələcək.

Qeydlər:

[1] Zbiqnev Brjezinski – Polşa əsilli amerikan siyasətçi, siyasi alim və dövlət xadimi. ABŞ prezidenti Lindon Consonun məsləhətçisi və Con Karter dövründə Birləşmiş Ştatlar Milli Təhlükəsizlik Məsləhətçisi vəzifələrində fəaliyyət göstərmişdir.

[2] «Наши» – Suveren demokratiyanın inkişafı uğrunda ümumrusiya gənclərin ictimai təşkilatı, 2006-cı ildə Rusiya Prezident Administrasiyası nəzdində yaradılmışdır.

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:1939