abunə ol: Yazılar | Şərhlər | Еmail

V.İ.Lenin – 1 May

Şərh

V.İ.Lenin

Yoldaş işçilər! 1 May gəlir, bütün ölkələrin işçilərinin sinfi şüurlu bir həyata oyanışlarını, insanın insan üzərindəki hər növ zülm və zorakılığına qarşı mübarizələrindəki həmrəyliklərini, əməkçi milyonların aclıq, yoxsulluq və alçaldılmaqdan xilası üçün apardıqları mübarizəni qeyd etdikləri gün! Bu böyük mübarizədə iki dünya üz-üzə dayanır: sərmayə dünyasına qarşı əmək dünyası; istismar və köləliyin dünyasına qarşı yoldaşlığın və azadlığın dünyası…
Bir tərəfdə azsaylı qansovurucu burjuaziya fabriklərə, iş alətlərinə və maşınlarına əl qoydular, milyonlarla ərazini və yığınla pulu özəl mülkiyyətlərinə çevirdilər. Hökuməti və ordunu özlərinə qulluqçu edərək, yığdıqları sərvətin sadiq nəzarətçi iti halına saldılar.         Digər tərəfdə, mal-mülkdən yoxsul milyonlar…İşə qəbul olmaq üçün sahibkarlara yalvarmağa məcbur olurlar. Əməkləriylə bütün sərvətləri yaradırlar, amma bütün həyatları boyunca bir dilim çörək üçün mübarizə aparmaq, işləmək üçün sədəqə istərcəsinə dilənmək, bellərini bükən işlərdə sağlamlıqlarını və müqavimətlərini itirmək məcburiyyətində qalmaqla yanaşı kəndlərdəki daxmalarında ya böyük şəhərlərdəki zirzəmilərdə, damlarda aclıqdan ölürlər.
Artıq mal-mülkdən yoxsul bu əməkçilər sahibkarlara və istismarçılara müharibə elan etdilər. Bütün ölkələrin işçiləri ödənişli köləlikdən, yoxsulluqdan və məhrumiyyətlərdən xilas olmaq üçün mübarizə aparırlar. Birgə əməklə yaradılan sərvətlərdən yalnız istismarçıların deyil, eləcə də bütün əməkçilərin faydalandığı ictimai cəmiyyət üçün mübarizə aparırlar. Torpağı, fabrikləri, atelyeləri və maşınları bütün əməkçilərin ortaq mülkiyyətinə çevirmək istəyirlər. Cəmiyyətin varlılar və yoxsullar deyə iki yerə ayrılmasını sona çatdırmaq istəyirlər. Əməyin bəhrələrinin yenə işçilərin olmağını və işləməklə alınan bütün inkişafların, insanlığın bütün qazanclarının çalışan insanları basqı altında tutmağın bir yolu olaraq deyil, onların yararı üçün istifadəsini istəyirlər.
Əməyin sərmayəyə qarşı böyük mübarizəsi bütün dünyanın işçiləri üçün böyük fədakarlıqlara səbəb oldu. Daha yaxşı bir həyat və həqiqi azadlıq hüquqları üçün çox qan tökdülər. İşçilərin hüquqları üçün mübarizə aparanlar hökumətlərin ağlasığmaz zülmlərinə məruz qaldılar. Lakin bütün bu zülmə rəğmən dünya işçilərinin mübarizəsi daha da böyüyür və güclənir. İşçilər sosialist partiyalarda getdikcə daha sıx birləşirlər; bu partiyaların dəstəkçiləri milyonlara çatır və kapitalist istismarçı sinif qarşısında labüd qələbəyə doğru addım-addım irəliləyir.
Rus proletariatı da gözlərini yeni bir həyata açdı. O da böyük mübarizəyə qoşuldu. İşçilərimizin kölə kimi boyun əyməyə məcbur qaldığı, əl-qolu bağlı vəziyyətindən heç bir xilas, bu həyatında zərrə qədər işıq görmədiyi günlər keçdi. Sosializm ona xilas yolunu göstərdi və yüz minlərlə işçi bələdçi olaraq gördükləri qızıl bayraq altında birləşdilər. Tətillər işçilərə birliyin güclərini göstərdi, mübarizəni öyrətdi, mütəşəkkil əməyin sərmayə üçün nə qədər dəhşətli olduğunu göstərdi. İşçilər, kapitalistlərin və hökumətin ancaq işçilərin əməyi ilə yaşayıb varlana bildiyini gördülər. İşçilər birgə mübarizənin ruhu ilə, azadlıq və sosializmə alovlandılar. İşçilər Çarizmin nə qədər qaranlıq və şeytani bir güc olduğunun fərqinə vardılar. İşçilərin mübarizələri üçün azadlığa ehtiyacları var, amma Çar hökuməti onların əl-ayağını bağlayır. İşçilərin məclisin azadlığına, təşkilatlanma azadlığına, qəzet və kitabların azad nəşr olunmasına ehtiyacı var, amma Çar hökuməti azadlıq yolundakı hər səyi qamçı ilə, həbslə, süngü ilə boğur. “Rədd olsun diktatura” şüarı Rusiyanı başdan-başa gəzir, böyük işçi mitinqlərində, küçələrdə getdikcə daha sıx əks-səda verir. Keçən yaz Şimali Rusiyada on minlərlə işçi, polis zülmündən xilas və daha yaxşı bir həyat uğrunda mübarizəyə qalxdı. Burjuaziya və hökumət, böyük şəhərlərin bütün sənaye həyatını bir vuruşda iflic edən işçi ordusu qarşısında titrədi. İşçilərin haqları üçün mübarizə aparan çoxsaylı etirazçı, Çarizmin daxili düşməni üzərinə göndərdiyi birliklərin güllələri altında qaldı. Lakin yalnız bu daxili düşmənin əməyi ilə yaşayan hakim siniflərin və hökumətin onu məğlubiyyətə uğradacaq gücü yoxdur. Dünyada heç bir qüvvə getdikcə daha çox şüurlu sinifə çevrilən, daha sıx birləşərək və təşkilatlanaraq böyüyən milyonlarla işçini məğlub edə bilməz. İşçilərin sinə gərdiyi hər məğlubiyyət sıralarına yeni etirazçılar daşıyır, daha geniş kütlələri yeni həyata oyadır və onları mübarizələrə hazırlayır.
İndiki halda Rusiyada elə şeylər yaşanır ki, işçi kütlələrinin bu oyanışı daha da sürətli olmalı və yayılmalı, eyni zamanda biz proletariatı birləşdirmək və onu daha qərarlı mübarizələrə hazırlamaq üçün ola bildiyi qədər səy göstərməliyik. Mübarizə proletariatın en geri qalmış hissəsini belə siyasi mövzular və problemlərlə maraqlanmasını təmin edir. Mübarizə, avtoritar sistemin çürüdüyünü, polisin və Rusiyanı idarə edən saray dəstəsinin quldurluğunu həmişəkindən daha açıq və dəqiq bir şəkildə göstərir. Xalqımız ölkədəki siyasi rejimin dəyişməsini tələb edir, amma diqqətini dünyanın digər ucunda partlayan silahların alovuna verilməsi istənilir. Lakin Çar hökuməti xalqın sərvətlərini və Sakit okean sahillərində ölümə göndərilən gənc insanların həyatını məhv etdiyi bu oyunda həddini aşdı. Hər müharibə xalqın üzərində təsir buraxar. Bunun nəticəsində zəngin mədəniyyətli və azad Yaponiyaya qarşı aparılan bu müharibə Rusiya üzərində qorxunc bir təsir buraxdı. Bu təsir polis despotizmi quruluşunun maariflənən proletariatın zərbələriylə sarsıldığı bir zamanda gəldi. Müharibə hökumətin bütün zəif nöqtələrini göstərir. Müharibə bütün maskaları endirir. Müharibə bütün sistemin çürümüşlüyünü gözlər önünə sərir. Müharibə Çar avtoritarizminin məntiqsizliyini bütün insanlar üçün açıq-saçıq hala gətirir və əvvəlki Rusiyanın, insanların seçki hüququndan məhrum edildiyi, yox sayıldığı, mənimsənildiyi Rusiyanın, polis hökumətinə hələ də sərflik bağları ilə bağlı Rusiyanın can verməsini hər kəsə göstərir. Əvvəlki Rusiya ölür. Onun yerini alacaq yeni bir Rusiya gəlir. Çar avtoritarizmini qoruyan qaranlıq güclərin sonu gəlir. Yalnız şüurlu sinif və təşkilatlanmış proletariat onlara öldürücü zərbəni vura bilər. Yalnız şüurlu sinif və təşkilatlanmış proletariat xalqın haqlarını qəsb etmək və burjuaziyanın əlində bir vasitə etmək üçün aldatmağa yönələn addımların qarşısını ala bilər.
Yoldaş işçilər! Vaxtı çatmış son mübarizə üçün iki qat enerji ilə hazırlanaq. Sosial Demokrat proletariatın sıralarını daha da sıxlaşdıraq! Proletariatın sözləri daha uzaq meydanlara yayılsın! İşçilərin tələbləri üçün mübarizə hər zamankından daha böyük cəsarətlə aparılsın. 1 May bayramı mübarizəmizə minlərlə yeni etirazçı qazansın və bütün insanların xilası üçün, sərmayənin boyunduruğu altında işləyən bütün hər kəsin azadlığı üçün aparılan böyük mübarizədəki gücümüzü daha da artırsın!
Yaşasın 8 saatlıq iş günü!
Yaşasın beynəlmiləl inqilabçı Sosial-Demokratiya!
Rədd olsun quldur və soyğunçu Çar avtoritarizmi!

1904-cü il

Hazırladı: Ümid Alışov

Oxşar yazılar:

Baxış sayı:1285