abunə ol: Yazılar | Şərhlər | Еmail

Aleksandr Tarasovla müsahibə: SSRİ-də marksizm var idimi?

Şərh

Solfront.org-un sizə təqdim etdiyi bu müsahibə tanınmış rus sol mütəfəkkiri, sosioloq, politoloq, kulturoloq və publisisti Aleksandr Tarasovla “Новая Литература” elektron jurnalının müxbiri Laçın tərəfindən aparılmışdır. Aleksandr Tarasov Rusiyada yeni nəsil sol fikrinin aparıcı simalarındandır və çox sayda məqalə, kitab, mühazirə və çıxışları ilə tanınmışdır. Azərbaycan dilində Aleksandr Tarasovun yazılarını solfront.org saytından oxuya bilərsiniz; həmçinin SOLFRONT tərəfindən nəşr edilmiş, Erix Frommun “Marksın İnsan Konsepsiyası” kitabında A.Tarasovun “Günümüzün radikalı üçün Erix Fromm irsi” adlı mühazirəsi yer alır.

Müsahibə bir neçə hissədən ibarət olub, müxtəlif mövzuları əhatə edir. Digər hissələr növbəti yazılarda dərc olunacaqdır.

tarasov

SSRİ-də marksizm var idimi?

Laçın: Müəyyən anda sol hərəkat böhranla qarşılaşdı. Lakin Qərbdə və SSRİ-də sol fikir müxtəlif yollarla deqradasiyaya uğrayırdı. Sizin fikrinizcə, bu cırlaşma prosesində hansı tendensiya sol ideologiya üçün daha faciəvi oldu?

Aleksandr Tarasov: Sualınızdakı bəzi fikirlərə etiraz edirəm. Sol fikir yalnız Qərb və SSRİ-də mövcud olmayıb (və olmamaqdadır). Bu, birincisi. İkincisi isə, sol fikrin müəyyən istiqamətləri deqradasiyaya uğrayıb, digərləri isə inkişaf edirdi. Məhz Qərbdən və SSRİ-dən kənarda yaradılan fikirlər, yəqin ki, son onilliklər ərzində yaradılan ən maraqlı fikirlərdir. Son nəticədə, “asılı inkişaf” və “asılı kapitalizm” nəzəriyyələr dairəsi təməldə latınamerika nəzəriyyələridirlər – qərb yox, əgər belə demək düzgündürsə, antiqərb. Eyni şeyi Fanon[1] və Kvame Nkruma[2] haqqında deyə bilərik. Daha bir parlaq misal: Ernesto Çe Gevara. Kuba – Qərb və SSRİ deyil, üçüncü dünyadır. Yeri gəlmişkən, Qərbdə Çenin (Reji Debre[3]) ideyaları inkişaf etdirmək istəyəndə profanasiyadan (təhrif, yozlaşma – tərc.qeydi) başqa heç də alınmadı (sonrakı təkamül və ya əgər uyğundura, Debrenin deqradasiyası haqqında heç danışmıram). Analoji şəkildə Dyerd Lukaç[4] kimi görkəmli şəxsiyyət (sonrakı Lukaçdan danışıram) – nə Qərb, nə də SSRİ-dir. Və, yeri gəlmişkən, onun tələbələri (Budapeşt məktəbi) Qərbə köçdükdə, onun bir hissəsinə çevrildikdə, deqradasiya (geriləmə, pisləşmə – tərc.qeydi) etməyə başladılar.

İndi sualın məğzinə dair. Təbii ki, ümumiyyətlə XX əsrdə sol fikir üçün ən böyük fəlakət stalinizmin bərqərar olması oldu. SSRİ-də termidor. Birincisi, bu, Sovet İttifaqında marksist fikrin inkişafını həmişəlik məhv etdi: onun bəzi nümayəndələri fiziki olaraq məhv edildi (Trotski, Buxarin və ya Preobrajenski kimi), digərləri isə elə qorxuduldular ki, “iradələrinə xilaf çıxdılar” və ya tamamilə marksist olmadılar, ya da təhlükəsiz (nisbətən təhlükəsiz) marjinal mövzularla məşğul oldular (Lifşits və İlyenkov kimi). Dediyim ki, SSRİ-də marksizm qətl edildiyi və kvazidini ideologiya olan “marksizm-leninizmlə” əvəz olunduğu üçün, öz intellektual bacarıqlarını şüurlu əkildə inqilab və inqilabi sinfin xidmətinə həsr etmiş marksist mütəfəkkirlər əvəzinə “marksist-leninist” fəlsəfəsi məmurları, satqın rahiblər – xalqın sərsəmləşdirilməsi üçün dövlətin saxladığı intellektuallar əldə etdik.

Satqın fahişələrin nəhəng kütləsi normal yaradıcı axtarışı Sov.İKP kursunun dəyişdirilməsinə bəraət qazandırmaq üçün sitatların yığılması ilə əvəz etdi, marksizmi bütün normal insanlar tərəfindən nifrət edilən ehkam və sxolastikaya çevirdi, şüurlu və qeyri-şüurlu şəkildə (belə ki, onların çoxu ümumiyyətlə marksizmi anlamırdı) marksizmdən, onun dialektik, yaradıcı ruhunu və inqilabi təcrübə ilə əlaqəsini çıxardı, SSRİ-nin sol, marksist fikirdə nəinki inkişafını, hətta normal mövcudluğunu da mümkünsüz hesab etdi.

Mən artıq qeyd etmişdim ki, bütün bu nəhəng çoxminli ehkamçılar, rahiblər, fahişələr və şarlatanlar kütləsi arasında stalinsonrası dövrdə marksizmin ümumiyyətlə nə olduğunu anlayan yalnız iki (!) filosof var idi: Lifşits və İlyenkov. Lakin hər ikisi elə qorxudulmuşdu ki, diqqətlərini marjinal, ikinci dərəcəli məsələlərə yönəltmiş və məktəb yaratmamışdılar. Bundan əlavə, həm Lifşits, həm də İlyenkov Sistemə qarşı açıq müxalifətdə deyil, onun bir hissəsi olduqlarına görə, onlar nəinki ən mühüm (və kəskin) məsələlərdən qaçmalı olurdular, yəni, hər şeyi öz adı ilə adlandıraraq, marksizmi inkişaf etdirməkdənsə, marksizmin “evcil bostanlarını” belləməli,  həm də marksist üçün aşkar şəkildə utancverici işlərlə məşğul olmalı olurdular. Belə deyək ki, SSRİ-yə müxalif olan (və ya loyal olmayan) hər şeyi damğalamaqla. Və ya öz mətnlərini sovet ideoloji “yenidilinin” heyrətamiz passajları ilə doldurmalı olurdular – elə ki, istənilən normal insanın dişləri göynəyir və mətnin davamını oxumaq istəyi məhv olurdu (yeri gəlmişkən, mətnin mənası da itirdi). Nümunə olaraq Lifşitsin “Partiyalılıq və realizm” məqaləsini gətirmək olar. “Marksist-leninist” ehkamçılığından və zəfər çalmış axmaqlıqdan hər cür yayınma təhlükəli olduğu üçün, Lifşits və İlyenkov mütəmadi olaraq “papadan daha çox papist olduqlarını” nümayiş etdirməli olurdular. Nəticədə isə Lifşits əvvəlcə 60-cı illərdə 30-cu illər mövqeyindən yazılmış məşhur (qalmaqallı) “Nə üçün modernist deyiləm?” məqaləsini dərc etdirdi ki, burada su ilə birlikdə körpəni də tullayırdı, sonra isə “onu düz başa düşməyiblər” və “o bunu deməmişdi” kimi ifadələrdə özünə bəraət qazandırmalı olurdu (“Liberalizm və demokratiya” məqaləsində). Və ya İlyenkovun “Marksist dialektikanın maoist siyasət naminə saxtalaşdırılması” məqaləsini xatırlamaq olar – biabırçı məqalədir, çünki orada dövrün əsas dialektik ziddiyyəti kimi bir qrup ölkələrin digərinə qarşı durması elan edilirdi! Yəni, məqalədə sinfi yanaşma (marksizmin təməli) – Sov.İKP MK-nin geosiyasi (imperial) tələbləri naminə tamamilə kənara qoyulmuşdu. İlyenkov belə bir faktı başa düşmək üçün kifayət qədər savadlı marksist idi ki, əgər bu, həqiqətən də dövrün “əsas dialektik ziddiyyəti” idisə, o halda konvergensiya nəzəriyyəsi tamamilə həqiqətdir!… Əminəm ki, həm Lifşits, həm də İlyenkov öz asılı, alçaldıcı, qismən xidmətçi mövqelərinə görə əziyyət çəkirdilər – təsadüfi deyil ki, İlyenkov çox içirdi, sonra isə öz həyatını intiharla başa vurdu. Lakin bu – məhz onun sübutudur ki, inqilabi nəzəriyyəni əksinqilabi ictimai və dövlət institutları daxilində həqiqi şəkildə inkişaf etdirmək olmaz.

Paradoksal şəkildə, Sovet İttifaqında filosoflar deyil, müəyyən humanitar elm mütəxəssisləri marksizm metodologiyasından uğurlu şəkildə istifadə edə bildilər – hər kəs öz sahəsində görkəmli nailiyyətlər əldə edərək: məsələn, Vıqotskiy və Luriya –  psixologiyada, və ya Porşnev və Zimin – tarixdə. Ümumiyyətlə, “marksist-leninist” filosoflarından fərqli olaraq, rəsmi olaraq fəlsəfədən uzaqda dayanmış müəyyən humanitar elmlərin nümayəndələri – arxeoloqlar, tarixin müəyyən istiqamətləri üzrə mütəxəssislər (qədim dünya tarixçiləri, orta əsr tarixçiləri, fəlsəfə tarixçiləri və s.), linqvistlər, psixoloqlar, dinşünaslar, etnoqraflar, beynəlxalq münasibətlər mütəxəssisləri (Latın Amerika üzrə, Afrika üzrə mütəxəssislər və s.), sənətşünaslar (ilk növbədə, incəsənət tarixçiləri) məhdud və sadələşdirilmiş şəkildə də olsa, marksist metodlardan istifadə edərək, böyük elmi nailiyyətlər əldə etdilər – məcmu olaraq qərbli burjua kolleqalarından daha çox. Və əksinə, bu və ya digər səbəblərdən “marksist-leninist fəlsəfəyə” maksimal yaxınlıqda olan humanitar və ictimai sahələrdə (fəlsəfənin özü, sosiologiya, politologiya, iqtisad, sahənin estetikası ilə birbaşa əlaqədar olan ədəbiyyatşünaslıq, tarixin bəzi sahələri) ideoloji diktə o qədər güclü idi ki, inkişafa imkan vermirdi, bütün işi sxolastikaya, ehkamlar arasında “yeniliyin axtarışına” (güman ki. qeyri-məhsuldar fəaliyyətdir) və əbədi “ideoloji düşmənə müqavimətə” çevirirdi.

Nəticədə “yenidənqurma” dövründə bütün bu “marksist-leninist filosoflar” və digər humanitar elmlər nümayəndələrinin böyük hissəsi dərhal “yenidənqurmadan keçdilər” və eyni şəkildə sovet hakimiyyətinə olduğu kimi, anti-sovet hakimiyyətinə xidmət etməyə başladıalr. “Marksist-leninist filosofların” kiçik bir qrupu – əvvəlki mövqelərində qalmış müxtəlif növ ehkamçılar faydalı heç nə yaratmadılar (hətta sovet dövründə “azad fikirli” və “sıxışdırılan” olaraq hesab edilənlər də: onların “yenidənqurmaya” qədərki dövrdə nəşr etdirə bilmədiklərini nəşr etdirdikdə aydın oldu ki, bu əsərlər boşboğazlıqdır). Əksinə, marksist metodologiyadan az və ya çox dərəcədə uğurla istifadə edən və öz baxışlarını dəyişməmiş konkret humanitar elmləri nümayəndələri Sov.İKP nəzarətindən və “marksist-leninist filosoflardan” qurtulmaqla nə qədər çox şeyə nail olduqlarını göstərdilər (məsələn, tarixçilər L.V.Milov və B.T. Loqinov).

Belə alındı ki, SSRİ-dəki əsl sol fikir yalnız gizli şəkildə inkişaf edə bilərdi, lakin onun nümayəndələri, birincisi, əcnəbi sol fikirlə ünsiyyətə girmək imkanına malik deyildi (və hətta bir-birləri ilə də), ikincisi, bu proses daima repressiyalarla kəsilirdi.

Stalinizm qələbəsinin daha bir faciəvi nəticəsi o oldu ki, həmçinin SSRİ daxilində (və onun müttəfiqlərində) sol fikir – sovet lehinə və ya əleyhinə olmasından asılı olmayaraq – kapitalizmə mövcud real alternativin mövcudluğu faktını nəzərə almadan nə mövcud ola, nə də inkişaf edə bilməzdi. SSRİ və müttəfiqlərinin nəhəng maddi imkanları, sovet rejiminin “rəsmi” marksizmi, xarici kommunist partiyalarının SSRİ və Sov.İKP-dən asılılığı bir tərəfdən sovet leyhdarı sollar arasında heç də ən yaxşı nəzəri kadrların seçilməsinə səbəb olmurdu, digər tərəfdən isə – antisovet solları marginallaşdırırdı. Əgər nə vaxtsa sol fikir ən yaxşı halda hansısa siyasi qrupları təmsil edərək müstəqil şəkildə inkişaf edirdisə (heç kimdən asılı olmayan sol partiyalar və təşkilatlar), II Dünya Müharibəsindən sonra sol nəzəriyyəçilər iki münaqişə aparan ictimai sistemlərin təzyiq, manipulyasiya və ələ alınması obyektinə çevrildilər. Burada ən dağıdıcı tərəf olaraq SSRİ çıxış edirdi: Kreml xəttindən hər bir ciddi “kənara addım” xəyanət olaraq qiymətləndirilirdi və “itaət etməyənləri” burjua elmi və təbliğatının ağuşuna itələyirdi – demək olar ki, sağa istiqamət dəyişmə zəmanəti ilə. Sovet leyhdarı nəzəri kadrlarının mənfi seçimi ona gətirib çıxardı ki, sovet ehkamları və reallıq arasındakı istənilən gizlədilmiş ziddiyyət bu kadrlar tərəfindən fəlakət olaraq qəbul edilirdi – ümumilikdə sol ideyalarda tam məyus olmaya qədər. Sovet İttifaqının dağılması bu halı hərtərəfli etdi.

Digər tərəfdən, burjuaziyanın məftunluqla ələ keçirdiyi, universitet kafedralarında və akademik strukturlarda yer verdiyi, həvəslə nəşr etdirdiyi və premiyalarla (sonralar isə – qrantlarla) mükafatlandırdığı “bidətçilər” burjua mədəniyyəti və burjua akademik ictimaiyyətinə daxilinə düşdükdə tolerant davranış və əleyhdar-kolleqaları ilə dinc mövcudluğa məhkum idilər və bir qayda olaraq, tezliklə əriyirdilər (əgər əvvəllər sadəcə olaraq öz ideallarını vəzifə və imtiyazlara qurban vermirdilərsə).

Başqa sözlə, bunlar “sol ideyanın deqradasiyasının müxtəlif yolları” deyildi. Bu, vahid, dialektik cəhətdən şərtlənmiş proses idi. Bu prosesin başlanmasının təkanverici mexanizmi SSRİ-də stalinizmin qələbəsi idi.

Əksinqilabın qələbəsi – inqilabi fikir üçün həmişə faciədir. Həmçinin ona görə ki, inqilabi fikir – havada dağılmış bir nəsnə deyil, o konkret insanlar tərəfindən yaradılır və əksinqilabın qələbəsi zamanı bu insanlar məhv olur, həbsxanaya salınır, susmağa məcbur edir, mühacirət edir, cəmiyyətdən təcrid edilməyə məruz qalır və s. Lakin inqilabi ideya üçün ən pis əksinqilabi qələbə variantı – Termidordur. Çünki Termidor – pərdələnmiş əksinqilabdır, inqilabi qiyafə ilə pərdələnmiş əksinqilabdır (bunu mən “Milli inqilabi proses: daxili qanunauyğunluqlar və mərhələlər” («Россия XXI» jurnalı, 1995, №11–12; http://saint-juste.narod.ru/revprc.htm) və “Robespyer zərurəti” (http://saint-juste.narod.ru/rob.htm) məqalələrimdə izah etmişəm), bu da həmişə inqilab tərəfdarlarını çaşdırır və həvəsdan salır. Yarım əsr davam etmiş – tarixdə ilk dəfə – dinc xarakter daşımış Sovet Termidoru sol ideyalar üçün planet miqyasında faciə oldu.

Qeydlər:

[1] Frans Fanon – Martinika doğumlu afro-karib psixiatr, filosof, inqilabçı və yazar.

[2] Kvame Nkruma – Qana lideri, müstəqil Qananın ilk baş naziri. Pan-Afrikanizm ideyası tərəfdarı. Afrikanın Lenini hesab edilirdi.

[3] Jul Reji Debre – fransız filosof, jurnalist, sabiq dövlət xadimi. Boliviyada Çe Gevara ilə birlikdə mübarizə aparmış və 1970-ci illərdə Alyende hökumətində fəaliyyət göstərmişdir.

[4] Dyord (Gyorgy) Lukaç – macar neomarksist filosof və yazar.

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:1479