abunə ol: Yazılar | Şərhlər | Еmail

A.Tarasovla müsahibə: Kütləvi mədəniyyət kimə və nə üçün lazımdır?

Şərh

tarasov

Solfront.org-un sizə təqdim etdiyi bu müsahibə tanınmış rus sol mütəfəkkiri, sosioloq, politoloq, kulturoloq və publisisti Aleksandr Tarasovla “Новая Литература” elektron jurnalının müxbiri Laçın tərəfindən aparılmışdır. Aleksandr Tarasov Rusiyada yeni nəsil sol fikrinin aparıcı simalarındandır və çox sayda məqalə, kitab, mühazirə və çıxışları ilə tanınmışdır. Azərbaycan dilində Aleksandr Tarasovun yazılarını solfront.org saytından oxuya bilərsiniz; həmçinin SOLFRONT tərəfindən nəşr edilmiş, Erix Frommun “Marksın İnsan Konsepsiyası” kitabında A.Tarasovun “Günümüzün radikalı üçün Erix Fromm irsi” adlı mühazirəsi yer alır.

Müsahibə bir neçə hissədən ibarət olub, müxtəlif mövzuları əhatə edir. Digər hissələr növbəti yazılarda dərc olunacaqdır.

***

 Laçın: Aleksandr Nikolayeviç, vaxtı gəlmiş və keşməkeşli sual. Öz yazılarınızdan birində qeyd etmişsiniz ki, intellektual elitaların ictimai tərəqqi üçün nəhəng əhəmiyyəti vardır. Lakin müvafiq ədəbiyyatı oxuyarkən elə bir əzabverici təsir yaradır ki, hər şeyi öyrənmək istəyi olan insan düşüncəsi gettoya sıxışdırılıb – və marginal olub. Bu fenomenin səbəbi nədir? On doqquzuncu əsrdə fransız qəzetlərində “ardı olan hekayələr” dərc olunurdu ki, burada Balzak miqyaslı yazıçılar çap olunurdu. O zamanlar onların əsərlərini oxuyurdular. İndi isə həzlər girdabında fırlanan oxucu kütləsi erotik jurnalları üstün tutur, Rey Bredberinin, “Farenhayt üzrə 451 dərəcə” əsərinin qəhrəmanının sözləri vasitəsilə kədərlə qeyd etdiyi kimi. Lakin planetdə milyonlarla, yüz milyonlarla insan aclıq çəkir, miskin həyat sürür, ən yaramaz təhqirlərə dözməli olurlar.  Onların carçıları, müdafiəçiləri haradadır? Və ya – əgər onlar varsa, nə üçün onlara qulaq asmırlar?

Aleksandr Tarasov: Məsələ bundadır ki, XIX əsrdə həmin Fransanın özündə (daha geridə qalmış ölkələrdə isə – XX əsrdə) burjuaziya feodalizmlə mübarizə aparan mütərəqqi sinif idi. Mütərəqqi sinif kimi, o, elmin inkişafında (ilk növbədə, texnoloji, sənaye inkişafında), təhsilin (mürəkkəbləşməkdə olan istehsal savadlı işçilər tələb edirdi), mədəniyyət və incəsənətin (feodalizmlə, həmçinin irticanın, yəni feodalların sadiq müttəfiqləri olan kilsə, din, mistisizmlə mübarizədə müttəfiq kimi) inkişafında maraqlı idi. Bir zamanlar burjuaziyanın ideologiyasına çevrilmiş maarifçilik ideologiyası mütərəqqi ideologiya idi; onun məhdudiyyətləri və ziyanları (ideal kimi xırda burjuaya diqqət çəkməsi) o zamanlar hələ dərk edilmirdi və ictimai tərəqqinin yolunda əngəl deyildi (bu, yalnız I Dünya Müharibəsindən, Oktyabr inqilabından sonra baş verdi). Burjuaziya mütərəqqi – realist ədəbiyyatı (burjuaziya, miskinliyini və dözülməzliyini əyani olaraq nümayiş etdirmək üçün – feodal və yarımfeodal həqiqətlərin əks olunması və dərk edilməsi metodu olaraq realizmə ehtiyac duyurdu), realist rəngkarlığı və realist teatrı (eyni səbəblərdən) maddi cəhətdən dəstəkləyəcək qədər varlı idi. Nə üçün, məsələn, Rusiya imperiyasında I Dünya Müharibəsindən əvvəl məhz M. Qorki ən məşhur və yüksək ödəniş alan yazıçıya çevrildi? Yalnız istedadlı olduğuna görə yox, həm də ilk növbədə, ona görə ki, çar rejiminin “qurğuşun çirkinliklərinin”qorxmaz ifşaçısı kimi qəbul olunurdu, ona görə ki, onun əsərləri əhalinin hətta dəyişikliyə susamış geniş təbəqələrinin əhval-ruhiyyəsi ilə uyğunluq təşkil edirdi (az və ya çox savada malik işçilərdən tutmuş mötədil liberal burjuaziyaya qədər).

Lakin indiki zamanda kapitalizmin (və nəticə olaraq, kapitalizmdəki rəhbər sinfin – burjuaziyanın) mütərəqqi potensialı tamamilə tükənib. Burjuaziya tamamilə mürtəce sinfə çevrilib – və dərhal əvvəlki mürtəce sinif kimi feodalların bütün davranış xüsusiyyətlərini tərkarlamağa başlayıb: azad fikir yerini dinə, kilsəyə, mistisizmin yüksəlişinə (fərq yalnız ondadır ki, feodalizmdə adətən bir dövlət kilsəsi mövcud idisə, indiki burjuaziya daha təcrübəli istismarçı sinif kimi bilir ki, seçim illüziyası – istismar olunanların boynunda daha etibarlı xaltadır və bu səbəbdən çox inanclılıq lehinədir: qoy əfəllənmiş məzlumlar ya müxtəlif dini səbəblərə görə bir-birləri ilə dalaşsınlar, ya da ömür boyu “doğru olan” dini axtarsınlar!); indi isə burjua ictimai həqiqətinin çirkinliyi və dözülməzliyini təsvir və ifşa etməyən incəsənət növlərinin yayılmasına dəstəyə verib (bu, reallıqla ümumiyyətlə əlaqəsi olmayan “müasir incəsənət”, həm də guya rəsmi olaraq realist, həqiqətdə isə eskapist (reallıqdan illüziyalar dünyasına can atan – tərc.qeydi), reallığı primitiv psevdo-realist uydurma dünyalar çoxluğu ilə əvəz edən kütləvi mədəniyyət ola bilər). Burada feodalizmdən fərq ondadır ki, feodalizmdə rəhbər sinif kütlələri sadəcə olaraq qaranlıqda və cahillikdə saxlamaq istəyirdi, kapitalizmdə isə bu hələ ki, mümkün deyil (texnologiyalar həddən artıq mürəkkəbləşib). Buna görə də kapitalizmdə rəhbər siniflər kütlələrin əfəllənməsinə və onların öz ictimai reallıqlarından yayındırılmasına həddən artıq çox vəsait sərf edirlər. Kütləvi mədəniyyət məhz əfəlləmə və yayındırma sənayesidir. Kapitalizmin mövcud olduğu dövrdə elmi-sənaye inkişafı yeni bir sinfi – intellektualları, hökmran sinfin marqlarına xidmət edən əqli əməyin muzdlu işçilərini (yəni, məmurlar, klerklər, müəllimlər, rahiblər, əyləncə sənayesi işçiləri və s.) meydana gətirib. Məhz bu sinif, rəhbər olmasa da, imtiyazlı sinifdir (fiziki əməklə məşğul olmur və xidmətləri müqabilində yüksək ödəniş alır) və əhalinin əfəllənməsi və onun ictimai reallığı dərk etməsi və təhlil etməsindən yayındırılması işi ilə məşğuldurlar. Bunun ən asan yolu əhalinin istehlak və əyləncəyə yönəlməsidir. Əlbəttə ki, bu proses həqiqi incəsənətin sıxışdırılıb kənarlaşdırılmasına səbəb oldu, həmçinin təhsil “islahatlarının” (yəni, əlbəttə ki, əks-islahatların) keçirilməsini zəruri etdi (əhali “həddən artıq savadlı” olmasın deyə, əks halda, onlar primitiv “mədəniyyəti” rədd edəcəklər).

Kütləvi mədəniyyət güclü əks-inqilabi qüvvə kimi etibar qazanıb (ən yaxşı halda, qeyri-siyasiliyi yayan, ən pis halda isə – mühafizəkar, hətta mürtəce auditoriyanı yetişdirən qüvvə). Əvvəlcə bu, anqlosakson ölkələrdə sınaqdan keçirildi. Sonralar bu təcrübə “birinci dünyadan” başlayaraq, bütün dünyaya yayılmağa başladı. Kütləvi mədəniyyətin inqilabi ideologiyaya və inqilabi təbliğata, digər aşkar mürtəce ideologiyalara və birbaşa, hətta istiqamətlənmiş, ciddi mürtəce təbliğata nisbətən daha yaxşı müqavimət göstərməsini 60-70-ci illərin AFR təcrübəsi nümayiş etdirmişdir: radikal sollar azsaylı olmalarına və məhdud texniki və maliyyə imkanlarına baxmayaraq, gəncliyin ağılları uğrunda aparılan mübarizədə – ciddi bir meydanda mürtəcelər üzərində əmin qələbə çalmışdılar, lakin kültəvi mədəniyyətə qarşı bu mübarizədə tam şəkildə məğlub oldular (belə ki, kütləvi mədəniyyət öz oyun qaydalarını sırıyır). Bu barədə “Kapitalizm faşizmə aparır – rədd olsun kapitalizm! məqaləmdə yazmışam (http://saint-juste.narod.ru/meinhof701.htm), yeri gəlmişkən, azərbaycan dilinə tərcümə olunub (http://solfront.org/archives/3258). Bu oyunu oynamağı dayandırmaq və qarşıdurmanı məlumat sferası və “mədəni” (dırnaq içində yazıram, çünki kütləvi mədəniyyət – ümumiyyətlə mədəniyyət deyil, sanki, xərçəng şişinin ələ keçirdiyi orqan özlüyündə artıq orqan deyil) sferadan hərbi sferaya (daha doğrusu, kültəvi mədəniyyət strukturlarını məhv etmək və onun yaradıcılarını yox etməyə) keçirməyi alman radikal solları, təəssüf ki, ağıllarına gətirmədilər.

İstənilən mədəniyyət (incəsənət) əsəri a) daşıyıcılara – istər kitab, jurnal, kinolent, kətan, kasset və s. olsun, b) “reklamçıya” (bu halda “reklamçı” sözü ilə mən bu və ya digər incəsənət nümunələrinin mövcudluğu haqqında informasiyanı onun potensial auditoriyasına çatdıran kimisə və ya nəyisə nəzərdə tuturam) ehtiyac duyur. Ən uğurlu “reklamçılar”, əlbəttə ki, KİV-dir. Lakin sinfi cəmiyyətdə əsas KİV qaçılmaz olaraq rəhbər siniflərin nəzarəti altındadır. Rəhbər siniflər həqiqi – yəni onlar üçün təhlükəli – incəsənətin “reklamında” maraqlı deyillər. Sizin “Onların carçıları, müdafiəçiləri haradadır?” və “onları nə üçün dinləmirlər?” sözləriniz yalnız onu göstərir ki, siz (hər birimiz kimi) incəsənət əsərləri (və onların müəllifləri) haqqındakı əsas məlumatın KİV-dən alındığı şərtlər daxilində yaşaırsınız, KİV isə, təbii ki, bu cür “carçılar, müdafiəçilərin” mövcudluğu haqqında susur. Bu demək deyil ki, onlar yoxdur və “heç kim onları dinləmir”.  Nümunə olaraq, Sebastyan Alarkon və ya Piter Uotkins, Qünter Qrass və ya Serxio Rodriges, Manos Leysos və ya Silvio Rodriges, Arundati Roy və ya Dario Fo kimi adları sadalaya bilərəm. Mən hələ indi yaşayanlar haqqında danışıram. Həqiqi incəsənət əsərləri onunla fərqlənir ki, onlar əbədidirlər. Kim sizə mane olur ki, siz ictimai tərəqqi və bəşəriyyətin ictimai azadlığına xidmət edən bu cür müəllifləri (həmçinin artıq vəfat etmiş, özü də qısa müddət əvvəl) təbliğ edəsiniz? Məsələn, biz “Сен-Жюст” jurnalında məqsədyönlü şəkildə bu cür təbliğatla məşğuluq: Mixail Yefqrafoviç Saltıkov-Şedrin (http://saint-juste.narod.ru/Zinoviev.htm), Nikolay Qavriloviç Çernışevski (http://saint-juste.narod.ru/Chernyshevsky.html), Jan-Lyuk Qodar (http://saint-juste.narod.ru/godar.htm) haqqında danışırıq, Sergey Stepnyak-Kravçinski (http://saint-juste.narod.ru/Perovskaia.html;http://saint-juste.narod.ru/Krav.html), Sergey Yelpatyevski (http://saint-juste.narod.ru/okajannyj_gorod.html), Mikola Xvılyov (http://saint-juste.narod.ru/ivan.html), Rey Bredberi (http://saint-juste.narod.ru/Ray.html), Anri Alleq (http://saint-juste.narod.ru/Alleg.html), Luis Sepulveda (http://saint-juste.narod.ru/rosas_blancas.html), Kori Doktorou (http://saint-juste.narod.ru/scroogled.html), Xuan Helmanın (http://saint-juste.narod.ru/hijos_de_argentina.html) əsərlərini dərc edirik…

Mən inanıram ki: biz kütləvi mədəniyyətə məhəl qoymamalı (və ya ələ salmalı) və həqiqi mədəniyyəti özümüz yaratmalı və təbliğ etməli, bu cür incəsənətin yaradıcıları və yayıcıları arasındakı üfüqi əlaqəni bərqərar etməli və genişləndirməliyik.

Mənbə: newlit.ru

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:1467