abunə ol: Yazılar | Şərhlər | Еmail

A. Tarasovla müsahibə: Sol hərəkatın perspektivləri

Şərh

tarasov

Solfront.org-un sizə təqdim etdiyi bu müsahibə tanınmış rus sol mütəfəkkiri, sosioloq, politoloq, kulturoloq və publisisti Aleksandr Tarasovla “Новая Литература” elektron jurnalının müxbiri Laçın tərəfindən aparılmışdır. Aleksandr Tarasov Rusiyada yeni nəsil sol fikrinin aparıcı simalarındandır və çox sayda məqalə, kitab, mühazirə və çıxışları ilə tanınmışdır. Azərbaycan dilində Aleksandr Tarasovun yazılarını solfront.org saytından oxuya bilərsiniz; həmçinin SOLFRONT tərəfindən nəşr edilmiş, Erix Frommun “Marksın İnsan Konsepsiyası” kitabında A.Tarasovun “Günümüzün radikalı üçün Erix Fromm irsi” adlı mühazirəsi yer alır.

Müsahibə bir neçə hissədən ibarət olub, müxtəlif mövzuları əhatə edir. Digər hissələr növbəti yazılarda dərc olunacaqdır.

***

Laçın: Mühüm olandan başlayaq. Sovet İttifaqının dağılması və kommunist ölkələri blokunun böhranı Frensis Fukiyamanın məşhur, liberalizm bayrağı altında “tarixin sonu” tezisini yaratdı. İndi artıq tamamilə aydındır ki, bu son mümkün deyil. Sizin fikrinizcə, sabiq SSRİ ərazisində müasir sol hərəkatın perspektivləri necədir?

Aleksandr Tarasov: Gəlin əvvəlcə terminlər barədə razılığa gələk. “Kommunist dövlətləri” heç vaxt mövcud olmayıb və ola da bilməz: kommunizm – dövlətsiz ictimai quruluşdur. Sovet İttifaqı və onun müttəfiqləri olan ölkələrdə superetatizm – vahid istehsal üsulu – sənaye üsulu çərçivəsində kapitalizmə bənzər ictimai quruluş bərqərar idi (bu haqda “Свободная мысль” jurnalında 1996-cı ildə dərc olunmuş “Superetatizm və sosializm” məqaləmdə yazmışam, № 12; http://saint-juste.narod.ru/se.htm). Məhz SSRİ-dəki istehsal üsulunun kapitalizmdə olduğundan daha proqressiv olmaması səbəbindən SSRİ-nin, deyildiyi kimi, “dağılması” mümkün oldu.

Fukuyamanın “tarixin sonu” tezisini yalnız post-sovet ölkələrində xatırlayırlar ki, bu da özlüyündə onların “birinci” dünya” ölkələrinə münasibətdə asılı, yarımüstəmləkə xarakterinə işarədir: müstəmləkə və yarımüstəmləkədə həmişə metropoliyalarda köhnə hesab edilmiş şeylərdən istifadə edirdilər – texnologiyalardan ideyalara kimi. Yuqoslaviya, İraq, Liviya, Kot d`İvuara qarşı aqressiyalardan, 11 sentyabr 2001-ci ildən sonra, Latın Amerikasındakı “sola dönüş”dən sonra Fukuyamanın bu nəzəriyyəsi haqqında danışmaq gülüncdür, bu nəzəriyyəni yalnız tənbəllər məsxərəyə qoymayıb, Fukuyamanın özünü isə elə təqib etdilər ki, panika içində neokonservatorlar sırasından fərar etdi! Ümumiyyətlə, intellektual cəhətdən Fukuyama – kifayət qədər miskin subyektdir. Əgər onu şəxsən görsəydiniz, sizə dərhal aydın olardı: kreml leyhdarı “politoloq” Markov kimi, onun da simasında hər şey yazılıb.

SSRİ-nin sabiq ərazisində sol hərəkatın perspektivlərinə gəldikdə isə, gəlin əvvəlcə hansı dövr haqqında danışdığımıza qərar verək. Əgər qısamüddətli dövr haqqındadırsa (və ya hətta ortamüddətli), o zaman perspektivlər kədərlidir. Bunun səbəbləri haqqında “Dünya inqilabı-2” (“Левая политика” jurnalı, №10–11; http://saint-juste.narod.ru/WWII.html) və “Kapitalizmi daxildən dağıtmaq” (http://saint-juste.narod.ru/Tysa2.html) məqalələrimdə yazmışam. Bu səbəblərdən ən mühümləri: mənfi sovet təcrübəsi, əksinqilabi stalinist (və stalinsonrası) termidorian rejim, bu dövrdə sol ideyaların gözdən salınması və bunu izləyən, nəsillərin (“yenidənqurma” və “yenidənqurma sonrası”) antikommunist ideologiya ilə şok indoktriyasinasına məruz qalmalarıdır, o şəraitdə bu nəsillərin, bu indoktrinasiyaya müqavimət göstərməyə imkan verəcək müstəqil ictimai təcrübə çatışmazlığı vardı. Həmçinin SSRİ-də sinfi formalaşma prosesinin başa çatmaması (daha doğrusu, bir dayanıqlı sinfi strukturun digəri ilə əvəz olunması). Sonuncu haqqında mən xüsusilə “Rusiyada “Kapitalizmin ikinci nəşri” adlı işimdə yazmışam (“Левая политика” jurnalı, №7–8; http://saint-juste.narod.ru/2kapital.html). Bu səbəbdən bu gün sabiq SSRİ respublikalarında hər hansı “sol hərəkat” sadəcə mövcud deyil. Ayrı-ayrı sollar, sol (və ya psevdosol) iri və ya xırda (adətən, indiki zaman üçün qeyi-adekvat ideologiyalı) təşkilatlar mövcuddur. Lakin hərəkat mövcud deyil. Hərəkat – qrup, partiya və ya təşkilatdan daha böyük vahiddir, o, həmin qrup, partiya və təşkilatların tərkib hissəsi olduğu orqandır. Məsələn: anti-hərb hərəkatı, işçi hərəkatı, tələbə hərəkatı… Bu barədə bir çox dəfə və çox yerlərdə yazmış və danışmışam.

Uzaq perspektivə gəldikdə isə, çox şey postsovet respublikalarının, onların qlobal kapital tərəfindən “mənimsənilməsi” və neoliberal əks-islahatlar prosesində dağılma dərəcəsindən asılıdır. Həmçinin çox şey xarici solların bizim ölkələrdəki sollara təsirindən (həmçinin mənəvi-ideoloji) də asılıdır. Bundan əlavə, solların davranışından, onların intellektual və təşkilati bacarıqlarından, cəsarətindən və fədakarlıq qabiliyyətindən və s. Lakin, istənilən halda, postsovet ölkələri dünya miqyasındakı yeni inqilabi hücuma qoşulacaq olan son periferiya ölkələri olacaqlar. Onlardan sonra – yalnız metropoliya ölkələri olacaqdır, belə ki, bu ölkələr periferiya ölkələrinin istismarı və talan edilməsi hesabına yaşayırlar.

Laçın: Dünyanın hansı regionunda iri miqyaslı sosialist inqilabı üçün daha çox ilkin şərtlər mövcuddur? Yerli xalqın iqtisadi və həmçinin psixoloji vəziyyətini nəzərə alsaq: Latın Amerikası, Cənubi-Qərbi Asiya, Yaxın Şərq, Avropa? Yoxsa xüsusi fərq mövcud deyil?

Aleksandr Tarasov: Sosialist (kommunist) inqilabı yalnız o zaman mümkündür ki, sənaye istehsal üsulu köhnələcək, yəni, istehsal güclərinin inkişaf səviyyəsi mövcud iqtisadi münasibətlərlə uyğunluq təşkil etməyəcək. Bundan əlavə, təbii ki, sosialist inqilabı yalnız dünya miqyasında ola bilər. Başqa cür desək, bu gün (və sabah) sosialist (kommunist) inqilabı dünyanın heç bir ölkəsində baş verə bilməz. Özümüzü aldatmayaq. Söhbət yalnız antiburjua (antikapitalist) inqilabları– sabiq Rusiya imperiyasındakı Oktyabr inqilabı, Kuba inqilabı və s. haqqında gedə bilər. Lakin bu cür inqilablar da ictimai tərəqqi istiqamətində iri addımlar idi – hətta əgər inqilabçıların özləri bu addımların həqiqi xarakterini dərk etməsələr də (indiyə qədər olduğu kimi). Əgər inqilabçılar xülyalardan və əsaslandırılmamış gözləntilərdən məhrum olsalar, nə edə bilib-bilmədiklərini (və etməli olub-olmadıqlarını) şüurlu şəkildə dərk edəcəklər…

Antiburjua (antikapitalist) inqilabları haqqında danışsaq, indi, əlbəttə ki, avanqardda – Latın Amerikasıdır. Bu təsadüfi deyil. Məsələ bundadır ki, Latın Amerikası – kapitalist periferiyasının elə bir regionudur ki, burada kapitalist münasibətləri təsdiq olunub və əsasən uzun zaman əvvəl qalib gəlib (XIX əsr milli-azadlıq – yəni burjua – inqilablarından sonra) və burada neoliberal təcrübə 70-80-ci illərdə, əlbəttə ki, faciəvi fəsadlarla tətbiq olunub, yəni, kapitalizm özünü tamamilə gözdən salıb, burada – məsələn, postsovet ölkələrindən fərqli olaraq – əhalinin böyük qisminin illüziyaları artıq yox olub. Əgər bizdə ən aktiv nəsillərdən biri gənclər – yəni, şərti desək, “yenidənqurma” nəsli, antikommunist-neoliberal təbliğatla “zombiləşdirilmiş” nəsildirsə, Latın Amerikasında bu cür “zombiləşdirilmiş” nəsil 50-ci illərin sonu-60-cı illərdə doğulmuş nəsil idi, yaşına görə bizdəki “yenidənqurma” nəslinə uyğun gələnlər isə artıq neoliberal-faşist rejiminin zəfəri dövründə, “itirilmiş onillik” şəraitində doğulublar və əvvəlcədən məyus olmuş və qeyzlidirlər. Onlardan sonrakı nəsillər isə daha qəzəblidirlər. Analoji inkişaf səviyyəsi, analoji təcrübəsi, analoji şəraiti olan ikinci bu cür iri region mövcud deyil. Və əlbəttə ki, bütün metropoliya ölkələri kimi həddən artıq parazitik olan Avropa (Qərbi Avropa) haqqında danışmaq olmaz, orada nəinki antiburjua inqilabları baş vermir (parazitlər inqilab etmir, əks halda biz uzun zaman əvvəl qurdların və ya bitlərin öz sahiblərinə qarşı üsyanına şahid olardıq), hətta həqiqi (“antiqlobalist” tipli oyuncaq) sol hərəkatlar da formalaşmır.

Laçın: Uzun müddət SSRİ-də sol fikir yeganə axıma – marksizmlə, hakim dairələrin formalaşdırdığı spesifik interpretasiyada sadiqliyi diktə edən ehkam zəncirlərilə məhdudlaşmışdı. Bəs indi kim kütlələrdə kifayət qədər məşhurluğa nail olmaq və beynəlxalq miqyaslı inqilabi hərəkata rəhbərlik etmək şansına malikdir – anarxistlər, marksist-leninistlər, stalinistlər, trotskistlər? Və ya, deyək ki, maoistlər?

Aleksandr Tarasov: Sovet “marksizm-leninizminin” marksizmə heç bir aidiyyatı yoxdur. Orada markizmə aid olan – sadəcə terminologiyadır (hamısı yox, onların bir qismi sovet dövründə ixtira olunmuş, terminlərin bir qisminin mənası təhrif olunmuş idi). Sovet “marksizm-leninizmi”  – elə bir kvazi-dini ideologiyadır ki, hakimiyyətin istənilən addımına, marksist klassikadan qopardılmış sitatlarla “nəzəri bazanı” bu addıma uyğunlaşdıraraq haqq qazandırmağa istiqamətlənmiş idi (sitatlar, təbii ki, praktiki məzmundan məhrum edilirdi). Yəni, “müqəddəs mətnlər” dəsti var idi ki, onların mənası təbliğatçıları tamamilə maraqlandırmırdı, belə ki, onların vəzifəsi vəziyyətə uyğun sözlər tapmaq idi; bu sözləri ilahi təqdirin analoqu qismində göstərmək olardı. Bu işlə kahinlər korporasiyası – “marksist-leninist filosoflar”, “marksizm-leninizm” və Sov.İKP tarixi müəllimləri məşğul olurdu; rejim ideoloji fahişələri məhz ona görə saxlayırdı ki, onları marksizmi inkişaf etdirməsinlər, onu tamamilə axtalasınlar.

İndi – sualınızın ikinci hissəsi haqqında. Sizin sadaladıqlarınızdan heç biri “beynəlxalq miqyaslı inqilabi hərəkata başçılıq edə” bilməyəcək, çünki bütün bu ideologiyalar çoxdan köhnəliblər. Onların hamısı II Dünya müharibəsindən əvvəl formalaşıblar! Anarxistlər isə – daha əvvəl (bu səbəbdən müasir anarxism belə miskindir). Yeni, müasir inqilabi, maksimal dərəcədə elmi, özündə son onilliklərin elmi nailiyyətlərini toplamış (marksizmin bir zamanlar olduğu kimi), onları həzm etmiş, bu dövrün ictimai-iqtisadi dəyişikliklərini nəzərə alan və izah etməyə qadir olan bir ideologiya lazımdır.

Mənbə: newlit.ru

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:1600