abunə ol: Yazılar | Şərhlər | Еmail

Kino. Borxesin “İşğal”ı – Məmməd Süleymanov

Şərh

“Bu şəhər məhkumdur, don Porfirio. Onu qorumaq istəməyən adamlardan ötrü ölməyimizin nə faydası?

– Şəhər orada yaşayan adamlardan daha böyük anlayışdır”  (“İşğal” filmindən)  

1969-cu ildə Argentina rejissoru Uqo Santyaqonun çəkdiyi bu filmin orijinal adı “Invasion” yazılır. Biologiyada parazitlə yoluxma, onun bədənə daxil olması (invaziya) da bu cür adlanır. Ancaq “İşğal” da adlandırmaq olar, daha uğurlu ad tapmağa cəhdləri davam etdirmək də.

Film məşhur Xorxe Luis Borxesin və onun dostu, yazıçı Adolfo Bioy Kasaresin hekayələri əsasında çəkilib. Ssenarini Uqo Santyoqu və Borxes yazıb.

“Ekzistensial dram” – janrı bu cür müəyyənləşdirmək olar. Yaxud, antiutopiya adlandırmaq. Ruhuna görə Qodarın “Alfavil”ini də xatırladır, Viskontinin “Yad”ını da. Sadəcə, Qodarda dünyanı xilas etmək olursa, Santyaqoda çarəsiz mübarizə növbəti məğlubiyyətlə bitir. Filmi yüksək qiymətləndirən Borxes deyib: “Qəhrəmanlar bilmirlər ki, onların mübarizəsi əbədidir”. Eynilə Kamyunun “Taun”undakı kimi. Doktor Rie ilə Tarrunun dialoqunu xatırlayırsızmı:

“- Anlayıram, – Tarru təsdiqlədi. – Ancaq sizin istənilən qələbəniz həmişə ötəri olub və ötəri olacaq – budur əsas məsələ.

Rie qaşqabaqlı görkəm aldı: – Bilirəm, həmişə bu cür olacaq. Ancaq bu, mübarizəni dayandırmaq üçün dəlil deyil.  

– Doğrudur, dəlil deyil. Təsəvvür edirəm ki, bu cür vəziyyətdə taun sizin üçün nə deməkdir.  

– Bəli, – Rie dedi. – Sonsuz məğlubiyyət”…

Eləcə də bu filmdə. Məğlubiyyət qaçılmazdır, dirəniş isə sonsuzdur.

***

“İşğal” filmini “Üçüncü kinematoqraf” nümunəsi saymaq olar. Bu termini ilk dəfə 1969-cu ildə Kubanın kino jurnallarından birinə verdikləri birgə müsahibələrində Argentina rejissorları Fernando Solanas və Oktavio Xatino işlədib. Elə həmin ildə də başqa bir Kuba jurnalı (“Trikontinental”) həmin mövzuya xüsusi esse həsr edib və terminin müstəqil ömrü başlayıb.

“Üçüncü kinematoqraf”ı Solanas və Xatino kəşf etməyib, onlar mövcud fenomenə sadəcə ad tapıblar. “Birinci kinematoqraf”a Hollivud modeli aiddir – nə müəllif var, nə də problem. Olan problem də sünidir, qəsdən aktuallaşdırılır və istisnasız olaraq kütləvi tamaşaçını əyləndirməyə hesablanır. Məqsəd pul qazanmaqdır və bu filmlər popkorn satmağa daha çox xidmət edir, nəinki düzgün zövqlərin formalaşdırılmasına. Tamaşaçını əyləndirir, bəzən qorxudur, bəzən də qorxutmaqla əyləndirirlər. Mass-kult, bir sözlə.

Ona qarşı dayanan “İkinci kinematoqraf” Avropanın Hollivud şərtiliyindən imtina edən müəllif kinosudur. Problem də var, süjet də, rejissorun fərdi özünüifadəsi də.

Nəhayət, “Üçüncü kinematoqraf” – “mübarizə kinosu”dur. O, passiv tamaşaçını siyasi həyatın aktiv iştirakçısına çevirir. Avropanın müəllif kinosundakı kimi, burada da biz müəllifi, problemi, dirənişi görürük. Burada müəllif ümumi ideyanın bir hissəsidir. O, bütün qabiliyyətini insanlara ətrafdakı həqiqətləri çatdırmağa sərf edir, seyrçini öz düşərgəsini seçməyə çağırır. “Üçüncü kinematoqraf” əvvəlindən antiimperialist, antikapitalist və müstəmləkəçilik əleyhinədir. Üstəlik, bu filmlər savaşan qəhrəmanlara uzaqdan baxıb onlara adi simpatiya bəsləməyi, yaxud qurbanlıqlara vur-tut göz yaşı tökməyi nonsens sayır. Bu kino təlqin edin – sən də dirən, savaş, aktiv ol, ideyanı silaha çevir.

“Üçüncü kinematoqraf”ın ən yaxşı nümunələrini biz Cillo Pontekorovoda (“Əlcəzair uğrunda savaş”), Rene Votyedə, 1960-ların Qodarında və Alen Renesində, özü partizan olmuş Kodzi Vakamatsunun Fələstən inqilabçıları və “Yapon Qızıl Ordusu” haqda filmlərində görə bilərik. Yaxud, şəhər gerilyasını təbliğ edən Argentina, Çili, Uruqvay, Nikaraquanın Sol rejissorları bu qəbildən əbədi filmlər yaradıblar.

Və birdən bu cərgədə Xorxe Luis Borxesi – Argentina diktaturasına qarşı çıxmamış, Çilidə Pinoçetin əlini öpən “kor dahi”ni görmək təəccüb doğura bilər. Ancaq Uqo Santyaqonun “İşğalı”nı “Savaşan kino” pleyadasına aid etməməyə heç bir səbəb görmürəm.

Filmin sonrakı taleyi də buna xeyli əsas verir. 1976-cı ildə Argentinada “Çirkli müharibə”nin arxitektoru Xorxe Videla hakimiyyətə yiyələnib ölkəni özü boyda işgəncə və terror laboratoriyasına çevirəndə, “İşğal”ın televiziyada göstərilməsinə qadağa qoyulur, orijinal neqativlərinin bir hissəsi isə oğurlanaraq məhv edilir. Və daha 21 il vaxt lazım gəlir ki, entuziastların böyük zəhməti sayəsində film yenidən tam bərpa olunsun.

Bütün bu illərdə Uqo Santyaqo təhlükəsiz yerdə – Fransada yaşayır. Rober Bressonun assistenti kimi fəaliyyətə başlamış, hazırda 76 yaşı olan rejissor “İşğal”dakı Akvileya şəhərinə aid daha iki film çəkir. Ancaq trilogiyanın məhz birinci hissəsi arxi-aktuallığını saxlamaqdadır.

O ki qaldı Borxesə, yazıçı filmdən olduqca razı qalır. Bu da onun rəyi: “Əminəm ki, “İşğal” mənim gördüyüm filmlərin heç birinə bənzəmir və ehtimal ki, zəngin təsəvvürlə halələnmiş bu film bütöv bir janrın ilk nümunəsi olacaq”.

***

Niyə şəhər Akvileya adlanır? Güman ki, burada bir simvolizm var. Şimali İtaliyada indi də Akvileya şəhəri mövcuddur – düzdür, balaca bir kommunadır, cəmisi 5 min nəfər sakini var. Ancaq həmişə bu cür olmayıb. 2300 yaşlı bu şəhərin sütunlarını vaxtilə Mark Avreli bərkidib, onun divarları yanında Romanın iki imperatoru – Maksimin və 2-ci Konstantin qətlə yetirilib. Qüdrətli şəhəri Attila fəth edib və dağıdıb. Hətta bundan sonra da Akvileya düz 1200 il Roma papasına qarşı qiyam qaldıran Akvileya patriarxlığının mərkəzi sayılıb. Bəlkə də bu tarixi vərəqləyən müəlliflər eyham vururlar – əbədi şəhər yoxdur, geci-tezi hər yer işğal olunur və çökür. Ancaq bu, heç bir halda əllərini yana salıb dayanmağa səbəb deyil.

Filmdə məhz bu cürdür – kimisi ölümünü, kimisi mərdliyini şəhərin yolunda qurban verir. Və böyük bir şəhərin başının üstünü alan təhlükəyə qarşı cəmisi bir ovuc adamın dirəniş verməsi, çoxluğun isə susqun qalması belə mübarizəni dayandırmaq üçün yetərli arqument sayıla bilməz.

Qəhrəmanlardan biri deyir: “İnsanlar onları nələrin gözlədiyini bilmirlər. Bilənlər isə qorxur”.

Bəlkə də Bioy Kasares “Biz “İliadanı müasirləşdiririk” söyləyəndə reallıqdan o qədər də uzaq olmayıb. Film isə işğalçıların gücünə və mütəşəkkilliyinə yox, öz şəhərlərini məğlubiyyətin acısı hesabına da olsa qorumağa cəhd edən bir qrup vətənpərvərin cəsurluğuna himndir. Onların şəhəri – onların Troyasıdır.

***

Ekranda 1957-ci ildir. Darıxdırıcı, qapqara Akvileya şəhəri işğalın astanasındadır. İşğalçılara qarşı başda qoca don Porfirio olmaqla müqavimət qrupu dayanır. Ümumiyyətlə, filmdə məhz 40-50 yaşlılar fəaldırlar və yalnız ən sonda dillərində “Biz başqa yolla gedəcəyik” (eynilə qardaşının edamından sonrakı Volodya Ulyanov kimi) deyərək tapançalarını götürən gənclər həlak olan qocaların yerinə gələcək. Bu, təkcə adi nəsil dəyişməsi deyil, həm də radikallaşmanın qaçılmazlığına işarədir.

Don Porfirio illərdir müqaviməti hazırlayır. Bizə sirli şəhər gerilyası təqdim olunur. Parizanların konspirologiyası həsəd aparacaq səviyyədədir: hətta İren həyat yoldaşının da dirəniş qrupunda olduğundan ən sonda xəbər tutur (və bu, qarşılıqlıdır). Sanki Uqo Santyaqo suala cavab axtarır: insanların canına hopmuş ideya ilə gizli fəaliyyətin simbiozu qələbə üçün yetərli ola bilərmi? Filmə baxdıqdan sonra bilirik: Yox.

Don Porfirio qüvvələrin qeyri-bərabər olduğunu hələ bilmir. Ona elə gəlir ki, işğalçıların öz hərəkətlərini koordinasiya etmək üçün şəhər stadionunda yerləşdirməyə çalışdıqları radioötürücünü məhv etməklə xeyli vaxt və imkan udmaq olar. Düşmən isə çoxsaylı, güclü və hiyləgərdir. Buraya qorxu içində olan və reallığı görməzliyə vuran çoxluğu da əlavə edin. İnqilabçı həkim Silva gitara ilə oxuyur: “Kiminə qızdırma, kiminə əcəl təri. Mənə isə dörd güllə. Aydın bir gündə”. Və bu əksəriyyət dörd gülləni yox, ölüm qızdırmasını və əcəl tərini – yatağında xəstlikdən ölməyi üstün tutur. Təki ömrün kəmiyyəti böyük olsun.

“Bəs kimdir bu işğalçılar?” sualına filmdə cavab yoxdur. Fantasmaqoriya olduğu qədər də antiutopiya. Məgər bizim dövrümüzdə zərbənin haradan, nə vaxt və kim tərəfindən gələcəyi məlumdur ki? Baxın dünyanın gününə – 2011-in Liviyası və Suriyası, 2014-ün Mosulu və Sincarı. Bu fəlakətlərin hər birinin başlanmasından heç bir-iki həftə əvvəl də kimlərin gələcəyi və nələr törədəcəyi bəlli deyildi. Düşmən anonimdir, sirlidir, qəfildir və bu səbəbdən onların şikarı olanların panikası, qorxusu daha da böyükdür. Ekzistensial dəhşət və vəhşət. Permanent mühasirə vəziyyəti.

Uqo Santyaqonun filmi də ona illər boyu baxan argentinalılar üçün fantastika kimi görünüb, yəqin ki. Və 1976-cı ildə Videlanın diktaturası fantastikanı gündəlik reallığa çevirəndə belə ilk vaxtlar dəhşətin miqyasını anlamağa imkan da tapmayıblar, ola bilsin. Film isə sanki Argentina diktaturasının gəlişinin prelyudiyasını göstərir. Hətta düşmənlərin geyimi – ağ bürüncəklər də Videlanın xəfiyyə və cəlladlarının forması olacaq. Maraqlı öncəgörmədir.

Oyunun qaydalarını anlayan don Porfirio məğlubiyyətin şəhərə hansı baha qiymətə başa gəldiyinin fərqindədir. “Mən vətənpərvər addımlar üçün çox qocayam” – sonda, məğlubiyyət artıq reallaşanda deyir və qaçılmazlığı qəbul edir. Ancaq onun ehtiyat planı da var. Son kadrlarda o, gənclərin əhatəsindədir. “Onlar məni məhv etmək fikrində deyillər. Görünür, tək qaldığımı fikirləşirlər”,  – don Porfirio deyir. Ehtiyat planı – yeni müqavimətdir, çoxsaylı parlaq baxışlı gənclərdir. Don Porfirio səhnəni tərk edə bilər – yeni müqavimətə başçılıq üçün İren var.

Bütün film silahlı qarşıdurmada və həyəcanlı gözləntilərdə keçir. 121 dəqiqəlik süjet darıxmağa vaxt qoymur. Rejissor isə yozum və versiyalar üçün seyrçilərə geniş imkanlar təklif edir. Olsun ki, biz müasir cəmiyyətdə hakimiyyət uğrunda mübarizənin modelini izləyirik. Və qəribə ki, həmin model filmin çəkildiyi dövrdən də çox bizim illərimiz üçün müasir görünür.

Naməlum qüvvələrin şəhərə hücumu – antiutopiya deyil, bəs nədir?

Bununla belə, film pessimizm aşılamır. Məğlubiyyət? – eybi yox. Düşmən də, müqavimət də əbədidir. Hansısa nəsil sonunda düşməni yenəcək…  

P.S. Uqo Santyaqonun “İşğal” filminə (1969) buradan baxa bilərsiz – http://krasnoe.tv/node/7133

(Mənbə: kult.az)

Oxşar yazılar:

Baxış sayı:1813