abunə ol: Yazılar | Şərhlər | Еmail

Karl Marks və mədəniyyət – 3

Şərh

lifshic_chit

I HİSSƏ                              II HİSSƏ

Mixail Lifşits

Yalnız çox sahəlövh insan düşünə bilər ki, qərb derjavalarının radiostansiyaları yalnız bəşəriyyətə sevgi ucbatından digər ölkələrdəki yaşayış çatışmazlıqlardan gileylənirlər. Onların arxasında – pul yığını və hakimiyyətin qorxulu kabusu dayanır. Tamahkar sahib tərəfindən işə götürülən axmaq olmayan insanlar, yaxşı bir kommersiya müəssisəsindəki hər ir işçi kimi, aydın, vicdanlı şəkildə, bəzən yumor və ya ləyaqət hiss ilə sahibin maraqlı olduğu nəzər nöqtəsini ifadə edirlər.

XX əsr insan bilir ki və ya ən azından bilməlidir ki, xeyirin çəkisizliyi, onun maddi faktlardan və qüvvələrdən azad olması xülyadır. Səssiz qüvvələr güclü olana, öz sülhsevərliyi ilə fəxr etmək üçün heç bir əsas vermir, xüsusilə də əgər o, ilk fürsətdə dişlərini qıcayırsa. Şübhəsiz ki, liberalizm toplama düşərgələri və krematorilərdən daha yaxşıdır, lakin rəsmi demokratiya ideyalarının şəksiz dəyər kimi təbliğ olunması riyakarlıqdır, ən yaxşı halda isə sadəlövhlükdür.

Bu səbəbdən praktiki vasitələrdən imtina yox, faktiki hakimiyyət və xalq yüksəlişinin canlandırıcı əxlaqi məzmunu olmadan mümkün olmayan, cəmiyyətin maddi qüvvələri üzərində həqiqi nəzarət – marksizm yolu budur. Məsələ onda deyil ki, yaxşı və pis vasitələr mövcuddur. Elm – yaxşı vasitədir, lakin kirli əllərdə nə qədər ziyan vura bilər! Bu mövzuda bir çox fantastik romanlar yazılıb, həqiqət özü də istənilən fantaziyadan daha qorxuncdur. Digər tərəfdən, zorakılıq – şər vasitədir. Özlüyündə o, ikrah doğurur, lakin xeyir  işdə silah istifadə etmək qətiyyəti əxlaqi cəsarətin nişanəsidir. “Oğurluq məqsədi ilə qətl etməklə zalımın qətli arasında fərq varmı?” – Lenin sual verirdi [5].

Həqiqətən də, birbaşa seçim tələb edən bu suala necə cavab vermək olar? Şərə dinc müqavimət ideyası ilə? Lakin bu nəzəriyyənin tərəfdarları da öz dövlətlərini qurduqları anda təyyayə və tanklar satın aldılar. Xalis elm idealı ilə? Lakin son onilliklərdə elm dünya işlərində o qədər dolaşıb qalıb ki, ondan, hətta inqilabi ideyadan etdikləri qədər sui-istifadə edirlər. Qınaqla öz dövründən yuxarıda dayanaraq, ona “dezaqreqasiya dövrü”, “yadlaşma dövrü”, “qorxu dövrü” kimi qorxunc adlar fikirləşmək ümumiyyətlə ciddi düşüncə üçün çıxış yolu deyil, ən yaxşı halda mənəvi mövqedir.

Məlum şəraitdə zorakılıq qaçılmaz, hətta ağır zərurətdir. Marksın cəsur səmimiliklə, meşşan ifadələrə nifrətlə bəhs etdiyi bu faktı taktiki fəndlərlə inkar etmək nalayiq addım olardı. Lakin sakit və ya dünya hadisələrinin təsiri altında qəzəblənmiş obıvatel üçün inqilabın mahiyyəti zorakılıqdan ibarətdir. Həqiqətdə isə zorakılıq onun yönlərindən biridir və heç də əsas xüsusiyyəti deyil.

Zorakılıq haqqında məsələyə iki nöqteyi-nəzərdən –  inqilabi məqsədyönlülük və ya əxlaqi mövqedən baxmaq olar. İlk nəzər nöqtəsi yüksək dərəcədə vacibdir, lakin buradan daha sürətli zorakı yola üstünlük vermək nəticəsi doğmur. Hadisələrin sonrakı gedişatı, hadisələrin məcburi şəkildə bizim xeyrimizə dəyişməsinə yönəldilmiş addımlarımızın əks təsiri necə olacaq? Sual budur. Marksda hər şeyin inqilabi məqsədə tabe olduğu doğrudur. Lakin məqsədyönlü olan, inqilab üçün həqiqətən də faydalı olan nədir? Zahiri, nümayişkənarə və müvəqqəti məqsədyönlülük həqiqi olana tamamilə əks ola bilər. Marks üçün obyektiv tarixi həqiqətə bələd olmadan məqsəd anlayışı yoxdur. Adicə təzyiq, Leninin dediyi kimi “ərk”, vəziyyətin həqiqi inkişafını qabaqlamaq üçün zorakı vasitələrin icbari tətbiqi gözlənilməz nəticələrə gətirib çıxara bilər. Bu anda insanlar kortəbii qüvvələri özlərinə tabe etdiklərini düşündükdə, özləri bu qüvvələrin oyuncağına çevrilir və özləri üçün yox, başqaları üçün səy göstərirlər.

Kim kimə işləyəcək – inqilabi partiyaların insanları “yadlaşmaya” yoxsa “yadlaşma” onlar üçün? Bu sual ictimai inkişaf nəzəriyyəsinə bələd olmağı, sayıq hesabı və bütün mümkün, daha uzaq nəticələrin əvvəlcədən görülməsini tələb edir. Siyasi məqsədyönlülük sisteminin birtərəfəli inkişafı ilə bu məsələni həll etmək olmaz, həmçinin də inqilab haqqında ibarələr və qəhrəmansayağı jestlərlə. Daxili fərqliliklərin mövcudluğu halında belə Marksın inqilabi elminə bu cür karikaturaların ümumi cəhəti var – onların marksizmdən xırda burjua inqilabiliyinin qeyri-yetişkin ideyalarına doğru geri çəkilməkdir.

Avqust Villix və onun fraksiyasına qarşı nitqində (sentyabr, 1850-ci il) Marks demişdi: “Manifestin maddi baxışları əvəzinə idealist baxışlar irəli sürülür. Həqiqi münasibətlər əvəzində inqilabda əsas kimi iradə təsvir olunur” (8, 582). Marksın təlimi və ondan doğan inqilabi məqsədyönlülüyü blankist, bakuninçi və ya nitsşesayağı “hakimiyyət iradəsi” ilə səhv salmaq olmaz, necə ki, “bolşevizmlə” “boyevizmi”[1] səhv salmaq olmaz. Hələ birinci rus inqilabı dövründə Lenin tərəfindən fərqinə varılan bu səhv salma hərəkatın bütün qitələri əhatə etməsi halında qorxunc təhlükə yarada bilər. Güclü iradə ilə “hakimiyyəti saçından dartmağın” mümkünlüyünə ümid etmək həm cazibədar, həm də öz fəsadlarına görə dəhşətlidir.

Marksın fikrincə, məqsədyönlü fəaliyyət qaba demaqoqsayağı ibarələr və ya incə fəlsəfi simvollar vasitəsilə təsvir edildiyi kimi, inqilabi qüvvələrin əşyaların və şəraitin yad dünyasına sadə müdaxiləsi deyil. Marks “mövcud şəraiti dəyişdirmək və özümüzü hakimiyyətdə bacarıqlı etmək üçün” zəruri olan onilliklərlə sürən ümidsiz mübarizə haqqında danışır. Sonuncu məqsəd, yəni özümüzü idarə etmək bacarığı inqilabi iradəni qaçılmaz bədəli ödəniləcək özbaşınalıqdan ayırmaq, birinci məqsəd kimi, həmçinin “yeni insanlar”, işçi sinfinin insanları üçün lazımdır. Ümumilikdə hər iki yön dialektik qarşılıqlı təsir prosesini formalaşdırırlar, bu proses nə qədər az ağrılıdırsa, kortəbiilik üzərində o qədər çox yüksəlir, orada inqilabi nəzəriyyə daha çox iştirak edir.

Zalımdan qorunmaq üçün şəksiz olaraq zəruri olan zorakılıq tədbirləri bir şərtlə məqsədə xidmət edir – bu təhlükəli vasitələrin tətbiqi işçi sinfinin və bütün demokratik kütlənin siyasi yüksəlişi ilə əlaqədardırsa. Ən praktiki, ən maddi qələbələr boyundan asılan daşa çevrilir, əgər çoxluğu ümumi maraqdan uzaqlaşdırır və ya ona qarşı laqeyd edirsə. Əksinə, maddi qüvvələrin sadə hesabı nöqteyi-nəzərindən olan fərdi uğursuzluqlar, hətta məğlubiyyətər insan kütləsinin tarixi fəaliyyətsizlik üzərində yüksəlişi, kommunist ideyaların milyonların təfəkküründə qələbə çalması qədər vacib deyil. Bu yolla və məhz bu yolla inqilabi məqsədyönlülüyün ali prinsipi özünü biruzə verir. Hər şeydən daha qiymətli, daha güclü olan budur və çap qurğusundan nüvə başlığına qədər istənilən təsir vasitəsi yalnız və yalnız ümumi gücün artımı fonunda əhəmiyyətə malikdir.

Burada biz qismən də olsa artıq zorakılığın mənəviyyat nöqteyi-nəzərindən qiymətləndirilməsinə keçirik. Bu qiymətləndirmə marksizmdə də mövcuddur, halbuki mənəviyyatçıların yağlı nitqləri ona xas deyil. Marks meşşan təfəkkürünün amansız hesab etdiyi Makiavelli, Hobbs, Mandevil, Nikola Lenqe və ya Hegel kimi mütəfəkkirlərə böyük hörmətlə yanaşırdı. Bir rus yazıçısı demişdir ki, həqiqət mərhəmətdən üstündür. Leninin vətəndaş müharibəsi dövrü əsərləri və məktublarını oxuyarkən biz, fədakarlığı və insanlara qarşı humanist münasibəti ilə tanınan bu insanın necə dəhşətli addımları qəbul etməli və ya təsdiqləməli olduğunu görürük. Biz bu addımlara görə utanmırıq. Bəşəriyyət Bastiliyanın fəthinə, xalqçıların bombalarına, hitler zalımlarının belindən vurulan güllələrə görə xəcalət çəkmir. İnqilabi dövrlərin qəhrəmancasına zorakılığı olmadan yer üzündə yaxşı heç nə ola bilməzdi – nə kütlələrdə artmaqdan olan insan ləyaqəti, nə Höte və Puşkin poeziyası, nə Bethoven musiqisi, nə də sovet ədəbiyyatının ən yaxşı səhifələri.

Bütün bəşəriyyətin xoşbəxtliyi üçün qurban gətirilən körpə – melodramadır, İvan Karamazovun xəstə fantasiyasının məhsuludur, halbuki körpələr həmişə həlak olmuş və ya indi də, ən ədalətli müharibələrdə, qadın və uşaqların müdafiəsi üçün aparılan savaşlarda da həlak olmaqdadırlar. Lakin günahkar, ən zalım insanın məhvi – o qədər də asan deyil, halbuki Alyoşa Karamazovun özü hökmü yazıb: “Güllələməli!”. Yalnız edam deyil, yaxşı məqsəd üçün həyata keçirilən istənilən zorakılıq, hətta məcburetmə böyük təhlükə ilə doludur. O, bu ictimai funksiyanı yerinə yetirən insanları fərqləndirir, onlara xüsusi hakimiyyət verir, məcburetmə vərdişi yaradır və zəncirvari şər reaksiyası yarada bilər. Beləliklə əgər, Marksın ifadəsinə görə, şərə müqavimət göstərməmək “yalnız qoca qarılara yaraşan alçaq, rüsvayçı doktrinadırsa”, ədalətli zorakılığın da sərhədləri var və haradasa sərhəddə öz əksinə çevrilmək üçün tərəddüd edir. Əgər zalımın qətli və ya talan üçün qətl etmə arasında fərq varsa, onu qorumaq o qədər də asan deyil.

Bu mənəvi antinomiyadan çıxış olmalıdır və o mövcuddur, bütün bəşəri olanlar kimi təxmini, lakin realdır. Marksın, İnternasionalın Haaqa konqresində bakunistlərin gizli alyansı haqqındakı rəyinə və ya Bakuninin “Dövlətçilik və anarxizm” əsərini tənqidinə bələd olan hər kəs şübhə etməz ki, marksizm köhnə monarxiyanın xidməti metodları ilə əksəriyyəti xoşbəxt etməyi məqsədinə çevirmiş “despotik və ya iyerarxik gizli təşkilatın” zorakılığı inkar edir. İnqilabi fəaliyyətin bu anlamında xalq kütləsini müstəqil fəaliyyətə yüksəldən deyil, alçaldan nəsə var. Hətta birbaşa yaxşılıqlar, zülmü bir kənara qoysaq, mənəviyyatsızdır, əgər o vəziyyətə tabe olmağa və kütlələrin fəaliyyətsizliyinə gətirib çıxarırsa. Böyük tarixi mənada bu, təkəbbürün son təzahürüdür, halbuki, məsələn, Bakuninin həmkarı olan Neçayev[2] xalis plebey[3], potensial xalq Bismarkı və ya Bonapartı idi.

Vulqar demokratlar və anarxistlərin inqilabi hərəkatda alim rolunu heç vaxt bağışlaya bilmədikləri Karl Marksın bütün fəaliyyəti xalqların tarixi fəallığına olan inamla doludur. Bu, onun üçün inqilabi bayağılıq, xalq torpağının dirilik bulağına toxunmaq istəyən, kütlənin “kollektiv çıxışlarına” qarışmaq istəyən insanın mövqeyi deyil. Marks Oqaryov[4] kimi demir: “Gəl, qardaş, proletarlara qoşulaq!”. Onun əsas ideyası işçi sinfinin intellektual və mənəvi yüksəlişi idi.

Bəşər cəmiyyətinin yaratdığı maddi qüvvə və vasitələrin ona tabe olan, müti gücə çevriləcəyinin yeganə mümkün zəmanəti nədən ibarətdir? Zəmanət – inqilabi-kritik fəaliyyətdir ki, kapitalizmin əzdiyi (Şopenhauerin ifadəsinə görə, “təbiətin fabrika məhsuluna” çevrilmiş) olan milyonlarla insanı, ən geniş insan kütləsi üçün əlyetər olan və onların taleyində real şəkildə öz əksini tapmış müstəqil ictimai yaradıcılıq səviyyəsinə yüksəldir. Sosialist inqilabının düşmənləri və skeptiklər ona qarşı hansı ittihamları irəli sürsələr də, onların bacarıqlarının və enerjilərinin azadlığa çıxması daha çox kommunizmin lehinədir. Rus inqilabı təcrübəsi göstərmişdir ki, siyasi təşkilatın kütləvi özfəaliyyətlə birləşməsi möcüzələr yarada bilər. Bütün çətinliklərə və səhvlərə baxmayaraq, bu hələ başlanğıcdır. Tarixən qaçılmaz olan hadisələrin bütün gedişatı bizə deyir ki, daha böyük möcüzələr hələ qabaqdadır. Marks işinin görkəmli davamçısı – V.İ.Lenin təşəbbüs, fəaliyyət müstəqilliyi, enerji, aşağıdan zərbə – və könüllü, şablonlara yad mərkəzçiliyin birləşməsi olan Paris kommunası və bizim Şuraların təcrübəsinə istinad edərək hədər yerdə marksizm ideyasını inadla inkişaf etdirmirdi.

Birlik, xalq kütləsinin birliyi uğrunda mübarizə zamanı özlüyündə amansız olan, şəraitin şərtləndirdiyi qorxutma tədbirləri mümkündür və onlara bəraət qazandırıla bilər. Lakin burada əsas rolu zorakılıq deyil, birləşmə, iradə bütövlüyü oynayır. Lenin deyirdi: “Vahid iradə ibarə, simvol ola bilməz. Biz bunun təcrübədə də gerçəkləşməsini istəyirik. Müharibədə iradə bütövlüyü onunla ifadə olunurdu ki, əgər kimsə öz maraqlarını, öz kəndinin, qrupunun maraqlarını ümumi maraqlardan daha yüksəkdə tuturdusa, onu eqoist adlandırır, güllələyirdilər və bu güllələnməyə işçi sinfinin mənəvi şüuru ilə haqq qazandırılırdı ki, o, mübarizəyə doğru addımlamalıdır. Bu güllələnmələr haqqında biz açıq danışırdıq, biz deyirdik ki, zorakılığı gizlətmirik, çünki bilirik ki, proletariatın geridə qalmış hissəsini məcbur etməsək, köhnə cəmiyyətdən çıxa bilmərik. İradə bütövlüyü bununla ifadə olunurdu. Bu iradə bütövlüyü təcrübədə hər fərarinin cəzalandırılmasında, kommunistlərin irəlidə gedərək hər kəsə nümunə göstərdiyi hər savaşda, hər yürüşdə gerçəkləşdirilirdi” [6].

Leninin fikri ondan ibarətdir ki, təsərrüfat quruculuğu müharibədə olduğundan fərqli iradə bütövlüyü tələb edir, xırda sahibkara qarşı zorakılıq anlamsızdır, “kəndli sinfinə mənəvi təsir” etmək zəruridir. Lakin iradə bütövlüyü, birlik, yoldaş nizamı dinc vaxtlarda da işçi sinfinin əsas qüvvəsi olaraq qalır. Yalnız kütlələrin yüksəlməkdə olan “mənəvi şüur” fonunda bu və ya digər məcburetmə tədbirlərinin tətbiqinə bəraət qazandırıla bilər – bu olmadan ən məqsədyönlü və mötədil idarəetmə formaları yersiz bürokratiya ilə zəhərlənərdi. Digər tərəfdən, səhvlər və sui-istifadələr ictimai fəallığın yüksəlişi zamanı da mümkündür, lakin burada perspektiv artıq fərqlidir, tarixi optimizmlə doludur. “Yüksəlməkdə olan qüvvəyə hər şey kömək edir – Hertsen deyirdi – cinayətlər və xeyirxah əməllər; yalnız o, qan içində, qana bulaşmadan hərəkət edə və sərt döyüşçülərə deyə bilər: “Mən sizi tanımıram – siz mənə işləyirdiniz, lakin siz mənim üçün işləmirdiniz”.

Tarix öz müasirlənin çiyinlərinə ağır yük qoyub. Lakin insan həyatının tilsimini, həyatı “yadlaşma” xarakterindən məhrum edərək qıra biləcək vasitə mövcuddur. O, kütlələrin ictimai enerjisinin oyanmasından ibarətdir. Aristoteldən başlayaraq, fəlsəfənin inkişafı ilə hazırlanmış, dünyanın inqilabi dəyişməsi prosesində insanların və şəraitin dialektik qarşılıqlı təsiri haqqında təlim, hər şeylə bərabər, Marks dühasının ən incə əsəridir. Orada – tarixin sirrinin cavabı, müasir fikrin tez-tez yolunu itirdiyi həll olunmamış problemlərin həllinin açarı mövcuddur. Marksın təlimi bizə öyrədir ki, müasir dünyanın texniki qüvvələri və maddi şəraitinin məcmusu ilə müəyyən olunan və, əgər uyğundursa, yetişən insan hansı şəkildə ayrılıqda bir şəxsin həyatı çərçivəsində mövcud ola biləcək mənəvi azadlığa sahib ola, özündən də yüksəkdə ola və milyonların qardaş əhatəsində ən böyük xoşbəxtliyə nail ola bilər.

Marksizmin insana yalnız texniki nöqteyi-nəzərdən baxdığı, onu yalnız maddi qüvvələrin səssiz vasitəsi kimi gördüyü doğru deyil. Kommunanı yaratmış parisli işçilərin fəaliyyətini Marks böyük ingilis şairi Miltonun yaradıcılığı ilə müqayisə edirdi. “Fransada vətəndaş müharibəsi” əsərinin ilk qaralamasında Marks deyir: “Onlar işlərini aşkar şəkildə, müstəsna çətin və mürəkkəb vəziyyətdə və bunu, Miltonun “İtirilmiş cənnət” əsərini yazdığı kimi yerinə yetiririrdilər, yəni çox kiçik mükafatlandırma qarşılığında, hər kəsin gözü qarşısında, qüsursuzluğa iddia etmədən, dəftərxanasayağı uzunçuluq etmədən, öz səhvlərini etiraf etməyə utanmadan və onları düzəldərək” (17, 549-550). Bu, məmur imperiyasının uzunçu bürökratiyasından fərqli olan həqiqi fəaliyyət idi.

Miltonla müqayisə gözlənilməz ola bilər, lakin 60-cı illər Marksının iqtisadi əlyazmalarında, “Əlavə dəyər nəzəriyyəsi” əsərində ingilis şairinin obrazının bir neçə dəfə rast gəlindiyini xatırlasaq, o, xüsusi maraq qazanır. Miltonun əsəri Marks üçün ödənşdə heç bir marağı olmayan, işin mahiyyətində, özünəməxsusluğunda və keyfiyyətində maraqlı olan həqiqi yaradıcı fəaliyyət rolunu oynayır. Bu, məhsuldar, “ictimai nöqteyi-nəzərdən” yaradıcı əmək nümunəsidir.

Digər nəzər nöqtəsi obyektiv olaraq kapitalist istehsalına aiddir. Burada hər şey simasız yığım idealına xidmət etməlidir. Kapitalizm daxilində yazıçı ideyalar yaratdığı üçün deyil, öz əsərlərinin naşirini zənginləşdirdiyi üçün məhsuldar işçi hesab olunur. “Məsələn, “İtirilmiş cənnət” əsərini yazmış və qarşılığında 5 funt-sterlinq almış Milton məhsuldar işçi deyildi. Əksinə, öz kitab alverçisi üçün fabrik kimi işləyən yazıçı məhsuldar işçi hesab olunur. Milton “İtirilmiş cənnət” əsərini, ipək qurdunun ipək istehsal etdiyi zərurətlə yaradırdı.

Bu, onun təbiətinin kəsərli təzahürü idi. Sonra o, öz əsərini 5 funt-sterlinq qarşılığında satdı. Öz naşirinin göstərişi ilə bu və ya digər kitabları (məsələn, siyasi iqtisad üzrə təlimatlar) istehsal edən leyptsiqli ədib-işçi isə məhsuldar işçidir, çünki onun istehsalı əvvəlcədən kapitala tabe edilib və sadəcə bu kapitalın artımı üçün gerçəkləşdirilir” (26, hissə 1, 410).

Bu məqamda Marksın təlimi azad fəaliyyət üçün, təməldən icbari olana, təbii-tarixi zərurətdən mənəvi qanuna keçid üçün kifayət qədər yer qoyur. Ənənəvi vəziyyəti dəyişmək, Milton prinsipi üçün yol açmaq olar və lazımdır – yaradıcı, tamahkar olmayan əmək üçün, “ictimai nöqteyi-nəzərdən” hər cür əmək və yaradıcılığın qiymətləndirilməsi yolunu tapmaq lazımdır, yəni onun həqiqi məhsuldarlığına görə dahi olanı dahiyə çevirmək və miskin olanı, onun qorxunc hökmranlığından məhrum etmək lazımdır. O zaman “mədəniyyət faciəsindən” geriyə yalnız xatirələr qalacaq. Bu vəzifəni yalnız sosializm həll edə bilər və onu praktiki olaraq yeni iqtisadiyyat və ictimai münasibətlərin təşkil edilməsi təcrübəsi ilə həll edir. Necə də hüdudsuz əmək, qələbə və məyusluqlar, uşaq optimizmi və ya bayağı inamsızlıq ruhunda həddən artıq tələskən nəticələr üçün şirnikləndirmələr mövcuddur!

Marksın gözündə “İtirilmiş cənnət” əsərini yaratmış Milton öz təbiətinə tabe olaraq, zahiri məqsəd üçün kitab istehsal edən yazıçıdan fərqli olaraq və yeni ictimai quruluşun beşiyində dayanmış şüurlu işçi köhnə dövlət məmurundan fərqli olaraq – eyni tarixi qüvvənin iki təzahürüdür.

Bu qüvvə xalqları sosializmə aparan inqilabi özfəaliyyət, yəni, həqiqi azadlıqdır.

1968-ci il

Qeydlər:

1. Originalda “art”, incəsənət növləri.

2. Daha sonrakı məlumatlar: 1968-ci ildə Fransada aparılmış bir sorğuya əsasən, 6000 kişi və qadının 60%-i ulduz falını oxuyur. Digər sorğunun məlumatlarına görə, fransızların 58%-i astrologiya ilə maraqlanır, 23%-i isə gələcəyin qabaqcadan görülməsinə inanır. Onların 73%-i qadındır. İndiki zamanda (1968-ci ildə – tərc.qeydi) Fransada təxminən otuz min astroloq var.

3. V.İ.Lenin. Əsərləri toplusu, C.35, səh.169.

4. The People’s Paper, № 207. London, 1856, IV, 19.

5. V.İ.Lenin. Əsərləri toplusu, C.35, səh.364.

6. V.İ.Lenin. Əsərləri toplusu, C.40, səh.307-308.

 

[1]Боевизм (rus.) – döyüşkənlik, müharibə təşəbbüskarlığı.

[2]S.Q. Neçayev (1847-1881) – rus nihilisti və inqilabçısı. Rus inqilabi terrorizmin ilk nümayəndələrindən biri. “Народная расправа” təşkilatının lideri. Tələbə İvanovun qətlinə görə mühakimə olunub.

[3]Plebey – qədim Yunanıstanda şəxsi olaraq azad olmuş, yani əvvəlcədən heç bir siyasi və ya vətəndaş haqlarından istifadə etmək hüququ olmayan aşağı təbəqə nümayəndəsi. Məcazi mənada: aşağı təbəqədən çıxmış, mədəni və intellektual səviyyəsi aşağı olan şəxs.

[4]N.P. Oqaryov (1813 – 1877) – rus şairi, yazarı, inqilabçısı, Hertsenin yaxın dostu.

Oxşar yazılar:

Baxış sayı:1871