abunə ol: Yazılar | Şərhlər | Еmail

Babam ve Oğlum

Şərh

“Nə gedə bildim, nə qala bildim”. Çağan İrmakın “Atam və oğlum” (“Babam ve Oğlum”) filminin qəhrəmanı Sadıq deyir. Ortada qalan, itirilmiş bir nəsil. Türkiyənin 70-lərinin bəxtsiz övladları. Ata ilə oğul arasında qalan uduzmuş bir nəsil. İrmakın bu “ağladan filmi”ni reklam etmək üçün “Seyrçi sayı 3,5 milyonu ötmüş nadir filmlərdən biri” deyirlər. Nə olsun ki? – Baxaydı cəmisi 35 min adam, ancaq nə isə dəyişəydi. Göstərəydilər Kenan Evrenə və bu qoca cəlladın da gözləri dolaydı. Eh, faydasız.. Heç əzası da tərpənməz.. İrmakın 12 sentyabr çevrilişi günü doğulmuş uşağın (Adı da Deniz. Əlbəttə, Deniz Gezmişin xatirəsinə) dili ilə çatdırmağa çalışdığı siyasi problem özünü 20 ildir demokrat sayan Türkiyədə çözülə bilmir. Heç məhbəsdə oturub “Yol”u çəkmiş mərhum Yılmaz Güney də problemi həll etdirə bilmədi. O ki qala icazəli vaxtlarda çəkilən “Atam və oğlum” nəyisə dəyişə bilə. Məhdud söz və ifadə azdlığının Əməl azadlığına heç bir aidiyyatı yoxdur. Faşist Kenan Evren 92 yaşında rəssamlıq edir. Onun yaşı asdırdığı Erdal Erendən 76 il çoxdur. *** Sadıqı atası İstanbula mühəndislik oxumağa göndərir. O da Sol jurnalist və devrimçi marksist olur (Türkiyə sinemasında hamısını niyəsə “anarxist”adlandırmaq adəti var). Ata oğlunu övladlıqdan silir. Sonra 12 sentyabr faşist çerilişi baş verir. Həmin səhər Sadıq qadınını doğuş üçün xəstəxanaya çatdırmalıdır. Küçəyə çıxır və maşın tapmır – ölkədə hərbi çevrilişdir. Simvolikdir və dərin həqiqətdir – hərbçilərin çevrilişi vətəndaşları yaşatmaq yox, məhv etmək üçündür. Qadın doğuş zamanı ölür, körpə sağ qalır. Sonra Sadıqın məhbəs illəri, işgəncələr, çevrilişdən daha bir “qazanc”ı – həbsdə tapdığı xəstəlik. O xəstəliyin sağalmazlığı bəlli olanda, Sadıq 7 yaşlı Denizi də götürüb evinə – küsülü olduğu atasının yanın adönür. “İnsanın dönə biləcəyi bir evinin olmaması nə deməkdir bilirsənmi, ata?” – Sadıq deyir. Onun bircə ricası var: “Denizə bir otaq ver, onu yanına al, burada böyüsün, bir evi olsun, gedəcək başqa bir yeri yox”. Bu, onun son ricasıdır. Ata və oğul başqa dillərdə danışır. Uduzmuş devrimçi sonrakı illərini nəql edir: “Nəyə əl atdımsa, qurudu. Bir zamanlar eyni yola baş qoyduğum yoldaşlarım reklam şirkətlərində, iqtidara yaltaqlanan qəzetlərdə acıyıb mənə iş verdilər. Köpəyə sümük atırlar kimi… Özlərini təmizləmək, ruhlarını təmizə çıxarmaq üçün…” Bəli, nihilistlər yenə karyeristlərə uduzdu. Əclafların devrimçilərə yazığı gəldiyi dövrdə necə yaşamaq olar ki?! Balaca Deniz 1980-ın 12 sentyabrının övladıdır. O çevriliş onun əvvəl anasını, sonra da atasını əlindən aldı. 30 il əvvəlki o məşum günə əsl qiymətini vermək üçün bu körpənin bioqrafiyası bəs edər, məncə. Həqiqət nəinki ortadadır, həm də qışqırır… *** Sadıq evinə ölməyə və atalıq vəzifəsini bitirməyə gəlib. “Bir körpənin böyüyəcəyini görməmək nə demək, bunu bildinmi? Həyat davam edəcək, biriləri yeni kitablar yazacaq – oxumayacaqsan. Yeni filmlər çəkiləcək – izləməyəcəksən. Sevdiyin bir mahnını bir daha dinləmək istərkən dinləməyəcəksən. Bunlara asan öyrəşir insan, amma onu böyüyərkən görməmək, yanında olmamaq, ilk qız sevgilisini görə bilməmək…” İnsanın yadına Necdet Adalının xatirəsinə Nevzat Çeliyin yazdığı “Şəfəq türküsü” və o Devin – Ahmat Kayanın “Ölmək nə əcaib şey, ana?” pıçıltı-hayqırtısı düşür! Sadıqın ölümü çoxdan sınmış ruhun öz fiziki örtüyünü də itirməsidir. O, illərdi ancaq oğluna dönə biləcək bir ev tapmaq üçün yaşayır-dözürdü. Problem həllini tapdı – daha getmək olar. Arxasında oğlunu da, 12 sentyabrı da anlaya bilməyən ata, atasını da, 12 sentyabrı da az-çox anlayıb elə anlamaqla da kifayətlənən oğul qoymaqla. 12 sentyabrın öldürdüyü anasının bətnindən çıxan Deniz – indiki Türkiyədir. O, cəlladları bağışlamasa da, qisasını da almayacaq. Onun babası qala bildi. Onun atası “nə gedə bildi, nə qala bildi”. O isə həm qaldı, həm də gedir. Elə pisi də budur. O, atasının oğlu olmaqdan daha çox, babasının nəvəsi olacaq. Ekranda Kenan Evreni görəndə televizoru söndürməyəcək. İndiki Türkiyə onun və babasının Türkiyəsidir. Heç bir haqla atasının Türkiyəsi deyil. Atasının nə vaxtsa mövcud olduğunu yalnız babanın evindəki köhnə kinokameranın çəkdikləri təsdiqləyə bilir. Vəssalam. Kədərli son…

P.S. Hadisələri çəkib Azərbaycana da gətirmək olur.

Məmməd Süleymanov

www.solfront.org


Oxşar yazılar:

Baxış sayı:9833