abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Vətəndaşlıq. Plüralizm”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniya

əvvəlki                   növbəti

BORİS YULYEVİÇ KAQARLİTSKİ

MARKSİZM: TƏDRİS ÜÇÜN TÖVSİYƏ OLUNMUR

MARKSİST VƏ LİBERAL ƏDƏBİYYATDA DEMOKRATİYA

Vətəndaşlıq

  Xalqın vətəndaşları olmadığı yerdə demokratiya ola bilməz. Kim vətəndaş ola bilər, vətəndaş dövləti nədir haqqındakı məsələ Avropada hələ marksizmin ictimai fikrin müstəqil istiqaməti kimi yarandığı zamana qədər kəskin şəkildə müzakirə olunurdu. Vətəndaş cəmiyyətinin ictimai əsası nədir? Liberal nəzəriyyənin XVII əsrdən sonra anqlosakson ənənədə yaranmağa başladığı zamanda mövcud olan nöqteyi-nəzərdən, vətəndaş hüquqlarının və vətəndaşlıq statusunun mənbəyi mülkiyyətdir. Bu planda vətəndaş cəmiyyəti insanın – mülkiyyətçinin özünü ifadə formasıdır. Müasir liberalizm açıq şəkildə bəyan etməyə cəsarət etmir ki, yalnız xüsusi mülkiyyətçi vətəndaş ola bilər – onun banilərinin iddia etdikləri kimi. Hərfi mənada bu, cəmiyyətin digər siniflərinin vətəndaş hüquqlarının inkarı demək idi ki, bu fikir XXI əsrdə artıq “siyasi cəhətdən nəzakətli” deyil. Amma xüsusi mülkiyyətə sərəncam vermək azadlığı ilə siyasi azadlığı ayrılmaz surətdə əlaqələndirən mühakimələr məntiqi bizi eyni istiqamətə yönləndirir. Klassik liberal mütəfəkkirlərin fikrincə, yalnız mülkiyyətçi tamhüquqlu vətəndaş olmaq üçün bütün xüsusiyyətlərə malikdir. Mülkiyyəti olmayan insan vətəndaş ola bilməz.

XVII-XVIII ərsrlərin erkən liberalizm ideyaları dövlət təcrübəsində gerçəkləşmişdi. Seçki hüququ mülkiyyət senzurası ilə məhdudlaşdırılmışdı. Proletarlar səs hüququna malik deyildilər, parlament deputatı ola bilməzdilər. həm də İngiltərədə burjua inqilabı qələbəsindən sonra seçki hüququ genişləndirilməmiş, əksinə, məhdudlaşdırılmışdı. Birləşmiş Ştatlarda qullar və qadınlar seçki hüququndan məhrum idilər. Yeri gəlmişkən, qadınların seçki hüququndan məhrum edilməsi heç də onların intellektual bacarıqlarına dair rəyləri səbəbindən deyildi. Qadınlar dövlət başçısı ola, kitab yaza bilərdilər. Amma – səs verə bilməzdilər. Və səbəb qadının səlahiyyətlərini məhdudlaşdıran mülkiyyət qanunvericiliyi idi. Əgər qadın tamhüquqlu mülkiyyətçi ola bilməzsə, onda vətəndaş hüquqlarına da iddia edə bilməz.

Feodal sisteminin qürubunda, XVII əsrin əvvəlində gördüyümüz ingilis parlamentinin məhdud səlahiyyətləri var, amma öz quruluşuna görə çox demokratikdir. Əlbəttə, bütün əhali seçkilərdə iştirak etmir, amma faktiki olaraq Stüartlar dövründə parlamenti xalq seçir. Onun böyük çoxluğu. Başqa məsələ – qalib gəlmiş burjuaziyanın yaratdığı Kromvel parlamentidir. Ən qəddar mülkiyyət senzləri onu qapalı kluba çevirir.

İlk mərhələdə burjuaziyaya, demokratiya qüvvələrinin monarxiya və feodalizmə qarşı səfərbərliyi lazım idi, amma növbəti mərhələdə qalib gəlmiş mülkiyyətçilər sinfi artıq özünü həmin kütləvi demokratik qüvvələrdən qorumalıdır, hansılar ki, özü köhnə rejimə qarşı mübarizə üçün siyasi həyata cəlb edilmişdir. Yeni iyerarxiya qurmaq lazımdır. Liberallar üçün mülkiyyət insan müstəqilliyinin mənbəyi, şəxsi marağın əsası, məsuliyyətin zəmanəti idi. Muzdla işləyən və mülkiyyəti olmayan insanların müstəqil marağı və məsuliyyəti ola bilməz. Onlar manipulyasiya obyektinə çevrilirlər. İnsanın mülkiyyətə malik olmadan da kifayət qədər məsuliyyətli və səriştəli ola bilməsi, mənfəətlə əlaqəli olmayan insan fəaliyyətinin stimullarının mövcud olması fikri burjua təfəkkürünə yerləşmir. Axı biz insanlar haqqında özümüzə görə mühakimə yürüdürük.

Kapitalizmdə mülkiyyətdən məhrum olan insan həqiqətən də asılıdır. Amma bu əsasda XVIII əsrin nəzəriyyəçiləri belə bir nəticəyə gəlirlər ki, kütlələr səs verməməli, siyasi proseslərdə iştirak etməməlidirlər. Müasir siyasi texnoloqlar isə hesab edirlər ki, kütlələr siyasi proseslərdə iştirak etməlidirlər, sadəcə onları manipulyasiya etmək lazımdır. Onlar – manipulyasiya üçün nəzərdə tutulmuş heyvan sürüsüdürlər. bu arada xalq kütlələri artıq XIX əsrdə bütün bunlardan öz nəticələrini çıxardılar. Etiraz hərəkatları demokratik hüquqlardan istifadə etməyə başladılar ki, öz asılı vəziyyətlərini aradan qaldırsınlar, hakim mülkiyyətçiləri onlarla hesablaşmağa məcbur etsinlər. Bu kütlələrin dərk edilmiş və konkret marağı bundan ibarət idi.

Liberal burjuaziya onda maraqlı idi ki, hakimiyyət mülkiyyət hüquqlarına mümkün qədər az müdaxilə etsin. Amma burada problem ondadır ki, demokratik hakimiyyət bu hüquqlara, avtoritar dövlət qədər müdaxilə edə bilər. Iiberalizm üçün demokratik hakimiyyətin səlahiyyət sferasının genişlənməsi avtoritar hakimiyyətin səlahiyyətlərinin genişlənməsi qədər yolverilməzdir. Daha pisi isə, demokratiya ilə razılığa gəlmək daha çətindir, çünki burada bir neçə onluq bürokratik elita nümayəndələri ilə deyil, yüz minlərlə və milyonlarla insanla qarşılaşmalı olursan ki, onların xüsusi marağı onları, öz xeyirlərinə iqtisadi dəyişikliklər etməyə sövq edir. Buna görə də liberalizmin siyasi formulu bu sözlərlə ifadə oluna bilər: minimum demokratiya zamanı maksimum azadlıq.

Artıq XVIII əsrin sonunda liberalizmə əks olaraq, vətəndaşlığın radikal demokratik izahı formalaşır. O, ingilis levellerlərindən (“tənzimləyicilərdən”) və diggerlərdən (“qazıcılardan”) fransız yakobinçiliyinə  gəlir. Ümumi seçki hüququnun şüarı artıq amerikan və ya fransız inqilabının gedişində səslənir. “Universal”, ümumi vətəndaşlığa tam şəkildə baxış öz ifadəsini XIX əsrin radikal, xırda burjua hərəkatlarında, 1848-ci il inqilablarında tapır.

Yeni radikal xırda burjua hərəkatları yalnız köhnə quruluşa qarşı deyil, həm də yeni formalaşan liberal dövlət iddialarına qarşı yönəlmişdilər. Bu, xüsusilə Amerikada nəzərə çarpır. Amerikan inqilabı köhnə feodal monarxiyaya qarşı deyil, İngiltərədə mövcud olan artıq yeni burjua monarxiyasına yönəlmişdi. Amerikada inqilabın qələbəsindən sonra, tarixçilər tərəfindən çox az təsvir olunmuş münaqişə başlanır. Amerikan inqilabının rəsmi versiyası azadlıq tərəfdarları arasında daxili münaqişələri söndürməyə çalışır. Bu arada inqilabı etmiş xırda  burjua demokratik kütləsi və qələbə nəticəsində formalaşan yeni elitalar arasında münaqişə mövcud idi. Xırda burjua radikalların yerlərinə oturtmaq üçün “bani – atalar” Konfederasiya müddəalarını yeni amerikan Konstitusiyası ilə əvəz etməli oldular. İngilis inqilabında biz eyni münaqişəni görürük, fransız inqilabı gedişində isə radikallar, qısa müddətə də olsa, dövlət hakimiyyətini ələ keçirməyə müvəffəq olurlar.

Xalq kütlələri nəzarətdən çıxdılar, bunun nəticəsi isə yakobin diktaturası oldu. Bu diktatura, avtoritarizminə baxmayaraq, o planda demokratik idi ki, əhalinin çox hissəsini siyasətə cəlb etdi. Yakobinçilər bəyan etdilər ki, insan azad doğulur, o, prinsipcə, şəxsiyyətdir. Və doğum hüququna görə vətəndaşdır. Buna görə də ingilis inqilabından fərqli olaraq, fransız respublikası, bu anlayışları  paylaşmadan,  insan və vətəndaş haqları Deklarasiyasını bəyan etdi. Hər insan, mülkiyyətçi olub-olmamasından asılı olmayaraq, müstəqil şəxsiyyətdir.

         Plüralizm

  Liberal siyasi elmi bizə öyrədir ki, rəqabət aparan xüsusi mülkiyyətçilərin birlikdə mövcud olması maraqlar plüralizmi yaradır ki, bununla da vətəndaş cəmiyyətinin yeganə əsasına çevrilir. Həqiqətən də, mülkiyyətçilərin plüralizminin olduğu yerdə, maraqlar plüralizmi olmalıdır. Bu, müzakirə edilməli olmayan bayağılıqdır. Amma məsələ ondadır  ki, xüsusi mülkiyyətçilərin rəqabətinin olmadığı yerdə, maraqlar plüralizmi yenə də yaranır.

(Bu planda Oto Şikin 1967 – ci ildə Praqada dərc edilmiş “Sosializmdə plan və bazar” əsərini xatırlamaq maraqlı olardı. Bazarın maraqlar müxtəlifliyi yaratması haqqındakı tezisi nəzərdən keçirərkən, Şik sual verirdi: necə olur ki, kommunist Şərqi Avropada azad bazar yoxdur, amma maraqlar müxtəlifliyi var. Bundan əlavə, məhz maraqların müxtəlifliyi sovet bloku ölkələrində bazar münasibətlərinin inkişafına tələbat yaradır. Başqa sözlərlə, real inkişaf məntiqi liberal dərsliklərdə təsvir edildiyi hala tamamilə ziddir.)

Son nəticədə, hətta bir xüsusi və dövlət korporasiyası daxilində də biz tez-tez rəqabət aparan maraqlar görürük (və bu – idealda bütöv sazlanmış mexanizm kimi fəaliyyət göstərməli olan bürokratik sistemlərdə belədir).

Plüralizm təsərrüfat rəqabəti zəminində formalaşmır. Cəmiyyətin yuxarıları və aşağıları arasında, idarə edənlər və idarə edilənlər arasında maraqların qarşıdurması daha az real deyil. Qrup, klan, regional maraqlar mövcuddur. Yenə də maraqların mübarizəsi həmişə demokratiya üçün zəmin yaratmır, vətəndaş cəmiyyətinin formalaşmasına gətirib çıxarmır. 1990-cı illərin əvvəllərində Yuqoslaviyanın dağılmasını yada salmaq kifayətdir. Maraqların mübarizəsi, həm də bütün səviyyələrdə, üzdədir. Demokratiya görünmür. Hakim maraqlar bu halda bir-birlərinə qarşı terror tətbiq edən təşkilatlanmış etnik qruplar və bu sistemdən kənarda qalmışlarla təqdim olunublar. Hər bir qruplaşmanın öz iyerarxiyası, səfərbərliyi var. Maraqlıdır ki, Yuqoslaviya dağıldığı anda Şərqi Avropanın ən azad ölkəsi hesab edilirdi. Bəzi öz vətəndaş cəmiyyəti ilə fəxr edən liberal və sol liberal yuqoslav ziyalıları, başlanan tayfalararası müharibəni görərək, dəhşətlə diqqət etdilər ki, Bosniyadakı qətliam məhz yaxşı təşkilatlanmış vətəndaş cəmiyyəti qüvvələri tərəfindən gerçəkləşdirildi. Sadəcə olaraq bu vətəndaş cəmiyyəti həm də yaxşı silahlanmışdı.

Maraqların plüralizmi haqqında marksist təsəvvürlər mülkiyyətçilərin rəqabət ideyasına deyil, ictimai sistemin, ictimai əmək bölgüsünün, cəmiyyətin sinfi tərkibinin təhlilinə əsaslanır. Burada biz maraqlar plüralizminin üç formasını görürük. Rəqiblərin – mülkiyyətçilərin qarşıdurması yalnız cəmiyyətin bir hissəsinə toxunur, həm də insanların böyük hissəsi bu cür ziddiyyətlərə çox etinasızdırlar. Son nəticədə bizim üçün çox da vacib deyil ki, qanun hansı formada, “LUKoyl” şirkəti tərəfindən lobbiləşdirilmiş versiyada yoxsa “Qazprom” şirkəti tərəfindən ödənmiş versiyada parlament tərəfindən qəbul ediləcək?

İctimai və siyasi iyerarxiya sistemində ictimai siniflər və qruplar arasında ziddiyyətləri doğuran ictimai əmək bölgüsü insanlar üçün daha əhəmiyyətlidir.

Həqiqi plüralizm idarə edici sistem daxilindəki ziddiyyətlərlə də yarana bilər ki, biz bunu sovet vaxtı görürdük. Və nəhayət, klan, torpaq, əməyin etnik bölgüsü ilə əlaqəli olan etnik qruplar yarana bilər, onlar feodalizm vaxtı yaranırlar və kapitalizmə keçirlər. Bu qruplaşmalar əmək bölgüsü dəyişdikdən sonra da təkrar yaranmağa davam etməklə, müəyyən dayanıqlılığa malikdirlər. Onlar, hər şeydən əvvəl, digər analoji qruplaşmalarla qarşıdurmanın qorunduğu dərəcədə qorunub saxlanırlar. Məsələn, 1920-ci illərin sonu amerikan mafiyasında müəyyən mənada inqilab baş verdi – italyan dəstələri yəhudi dəstələri ilə birləşdi və məhz bununla Milli cinayət sendikatının əsası qoyuldu. Sonralar italyan və yəhudi icmalarının həyat səviyyəsi yüksəldi, bu milli azlıqlar gettodan çıxdılar, onların nümayəndələri təhsil almağa başladı. Bu mühitdə sıravi mafiya döyüşçülərini cəlb etmək çətinləşdi. Mafiya ilkin etnik səciyyəsini itirməyə başladı. Amma mütəşəkkil cinayətkarlıq, digər etnik qruplardan çıxmış  insanlarla tamamlanaraq, qorunub saxlandı. Bu cür cinayətkar təşkilatlar ümumiyyətlə, müasir kapitalist cəmiyyətdə müxtəlif klanların və həmyerlilər birliyinin necə fəaliyyət göstərdiyinin yaxşı sosioloji modelidirlər.

Marksistlər üçün aydındır ki, cəmiyyətin və demokratiyanın inkişafı üçün məhz ictimai, sinfi münaqişənin doğurduğu ictimai ziddiyyətlər, maraqlar plüralizmi konstruktivdir. Liberal nəzəriyyələrin əksinə olaraq, mülkiyyəti olmayan insanlar kifayət qədər aydın və bir qayda olaraq, dərk edilmiş maraqlara malikdirlər. Sadəcə olaraq bu maraq mülkiyyətçilərin maraqlarına ziddir. Başqa məsələdir ki, hər ictimai münaqişə sinfi deyil (istismar olunanla istismar edənin münaqişəsi, proletarlar və xüsusi mülkiyyətçilərin mübarizəsi kimi). Bürokratiya, rəhbər sinif daxilində qrup maraqları var. Həmçinin zəhmətkeşlər arasında.

Buradan, yeri gəlmişkən, sol qanadda siyasi plüralizm tələbi doğur. Siyasətin stalinist konsepsiyası nəzərdə tutur ki, zəhmətkeşlərin sinfi təfəkkür tamlığına malik olan yalnız bir “düzgün” partiyası ola bilər. Digərləri – ya sadəcə olaraq “işçi hərəkatında burjuaziya agentləridirlər”, ya da düzgün ideologiyanı anlamaq üçün hələ yetişməmiş, nəzəriyyəni dərk etməmiş və s. insanlardır. Qısacası, sırf nəzəri ideyalarla hərəkət edən sol siyasət haqqında sırf ideoloji təsəvvür yaranır. Amma əslində isə sol qanadda müxtəlif partiyaların mövcud olmasını ideologiyada deyil, sosiologiyada və cəmiyyətin iqtisadi quruluşunda axtarmaq lazımdır. Kapitalizmdə əmək bölgüsü nə qədər mürəkkəb və çoxsəviyyəlidirsə, muzdlu işçilər ictimai cəhətdən bir o qədər bircinslidirlər. Bu deməkdir ki, maraqları heç də eyni olmayan müxtəlif işçi sinfi dəstələri yaranır. Bütün bu maraqlar kifayət qədər “qanunidirlər”, onlarla hesablaşmaq lazımdır, amma həmçinin fərqlərlə də hesablaşmaq lazım gəlir. İdeologiya sadəcə olaraq zəhmətkeşlər hərəkatı daxilindəki təbii ziddiyyətləri əks etdirir. Sol hərəkat təbəqələnir. Bu təbəqələşməni aradan qaldırmaq nə hər kəsə bir “düzgün” proqram və ideologiyanı yeritmək köməyi ilə, nə də “vahid cəbhə” uğrunda qarşılıqlı mexaniki güzəştlərin köməyi ilə mümkün deyil. Bu vəziyyətdən çıxış yalnız, zəhmətkeşlərin daha ümumi maraqlarına əsaslanan sinfi mövqenin formalaşması üzrə müntəzəm iş ola bilər. Bunu, yeri gəlmişkən, Marks və Engels “Kommunist manifestində” artıq qeyd edərək vurğulamışdılar, kommunistlər, demək olar ki, hərəkatın daha ümumi strateji maraqlarını müdafiə edirdilər, lakin bu, digər demokratik və sol partiyalarla əməkdaşlığı istisna etmir.

(c) SOLFONT.org

Oxşar yazılar:

Baxış sayı:2109