abunə ol: Yazılar | Şərhlər | Еmail

Aziz Nesin – İnqilab olub

Şərh

aziznesin-420

Rəcəb dayı skamyanın üstündə bardaş qurub oturmuşdu. O, iyirmi gündə ən azı iyirmi dəfə danışdığı hekayəsini yenə də şirin-şirin nəql edirdi. O, danışa-danışa, bir əli ilə saqqalını tumarlayır, o biri əli isə cırıq corabından çıxan barmaqlarını ovuşdururdu.

Qəhvəxanadakılar hərdənbir mənimlə zarafatlaşırdılar. İyirmi gün bundan əvvəl məni bu kəndə müəllim göndərmişdilər. Mən kəndə gəlib gördüm ki, burada məktəb yoxdur. Sonra məsələ aydın oldu ki, məni məktəbi olan bir kənd əvəzinə səhvən buraya göndəriblər. İndi yəqin ki, o kənd müəllim, müəllimi olan bu kənd isə məktəb gözləyir. Kəndlilər də elə bilirlər ki, bu səhvi mən etmişəm. Ona görə də mənə sataşıb gülürdülər. Özümü elə aparırdım ki, guya onların məni dolamalarını başa düşmürəm. Bu onların daha da xoşuna gəlirdi.

Mənə kərpic divarının bir tərəfi uçmuş kənd məscidinə bitişik bir otaq vermişdilər. Ora yatandan-yatana gedirdim. Qalan vaxtım isə divarları hisdən qapqara olmuş qəhvəxanada keçirdi. Yolları qar basdığı üçün kənddən gedə bilmirdim.

Bu kəndlilər yaman çox danışan adamlar idi. Hər sözün başında ya atalar məsəli çəkir, ya da ibarəli

Ifadə işlədirdilər. O deyir, bu deyir, sanki atalar məsəli çəkmək yarışına çıxıblarmış kimi durmadan, hey danışırdılar.

Rəcəb dayı bir əli ilə saqqalını tumarlayır, o biri əli ilə də ayaq barmaqlarını ovuşdura-ovuşdura gəncliyində qoyun otaran zaman qarşısına çıxan canavarla necə əlbəyaxa olduğunu şirin-şirin nəql edirdi.

Bu ara qəhvəxananın qapısı açıldı, qar çovğunu içəri doldu. Qəhvəxanaya girən adamın üst-başını qar basdığından onu tanımaq olmurdu. Gələn adam qapını örtüb, ayaqlarını yerə döyə-döyə, əlləri ilə üstünü çırpanda mən də onu tanıdım. Bu Küsbük Məmməd adlı cavan oğlan idi. Küsbük Məmməd gözləri qəhvəxananın tüstülü ala-qaranlığına öyrəşənə qədər vargəl etməyə başladı. Nəhayət, həsir stullardan birinə oturdu.

Rəcəb dayı dedi:

—        Adə, Küsbük Məmməd, dalınca canavar düşmüşdü, nədi? Niyə vurnuxursan?

Küsbük Məmməd cavab verdi:

—        Əmi, bizim arvad əldən gedir!

Qəhvəçi Durmuş ağa dilləndi:

—        Qoy getsin, oğlum…

Qəhvəxanadakılar gülüşdülər. Küsbük Məmməd iri yumruqlarını bir-birinə vura-vura dedi:

—        Ah, əmi, işlər pisdir. Yazıq arvad səhərdən bəri çapalayaraq inildəyir.

Rəcəb ağa yun corabından çıxan barmaqlarını təsbeh dənələri kimi oynadırdı. O, üzünü Küsbük Məmmədə tutaraq dedi:

—        Ay oğul, arvad tayfasının ən yaxşısı altı ay yaşayır. Bəxtin varmış. Qismətinə cins arvad çıxıb.

—        Eh, əmican…

—        Oğlum, hələ bir dayan, camaatı qorxutma. Bizim muxtar deyərdi ki, bu dünyada üç şeyin çarəsi yoxdur: ərəbin sifəti ağarmaz-bu bir, kosanın saqqalı çıxmaz—bu iki, ölümə dərman tapılmaz—bu da üç… Nə fır-fır fırlanırsan. Əgər xəstə yeyib-içə bilmirsə, kim ona əlac edə bilər!

Bura qədər səssiz-səmirsiz oturmuşdum. Küsbük Məmmədə təsəlli vermək xatirinə ondan soruşdum:

—        Arvadına nə olub?

O nə bilsin ki arvadına nə olub? Mən elə söz demək xatirinə soruşurdum. Qəhvəçi Kazım ağa mənim sualıma cavab verdi:

—        Heç bir şey, canım, nə olacaq, hamilədir.

—        Kənddə mamaça yoxdur?—deyə soruşdum.

—        Mamaça? Kənd mamaçayla doludur. Hər evin qoca qarısı bir mamaçadır.

—        Telefon edib qəsəbədən həkim çağırtdırsaq…

—        Telefonmu? Eh, müəllim, nə qoyub nə axtarırsan. Bu kənd məgər “rəsmi dövlət idarəsidir?” Burada telefon nə gəzir…

—        Xəstəni bir maşına mindirib qəsəbəyə aparmaq olmazmı?

—          Əgər yola çıxmaq mümkündürsə, bəs nə üçün burada qalmısan, müəllim? Bu qarı-boranı görmürsən?

Biz danışan zaman Küsbük Məmməd qəhvəxanadan çıxıb getdi.

Rəcəb dayı üzünü Kazım ağaya tutub:

—        Mənim böyük oğlum Murada Çəp Şabanın qızını almışdıq, yadındadır?—deyə soruşdu.

—        Həə, yadımdadır… Rəcəb dayı, üstündən neçə il keçib?

—          On beş il olar. O vaxt Murad əsgər getməmişdi. Bu Çəp Şaban pulgir xainin biridir. Qızınəvəzində üç yüz lirə bankı not, iki dügə və bir beşibirlik başlıq istədi. Şabana dedim:  “Adə, Çəp, anasını da üstündə verirsən?”

Bizim oğlanın da ağlı yox idi, deyirdi ki, ancaq Çəp Şabanın qızını alacağam. “Ay oğul, əlli lirə verim, get qəsəbəyə artist qızlarla könlünü əyləndiir. Çəpin qızından sənə arvad olmaz”—dediksə də onu başa sala bilmədik. Qız da bir qız olsaydı, dərd yarı idi. Lap sərçəyə oxşayırdı. Ətli-canlı bi şey olsaydı cehizini, başlığını, üzgörməsini, başqa bütün istədiklərini verərdim. Lakin qız nə qız? Bir sümük, bir dəri idi.

Bir dəfə Çəp Şabanı kənara çəkib, “Arxadaş — dedim, — sənin qızın bu qiymətə dəyməz, əgər dəysə, pulu, dügəni yerin deşiyindən çıxarıb verərəm. Ancaq dediyin qiymətə dəyməz. Gözlə doğsun, sonar başlığı verim”. Bunu eşidən Çəp Şaban dedi: “Sənin oğlun qızıma qurban olsun. Mənim qızım ondan da artıq qiymətə dəyər. Amma biz sizin xatirinizə ağzımızdan o qiyməti qaçırtdıq”. “A kişi, Şaban, bu qız xəstə çıxar—dedim.—Verdiyimiz pula dəyməz”. O isə bizə: “Bunun anası da belə idi. Qız vaxtı görsəydin, deyərdin ki, yel əssə yıxılar. Ərə gedəndən sonra dəyişdi. Sən bu qızın beləliyinə baxma! Qız anasına çəkibdir. Qoy ərə getsin, ondan sonra təbil kimi şişəcək».

Nə isə, sözü uzatmayaq, onunla sövdələşib iki yüz lirə ilə bir dügəyə razılığa gəldik. Toy oldu. Bəylə gəlin gərdəyə girdi. Toydan sonra qızın kökələcəyini gözləməyə başladıq. Ancaq gəlin gündən-günə daha da zəiflədi. Arvad bir yandan, mən də bir yandan gəlinə baxıb, iki yüz lirə ilə dügənin əlimizdən çıxmasına yanırdıq. Qız gündən-günə şam kimi əriyirdi. Oğlan da utandığından üzümüzə baxa bilmirdi.

Bir dəfə səhər yuxudan duranda gördük ki qız kökəlib. Ancaq bu köklük adi köklük deyildi. Qızın qarnı şişmişdi. Onun qarnı taxıl anbarına oxşayırdı. Çəp Şaban bic-bic bizə baxıb dedi: “Mən deməmişdimmi, bunun anası da elə bu təhər olmuşdu”. Bizim oğlanın üzü gülürdü. Ertəsi gün gördük ki, qızın qarnı təbilə dönübdür. Üçüncü gün qızın qarnı o qədər böyüdü ki, hətta addım ata bilməyib döşəyə sərildi. Güllü arvadı çağırdıq. Güllü arvad qıza baxıb:

—        Ay oğul, qız hamilədir!—dedi.

Adə, ocağı sönmüş, bu qız hamilədir! Üç il gözləyib üç günün içindəmi hamilə oldu? Üç gün bundan qabaq onun qarnı bu qədər böyük deyildi. Gəlinin qarnındakı uşaq birdənmi əmələ gəlmişdi?

Qız inildəməyə başladı. Əlini qarnına vuranda təbil kimi gum-gum gumbuldayırdı. Bağırtısına qonşular dözə bilmirdi. Güllü arvad hər gün baxıb:

—     Səhər doğar… axşam doğacaq!—deyirdi.

O, səhər, axşam deyə-deyə bizi iki il gözlətdi. Qarnı da şişdikcə hey şişirdi. Qız arxası üstə uzanıb bağırırdı. Bağırdıqca qarnı şişir, qarnı şişdikcə bağırtısı artırdı. Onun üstünə qışqırıb deyirdik:

—     Qız, donuzun biri donuz, bağırma! Görmürsən, bağırdıqca qarnına hava dolub şişir.

Qız isə buna baxmayaraq bağırırdı.

Axırda qarnı o qədər şişdi ki, qapıdan keçə bilmədi. Qız hələ də yorğan-döşəkdi idi.  Bir az da keçsə gəlin evə sığmayacaqdı. Bu işi Güllü arvaddan yaxşı bilən yox idi. Qızın qarnı şişdikcə o deyirdi:

—     Əkizdir!

Ertəsi gün kəlib:

—     Gözünüz aydın, üç dənədir!—dedi.

Daha bir gün sonra isə!

—     Müjdəmi verin, beş dənədir!—deyə xəbər verdi.

Bizim gəlinin qarnı təlim çadırına dönmüşdü.

Elə bil ki, qarnına bir manqa uşaq dolmuşdu.

Biz qızı gəlin gətirəndən bəri, boz inəyimiz iki dəfə buzovlamışdı. Gəlin isə hələ də doğurdu. Güllü arvaddan da soruşanda deyirdi ki: “Ya axşam, ya səhər doğacaqdır”. Hansı səhər, hansı axşam? Gəlinin qarnındakı uşaqların tay-tuşu əsgər gedəcəkdir. Bizim gəlin hələ də doğurdu. Bu necə doğmaq oldu?

Deyin ki, ay axmaq, sən hökumətdən yaxşı bilirsən? Hökumət qulluğa məmur götürən zaman nə edir? Məmuru əvvəlcə müayinədən keçirtmirmi? Adam müayinədən sağlam çıxırsa, sağlamlığa görə ona maaş kəsir. Bizdə isə elə bir adət yoxdur. Arvad alan vaxt onu bir həkimə göstərməzlərmi? Nə qəd yaşayacağını bilmədən gözyumulu pulu verirsən gedir. Pul, dügə əldən çıxdı. Bir gün Çəp Şabanın yaxasından yapışdım:

—        Adə, alçaq, dolamağa adam tapmadın? Üstündə pul da versəydin, bu qızı heç kim almazdı. Onu bizə sırıdın. Üstəlik pul da alıb bizi soymağa utanmadın?—deyə, üstünə qışqırdım.

Çəp Şaban birbaşa bizə gəldi. Qızın qarnının dağ kimi olduğunu görəndə nə desə yaxşıdır:

—        Hey, maşallah, bu qız anasını da vurub keçib!

Qızın qarnı az qalırdı ki, ağzına dəysin. Gəlinin hər şeyinə razı olardıq, ancaq bağırqısı olmasaydı. Bir gün Çəp Şabana dedim:

—        Adə, alçaq şaşı, ay imansız, bizim pullar necə olacaq?

Çəp Şaban tərs-tərs danışsaydı ayağımın altına salıb təpikləyəcəkdim.

O isə mənə təmkinlə:

—        Sən heç qəm çəkmə, Rəcəb dayı,—dedi.— Bunun anası da belə idi. Bunlar əvvəlcə qarından şişir-şişir, sonra da şiş yayılır bədənlərinə. Axırda aslan kimi ayağa qalxırlar. Ondan sonra nə qədər istəyirsən qoş işə. Sən heç qəm çəkmə, Rəcəb dayı.

Bir gecə gəlinin səsi kəsildi. “Ah, qarnının şişi vücudunamı yayıldı?”—deyərək otağa yüyürdüm. Şiş yenə də yerində idi. Bizim arvad qara-qışqırığa başladı:

—        Ay aman, yoxsa ölüb? Əgər ölübsə bizim verdiyimiz pullar əlimizdən çıxdı. Dügə əlimizdən çıxdı!..

Arvada yaxşı bir sillə çəkdim.

—        Arvad, bu nə sözdür? Gəlinin ölməsi ilə bizim pullara nə olacaq ki? Pulumuz elə həmişə puldur. Biz pulu gəlinə vermişik, ya atasına? Çəp Şaban ki, hələ ölməyib.

Gəlinə baxdıq. Yavaş-yavaş nəfəs alıb-verirdi. Hələ ölməmişdi. “Yəqin gəlinin qarnının şişi bədəninə yayılır, bir azdan aslan kimi ayağa duracaq”.— deyə fikirləşdik. Əgər bu şiş yayılıb, gəlin ayağa qalxsaydı mənəm-mənəm deyən heç bir igid onun biləyini bükə bilməyəcəkdi. Ondan sonra dağa, təpəyə göndər, nə qədər kefindir işlət…

Gəlinin bağırtısına artıq alışmışdıq. Səsi kəsiləndən sonra daha gözümüzə yuxu getmirdi.

Üç gün beləcə keçdi. Dördüncü gün isə əvvəlcə boz inək böyürməyə, sonra isə gəlin bağırmağa başladı. Boz inək doğmaq istədiyi üçün böyürürdü. Bəs gəlin niyə bağırırdı? A kişilər, boz inəyin başına da bir iş gəlmədimi? Heyvancığaz böyürür, böyürür, heç cür doğa bilmirdi. Zavallının qarnı Höt dağı kimi şişdi. Yenə də Güllü arvadı çağırdıq. Güllü arvad boz inəyə baxıb:

—        Bunun vaxtı keçmişdir,—dedi,— ona körə də heyvancığaz doğa bilmir…

—        Nə üçün vaxtı keçib axı?—deyə soruşduq.

—        Xəstələnmişdir… Gəlinin xəstəliyi bu zavallı heyvana da keçmişdir.

Tfu… İşə bax ha, Kazım ağa, bir cılız gəlin aldıq. O da bütün heyvanlara xəstəlik salacaqdı. Biz evə gəlin almamışdıq, öz pulumuzla başımıza bəla almışdıq. Bütün heyvanlarımız qırılacaqdı. Ocağın sönsün, Çəp Şaban. Sən bizə qız əvəzinə dərd vermisən. Ay Çəp, arvadın bu qızı haradan tapıb çıxartdı?

İnək böyürürdü, gəlin bağırırdı. İndiyə qədər belə bir xəstəlik görünməmişdi. İkisi də doğa bilmirdi. Biz gəlini-məlini unudub, inəyin başına toplaşdıq. Bu böyüklükdə inək göz görə-görə, böyürə-böyürə əldən kedəcəkdi. Allah rəhbət eləsin, Saleh Pəhləvan gəlib dedi:

—        Qum göyərsə də, bu inək doğa bilməz…

—          Nə üçün doğa bilməz?

—        Heyvancığaz gəlinin səsindən ürkür. O bağırdıqca, bu heyvan buzovlamıyacaq.

Bəs necə olsun? Gəlinə—“Sus!”—deyirdik, o susmurdu. Ay qız, beş dəqiqə sus, qoy inək doğsun, sonra nə qədər istəyirsən bağır. Gəlinin üstünü yorğanla, keçəylə örtdük. Qapıları bərk-bərk bağladıq. Kazım ağa, sən indiyə qədər belə bir bağırtı eşitməmisən. Qəsəbə bazarına da getsəydin, bizim gəlinin bağırtısını eşidərdin. Bu necə boğaz idi, qardaşım, nə qədər bağırırdısa, səsi də heç batmırdı.

Saleh Pəhləvan bizə məsləhət gördü:

—        Bu gəlini qəsəbəyə aparın, həkim bunu sağaltsın, Boz inək də doğsun.

Başqa bir çarə yox idi. Biz gəlini sağaltmağa məcbur idik. Qız ölsəydi. Çəplə aramız bərk dəyəcəkdi. Gəlini atdıq arabaya. Biz kənddən iki-üç papiros çəkimi qədər uzaqlaşanda, boz inək doğmuşdu.

Qəsəbəyə çatdıq, Qəsəbədə bazar var ha, orada birisi mənə dedi:

—          Ay Rəcəb dayı, səndə heç insaf yoxdur? Arabanı ağzına qədər, dağ kimi, təzəklə yükləmisən. Bu yükü boşaltsana.

—        Ocağın batsın, bu təzək yükü deyil, bu bizim gəlindir,—Deyə onun səhvini düzəltdim.

Gəlinin qarnı çulun altında dağ kimi dururdu. Həkim axtarmağa başladı. Demə qəsəbədə həkim yox imiş. Dedilər ki, həkimin yerinə feldşer vardır.

Feldşerin yanına apardıq. Feldşer dedi:

—        Bu xəstəliyin çarəsini mamaça bilər…

Mamaçanın yanına getdik. O dedi:

—        Ancaq xəstəxanaya…

Sürdük arabanı vilayət xəstəxanasına. Burada da bu xəstəliyin həkimi yox imiş. Onun yerinə başqa bir həkim var idi. Gəlini ona göstərdik. O, bir resept yazdı. Aptekə getdik. Aptekdə o yazan dərman yox idi. Yenə həkimin yanına dönüb dedik:

—         Yazdığın dərman yoxdur…

Həkim dedi:

—        Onun yerinə bunu alın, bu o dərmanı əvəz edir…

Gicəlib qalmışdıq.

Orada bir nəfər mənə:

—        Siz bunu həkimə aparmaq əvəzinə, mollaya aparın—dedi,—dua oxuyub sağaltsın.

Bizə dedilər ki, orada bir molla var. Ovsun oxuyub lalı dilləndirə bilir.

Molla bizim gəlinin qarnını görən kimi dedi:

—        Sizdən beş lirə alaram…

—        Ay molla, başqasından bir lirə alırsan, bizdən nə üçün beş lirə?..

Molla yenə dedi:

—        Bunun qarnına bir baxın, mən bunun göbəyində dua yazacağam. Bu göbəyə elə bir lirəlik mürəkkəb işlənəcək.

Molla haqlı idi. Beş lirəni verdik. Molla gəlini o biri otağa apardı. Başladı yazmağa… Gözlə, ha gözlə, gəlin gəlib çıxmaq bilmədi

Aman molla… Molla bütün göbəyi  yazı ilə dolduracaqdı. Bizim gəlinin göbəyinə yazı çatar, mürəkkəb bəs eləyər?..

Molla içəridə yazı yazan vaxt birdən evə polislər, jandarmlar doluşdu. Mat qaldıq. Bu nə olan işdi?

Bizim gəlinin göbəyinə dua yazarkən mollanı tutdular. Hamımızı polis idarəsinə apardılar.

Polis komissarı soruşdu:

—          Nə üçün mollanın yanına getmişdiniz?

—        Niyə də getməyək, həkimin yerinə feldşer… Dərman yoxdur, onun yerinə bu var… Bu yoxdur, onun yerinə o var…, o yoxdur, onun yerinə bu var… Heç kim dərdimizə çarə etmədi. Ona görə də biz mollanın yanına ketdik.

Komissar dedi:

—          Mollanın yanına getmək qadağandır.

—        Nə üçün? Mollanın nə günahı var?..

—        Bilmirsinizmi? İnqilab olub…

—        İnqilab nə olan şeydir. İnqilab qoy olsun da… İnqilabdan bizə nə?

Dərman əvəzinə mollanın yanına getdik. İnqilab olduğuna görə mollanın yanına getmək də qadağan imiş, inqilab olan vaxt arvadın göbəyinə dua yazılmazmış. Belə, belə işlər, ağalar…

Rəcəb dayı susdu.

—        Bəs gəlin necə oldu?—deyə soruşdum.

—        Polis idarəsindən çıxan kimi öldü…

Qəhvəçi Kazım ağa soruşdu:

—        Rəcəb dayı, Çəp Şabandan pulu aldın?

—        Bir qədər aldım, bir qədəri də qaldı. Əvvəlcə vermək istəmirdi. Ancaq “Çəp, səni öldürərəm” —dedim. “Mənim qızım bu qədər vaxt sənin oğluna arvadlıq edibdir” — dedi. Ha vaxt arvadlıq etdi? Heç bir gün dəyirmana gedib, tarlaya gedib, odun gətirməyə gedib? Heç bir dəfə xırmana gedib, aş bişirib? Ərə ketməyinin ertəsi günü qarnı şişib, yatağa düşüb qalıb”. Boğazından yapışıb 170 lirəyə qədər qopartdım. Ondan sonra Çəp də öldü. Dükə ilə 30 lirə əlimizdən çıxdı. Amma iki əlim yaxasında qaldı. Alçaq, aldadıb xəstə qızı bizə verdi. Allahın hüzurunda hesab verməli olacaq.

Qəhvəçi Kazım ağa dedi:

—Küsbük Məmməd arvadının yox, pulların əlindən çıxacağı üçün yanır. Atası gəlini alanda min lirə pul vermişdir. Bir il də keçmədən arvadı ölərsə, əlbəttə, Küsbük Məmmədi yandırar…

Bu zaman qapı açıldı. Küsbük Məmməd içəri girdi. Üzü bayaqkından da tutqun idi.

Kazım ağa soruşdu:

—        Ə, yoxsa arvadın öldü?

Küsbük susurdu.

Rəcəb dayı dedi:

—          Ösəydi belə olardı?

Küsbük Məmməd yavaş-yavaş başını qaldırdı, boğuq bir səslə dedi:

—        Arvad doğdu…

Qəhvəxanadakılar ona gözaydınlığı verməyə başladılar:

—        Küsbük, gözün aydın olsun…

Küsbük Məmməd hirslə bağırdı:

—        Nə gözün aydın, arvad qız doğdu!

Kazım ağa:

—        Həəə… — deyə bildi.

Rəcəb dayı isə:

—        Vay, vay… — deyə içini çəkməyə başladı. Qəhvəxanaya uzun, ağır bir səssizlik çökdü…

(c) SOLFRONT.org

Hazırladı: Cavid Babək

Oxşar yazılar:

Baxış sayı:3511

Şərhlər

  1. Anar deyir:

    Yaziya gore tesekkurler.