abunə ol: Yazılar | Şərhlər | Еmail

Karl Marks və müasir mədəniyyət – 2

Şərh

lifshic_chit

I HİSSƏ III HİSSƏ

Mixail Lifşits

Beləliklə, loqodiseya olmasa da, heç də səfehlik deyil – bizim zəmanənin dünya hadisələrinə ümumi baxışda bunu başa düşmək olar. Bu nəticə, təntənəli şəkildə “rifah cəmiyyəti” və ya “rifah dövlətinə” çevrilmiş kaptializmin müvəqqəti uğurlarından qaynaqlanan dərin mənəvi böhranla təsdiqlənir. Bəli, məhz rifah çox hallarda, bundan doğan bütün fəsadlarla böyük insan kütlələrinə ziyan vurmuş həyata qarşı dəhşətli ikrah hissi oyadır – könüllü cırlaşma istəyi, anlamsız zorakılıq tutmaları, əvvəllər də çox rast gəlinən və hətta müasir mədəniyyətin normal əlamətləri hesab edilən ictimai isteriyanın müxtəlif təzahürləri.
Müasir kapitalist dünyanın zənginliyinin əks təsiri hardan yaranır, Marksın məşhur ifadəsincə, “texnikanın uğurları” ilə “mənəvi deqradasiya” arasındakı əlaqə haradan doğur? Məsələn, nə üçün İsveç kimi tox və mədəni ölkə, mötədillik və təmizlik ölkəsi müşahidəçiləri əxlaq dəyərlərinin geriləməsi və gəncliyin anarxist narazılığı ilə heyrətləndirir? Bu şeytanın lənətlənməsi üçün müxtəlif adlar var, lakin onu necə adlandırılsa da – yadlaşma və ya mədəniyyət daxilində pozğunluq (das Unbehagen in der Kultur) – digərlərinin öz qayğıları və pozğunluqları olduğu ilə özünü nə qədər təsəlli etsən də, fakt fakt olaraq qalır: burjua cəmiyyəti, əsrin ortalarında (XX əsr – tərc.qeydi) yaratdığı daha çevik sinfi hakimiyyətin nəticəsi olmuş maddi mövcudluğun uğurlarında da bərəkət tapa bilmədi.
Bu fakt öz dərinliyi və tendensiyasına görə bircins olmayan, lakin ümumilikdə şəksiz surətdə diqqətəlayiq şəkildə bütöv ədəbiyyatda öz əksini tapdı. Buraya Ç.R.Mills, Rismen və onun məktəbinin, Uayt, Pekard, Fromm və bir çoxlarının əsərləri aiddir. Bu əsərlərin bəziləri kapitalizmin müasir şəklinin ən ciddi və real tənqidinin nüvəsini ehtiva edir, lakin onlar bu və ya digər halda onu göstərir ki, Marksın göstərdiyi tarix qanunlarını aldatmaq asan deyil.
Qərb xalqları bu əsrdə bir sıra yeni iqtisadi və mədəni üstünlüklər əldə etmişlər. Onlar bu üstünlükləri qismən tarixi özfəaliyyətləri, milli demokratik qüvvələrin mübarizəsi nəticəsində, qismən də rəhbər elitanın uzaqgörən, və ya ən azından sinfi mübarizəni nəzərə alan siyasəti nəticəsində əldə etmişlər ki, bu elitalar yeni Rusiya nümunəsinin nə olduğunu yaxşı başa düşürdülər. Bu üstünlüklər tez-tez birbaşa deyil, müstəqil sahiblənmə ilə, yəni hər şeyi canlandıran xalq kütlələrinin yüksəlməsi prosesində əldə edilmişdir. Xalq kütlələri, onları həyat sahibləri üçün nisbətən təhlükəsiz edən, bəzən isə onların hökmranlığı üçün əlverişli edən hər cür obyektiv şərtlərlə əhatə olunublar.
Yuxarıdan əldə edilmiş sərvətlər məcburi iltifatlar idi. Və bu elementin olduğu, “kütləvi mədəniyyətə”, kütləyə təsir edərək həqiqətən mövcud olduğu hər yerdə – həyatın cansızlaşmasının baş səbəbi aydın olur. Çünki yuxarıdan hazır halda, birbaşa iştirakımız olmadan əldə etdiyimiz, kütlələrin inqilabi özfəaliyyəti ilə aydınlanmamış hər bir nemət ölüdür. O, sıxıcı maddi qüvvəyə, gündüz kabusuna çevrilərək, qaranlıq etiraz hissi, məcburiyyətlə pozulmuş sivilizasiyanın ən qabaqcıl nailiyyətlərindən uzaqlaşma hissi yaradır. Bəli, bütün bunlar “Markssayağı” deyil, lakin cəmiyyət və hər şeyin tarixi zərurətlə daha aşkar və birbaşa yolla, yəni “Markssayağı” şəkildə təzahür etməsini ləngidənlər üçün daha pis olacaq.
“Mədəniyyətdə nizamsızlıq” və bu halla əlaqəli, qar topu kimi böyüməkdə olan bütün nişanələr buradan qaynaqlanır. Marksizm tərəfindən məntiq dilinə çevrilmiş tarixi zərurət özünü belə göstərir. Hər kəs – ağlar və qırmızılar, həm kapital, həm də inqilab varisləri ona tabedirlər, lakin xüsusilə o adamlar tabedirlər ki, onlar hiyləgərlik və ya zorakılıq yolu ilə ondan qaçmaq istəyirlər. Hətta məntiqi zərurətin həyata açıq yol tapmadığı yerlərdə belə, zərurət daha mürəkkəb və tez-tez eybəcər yollarla özünə yol tapır. Əgər bu çətinliklər abstrakt marksizmin həddən artıq rasional, yəni məntiqi sxeminə uyğun deyilsə, bu o deməkdir ki, Karl Marksın dialektik təfəkkürü günahkardır?
Tez-tez tərəqqi ideyasının inkarı olan ictimai inkişafın həmin dolanbaclarında biz öz yarım, qeyri-azad formasında götürülmüş, tarixin mütərəqqi qüvvəsini – böyük insan kütlələrinin öz taleyini idarə etmələrində fəal və birbaşa iştirakı sıxışdırıb çıxaran məhdud tərəqqinin dəlillərini görürük. İndiki zamanda kapitalizmin istehkamlarına çevrilmiş ölkələri, iqtisadi inkişaf və az və ya çox dərəcədə möhkəm mədəni ənənə ölkələri üçün bu vəzifə yerinə yetirilmədikcə, ictimai proses yuxarıdan hərəkətlərin, kortəbiilik və despotizmin ittifaqının müxtəlif formalarını yaradaraq, yuxarıdan hərəkətin təsiri ilə zəhərləndikcə, tarix, Hertsenin ifadəsinə görə, “xətti inkişafdan kənara çıxmağa” qadirdir. Kütləvi cəmiyyət adlanan məhfumun nəzəriyyəçilərinin fikrincə, müasir mədəniyyətin çatışmazlıqları kütlənin, nadan çoxluğun müdaxiləsinin nəticəsidir. Marksizm nöqteyi-nəzərindən, bu kütlənin yaranması özlüyündə kütlələrin ciddi ictimai işlərdə birbaşa iştirakdan uzaqlaşdırılmasının nəticəsidir.
Maddi qüvvələr mənəvi həyat qazanırlar, insan isə adı maddi qüvvə səviyyəsinə enir! Marksın bu tezisi ağılları cəlb edir və hətta kommunizm əleyhdarları tərəfindən də sonsuz şəkildə təkrarlanır. Lakin biz unutmamalıyıq ki, Marks yalnız bu yadlaşmanı, yəni şəxsi əlaqələrin maddi, ölü, mexaniki əlaqələrə çevrilməsini təsvir etmir. O həm də “yadlaşmanın” müstəqil qaçılmaz fakt olmadığını, əslində isə ictimai qüvvələrin yüksəlməsinin dəyişmiş, irrasional forması olduğunu göstərir. Əgər cəmiyyət hələ özünü xatırlatmaq və yeni şəraitdə, tarixin yeni heyrətamiz şıltaqlıqlarında təkrarlanmaq xüsusiyyətinə malik əsas vəzifəni həll etməyə qadir deyilsə, bu vəzifə yerinə yetirilməyibdə, hər bir rifah şərə çevriləcək.
Müasir “mədəniyyətdə nizamsızlığın” tənqidi, qeyri-marksist tənqid də Marksdan öyrənir. Lakin bu tənqid ondan ancaq bir mövzunu götürür ki, onu bu sözlərlə ifadə etmək olar – “itirilmiş illuziyalar”. Tarixin gedişatı, xüsusilə də birinci fransız inqilabı zamanından bəri, bu mövzunun dramatik inkişafı üçün zəngin material verir. Böyük ictimai həmlələr məyusluq ilə başa çatırdı, elm və sənayenin yaratdığı nəhəng qüvvələr insanlara qarşı çevrilirdi. Bütün bunlar indi o qədər aşkardır ki və təkrarlanaraq elə bir ümumi şəkil almışdır ki, rəsmi qanun olaraq qəbul edilə bilər. Lakin bu cür qanunda məsələnin yalnız bir tərəfi, halbuki ola bilər ki, fani və bununla bərabər, dünyadakı yerini dərk edə və hiddətlənə bilən varlıq olan insan üçün ən həssas tərəfi əhatə olunacaq.
Şığıyıcı bombardman təyyarəsinin səsi altında palçıq içində uzandığınızda, dünya – ikrah doğuran mənasızlıqdır. Lakin bu mövqeni ümumi nəticələrin əldə edilməsi üçün ən yaxşı hesab etmək olmaz. O adam xoşbəxtdir ki, o daha rahat nöqteyi-nəzərdən hadisələrin gedişatını müşahidə edə bilər, necə ki, biz indi, ilkin xristianlıq dövründə antik dünyanın böhranı haqqqında və ya 1933-cü ildən sonra Avropada baş vermiş dəhşət dolu hadisələr haqqında yazırıq. Təki trotilin partlayışı ilə yanmış torpaq qoxusunu unutmayaq, əgər biz daha tam və birbaşa travmadan azad nəticələr çıxarmaq üçün çiyinlərimiz üstündə başımızı qoruyaraq bu yaramaz “sərhəd vəziyyətindən” qurtula bilmişiksə, bu yaxşılığa işarədir. Hər günün öz zülmü var. Tarixi əməyin yalnız mənfi cəhətlərini deyil, həm də ümumi nəticəsini və ya onun, heç olmasa uzaq cizgilərini, Aristotelin ifadəsinə görə, “uğrunda” görmək imkanı – böyük üstünlükdür.
Marksın dahiyanə fikri elə aşkar şəkildə təsdiqləndi ki, savadlı kütlə onu indi pozulmuş şəkildə qəbul etməyə hazırdır. Marks bizə deyir ki, insan azadlığının inkişafı ilə birlikdə maddi zərurət sahələri də genişlənir. İnsanların mövcudluğunun bu ictimai bünövrəsi cəmiyyətin şüurlu nəzarətinə tabe olmaqdansa, öz kortəbii yüksəlişi ilə onun üzərində hakim olur. Düşüncənin hərəkəti özlüyündə kor-koranə tərəqqi cizgiləri qazanır. Kortəbiilik bütün dəyişməz, bayağı, daha çox insan ruhu üzərində zəfər çalmış küt maddi qüvvəyə yaxın olan hər şeyi ictimai okeanın səthinə çıxarır. “Və budur, dünya necə az müdrikliklə idarə olunur!” – kansler Oksenşirn deyir.
Lakin tələsməyək. Məhz bizim sadəlövh illüziyalarımızın və hədsiz gözləntilərimizin fərqli hesablama, fərqli, gözlənilməz ziddiyyətlər oyunu nəticəsində qəddar gerçəklik ilə dağıdıldığı yerdə bəşəriyyətin məğlubiyyəti onun qələbəsinə çevrilir. Və böyük ümidlər yenə də parlayır, qanla yoğrulmuş torpaq nəhənglər doğur, iş daha geniş və möhkəm bünövrəyə əsaslanaraq irəliləyir.
Beləcə, fransız inqilabından sonra günümüzün bir çox şikayətlərinə oxşar dünya hüznü ideyası düşünən müasirlərin geniş təbəqəsinə toxundu. Azadlıq xülyaları inqilab tərəfindən yaradılmış kapital və siyasi hakimiyyət şeytanlarının amansız hücumu ilə tapdaq altına alınıb. Lakin heç bir neçə onillik keçmədi ki, bu tarixi dönüş o zamanlar “azad mənəvi istehsal” nümunələrinin rəğbət bəslədikləri istismar olunmuş kütlələrin birləşməsi üçün möhkəm özül yaratdı. Yeni təşəbbüs dalğası Avropa xalqlarını bürüdü. Dünya Şumanın “Coşğunluq” əsərini, Şopenin etüdlərini eşitdi…
İşçi sinfinin və inqilabi demokratik partiyaların məğlubiyyəti ilə yekunlaşmış 1848-ci ilin qanlı döyüşlərindən sonrakı gün kapital, Marksın ifadəsinə görə, yeni XVI əsri bayram edirdi. İctimai psixologiyada elmilikdən uzaq positivizm bərqərar oldu, o ideya ki, xeyir və şərin – kuporos və şəkər kimi maddi qüvvələrin məhsulu olduğunu hesab edir. Renan avropa filisterini vandalların üsyanı ilə qorxudurdu, Şopenhauerin pessimizmi nəhayət ki, minnətdar oxucu kütləsi tapdı. Bəs tarixin bu ziqzaqının nəticəsi nə oldu? Mübarizə zəmininin genişlənməsi, daha çox xalqın ona qoşulması, inqilabi nəzəriyyənin çatışmazlığı və liderlərin təftişçiliyi ilə zəifləmiş, lakin hələ də zəngin azlıq üçün qorxunc olan proletar partiyalarının beynəlxalq ittifaqı.
Beləliklə, indiki zamanda məhkum olmuş həyat quruluşunun hər müvəqqəti uğuru ona qarşı çevrilir. Yalnız ikinci dərəcəli əlamətləri əhatə edən, zəif “kütləvi cəmiyyət” formulunun ən azından həqiqi tərəfi ondan ibarətdir ki, kapitalın kortəbii inkişafı və misilsiz təmərküzləşməsi nəticəsində bərqərar olmuş xüsusi mülkiyyət cəmiyyəti ümumi köləlik vəziyyəti yaradaraq, bütün sinfi sərhədləri silir və yalnız izafi dəyər istehsalına münasibətinə görə deyil, həm də onun bölüşdürülməsində, heç olmasa fiktiv olaraq iştirakına görə fərqlənən çoxsaylı xırda qruplar və səviyyələr yaradır. Bu şəkildə amorf obıvatel kütləsi, roma imperializmi dövrünü xatırladan “tənha şəxslər kütləsi” yaranır. Marksın tənqidçiləri deyir: sizin proletarınız – abstraksiyadır.
Həqiqətən də, sonrakı kapitalizmin inkişafı bir çox qarışıq vəziyyətlər və yeni parçalanma mənbələri yaradıb, lakin məlum dərəcədə o, ictimai ziddiyyətlər mənzərəsini sadələşdirir. Böyük Biznes və Böyük Dövlət tərəfindən idarə olunan assosiasiya olunmuş kapitalın ağır dabanı altında eyni şərdən əziyyət çəkən vahid demokratik kütlənin yaranması prosesi baş verir. Tez və ya gec “kütləvi cəmiyyətin” bu gözlənilməz tərəfi kütləni formalaşdıran ayrılmadan daha güclü olacaq. Mədəniyyət filosoflarının “dezaqreqasiya”, “atomlaşma” və digər elmi adlarla adlandırdıqları hal xalqın ümumi düşmənə qarşı birliyinə çevriləcək. Hər bir sosialist inqilabının uğur qazanması üçün mütləq olan, keçmişdə işçi sinfinin geniş xırda insanlar, yoxsul mülkiyyətçilər kütləsindən təcridi ilə məhdudlaşdırılmış bu şərt məlum şəraitdə ildırım sürəti ilə yarana bilər, həmçinin bizim günlərdə o, demokratik müqavimətin burjua oliqarxiyası və hərbi qüvvəsinin planları üzərindəki hər qələbəsində özünü biruzə verir.
Bu deməkdir ki, maddi qüvvələri, bu sözün dar mənasında üstələyən tarixi mənəvi qüvvə mövcuddur. Bu üstün qüvvənin mövcudluğu haqqında bizə Marksın materializmi də xəbər verir. O bizə deyir ki, maddi zərurətin tarixi gedişatda mənimsədiyi mənəvi hakimiyyət, “yadlaşma” hakimiyyəti hədsiz deyil. Hətta guya seçim azadlığından məhrum ən çıxılmaz vəziyyətlərdə belə dərin gizli iş görülür və köhnə köstəbək səylə qazmağa davam edir. Hər şey, həmçinin dünya tarixinin bu yalnışlığı belə öz ziddiyyətinə çevrilir.
Marks çartist qəzetinin ildönümündəki nitqində deyir: “Biz bütün bu ziddiyyətlərdə təzahür edən hiyləgər ruhun təbiətinə dair yanılmırıq” (12, 4). Marksın nitqi haqqındakı hesabatın ingilis dilindəki mətni deyir: “We do not mistake the shape of the shrewd spirit that continues to mark all this contradictions” [4].
Heç bir şübhə yoxdur ki, Marks hegelsayağı şüur hiyləgərliyini nəzərdə tutur – həmin heyrətamiz, daima tarixdə müşahidə olunan münasibət ki, bu zaman daha geniş ictimai hərəkat axını üzərində qələbə çalmış məhdud qüvvə özlüyündə onun əllərində alətə çevrilir. Bu şüur hiyləgərliyi özünü məhz orada biruzə verir ki, itirdiyimiz illüziyalar həqiqət önündə yoxa çıxırlar.
Yalnız müasir münaqişələrin amansız təcrübəsi tərəqqinin kortəbii qüvvələrinə hakim olmağa qadir yeni insan tipini doğura bilər. Vəzifə həddən artıq böyükdür. Yalnız ona görə yox ki, o, sinfi bərabərsizliyin tərəfdarı olan, cəmiyyətin dar hissəsi üzərində qələbəni tələb edir. Yalnız o adamlar ictimai təsərrüfat və kütlələrin tərbiyəsinin öhdəsindən gələ bilərlər ki, geniş biliklərə malikdirlər, şüurlu şəkildə “şüur hiyləgərliyini” tətbiq edərək və sosializmə hesablanmış tarixi hərəkatda inqilab düşmənlərinin marionet rolunu oynamalarına imkan verərək, öz səylərinə nəzarət edə bilirlər. Təbii ki, bunun üçün bu tarixi dialektikanın, onun şüurlu təcəssümünün dərk edilməsi, yəni, inqilabi nəzəriyyə lazımdır.
Marks deyir: “Biz bilirik ki, cəmiyyətin yeni qüvvələri lazımi şəkildə fəaliyyət göstərmək üçün yalnız bir şeyə ehtiyac duyurlar: yeni insanlar onlara sahib olmalıdırlar və bu yeni insanlar – işçilərdir” (12, 4). Əlbəttə, ticarət-sənaye elitasının ziyalılara, “yumurtabaşlara” qarşı nifrətlə zəhərlənmiş işçilər yox. Köhnə dünya üçün işçi sinfi və sosializm nəzəriyyəsinin ittifaqından daha qorxulu heç nə yoxdur. Geniş tarixi mənada bu ittifaq artıq çoxdan baş verib, praktikada isə bizim günlərdə həmişə gerçəkləşmir. Bu, böyük, mürəkkəb prosesdir, lakin marksizm heç vaxt asan yol vəd etməyib.
Heç nəyə baxmayaraq – bu yolun ən heyrətamiz dolanbacları və mürəkkəblikləri dünya tarixinin ümumi perspektivini dəyişə bilməz. Bütöv nəsillər səhnədən yox olacaq, lakin hər şey, lazımsız xülyaları aradan qaldıraraq və tarixi prosesin obyektiv “hiyləgərliyində” yeni güc mənbələri taparaq öz yolunda gedəcək. Oktyabr inqilabı Marksın bu bəsirətinin həqiqiliyini sübut etdi. Cəmiyyətin köhnə xəstəliyinin ən qorxunc tutmalarından birində inqilab onun üçün “mədəniyyət faciəsi”ndən praktiki çıxış yolu açdı. Onun müharibə, cırlaşma, mürtəce ideyalar axını əleyhinə, kütlələrin köhnə dünyanın lənətəgəlmiş nizamı tərəfindən istismarına və ümumi işə qarşı laqeyd olan ölü məişət tərəfindən çürüməsi əleyhinə mübarizə çağırışları bizim əsrin böyük həqiqəti olaraq qalacaq.
Siz ideoloji qərəzlisiniz, marksizmin tənqidçiləri buna belə cavab verirlər. Sizin sözləriniz, çağırışlarınız – həmçinin ideologiyadır. Marksizm, digər ideologiyalar kimi, kütləyə hakim olmaq istəyən mütəşəkkil qüvvə ilə əlaqədardır və bu məqsədlə öz sehrli fənərindən istifadə edir ki, onların gözləri önündə xoşbəxt gələcəyin mənzərəsini yaratsın. Marks böyük insan idi, lakin o görə bilməzdi ki, XX əsrdə kapitalizmdən daha dəhşətli təhlükə doğacaq – güclü təşkilatlar tərəfindən şəxsi azadlığın əzilməsi, insan şüurunun texniki qüvvələr tərəfindən nizamlanması. İnqilab bu vasitələrdən istifadə etdiyi üçün, mədəniyyət faciəsindən çıxış üçün vasitə ola bilməz, onu daha çox dərinləşdirəcək. Biz Marksı oxumuşuq və oxucuları inandıra bilərik ki, o köhnəlib…
Bu cənabların Marksı oxumaları yalan deyil. İndiki zamanda iezuit paterlər və protestant ilahiyyatçılar, kabinet sosioloqları və dəbli jurnalistlər də marksizmi öyrənməklə məşğuldurlar. Biz zamanlar Marksı onda ittiham edirdilər ki, onun təlimi əsrlərlə bərqərar olmuş mədəni birgə yaşayış üçün təhlükədir. İndi fərqli şey deyirlər – Marks keçmişə aiddir, bəşəriyyəti istismar edən şərin müəyyən olunmasında kifayət qədər radikal deyil. Çəhrayı çalarlı dindar yazıçılar düşünürlər ki, əbədi problem olaraq marksizm tərəfindən şərin metafizik olaraq dərk edilməməsi onun çatışmazlığıdır. Mötəbər filosoflar məqsəd və vasitə arasındakı ziddiyyət haqqında danışırlar. Bizə deyirlər ki, təşkilat və hakimiyyət gücləri bəşəriyyətin dirçəlməsinə xidmət edə bilməzlər, belə ki, bu vasitələr nəzarətdən çıxır və ən nəcib məqsədi belə pozurlar. Marksın tənqidinin bu motivləri hətta məqsədini sosializm elan etmiş bəzi partiyaların proqram ədəbiyyatına da daxil edilir.
Lakin Karl Marks qərəzli və mahiyyətcə miskin tənqid qarşısında silahsız deyil. O, insanın öz mərkəzinə qayıtması, “qeyri-şəxsiləşmədən”, “yadlaşmadan” və digər şərdən qurtulması üçün sehrli dəyənəyin axtarışı ilə məşğul olan sərgərdan ruhların bu alimsayağı yallılarına necə kinayə ilə baxardı. Tarixin indiyə qədər şahidi olmadığı həqiqi qüvvələrin gərgin mübarizəsi arasında insanlar şəxsi həyatın oxşarını təmin edə biləcək rahat mövqeni tapmağa çalışır.
İstər-istəməz Osbornun “Nifrətlə nəzər sal” pyesi ağla gəlir ki, moskvalı izləyici bu pyesi Mankovits-Levenşteynin gözəl quruluşunda izləmək imkanı qazanmışdı. Müəllif müasir şərtlərə köçürülmüş köhnə mövzuya müraciət edir. Onun gəncləri Bayron, Müsse, Stendalın qəhrəmanlarına bənzəyir, onlar orta ziyalılar, ictimai mexanizmin nəhəng təkərləri arasında itib-batmış insanlardır və onlar üçün hər şey bağlı, tükənmişdir və bu dəfə, elə görünür ki, sona qədər. Ətraf dünya onlara xüsusilə ikrahdoğurucu göründükdə Osbornun qəhrəmanları təlxəklikdən ibarət evdar bir oyun təşkil edirlər. Bu kinayəli simalarla onlar öz mənəvi müdafiələrini, öz həyatları axınındakı iştiraksızlıqlarını bərqərar etməyə çalışırlar.
Bu mənəvi müdafiə axtarışları şəxsiyyətin ictimai qüvvələrdən azad olması reseptləridirlər ki, müasir insana bunları bizim marksist məzhəbdən kənarda olan ən güclü, ən təsirli zəkalar təqdim edirlər. İfrat müasir incəsənətin müxtəlif təkmilləşmələri də, boğaza yığıldıqda, müvəqqəti olaraq həyatın dözülməz kədərindən qaçmağa imkan verən bu evdar oyunlara daxildir. Bütün bu daxili mövqe axtarışları azadlıq olaraq vurğulanır, tezliklə peşəyə çevrilir və Hans Frayerin sözləri ilə desək, həmçinin patentləşdirilmiş əmtəələr olaraq təqdim olunurlar.
Müasir incəsənəti, onu təhdid edən cansızlaşmadan xilas etmək üçün, bütün ziddiyyətləri və təhlükələri ilə real həyat zəmininə qayıtmaq lazımdır. Burada da ruhun xilası haqqında düşünmək lazım gəlmir. Öz küncündə pak qalmağının dünya üçün nə fərqi var? Ruhun xilasına əsaslanan əxlaq, sözün tam və ya dolayı mənasında, həmişə eqoizmlə zəhərlənib və daxili rahatlıqlarının qurulması ilə məşğul insanlar hətta zülmkarlar qarşısında belə qürur duya bilməzlər.
Tarix nəhəng ictimai qüvvələr – şəxsiyyətin həyatını hər yöndən formalaşdıran iqtisadi və siyasi təşkiletmə qüvvələri yaradıb. Bu qüvvələrdən hər biri cəmiyyətin nəzarətindən çıxa və bəla mənbəyinə çevrilə bilər. Lakin zülmün özündə, ondan qurtulma vasitəsi mövcud ola bilər. Karl Marksın qeyd etdiyi, böyük dəyişikliklər etməyə qadir “yeni insanlar” aramızda ilahi hökmranlığın təbliğatçıları sektasında çevrilmək istəmirlərsə, bu qüvvələrə sahib çıxaraq, onları bəşəriyyətin dirçəlməsi üçün istifadə etməlidirlər.
Əsrlərin təcrübəsi deyir ki, bu cür təbliğat köləliyin möhkəmlənməsi və öz üzərinə ictimai vicdan rolunu götürən xüsusi kastanın yüksəlişindən başqa heç bir real fəaliyyətə gətirib çıxarmırdı. Yəni, bu yol tamamilə yararsızdır. Marks bu yolu İnternasionalın Haaqa konqresindən sonrakı mitinqdə təkzib etmişdi. Geriyə hakimiyyət yolu qalır. Hakimiyyətə sahib olmaq bəzi ölkərdə dinc yolla gerçəkləşə bilər (1872-ci ildə Marks hesab edirdi, bu mümkündür, ən azından Amerika və İngiltərədə), digərlərində isə güc tətbiqinə ehtiyac duya bilər.
Məgər zorakılıq kimi vasitələr məqsədi təhrif etmirmi, kommunistləri ən böyük səhvlər təhlükəsinə düçar etmirmi, onları əvvəlki, çirkin cəmiyyətlə eyni müstəviyə qoymurmu? Biz marksizm tənqidçilərinə Engelsin sözləri ilə cavab verə bilərik. Danimarkalı sosialist Trirə məqsədlər və zorakı və dinc vasitələr arasındakı əlaqəyə baxışlarını izah edərkən, o yazırdı: “Bu cür siyasət bəsirət və xarakter tələb edir, hansı siyasət bunu tələb etmir ki? Anarxistlər və dost Morris deyir ki, bu siyasət bizi rüşvət təhlükəsinə məruz qoyur. Bəli, əgər işçi sinfi axmaqlardan, iradəsiz insanlardan və sadəcə satqın yaramazlardan ibarətdirsə, onda indi edə biləcəyimiz ən yaxşı şey evlərimizə dağılmaqdır, bu zaman proletariat və bizim, siyasi arenada edə biləcəyimiz heç nə yoxdur. Bütün digər partiyalar kimi, proletariat hamıdan sürətli şəkildə öz səhvlərindən dərs götürür və heç kim onu bu səhvlərdən tam şəkildə qoruya bilməz”.
Zorakılıq haqqında mübahisə – müasir ictimai fikrin sıradan mövzularından biridir. Aşkar zorakılığa o sinfi qüvvələr ehtiyac duymur ki, onların hökmranlığı onsuz da möhkəmdir, belə ki, bu hökmranlıq iqtisadi hökmranlığa, xalqın parçalanmasına, farağat durmağa və digər amillərə əsaslanır. Məcburetmə elementi görünməz şəkildə hər şeydə mövcuddur. Tiraj ideyaların mahiyyətini dəyişir. Bəzi ölkələrdə hökuməti söymək olar, lakin bu çox hallarda, səssiz kinoda danışan insanın görüntüsünə bənzəyir. İstənilən ideyanın səsə ehtiyacı var. Reklam və məlum fikirlərin müxtəlif çalarlarının dayanıqlı şəkildə yeridilməsi dəyənək olmadan məcburi şəkildə təsir edən real amillərdir, yer cazibəsindən məhrum fikirlərin azad hərəkəti haqqında təsəvvürlər isə – öz cəhalətinin xoşbəxt Arkadiyasında yaşayan obıvatelin arzusudur.

(ardı var)

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]

Oxşar yazılar:

Baxış sayı:2727