abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Totalitarizmin demokratik kökləri”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniyaƏvvəlki         Növbəti

MARKSİST VƏ LİBERAL ƏDƏBİYYATDA DEMOKRATİYA

  Əgər liberal filosofdan marksizm və demokratiyanın nə qədər uyğun olması haqqında soruşsaq, o, çox güman ki, anlaşılmaz bir şey qışqıracaq və aradan çıxmağa çalışacaq. Çünki liberal siyasi məktəblərdə öyrədilən əsas şey odur ki – demokratiya və marksizm bir araya sığışmayan məhfumlardır. Onların nöqteyi – nəzərindən, demokratiya ümumiyyətlə liberal kapitalizmdən başqa heç nə ilə bir araya sığışmır. Bu mənada demokratiya özü ilə də ziddiyyətlidir. Çünki demokratiya seçim azadlığını nəzərdə tutur, amma seçim mövcud deyil. Liberal kapitalizm olmayan hər şey inkar olunmalıdır.

Bizə deyirlər ki, Marks, özü bunu dərk etməsə də, totalitarizmin sələfi idi. Marksdan sonra məntiqi sıra birbaşa stalinizmə, Kim İr Senə və Pol Pota qədər gedir. Daha mülayim variantda həmin konsepsiya Leşek Kolakovski tərəfindən onun “Marksizmin əsas istiqamətləri” adlı üç cildlik əsərində ifadə olunmuşdur, orada deyilir ki, stalinizm və kimirsenizm – marksizmin yeganə mümkün olmayan, amma legitim və qanunauyğun  interpretasiyalarıdırlar.

Əslində isə bu cür vərəsəlik əsaslandırılmayıb. Paradoks ondan ibarətdir ki, əgər avropa düşüncəsində totalitarizmin ideoloji köklərini axtarmalı olsaq, onda Marksdan deyil, nə qədər paradoksal olsa da, Maarifçilik ideyalarından və demokratiya konsepsiyasından başlamaq lazımdır.

Totalitarizmin demokratik kökləri

  XX ərs totalitar təcrübəsinin marksist nəzəriyyədən doğduğunu qanunauyğun hesab etsək, onda həmçinin totalitarizm və demokratiya arasında yaxınlığı da etiraf etmək lazımdır. Avropa Maarifçiliyi əvvəldən avtoritar idi, çünki bilik azlardan çoxlara, yuxarıdan aşağıya və azad diskussiya yolu olmadan ötürülürdü. İstənilən məktəb avroritardır – iki vur ikinin neçə olacağı barədə mübahisə etməyin nə zəruriliyi, nə də imkanı var. Ziyali azlıq bilik hüququna görə geridə qalmış çoxluğu idarə edir. Başqa məsələdir ki, mütərəqqi azlıq öz missiyasını onda görür ki, bu bilikləri hamıya yaysın. Demək olar ki, partiyanın rolu haqqındakı bolşevik təsəvvürlər sıx surətdə Maarifçilik ideyaları ilə sıx şəkildə bağlıdır ki, burjuaziya bu ideyaları XVIII əsrdə yeridirdi. Bolşevizmin sələfi, həmçinin həddən artıq avtoritar olan fransız yakobinlər partiyası idi. Amma avropa demokratiyası tarixi məhz yakobinçilikdən (inqilabi terror və gilyotina dəhşətləri ilə) başlayır.

İspan konservativ mütəfəkkiri Orteqa–i–Qasset XX əsrin birinci yarısında “Kütlələrin qiyamı” haqqında yazırdı. Onun üçün demokratiya və totalitarizm arasındakı fərqlər böyük deyil. Hər ikisi elitanın hakimiyyətinin, ənənənin sonu, kütləvi siyasətin başlanğıcı demək idi. Məhz buna görə, yeri gəlmişkən, totalitar siyasi təsir formaları demokratiya formalarını – qurultaylar, partiyalar, kütləvi nümayişlər, seçkiləri – təkrarlayır. Bütün vasitələr arsenalı demokratiyadakı kimidir, amma plüralizmsiz.

Digər tərəfdən, sol cinahda totalitarizm və Maarifçilik arasındakı əlaqəni Teodor Adorno və “Maarifçilik dialektikası” əsərində Maks Xorkmayer görmüşlər. Xorkmayer sonralar konservativ mövqeyə keçdi, amma bu kitab o dövrdə yazılmışdı ki, o hələ marksizmin təsiri altında idi.

Müasir demokratiya ideyası Maarifçilik dövrü ilə yaranıb. Hər şey XVII əsrdən, ingilis burjua inqilabının ideoloji əsaslandırılmasından başlayır. XVII yüzilliyin ortalarında İngiltərədə nə baş verdiyinin nəzəri təhlilini vermək lazım idi. Bunu, bir tərəfdən Tomas Hobb, digər tərəfdən isə – Lokk etdi. Birinci hələ inqilab zamanı, digəri isə sonra – burjua quruluşunun bərqərar olmasından sonra yazırdı. Təəccüblü deyil ki, burjua hüququ və dövlətinin şəksiz ideoloqlarından və nəzəriyyəçilərindən biri olan Hobbs əqidəli avroritaristdir. Doğrudur, Hobbsun avtoritarizmi özünə görə demokratikdir. Bu, iyerarxiyanın allahdan göndərilmiş olduğu, orta əsr siyasi təfəkkürü üçün xarakterik olan ilahi hüquq anlayışı üzərində qurulmamışdır. Yox, Hobbsun nəzər nöqtəsinə görə, iyerarxiya və dövlət zorakılığı insanın təbiətinə hakim olmaq vasitələridirlər. İnsan azadlığı əldə etdiyi anda elə bir şeylər edir ki, onu məhdudlaşdırmaq daha yaxşıdır. Azadlığın əvəzi ictimai razılaşma olur. Qayda-qanun bərqərar edən və vətəndaşları qoruyan dövlətin xeyrinə xalqın öz hüquqlarından imtina etməsi.

Hobbsa görə, dövlət nədir? Hamının maraqlarına görə hər kəsin azadlığını məhdudlaşdıran sistem. Maraqların kompromissi. İctimai razılaşmanın nəzəriyyəsi tamamilə avtoritardır, çünki onun mahiyyəti azadlığın məhdudlaşdırılmasında, zorakılığın tənzimlənməsi və legitimləşdirilməsindədir. Həm də sinfi zorakılığın. Başqa məsələdir ki, ictimai razılaşma, məsələn, J.-J. Russoda daha az avtoritar  versiyadadır ki, o, razılaşmanın mahiyyətini azadlığın müdafiəsində görür.

Russo artıq anarxizmin sələfi idi. O, əlbəttə ki, qəlbinin dərinliklərində inanırdı ki, tez və ya gec dövlət hakimiyyətini aradan qaldıracaqlar: elə bir ictimai razılaşma olmalıdır ki, o, bərabərlik üzərində qurulacaq yeni bir cəmiyyətdə birbaşa azadlığın gerçəkləşdirilməsini təmin edəcək.

Amma burjua cəmiyyətində yenə də Russonun utopizmi deyil, Hobbsun praqmatizmi üstünlük təşkil edir.

Hobbsun nöqteyi-nəzərindən, mahiyyətcə, respublika və monarxiya və, müvafiq olaraq, avtoritar hakimiyyətlə demokratik hakimiyyət arasında fərq yoxdur. Onun nəzər nöqtəsinə görə, məsələ kimin qərar qəbul etməsindədir: deputatlar kollektivi və ya ayrı bir şəxsiyyət. Qərar qəbul edildiyi anda o, eyni avtoritar metodlarla həyata keçirilir. Bu planda, Hobbsun fikrincə, avtokratiya daha yaxşıdır, çünki daha az məsrəflidir. Yenə də xalq üçün real azadlıq yoxdur. Kollegiyada, parlamentdə uzun, mürəkkəb prosedur gedir, amma monarxiya və ya diktatura şəraitində bir insan qərar qəbul edir. Bu daha sürətlidir, amma nəticə eynidir.

Maarifçilikdə başqa bir avtoritar ideya da var. Bu, biliklər iyerarxiyası konsepsiyasıdır. Artıq ziyalılar, biliklərə malik insanlar var, onlar biliyə malik olmayan kütlələri maarifləndirməlidirlər. Bu planda nə haqqında – mütərəqqi proletar nəzəriyyəsi yoxsa volterçilik haqqında danışdığımız heç də prinsipial deyil. Biliyi maariflənməmiş insanlara müxtəlif üsullarla yeritmək olar. Əgər onlara yaxşılıqla izah etmənizi istəmirlərsə, deməli, onları təhsil almağa məcbur etmək lazımdır. Onların mövhumatı, biliksizliyi,  vəhşiliyi, varvarlığı biliyi qəbul etməyə mane olur. Əgər, məsələn, Vandeydə kişilər tərəqqi ideyasını başa düşmürlərsə və respublika komissarlarına yaba ilə hücum edirlərsə, düşmən təbliğatına inanırlarsa və krala inanmağa davam edirlərsə, deməli, qiyamı qızğın dəmirlə yatırmaq lazımdır. Və həmçinin yüz iyirmi il sonra Tambovda inqilabi komandarm Tuxaçevski də eyni cür hərəkət edəcək.

Bütün avropa bilik konsepsiyaları iyerarxikdirlər. Universitet sistemləri də – həmçinin. Biliyi xalqa bilikli dövlət verir. Beləcə, şübhəsiz demokratik ideya kimi görünən Maarifçilik zorakılığa haqq qazandırır. Təbii ki, yeni biliklər sistemi köhnə iyerarxiyalara meydan oxuyur. Yakobin diktaturası ictimai mənada demokratikdir, çünki gilyotinanın köməyi ilə xırda burjuaziyadan çıxmış insanlara yuxarılara yola açır ki, əvvəllər onları hakimiyyətə yaxın buraxmırdılar. Və əlbəttə ki, marksizmin, həmçinin də XIX-XX əsrin avropa mədəniyyəti nə dərəcədə Maarifçilikdən doğursa, avtoritarizmin və totalitarizmin müxtəlif formalarına aparan müəyyən məntiqi izləmək olar. Məsələ də ondadır ki, marksizm müəyyən dərəcədə Maarifçilik məntiqinin, avropa liberal fikrində mövcud olan daxili avtoritarizmi rəf edir. O, bilik kultunu, şüurun gücünə inamı, rasionalizmi qoruyub saxlayır və bu mənada, şəksiz ki, Maarifçiliyin davamıdır. Digər tərəfdən, abstrakt “bilik” əvəzində sinfi maraq və şəxsiyyətin özünü gerçəkləşdirmə ideyası yaranır.

İstənilən ictimai qrupun özünü gerçəkləşdirməsi, istər proletariat və ya burjuaziya olsun, müəyyən mənada bilik iyerarxiyası ilə ziddiyyətdədir. Şəxsiyyətin və ya kollektivin özünü gerçəkləşdirməsi aşağıdan gəlir. Burada əsas söz artıq “maariflənmə” deyil, “yaradıcılıqdır”.

Vətəndaşlıq

  Xalqın vətəndaşları olmadığı yerdə demokratiya ola bilməz. Kim vətəndaş ola bilər, vətəndaş dövləti nədir haqqındakı məsələ Avropada hələ marksizmin ictimai fikrin müstəqil istiqaməti kimi yarandığı zamana qədər kəskin şəkildə müzakirə olunurdu. Vətəndaş cəmiyyətinin ictimai əsası nədir? Liberal nəzəriyyənin XVII əsrdən sonra anqlosakson ənənədə yaranmağa başladığı zamanda mövcud olan nöqteyi-nəzərdən, vətəndaş hüquqlarının və vətəndaşlıq statusunun mənbəyi mülkiyyətdir. Bu planda vətəndaş cəmiyyəti insanın – mülkiyyətçinin özünü ifadə formasıdır. Müasir liberalizm açıq şəkildə bəyan etməyə cəsarət etmir ki, yalnız xüsusi mülkiyyətçi vətəndaş ola bilər – onun banilərinin iddia etdikləri kimi. Hərfi mənada bu, cəmiyyətin digər siniflərinin vətəndaş hüquqlarının inkarı demək idi ki, bu XXI əsrdə artıq “siyasi cəhətdən nəzakətli” deyil. Amma xüsusi mülkiyyətə sərəncam vermək azadlığı ilə siyasi azadlığı ayrılmaz surətdə əlaqələndirən mühakimələr məntiqi bizi eyni istiqamətə yönləndirir. Klassik liberal mütəfəkkirlərin fikrincə, yalnız mülkiyyətçi, tamhüquqlu vətəndaş olmaq üçün bütün xüsusiyyətlərə malikdir. Mülkiyyəti olmayan insan vətəndaş ola bilməz.

XVII – XVIII ərsrlərin erkən liberalizm ideyaları dövlət təcrübəsində gerçəkləşmişdir. Seçki hüququ mülkiyyət senzurası ilə məhdudlaşdırılmışdı. Proletarlar səs hüququna malik deyildilər, parlament deputatı ola bilməzdilər. həm də İngiltərədə burjua inqilabı qələbəsindən sonra seçki hüququ genişləndirilməmiş, əksinə, məhdudlaşdırılmışdı. Birləşmiş Ştatlarda qullar və qadınlar seçki hüququndan məhrum idilər. Yeri gəlmişkən, qadınların seçki hüququndan məhrum edilməsi heç də onların intellektual bacarıqlarına dair rəyləri səbəbindən deyildi. Qadınlar dövlət başçısı ola, kitab yaza bilərdilər. Amma – səs verə bilməzdilər. Və səbəb qadının səlahiyyətlərini məhdudlaşdıran mülkiyyət qanunvericiliyi idi. Əgər qadın tamhüquqlu mülkiyyətçi ola bilməzsə, onda vətəndaş hüquqlarında da iddia edə bilməz.

Feodal sisteminin qürubunda, XVII əsrin əvvəlində gördüyümüz ingilis parlamentinin məhdud səlahiyyətləri var, amma öz quruluşuna görə çox demokratikdir. Əlbəttə, bütün əhali seçkilərdə isştirak etmir, amma fakriki olaraq Stüartlar dövründə parlamenti xalq seçir. Onun böyük çoxluğu. Başqa məsələ – qalib gəlmiş burjuaziyanın yaratdığı Kromvel parlamentidir. Ən qəddar mülkiyyət senzləri onu qapalı kluba çevirir.

İlk mərhələdə burjuaziyaya demokratiya qüvvələrinin monarxiya və feodalizmə qarşı mobilizasiyası lazım idi, amma növbəti mərhələdə qalib gəlmiş mülkiyyətçilər sinfi artıq özünü həmin kütləvi demokratik qüvvələrdən qorumalıdır, hansıları ki, özü köhnə rejimə qarşı mübarizə üçün siyasi həyata cəlb etmişdir. Yeni iyerarxiya qurmaq lazımdır. Liberallar üçün mülkiyyət insan müstəqilliyinin mənbəyi, şəxsi marağın əsası, məsuliyyətin zəmanəti idi. Muzdla işləyən və mülkiyyəti olmayan insanların müstəqil marağı və məsuliyyəti ola bilməz. Onlar manipulyasiya obyektinə çevrilirlər. İnsanın mülkiyyətə malik olmadan da kifayət qədər məsuliyyətləi və səriştəli ola bilməsi, mənfəətlə əlaqəli olmayan insan fəaliyyətinin stimullarının mövcud olması fikri burjua təfəkkürünə yerləşmir. Axı biz insanlar haqqında özümüzə görə mühakimə yürüdürük.

Kapitalizmdə mülkiyyətdən məhrum olan insan həqiqətən də asılıdır. Amma bu əsasda XVIII əsrin nəzəriyyəçiləri belə bir nəticəyə gəlirlər ki, kütlələr səs verməməli, siyasi proseslərdə iştirak etməməlidirlər. Müasir siyasi texnoloqlar isə hesab edirlər ki, kütlələr siyasi proseslərdə iştirak etməlidirlər, sadəcə onları manipulyasiya etmək lazımdır. Onlar – manipulyasiya üçün nəzərdə tutulmuş heyvan sürüsüdürlər. bu arada xalq kütlələri artıq XIX əsrdə bütün bunlardan öz nəticələrini çıxardılar. Etiraz hərəkatları demokratik hüquqlardan istifadə etməyə başladılar ki, öz asılı vəziyyətlərini aradan qaldırsınlar, hakim mülkiyyətçiləri onlarla hesablaşmağa məcbur etsinlər. Bə kütlələrin dərk edilmiş və konkret marağı bundan ibarət idi.

Liberal burjuaziya onda maraqlı idi ki, hakimiyyət mülkiyyət hüquqlarına mümkün qədər az müdaxilə etsin. Amma burada problem ondadır ki, demokratik hakimiyyət bu hüquqlara, avtoritar dövlət qədər müdaxilə edə bilər. Demokratik hakimiyyətin səlahiyyət sferasının genişlənməsi liberalizm üçün, avtoritar hakimiyyətin səlahiyyətlərinin genişlənməsi qədər yolverilməzdir. Daha pis, demokratiya ilə razılığa gəlmək daha çətindir, çünki burada bir neçə onluq bürokratik elita nümayəndələri ilə deyil, yüz minlərlə və milyonlarla insanlarla qarşılaşmalı olursan ki, onların xüsusi marağı onları, öz xeyirlərinə iqtisadi dəyişikliklər etməyə sövq edir. Buna görə də liberalizmin siyasi formulu bu sözlərlə ifadə oluna bilər: minimum demokratiya zamanı maksimum azadlıq.

Artıq XVIII əsrin sonunda liberalizmə əks olaraq, vətəndaşlığın radikal demokratik traktovkası formalaşır. O, ingilis levellerlərindən (“tənzimləyicilərdən”) və diggerlərdən (“qazıcılardan”) fransız yakobinçiliyinə  gəlir. Ümumi seçki hüququnun şüarı artıq amerikan və ya fransız inqilabının gedişində səslənir. “Universal”, ümumi vətəndaşlığa tam şəkildə baxış öz ifadəsini XIX əsrin radikal, xırda burjua hərəkatlarında, 1848 – ci il inqilablarında əldə edir.

Yeni radikal xırda burjua hərəkatları yalnız köhnə quruluşa qarşı deyil, həm də yeni formalaşan liberal dövlət iddialarına qarşı yönəlmişdilər. Bu, xüsusilə Amerikada nəzərə çarpır. Amerikan inqilabı köhnə feodal monarxiyaya qarşı deyil, İngiltərədə mövcud olan artıq yeni burjua monarxiyasına yönəlmişdi. Amerikada inqilabın qələbəsindən sonra, tarixçilər tərəfindən çox az təsvir olunmuş münaqişə başlanır. Amerikan inqilabının rəsmi versiyası azadlıq tərəfdarları arasında daxili münaqiələri söndürməyə çalışır. Bu arada inqilabı etmiş xırda  burjua demokratik kütləsi və qələbə nəticəsində formalaşan yeni elitalar arasında münaqişə mövcud idi. Xırda burjua radikalların yerlərinə oturtmaq üçün “bani – atalar” Articles of Confederation – u yeni amerikan Konstituasiyası ilə əvəz etməli oldular. İngilis inqilabında biz eyni münaqişəni görürük, fransız inqilabı gedişində isə radikallar, qısa müddətə də olsa, dövlət hakimiyyətinə sahiblənməyə müvəffəq olurlar.

Xalq kütlələri nəzarətdən çıxdılar ki, bunun nəticəsi də yakobin diktaturası oldu. Bu diktatura, avtorizminə baxmayaraq, o planda demokratik idi ki, əhalinin çox hissəsini siyasətə cəlb etdi. Yakobinçilər bəyan etdilər ki, insan azad doğulur, o, prinsipcə, şəxsiyyətdir. Və doğum hüququna görə vətəndaşdır. Buna görə də ingilis inqilabından fərqli olaraq, fransız respublikası, bu anlayışları  paylaşmadan,  insan və vətəndaş haqları Deklarasiyasını bəyan etdi. Hər insan, mülkiyyətçi olub – olmadığından asılı olmayaraq, müstəqil şəxsiyyətdir.

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:2895