abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Kapitalizm və Bazar. Neoliberalizm”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniyaƏvvəli                                                      Növbəti

Boris Yulyeviç Kaqarlitski Marksizm: Tədris üçün tövsiyə olunmur

KAPİTALİZM DÜNYA SİSTEMİ KİMİ

Kapitalizm və bazar

  Kapitalizm bazar prinsipinin maksimal, ən tam inkişafıdır. Bazar kapitalizmə qədər mövcud idi və yəqin ki, müəyyən formalarda ondan sonra da mövcud olacaq. Amma məhz kapitalizmdə bazar daha çox inkişaf edir, hər yerə nüfuz edir. Amma biz uşaqların tərbiyəsini və ailə münasibətlərini sırf bazar münasibətləri üzərində qura bilmərik. Ər və arvad, məsələn, evdə etdikləri hər əməliyyata görə bir-birlərinə ödəniş edə bilməzlər. Nigah müqaviləsi – məhz bazarın, onun üçün xarakterik olmayan sferaya nüfuz etməsidir. Buna görə də o, sevgi ilə bir araya sığmır. Qadınlara ev işlərinə görə ödəniş edilməsinə dair feminist çağırışlar isə psixoloji səviyyədə nə qədər başa düşülən olsa da, xalis burjua prinsiplərinin ailədaxili münasibətlərə siraət etməsidir.

Mədəniyyət, incəsənət, təhsil kommersiyadan fərqli məntiqlə yaşayırlar. Onlar əhəmiyyətli dərəcədə bazar sistemini stabilləşdirirlər, çünki sanki “xaricdən” kapitalizmə müəyyən dərəcədə tənzimləmə, stabillik, dayanıqlıq amilləri gətirirlər. Bu məqsədlər üçün kapitala din, Orta əsrlərdən qalmış kilsə təşkilatı gərəkdir. Əgər sistem bütövlüklə sırf bazar prinsipləri üzərində qurulsaydı, o qaçılmaz olaraq dağılardı. Əgər hər nigah sadəcə bazar münasibətləri üzərində qurulubsa, bütün ailələr boşanmalıdırlar. Uşaqları satmaq olar. Vətəni satmaq düymə satmaq kimi şərəfli olacaq. Amma burjuaziya özü bu yanaşma ilə heç cür razılaşmır. Onlar orta əsr dövlət ənənələrinə həssaslıqla yanaşırlar, gerb və bayraqlara qarşı hörmət tələb edirlər, sadəlövhlüklə monarxları sevirlər, opera və klassik balet kimi məsrəfli incəsənət növlərinə pul yatırırlar.

Qeyri-bazar stabilizatorları kapitalizmin özünə lazımdır. Burjuaziya tamamilə şüurlu şəkildə müxtəlif “kapitalizmöncəsi qalıqları” qoruyub saxlayır. Amma Keyns belə bir nəticəyə gəlmişdir ki, bu, azdır. O başa düşdü ki, bazarı tənzimləmək lazımdır. Əgər əvvəlcədən görülə bilən konyuktura siklləri mövcuddursa, deməli, dövlət bu siklləri proqnoz edərək şüurlu şəkildə onun əksi olan iqtisadi siyasət apara bilər. Dövlətin fəaliyyəti hətta özlüyündə də qeyri-effektiv ola bilər, əsas odur ki, o lazımi şəkildə yönəldilsin. Keyns deyirdi ki, gəlin böhranın ən qızğın çağında böyük bir quyu qazaq, dövlət oraya içində yüz funtluq əskinazlar olan butulkaları basdırsın. Sonra dövlət bu torpağı ayrı-ayrı sahibkarlara icarəyə versin ki, onlar da bu butulkaları qazıb çıxarsınlar. İqtisadiyyat çiçəklənəcək, çünki pullar yalnız quyunun qazılmasına və doldurulmasına deyil, həm də tikinti texnikasının sifarişinə, iş yerlərinin yaradılmasına xərclənəcək. Maşınqayırma zavodları yüklənəcək, işçilər əmək haqqı alacaqlar, bu pullarla fermerlərdən yemək alacaqlar, müvafiq olaraq, ticarət çiçəklənəcək, müəssisələr büdcəyə vergi ödəyəcəklər. Hər şey çox gözəl olacaq. Əlbəttə, bu quyunun ekvivalenti mədəniyyət, elm, təhsil ola bilər, amma çox güman ki, dövlət silah almağı üstün tutacaq.

Bu stabilləşmə nəzəriyyəsinin ardınca böyük perspektiv açılır. Keyns sinfi mübarizə haqqında çox yazır. Onun nöqteyi-nəzərindən, dövlətin sosial funksiyası var, o, sosial ziddiyyətləri zəiflətməli və sosial partlayışın qarşısını almalıdır. Burada o, Marks və Leninin proletariatın mövqeyindən nəzərdən keçirdiyini, burjuaziya mövqeyindən nəzərdən keçirir. Lenin deyəndə ki, burjuaziya proletariatı satın alır və “işçi aristokratiyasını” yaradır, Keyns deyir ki, burjuaziya proletariata fidyə verməlidir. Keynsçi model aşkar sinfi məzmuna malikdir. Keyns yazır ki, kapitalizmi çox ədalətsiz sistem hesab edir, amma əgər söhbət şəxsi mövqeyindən gedirsə, o “ziyali burjuaziyaya” daxildir. Bu arada keynsçi nəzəriyyə məhz sollar, sosial-demokratlar, islahatçı sol partiyalar tərəfindən mənimsənmişdi ki, onlar, kifayət qədər uğurlu şəkildə mərkəz ölkələrdə burjuaziyaya təzyiqi təşkil edə bilmişdilər. Sizin hakim sinifdən dəbbə pulu almaq bacarığınız birbaşa onu qorxutmaq bacarığınızdan asılıdır. İşçi hərəkatının yaxşı təşkilatlandığı, güclü, aqressiv olduğu yerdə sosial islahatlarla bağlı məsələlər daha tez qalxmışdır.

Digər tərəfdən, keynsçi sistem açıq şəkildə milli dövlətlə, daxili bazar və istehsal istiqaməti ilə bağlıdır. Təsadüfi deyil ki, məhz keynsçi sistem kapitalizmin növbəti “A-fazaya” keçidini təmin etmişdir. Bu, müharibədən sonrakı Avropanın “qızıl əsri idi, 1950-1960-cı illər. 1929-1932-ci illərin “Böyük depressiyası” sistemi faciəvi yüklənmələrə gətirib çıxardı ki, bu, sadəcə olaraq iqtisadiyyatın geriləməsi deyildi, həm də sosial təlatümlər başlamışdı. Böyük depressiyadan sonra aydın idi ki, elə tənzimləmə metodları tətbiq etmək lazımdır ki, daxili bazarın təşkilatçısı kimi dövlətin fəal rolu sayəsində stabilliyi təmin etsinlər. Və sahibkarlar işçilərdən yaxa qurtarmaq üçün sadəcə fəal şəkildə güzəştə getmirdilər, həm də tezliklə başa düşdülər ki, cəmiyyətin və daxili bazarın dövlət tənzimlənməsi yolu ilə stabilləşdirilməsi onlar üçün yeni qazanc mənbələri yaradır. Məşhur sənayeçi Henri Ford məşhur bir ifadə işlətmişdir: “Mən istəyirəm ki, mənim işçilərin özləri mənim avtomobillərimi alsınlar”. Əmək haqqının yüksəlməsi istehlakçı bazarın həcmini kəskin şəkildə artırır. İstehsalın inkişafı başlayır. Evdə məişət texnikaları olur. İstehlak cəmiyyəti yaranır. Markuzenin əsərlərindən gördüyümüz kimi, istehlak nəzarət və manipulyasiya formasıdır. Kütlələri istehlak prosesi vasitəsilə idarə edirlər. Həmçinin istehsal proses ilə. İstehlak insanların istehsal prosesində qarşılaşdıqları yadlaşmanın kompensasiyasıdır. “Ümumi rifah dövlətinin” (Welfare State) yaranması ilə, sosial proqramların idarəsi ilə əlaqəli olan bir sıra institutlar yaranmışdır. Onun öz bürokratiyası, bürokratik etikası formalaşır, özünə məxsus elitaların formalaşması baş verir və bu elitaların və bu strukturların davranış məntiqi xüsusi sektorda menecerlərin davranış məntiqi ilə eyni deyil.

Demək olar ki, Keynsə qədər kapitalizmin stabilizatorları keçmişdən gələn strukturlar idi, 60-cı illərin əvvəllərində isə biz sanki gələcəkdən gələn strukturlar haqqında danışırıq. Sosializmin kapitalizmə özünəməxsus peyvəndi haqqında. Və burada yeni ziddiyyətlər yaranır. Bir tərəfdən, bütün bu sosialist təcrübələrin kapitalizmin stabilləşdirilməsində hansı məna kəsb etməsi. Amma digər tərəfdən, bu strukturlar öz məntiqləri ilə mövcud olmağa başlayırlar. Müəyyən vəziyyətlərdə onlar kapital yığımı məntiqi ilə münaqişəyə girirlər. Və sistem üçün potensial təhlükə olurlar. Axı ilk əvvəllərdə burjua münasibətləri də həmçinin feodal qurumlara ona görə yeridilirdi ki, köhnə aristokratik elitaların hakimiyyətini möhkəmlətsin. Sonra onlar müəyyən kritik miqyasa çatdılar, təhlükəli olmağa başladılar və feodal monarxiya onlarla mübarizəyə başladı.

Marksizmin sovet versiyası kapitalizmin çərçivəsində hər hansı sosialist münasibətlərin mövcudluq imkanını inkar edirdi. Rəsmi sovet dərsliklərində yazılırdı ki, əgərə kapitalizm feodalizm çərçivəsində yaranırsa, sosializm yalnız inqilabın qələbəsindən sonra “qurula” (yuxarıdan tətbiq edilə) bilər. Öz növbəsində liberal nəzəriyyəçilər müntəzəm olaraq həmin dərsliklərə istinad edərək sübut etməyə çalışırlar ki, sosializm utopiyadır, belə ki, o hadisələrin təbii gedişi ilə yaranmır.

Bu arada əslində hər iki nəzər nöqtəsi empirik faktlara ziddirlər. XX əsr ərzində kapitalizm çərçivəsində sosialist tendensiyaların yüksəlməsi kifayət qədər aydındır. Amma buradan belə çıxmır ki, guya sosial-demokratiya optimislərinin düşündüyü kimi, inqilab lazım deyil və kapitalizm öz-özünə, təbii yolla sosializmə keçəcək. Heç də elə deyil!

Bu münaqişəni “institusional yarış” kimi müəyyən etmək olar. Yalnız siniflər deyil, həmçinin sosial dövlətin institutları sistemi və ənənəvi kapitalizm strukturları arasında. Müəyyən vaxta qədər onlar bir-birlərinə ehtiyac duyurlar. Kapital bu struktura ehtiyac duyur ki, özünü stabilləşdirsin və öz ziddəyyətlərini yumşaltsın, yeni strukturlar və institutlar isə ilk əvvəl sırf texniki vəzifələri yerinə yetirirlər, burjua cəmiyyətinin ümumi ideologiyasını mənimsəyirlər və elə görünür ki, tamamilə ona uyğunlaşırlar. Amam yenə də hakim siniflər daha çox hiss edirlər ki, ictimai sfera onlar üçün, bir zamanlar burjua qurumlarının feodal aristokratiyası üçün olduğu kimi problem ola bilər.

Sosial tənzimləmə strukturları həddən artıq nüfuz qazanırlar. Amma bu kapitalizmin sosializmə “rəvan şəkildə keçməsinə” deyil, burjua reaksiyasına, kapitalın qaçılmaz və qanunauyğun əkshücumuna gətirib çıxarır.

Neoliberalizm: burjua irticası

  1970-ci illərin ortalarından başlayaraq biz – əvvəlcə Qərbdə, sonra isə bütün dünyada sosial dövlətin artan böhranını görürük. 1970-ci illərin əvvəllərində Davosda Beynəlxalq iqtisadi forumu çərçivəsində elitaların yeni konsensusu yaradıldı. Neoliberalizm ideologiyası – klassik kapitalizm və azad bazarın ənənəvi prinsiplərinə qayıdış yayılmağa başladı. “Üçüncü dünya” ölkələrinin milli-azadlıq hərəkatının girdiyi dalan kimi, Sovet İttifaqının böhranı və dağılması burjuaziyanın əkshücumu üçün əlverişli şərait yaratdı.

Nə sovet sistemi, nə də milli-azadlıq hərəkatı son nəticədə kapitalist dünya sisteminin meylini aradan qaldıra bilmədi və 1980-ci illərin sonunda ona qayıtdılar. Eyni hal Çinə, Vyetnama, hətta Kubaya da – XXI əsrin əvvəllərində kommunist rejimləri qoruyub saxlamış, amma qlobal əmək bölgüsünə daxil olmuş ölkələrə də aiddir.

Antikapitalist inqilabı və “qırmızı” istila təhküləsi yox olduqca, burjua sinfi 1960-cı illər üçün tipik olan sosial güzəştlərin qorunmasında daha az maraqlı idilər. Keynsin ideyaları inkar olunurdu.

Neoliberalizm müəyyən mənada burjuaziyanın sosial sfera və dövlət sektorunun, yeni sosial yönümlü institutların artımına cavab idi. Sosial-demokratiya və onun yaratdığı qurumlar öz vəzifələrini yerinə yetirdilər, XX əsrdə kapitalizmi stabilləşdirməyə kömək etdilər. Amma əgər onlar qəti surətdə zəifləməsələr, risk var ki, onlar öz rollarından kənara çıxaraq stabilləşmə amillərindən qeyri-stabilləşmə elementlərinə çevriləcəklər. Sonsuz şəkildə istehlakı genişləndirmək olmaz. Qrupları ard-arda istehlak sisteminə inteqrasiya edərək, burjuaziya istismar mexanizmini mürəkkəbləşdirir, onu daha bahalı edir. Hər bir yeni, “aşağıların” daha kütləvi qrupunun inteqrasiyası, Vallerstaynın qeyd etdiyi kimi, daha baha başa gəlir. Başqa sözlərlə, bundan sonra kapitalın marağı bu prosesi dayandırmaqda və onu əks istiqamətdə işə salmaqdadır.

Biz həm də istehlak cəmiyyətinin ekoloji hüdudları ilə də qarşılaşırıq. Təsəvvür etmək mümkün deyil ki, çinlilər də amerikanlar kimi avtomobil sükanının arxasına keçsələr, nə baş verər. Ekoloji fəlakət baş verəcək. Hələ 1970-ci illərin əvvəllərində braziliyalı iqtisadçı Selso Furtado hesablamışdı ki, əgər dünyanı orta amerikalının istehlak səviyyəsinə çatdırsaq, iqtisadi fəlakət dərhal baş verəcək. Planetdə elə kəmiyyətdə resurs yoxdur ki, hamı üçün amerikan həyat tərzini təmin edə bilsin. Neoliberalizm bu problemin həllini, bir tərəfdən, sosial dövlətin sıxılması hesabına, digər tərəfdən isə kapitalın varlı Şimaldan yoxsul Cənuba yer dəyişməsi hesabına tapır. Həm də kapital Cənuba, onu daha zəngin etmək üçün gəlmir. Bunun iqtisadi əhəmiyyəti yoxdur. Ümumilikdə Cənub daha da yoxsullaşır. Və Qərbin aşağı sosial təbəqələri öz istehlakçı ambisiyalarından imtina etməlidirlər.

Sosial dövlətə təzyiq metodu kapitalın qaçması olur. İşçi qüvvəsinin bahalı olması bəhanəsi ilə kapital elə ölkələrə gedir ki, orada insan qüvvəsi daha ucuzdur, həmkarlar ittifaqları və tətillər yoxdur. Amma düşünmək sadəlövhlük olardı ki, guya qərb dövlətləri kapitalın bu gedişinə qarşı müqavimət göstərməlidirlər. Əksinə, onlar bu gedişi stimullaşdırırlar. Bundan sonra dövlətlər daha aydın şəkildə transmilli forma alan kapital qarşısında qulluq göstərmək üçün aralarında rəqabət aparmalıdırlar. Öz təbəələrinin həyatını daha ağır və bədbəxt edənlər mükafat qazanacaq.

Amma istehlak cənnətindən qovulma narazılıq doğurur. Sistemin sosial ziddiyyətləri həm “şaquli”, həm də “üfüqi” şəkildə artmağa başlayır (hər bir cəmiyyətin daxilində və cəmiyyətlər arasında). Əvvəllər kapital öz problemlərini periferiyaya ixrac edirdi. XX əsrin əvvəlində kapital periferiyanın istismarını dayandırmayaraq, mərkəz ölkələrin sakinlərinə də təzyiqi artırır. Hələ bir müddət əvvəl müvəffəqiyyətlə istehlak cəmiyyətinə inteqrasiya olunanlar özlərini köhnə marksist mənada proletariat kimi hiss etməyə başlayırlar. Psixoloji şok çox güclüdür. Axı bir məsələ – həmişə yoxsul yaşamaqdır, uzun müddətli rifah həyatından sonra yoxsullaşmaq isə – tamam başqa məsələdir.

Sosial narazılıq artır, amma XX əsr üçün tipik olan sinfi mübarizə metodlarına mexaniki olaraq qayıtmaq mümkün deyil, çünki həyat şəraiti, əməyin təşkili, texnologiyalar dəyişiblər. İstehlak cəmiyyətindən sıxışdırılıb çıxarılan insanların bir hissəsi müxtəlif faşist qüvvələrdən istifadə edirlər – XXI əsrin əvvəlində ifrat sağ ekstremizmin, neofaşizmin və radikal milliyyətçiliyin yüksəlməsi təsadüf deyil.  Məsələ onda deyil ki, insanlar İkinci dünya müharibəsinin verdiyi dərsləri unudublar, ondadır ki, “Böyük depressiyanın” sosial şərtləri yenidən yaranmışdır.

Yenə də neoliberalizmin zəfəri yeni inqilabi yüksəlişin nişanəsi ola bilər. Sinfi qarşıdurmanı kəskinləşdirərək, burjua revanşı siyasəti kapitalizmin legitimliyini hətta o cəmiyyətlərdə sual altına almaq riskini edir ki, orada sistemi şərtsiz dəstəkləyirdilər.

Tarix köstəbəyi öz işinə davam edir

 Elitanın təkrar yaradılması mexanizmi onu daha açıq, daha dinamik etmişdir.

Dünənki radikallar bu günki isteblişmentə, bayağı burjualara çevriliblər. Sovet İttifaqı dağılıb, onunla birlikdə dünya kommunist hərəkatı da keçmişdə qalıb. Çində maoizm haqqında yalnız böyük bayramlar zamanı xatırlayırlar. Milli-azadlıq mübarizə liderləri Beynəlxalq valyuta fondundan borc götürən, korrupsiyada batmış rəhbərlərə çevriliblər.

Əvvəllər yaxınlaşmaqda olan inqilab haqqında danışırdılar, indi isə danışırlar ki, müasir dünyada inqilab ola bilməz. Amma burjua ideologiyasının tam qələbə çaldığı və Frensis Fukuyamanın ağzı ilə açıq şəkildə tarixin sonunu elan etdiyi anda, siyasi səhnəyə kapitalizmə meydan oxuyan yeni kütləvi hərəkatlar çıxdılar. Sistemə qarşı kütləvi müqavimətlə bərabər marksist nəzəriyyəsinə tələbat da geri qayıtdı.

(c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:3323