abunə ol: Yazılar | Şərhlər | Еmail

Antonio Qramşi – Sosializm və mədəniyyət

Şərh

gramsci

Bu yaxınlarda Enriko Leonenin özünəməxsus anlaşılmaz və dumanlı üslubuyla mədəniyyətin və intellektualizmin proletariata münasibətdə oxşar tərəflərini təkrarən vurğuladığı kiçik məqələsi nəzərimizə dəydi. Beləliklə, müəllif işçi sinfi öz əlləri ilə uğrunda gələcəyi hazırladığı təcrübə və tarixi faktları mədəniyyət və intellektualizmə qarşı qoyur. “Grido”da dəfələrlə toxunulan bu mövzuya yenidən qayıtmağı faydalı hesab edirik. Bu mövzu daha ciddi və elmi şəkildə daha çox gəncliyin “Avanqardiya” jurnalında, Neapollu Bodriqa və bizim Tasko arasında keçən polemikada işlənilmişdir.

İki hissəni xatırladaq. Birincisi alman romantiki Novalisə (1772 – 1801) aiddir. O deyir:

“Mədəniyyətin ali məsələsi var,özünün transendental “mən”inə sahib olmaq, məsələ eyni zamanda “mən” və özünün fərdi varlıq olaraq “mən”in olan “mən” olmaqdır. Bu səbəbdən başqalarına qarşı hiss və ağılın tamamilə yoxluğu təəccüblü görünmür. Özünü tamamilə dərk etmədən başqalarını həqiqətən anlamaq mümkün deyil.”

İkinci danışacağımız hissə isə Cambatist Vikoya aiddir (“İlk Millətlərin ümumi təbiəti barədə yeni elmin əsasları”). Viko Solonun məşhur, sonradan Sokratın fəlsəfəsində işlədilmiş aforizminə siyasi şərh verir: “Özünü dərk et”. Viko iddia edir ki, bu sözlərlə Solon, öz yaradılışını heyvani mənşəli, zadəganların yaradılığını isə – ilahi mənşəli olduğunu düşünən plebeylərə nəsihət verirdi. Solon onları özləri haqqında düşünməyə, özlərinin təbiətcə eynən zadəganlar kimi insan olduqlarını dərk etməyə çağırır və bu səbəbdən də pleybeylərin zadəganlarla eyni vətəndaş hüquqlarına sahib olmalarını təmin etməyin vacib olduğunu bildirirdi. Viko pleybeylərin və zadəganların insani bərabərliyi fikrini  antik dövrdə demokratik respublikaların yaranmasının tarixi əsası və səbəbi kimi görür.

Bu iki fikri heç də təsadüfən yanaşı qeyd etmədik. Biz belə düşünürük ki, onların ortaq tərəflərində  mədəniyyətin və onun sosializmə olan münasibətinin düzgün dərkini, izahını ifadə edən prinsip və sərhədlər ümumi şəkildə müəyyən edilərək əks olunmuşdur.

Artıq mədəniyyətə sanki ensklopediya kimi yanaşma adətindən kənarlaşmalıyıq. Bu zaman insan – tamamilə xarici aləmin bu və ya digər sorğusuna  lazımi anda cavab verilməsini təmin edən empirik məlumatların, düşünülməmiş və dağınıq faktların beyində sanki bir lüğət sütunu şəklində yığılmasını şərtləndirən konteyner və ya anbar kimi görünür. Mədəniyyətə belə yanaşma xüsusilə proletariat üçün həqiqətən zərərlidir. Bu, insanlarda özünü digərlərindən yalnız yaddaşında daha çox məlumat həkk edə bilməsi ilə üstün sayan müəyyən “narahat təbiətli insanı” yaradır. Onlar hər fürsətdə başqaları qarşısında bununla öyünür və beləliklə özləri ilə ətrafdakılar arasında bir sədd yaradırlar. Mədəniyyətə belə yanaşma cılız intellektualizm yaradır ki, R.Rollan bunu çox gözəl ifşa etmişdir. Belə yanaşma sağlam bədən üçün vərəm və sifilis mikroblarından daha təhlükəli olan xeyli özündən razı və  xəyalpərəsti yaratdı. Tarix və latın dilinin dərinlikləri ilə səthi tanış olmuş “tələbəcik” və ya  professorların diqqtətsizliyi və laqeydliyi hesabına yarımçıq diplom almış vəkilcik elə düşünür ki, ən yüksək dərəcədə ixtisaslaşmış fəhlədən fərqlənir və ona yuxarıdan aşağı baxır. Lakin, işçinin gündəlik həyatda nə iş gördüyü aydındır və eyni zamanda vacibdir və öz yerində o digərlərindən  yüz qat daha lazımlıdır. Bu artıq mədəniyyət deyil, sadəcə quru rəsmiyyətçilikdir, bilik deyil, boşboğazlıqdır. Və məhz belə mədəniyyətlə mübarizə aparmaq lazımdır.

Həqiqi mədəniyyətin buna heç bir aidiyyatı yoxdur. Həqiqi mədəniyyət həyatda öz yerini, öz hədəflərini, hüquq və vəzifələrini dərk etməyi mümkünə çevirən yüksək mütəşəkkillik, şəxsi intizam, öz mənliyinə sahib olmaq, yüksək biliyə yiyələnmək deməkdir. Lakin bütün bunlar öz-özünə, fəal müdaxiləsiz, fəaliyyət və əksfəaliyyət olmadan baş verə bilməz. Bu, təbii seçməyə məruz qalan və şüursuz və labüd şəkildə həyata uyğunlaşan bitki və heyvan aləmində baş verir. Axı insan ilk növbədə ruhdur, o təbiətin deyil, tarixin məhsuludur. Əks halda aydın deyil ki, niyə bütün sərvətləri istehsal edən istismar olunanların və bütün sərvəti yalnız öz şəxsi maraqları üçün talan edən istismarçıların əbədi mövcud olmasına baxmayaraq, hələ də sosializm qurulmayıb. Məsələ ondadır ki, tarixən bərqərar olmuş hökmran azlığın nəyi zorla yeritməsindən asılı olmayaraq, bəşəriyyət tədricən, addım-addım öz yerini tapdı və özünə yaşamaq hüququ qazandı. İdrak heyvani instinktlərin dərin təsiri altında deyil, şüur nəticəsində əvvəlcə ayrı-ayrı insanlarda, daha sonra isə bütün bəşəriyyətdə yarandı. İnsanlar bütün bunların nə üçün baş verdiyini və cəmiyyəti dəyişmək, köləlikdən azad olmaq üçün çevrilişi necə daha yaxşı hazırlaya biləcəklərini düşünürdü. Bu o deməkdir ki, hər bir inqilabdan əvvəl gərgin tənqidi fəaliyyət, kütlənin mədəniyyətə yiyələnməsi və onlarda daha əvvəl heç maraqlanmadıqları yeni ideyaların yaranması prosesi baş verir. Axı indiyə qədər insanlar iqtisadiyyatda olduğu kimi, siyasətdə də yalnız öz maraqlarını düşünürdülər. Onları eyni vəziyyətdə olduğu insanlar qətiyyən maraqlandırmırdı. Buna son nümunə bizə ən yaxın olandır və bizim vəziyyətdən çox az fərqlənir – bu nümunə fransız inqilabıdır. Onu, gerçək həyatdan uzaqlaşmış tənqidçi-nəzəriyyəçilərin tənqidlər yağdırdığı marifçilik adlanan mədəni dövr qabaqlayırdı. Lakin bir dünyada hər şeyi heç nə olmamış kimi Didro və ya D`Alamberin “Böyük ensklopediya”sını oxumayanın zəmanə adamı olmadığını mühakimə edən ensiklopedik zəkaların qayğısız pərvazı deyildi və ya yalnız bundan ibarət deyildi. Orada, indi gözlərimiz önündə aşağı səviyyəli “Xalq universitetləri”ndə olan yalnız miskin xırdaçılıq və özünü ağıllı göstərmək səyləri mövcud deyildi. “İtalyan ədəbiyyatı tarixi” əsəsrində De Sanktis bəsirətlə qeyd edir ki, bu, bütün Avropanın sanki vahid düşüncəyə gəlməsinə, ümumi fəlakətlər və iztirablarla eyni dərəcədə əlaqəsi olan bir burjua mənəvi internasional təşkilatına çevrilməsinə səbəb olan əsl inqilab idi. Bu Fransadakı gələcək qanlı çevriliş üçün əla hazırlıq idi.

İtaliyada, Fransada, Almaniyada, eyni institutlar, eyni prinsiplər və eyni məsələlər haqqında qızğın mübahisələr aparılırdı. Volterin hər yeni pyesi, hər yeni kitabçası ölkədən ölkəyə, bir əyalətdən digərinə yayılan qığılcım təsiri göstərirdi. Və hər yerdə dərhal onun eyni dərəcədə tərəfdarları və əleyhdarları tapılırdı. Napoleon ordularının süngüləri artıq salınmış yol ilə gedirdi. Onlardan əvvəl burada, XVIII əsrin birinci yarısından başlayaraq Parisdən  gələn saysız-hesabsız  kitab və broşür qoşunu təsirini göstərmişdi. Elə onlar da yeniliklərə ehtiyac olan insanları və ictimai institutları hazırlamış oldu. Sonradan Fransada birlik şüuru baş verən hadisələr sayəsində daha da möhkəmləndikdə, Parisdə xalqın ayağa qalxması kifayət edirdi ki, bu qiyamlar Milanda, Vyana və ən kiçik şəhərciklərdə də yaransın. Bütün bunlar indiki prosesə səthi yanaşanlara təbii və öz-özünə anlaşılan səbəb kimi görünür. Axı bütün bunlar müəyyən təfəkkürün yaranmasına səbəb olmuş mədəni zəmin olmadan tamamilə anlaşılmaz olardı. Bu təfəkkür ümumi işin xatirinə hər şeyə getməyə hazır insanlardan ibarətdir.

Eynisi bu gün sosializmlə baş verir. Məhz kapitalist sivilizasiyasının tənqidi vahid proletar şüurunu yaratdı və yaratmağa davam edir. Bu halda tənqid öz-özünə baş verən təbii inkişaf deyil, mədəniyyət deməkdir. Tənqid burada məhz Novalisin, tənqidin məqsədi olaraq qəbul etdiyi öz şəxsi “mən”inin dərkini ifadə edir. “Mən” özünü digərləri ilə müqayisə edir və öz fərqini dərk edir. Qarşısına hər hansı bir məqsəd qoyaraq “mən” hadisə və faktları təkcə özündə və özü üçün yox, həm də onların irəliyə aparıb və yaxud geriyə çəkməsi baxımından bu fakt və hadisələri mühakimə edir. Öz-özünü dərk etmək özü olmaq, özünə sahib olmaq deməkdir, hamı kimi olmaq deyildir. Bu, xaosu keçmək, qayda-qanuna tabe olmaq deməkdir, amma öz qaydalarına tabe olmaq və hər hansı ideallara çatmaq uğrunda öz əzmini göstərməkdir. Lakin əgər biz başqaları haqqında onların həyatı, indiki vəziyyətə necə gəlib çatmaları, onların öz istədiyimiz mədəniyyət əvəzinə yaratdıqları mədəniyyəti necə yaratmaları barədə heç nə bilmiriksə, bütün bunlar mümkünsüzdür. Bu, həyat ruhunun qanunauyğunluqlarını dərk etmək üçün təbiət və onun qanunlarını anlamaq deməkdir. Və bütün bunları son məqsədi gözdən qoymamaqla öyrənmək: özünü başqaları vasitəsilə daha dərindən dərk etmək, başqalarını isə öz vasitənlə anlamaq.

Deyirlər, ümumi tarix – insanın müstəsna hüquqlar, bütlər və xurafatlardan qurtulmaq cəhdlərindən başqa bir şey deyil. Əgər bu belədirsə, onda niyə elə bu zəncirin yeni halqası olan proletariat üçün – bu cəhdlər sələfinin kim, niyə və necə olmasını və ondan hansı faydaların götürə biləcəyini bilmək maraqlı olmasın.

(c) SOLFRONT.org

[Yazı scepsis.ru saytındakı məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:4161