abunə ol: Yazılar | Şərhlər | Еmail

Alber Kamünün gündəlikləri

Şərh

Alber Kamünün (Albert Camus) gündəlikləri

(ixtisarla)*

Fransız yazıçı və filosof (1913-1960)

 

Alber Kamü və qızı Katrin Kamü. Yunanıstan. 1958-ci ilAlber Kamü və qızı Katrin Kamü. Yunanıstan. 1958-ci il

1935-ci ildən, yəni 22 yaşına qədəm qoyduğu ildən etibarən Kamü öz yaradıcılıq düşüncələrini, çılpaq, səmimi, əsəbi, spontan fikirlərini əks etdirdiyi gündəliklər tutmağa başlamışdır. Hər gündəlik bir neçə dəftərdən ibarətdir. Bu qeydlər onun bütün həyat yolunu, fikirlərini addımbaaddım, günbəgün yaşamağa imkan verir. Ədəbi süjetlərdən eskizlərə, sitatlara, fəlsəfi aforizmlərə, lirik peyzajlara, təbiət təsvirlərinə geniş yer verilən bu gündəliklərdə onun 25 illik həyatı əks olunub.

Kamü ilk qeyd dəftərçəsinə 30-cu illərin ortalarında, 22 yaşında başlamışdır. Sonuncu qeydlərini ölümündən bir qədər əvvəl yazmışdır. Bu qeydlər yazıçının həyatını, ədəbi yaradıcılığını əhatə edən özünəməxsus avtobioqrafiyadır. Qeydlər üç gündəliyə və gündəliklərin hər biri öz növbəsində bir neçə dəftərə bölünüb.

I gündəlik 1935-ci ilin mayından 1942-ci ilin fevralına qədər olan dövrü əhatə edir.

I gündəlik

I Dəftər: May, 1935.

* Demək istədiyim budur:

Ki, romantizmə qapılmadan da puç olmuş yoxsul həyatın xiffətini çəkmək olar. Kasıbçılıq içində keçmiş bir neçə il həssaslığın təməlini qoymağa kifayət edir (red.- Kamü Əlcəzairin fəhlə məhəlləsində, kasıb ailədə böyüyüb. Hətta özü də qeyd etmişdir ki, azadlığı ona Karl Marksın əsərləri deyil, yoxsulluq öyrədib.).

Xüsusən də, oğulun anasına bəslədiyi qəribə hiss onun bütün həssaslığını təşkil edir (red.- Kamünün işlətdiyi “qəribə hiss” sözü haqqında çox yazılıb, çox danışılıb. Kamü ana və oğul mövzusuna bir sıra əsərlərində toxunub. O, atasını erkən yaşlarında itirir, hər cəhətdən bir-birinə zidd olan iki qadının – zabitəli, qışqırıqçı hökmran nənəsinin və yarıkarlığı səbəbindən sakit, itaətkar, laqeyd anasının himayəsində böyüyür və “qəribə hiss” deyəndə səssizliyi, laqeydliyi ucbatından artıq analıqdan çıxmış birinə hələ də sevgiylə yanaşmağını nəzərdə tuturdu. Hətta qırx yaşında belə Kamü belə yazırdı: “Kasıb uşaqlıq. Sevgisiz (lakin zövq-nəşəsiz deyil) həyat. Anan da sevgi mənbəyi deyil).

Uşaqlığın gizlin xatirələri bu həssaslığın həyatın müxtəlif şəraitlərində özünü büruzə verməsini kifayət qədər yaxşı izah edir (bir növ ruha yapışan yapışqan kimi).

* Vicdan əzabı çəkənlərin etirafa ehtiyacı var. Yazmaq etirafdır, mən də etiraf etməliyəm. Deməyə, gözdən keçirməyə ancaq bir şeyim var. Məhz bu kasıbçılıq içində, bu müti və ya lovğa insanlar arasında yaşamaqla, mənə həyatın əsl mənası kimi görünən şeyləri qavraya bilmişəm. İncəsənət əsərləri heç vaxt bunu qavramağa qabil ola bilməzlər. İncəsənət mənim üçün hər şey deyil. Uzaqbaşı bir vasitədir.

Mühüm olan digər şey də var – saxta utancaqlıq, xırda yaltaqlıqlar, başqa dünyaya (pul dünyasına) şüursuz baxış. Məncə, kasıbların dünyası özü öz üzərinə qatlanan, cəmiyyətin daxilində bir ada olan nadir dünyalardan biridir. Çox xərc çəkmədən burada Robinsonu oynaya bilərsən (red.- Kamü teatrda aktyorluqdan tutmuş rejissorluğa qədər bir sıra vəzifələrdə özünü sınamış, hətta “Karamazov qardaşların”da qardaşlardan birinin rolunu şəxsən özü canlandırmışdır). O dünyaya baş vuran adam həkimin iki addımlıqda yerləşən mənzilindən danışanda gərək “bax, orada” desin.

* “Təcrübə” mənasız sözdür. Təcrübəli olmaq təcrübədən asılı deyil. Təcrübəni qazanmırlar. O özü gəlir. Təcrübədən çox səbr lazım olur. Biz səbr edirik – daha doğrusu, biz bişirik (red.- söz oyunu: nous patientons (biz səbr edirik) – nous  pâtissons (biz bişirik).

İstənilən təcrübə belədir: Təcrübələndikdən sonra müdrik yox, məlumatlı olursan. Amma nədə məlumatlı?

* Avqust ayının ildırımlı səması. Qızmar küləklər. Qara buludlar. Şərqdə nazik, mavi və şəffaf bir zolaq görünür. Ona baxmaq mümkün deyil. Gözlərə və ruha əzab verir. Çünki gözəllik dözülməzdir. O, ümidimizi bizdən alır, ani olan bu gözəlliyi biz əbədiyyən uzatmaq istərdik.

* Səmimi olanda özünü rahat hiss edir. Nadir şeydir.

* Gənclik çağımda insanlara qarşı onların mənə verə biləcəklərindən daha çox tələbkar idim: əbədi dostluq, sadiq hisslər istəyirdim.

İndi isə onlardan mənə verə biləcəklərindən daha az şey tələb etməyi öyrənmişəm: susub yanımda qalsınlar. Və onların hissləri, dostluqları, alicənab əməlləri gözümə möcüzə kimi görünür: əsl tanrı vergisi.

Yanvar, 1936.

Pəncərə bağa baxır, mən isə ancaq bağın divarlarını görə bilirəm. Və günəş şüalarının süzüldüyü bir neçə yarpağı. Bir az yuxarıda da yarpaqlar var. Lap yuxarıda isə günəş var. Və havada dolaşan şadyanalıqdan, dünyanı başına alan sevincdən mənə yalnız yarpaqların ağ pərdələr üzərindəki rəqsi pay düşüb. Bir də günəşin quru otların xoş ətrini yavaş-yavaş otağa yayan beş şəfəqi. Yüngül meh əsən kimi pərdənin üzərindəki kölgələr hərəkətə gəlir. Günəş buludların arxasında gizlənib, sonra yenidən boylandıqca, güldandakı küsdümgüllərin tünd-sarı kölgəsi peyda olurdu. Təkcə bu işıltının görünməsi içimi qarışıq hisslərlə doldurub, məni bihuş etməyə kifayət edirdi.

Mağaranın əsiri olan mən dünya ilə başbaşa qalmışam. Yanvar ayı, günortadır.

Hələ də havanın canında soyuqluq var. Günəşin dörd bir tərəfə səpələdiyi örtük kövrək və zərif olsa da, hər qarışı əbədi gülüşü ilə nurlandırırdı. Mən kiməm və əlimdən nə gəlir – məgər yarpaqların və işığın oyununa qoşulmaqdan savayı. Siqaretimi sümürən günəş şüası olmaq, havada duyulan lətafətli və dinc ehtiraslı nəfəsə çevrilmək. Əgər özümü tapmağa çalışırımsa, onu bu işığın dərinliklərində axtarmalıyam. Bu sirli aləmin bəxş etdiyi  ləzzətli şirəni dadmağa və anlamağa səy göstərəndə isə özümü kainatın ən dərin qatında tapmış oluram.

Özümü – başqa cür desəm,  ətraf mühitdən azad edilmiş ən ali hissi. Bir azdan digər əşyalar və insanlar yenidən məni özümdən alacaqlar. O halda imkan verin, bu dəqiqəni zamanın gövdəsindən qoparım, insanlar çiçəyi səhifələrin arasına qoyanda da bunu etməyə çalışırlar. Onlar səhifələrin arasında sevgililərini tapdıqları gəzintini gizlətməyə çalışırlar. Mən də gəzintiyə çıxıram, amma məni gözəllik sığallayır. Həyat qısadır və vaxtı havaya vermək günahdır. Bütün günü vaxtım hədərə getsə də, adamlar məni yaman çalışqan hesab edirlər. Bu gün fasilə götürmüşəm və qəlbim özü ilə görüşə yollanır.

Əgər mənə əzab verən bir şey varsa, o da əllə toxuna bilmədiyimiz belə anların civə kürəcikləri kimi barmaqlarımız arasından sivişib axmasıdır. Dünyadan qopmaq istəyənlərə mane olmayın. O aləmdə mən məsudam, ondan ötrü ki, mənim səltənətim o aləmdədir. Bulud keçir və həmin an sönür. Mən özüm üçün ölürəm. Kitab sevdiyim səhifədə açılır. Dünyanın kitabı ilə müqayisədə bu kitab necə də bayağı görünür. Mən əzab çəkmişəmmi və yaxud çəkməmişəm, bunun nə mənası var, bir halda ki, bu əzab məni məst edir, çünki o, bu günəş və bu kölgələrdə, uzaqda, havanın lap dibindəki bu isti və soyuqluqdadır. İnsanlarda bir şeylərin ölüb-ölməməsi və ya əzab çəkmələri haqqında tapmacalara girməyə nə hacət, bir halda ki, ucsuz-bucaqsız səmanın qucaqladığı bu pəncərədə hər şeyin cavabı yazılıb. Mən deyə bilərəm, elə dərhal deyəcəm də, əsas insan olmaqdır, sadə insan. Xeyr, əsası özün kimi olmaqdır, buna həm insanilik, həm də sadəlik daxildir. Bəs mən özüm kimi olanda, saf və şəffaf olanda bütün dünya olmurammı?

Məftunedici səssizlik. İnsanlar susublar. Lakin bu vaxt dünyanın nəğməsi ucalır və mənim, mağarada yaşamağa məhkum olunmuş bu insane, arzu tutmağa macal tapmamış bütün arzularım çin olur. Budur, əbədiyyət, mənim ümidlə bel bağladığım əbədiyyət. İndi danışa bilərəm. Bilmirəm, özümə içimdə mövcud olan əbədi əsl “mən”dən savayı daha yaxşı nəyi arzulaya bilərdim. İndi mən xoşbəxtliyin həsrətini çəkmirəm, mən yalnız ayıqlığı istəyirəm. Özünü dünyadan qopmuş zənn edirsən, fəqət qızılı kölgədən zeytun ağacının ucalması, səhər günəşinin sahillərini nura boyaması kifayət edir ki, insan sarsılmaz mətanətinin necə laxladığını hiss etsin. Mənimlə də belə olur. Cavabdeh olduğum fürsətləri yaxşı dərk edirəm. Həyatın hər dəqiqəsində möcüzə və əbədi gənclik gizlənmişdir.

* Yalnız təsvirlərlə düşünmək olar. Filosof olmaq istəyirsənsə, romanlar yaz.

* “Həyata sevgimdən savayı heç bir şeydən danışmayacağam. Amma onu da özüməməxsus şəkildə danışacağam…

Digərlərini yazmağa vadar edən nakam arzularıdır. Həyatlarındakı hər məyusluqdan bir sənət əsəri doğur, ömür-günlərini bürümüş yalandan toxunmuş yalan. Lakin mənim yazılarım xoşbəxt günlərimin məhsuludur. Hətta onlar zalım və sərt görünsələr də. Mənim üzmək kimi yazmağa da ehtiyacım var, çünki bunu bədənim tələb edir” (Yazıçının “Xoşbəxt ölüm” əsərindən).

Ardı var…

*Qeyd edək ki, bu tərcümədə sizə, əlbəttə ki, müəllifin gündəliyindəki bütün qeydləri deyil, yalnız oxucuya maraqlı və faydalı görünə bilənləri çatdırırıq

Fransız dilindən tərcümə: Çimnaz Vəliyeva                            (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:4474

Şərhlər

  1. Aysel deyir:

    Heqiqetende cox maraqli gundelik yazib

  2. aysel.nuradova@gmail.comAysel deyir:

    Bu insanin yazdiqlari bir möcuzedi