abunə ol: Yazılar | Şərhlər | Еmail

Qadın işçi hərəkatları – Çörək və Qızılgüllər

Şərh

Bread and Roses
Uzun əsrlər boyu qadınlar tarixin və sosial həyatın ən arxa planlarına atılmış, onların fəaliyyəti kişi hegemoniyasının diqtəsi ilə məhdudlaşdırılmışdır. Hətta, tarix boyu formalaşmış yazılmamış qanunlar hesab olunan müxtəlif cəmiyyətlərin “əxlaq kodeksləri” tamamilə qadının istismarına və diskriminasiyasına yönəlmiş, qadını, adətən, mülk kimi görmüş və onun canlı sosial mahiyyətini heçə saymışdır. Bəşər tarixi irəlilədikcə və yeni ictimai münasibətlər yarandıqca qadının istismarı şiddətlənir və istismarın növləri artır, çoxşahələnir.

Yalnız cinsi obyekt – nəsil artırma vasitəsi kimi görülən qadın həmçinin tarix boyu cinsi istismara da məruz qalmışdır. Amma özünə qədərki, yaxşı-pis bütün əxlaqi dəyərləri bir “dəyər”lə – mənfəət hərisliyi ilə əvəzləyən və mənfəətə gətirən hər cür əməli doğru sayan kapitalist sistemdə qadın daha amansız istismara məruz qalır.  Kapitalist qadınların əvvəlki dövrlərdən miras qalan hüquqsuzluğundan istifadə edərək onu kişilərdən daha çox işlədir, əvəzində isə daha az əmək haqqı verir. Bu azmış kimi, bütün dəyərləri itirmiş burjua öz tabeliyində işləyən qadınların cinsi istismarına da meyllidir (təəssüf ki, bu günümüz  Azərbaycanı üçün də xarakterik haldır).

Maarifçilik dönəmində və dünya burjua inqilabları zamanında insanlar öz hüquq və azadlıqlarını anlamağa və  tələb etməyə başlayırlar. Bu oyanış və hərəkat qadınlardan da yan keçmir. Təsadufi deyil ki, ilk təşkilatlanmış qadın hərəkatları XVII – XVIII əsrlərdə başlayır. Böyük Fransa İnqilabı zamanı ən əsas şüarlardan biri məhz bütün insanların bərabərliyi olmuşdur. Həmin inqilabın hərəkətverici qüvvələri arasında kifayət qədər qadınlar da iştirak etmiş və bu inqilabın qələbəsində onların da payı olmuşdur. Lakin yenə də onlar kişilərlə bərabər haqqlara real olaraq sahib ola bilmədilər. Bunu həmin dövrün görkəmli qadın lideri Olympe də Gougesin “İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi”nin qəbulundan 2 il sonra  yazdığı  “Qadın və Vətəndaş Hüquqları Bəyannaməsi”nin mətnindən aydın görə bilərik. O, “İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi”də göstərilən və bərabərliyi elan olunan “insan” ilə yalnız kişilərin nəzərdə tutlduğunu söyləyirdi.

Bu dövrdə qadın hərəkətları ilk olaraq sinfi tələblərlə çıxış edirlər. Çünki burjua inqilablarında qadınlardan istifadə edən burjuaziya hakimiyyətə gəldikdən sonra, özlərindən əvvəlki sistemlərdə olduğu kimi, qadını yox saymağa başladılar. Yəqin ki, onlar “bərabərlik” məfhumunu kişilərlə bərabər qadının da ağır şərtlər altında istismarı kimi qavramışdılar.

Beləliklə, qadınların mübarizəsi həm də sinfi mübarizə ilə çulğaşır. Ümumiyətlə, qadınlar bütün dövrlərdə ayrıseçkiliyə məruz qaldıqları üçün onların mübarizəsi sinifi mübarizədən ayrı götürülə bilməz. Çünki, başqa cür desək, qadınlar da sosial həyatda ayrıca bir sinfi təmsil edirlər – hər zaman yox sayılmış, alçaldılmış, əmtəə olaraq görülmüş, əzilmiş və azadlıqları əllərindən alınmış bir sinfi. Müəllifini bilmədiyim bir şüarda deyildiyi kimi: “Qadın ilk əzilən sinif, cins və millətdir.”

Beləliklə, tarixin başlanğıcından məğlub vəziyyətində olan qadının mövcudluğu, həyat şərtləri kapitalist sistemdə daha da ağırlaşır.

Qadınların öz hüquqları uğrunda mübarizəsinin ən intensiv mərhələsi, təəcüblü deyil ki, sol hərəkatlarının gücləndiyi və yayıldığı dönəmə təsadüf edir. Əlbəttə, qadının xilas yolu da sinfi mübarizəni və həqiqi bərabərliyi əsas götürmüş SOLdan keçməyə bilməzdi. Çünki məhz sol ideoloqlar qadın istismarı probleminin əsl kökünü və mahiyyətini açmış, tarixi materyalizm görüşü ilə analiz etmişlər. Bütün əxlaqi, dini və digər dəyərləri öz mənfəətləri uğruna gözdən çıxarmış və qadın istismarını bütün çılpaqlığı ilə həyata keçirməyə başlamış burjuaziya isə həm feminist hərəkatın, həm də sol hərəkatın gözündə, haqlı olaraq, bütün bəlaların səbəbkarı idi. Kommunist Manifestində deyildiyi kimi, burjuaziya qadını bəsit bir istehsal vasitəsi kimi görürdü və bu münasibət, təbii olaraq, onu qadın hüquqları uğrunda hərəkatın düşməninə çevirirdi.

Bread and Roses_2

Lakin burjua qadın hərəkatları ilə proletar qadın hərəkatlarını ayırmaq lazımdır. Çünki işçi qadın hərəkatı sinfi mübarizənin bir hissəsidir.

Tarixdə bu cür proletar qadın hərəkatları , etiraz aksiyaları, tətilləri çox olmuşdur. Onlar haqqında bir çox incəsənət nümunələri yaradılıb, əsərlər, şeirlər, mahnılar yazılıb, filmlər çəkilib. Bu cür sənət nümunələrindən biri də Amerikalı yazıçı, şair James Oppenheimin yazdığı “Bread and Roses” ( Çörək və güllər) adlı şeir olmuşdur.  Daha sonra – 1974-cü ildə həmin şeirə məşhur folk rock ifaçılarından olan Mimi Farina musiqi bəstələyir və ifa edir. Bundan sonra həmin mahnı qadın işçi hərəkatının himnlərindən birinə çevrilir və bütün dünyaya yayılır, müxtəlif dillərdə müxtəlif ifaçılar tərəfindən səsləndirilir. Hətta bu mahnıya 8 mart dünya qadınlar günün qeyri-rəsmi himni də deyirlər.

Mahnının yaranma tarixindən.

1908-ci ildə Amerikada bir fabrikdə çıxan yanğın nəticəsində 125 qadın işçi həlak olur. Daha sonra, Nyu Yorkda 15 min qadın işçinin etiraz yürüyüşü keçirilir və oradakı əsas şüarlardan olan “Çörək istəyirik, həm də gül!” James Oppenheimin “Çörək və güllər” şeirini yazmağa ilham verir. Həmin şeir 1911-ci ilin Dekabr ayında “The American Magazine”də çap edilir. Və təkcə 1 ay sonra başlayacaq Amerika tarixində ən böyük işçi hərəkatlarından olan “Lawrence” tekstil işçilərinin tətilinin əsas şüarına çevrilir.

XX əsrin əvvəllərində ABŞ artıq önəmli sənayə mərkəzlərindən biri idi. Yüksək gömrük haqları ilə qorunan Amerikan tekstil sənayesi müəyyən şəhərlərdə sıxlaşdıqca, əmək haqları azalmağa, həyat şərtləri də pisləşməyə başlamışdı. Bu dövrdə Massaçusets ştatının Lourens şəhəri tekstil sənayəsinin mərkəzi halına gəlmişdi. Şəhərin 14 yaşdan yuxarı əhalisinin təxminən yarısını təşkil edən 40 min işçi, tekstil sektorunda çalışırdı. 1905-ci ildə Lourensdə dünyanın ən böyük toxuma fabriki qurulmuş və bu fabrikdə ərəb, rus və Şərqi Avropalı immiqrant işçilər işlədilməyə başlanmışdı. Beləcə, bir neçə ildən sonra, tək bir  fabrikdə 25 fərqli millətdən işçi çalışırdı. Ən dəhşətli iş şəraiti də məhz bu cür çoxmillətli fabriklərdə idi. Belə ki, həmin işçilər kapitalistin  sahib olduğu köhnə binalarda, tək otaqlarda bütün ailəsi ilə qalmalı olurdular. Bu isə bir otaqda 8-10 nəfərin qalması və uşaqlar da daxil olmaqla bütün ailə üzvlərinin işlədilməsi demək idi. Tekstil işində isə  ənənəvi olaraq qadınlar və uşaqlar üstünlük təşkil edirdilər. Buna baxmayaraq işçilərin aldıqları ödəniş o qədər aşağı idi ki, uşaqların yarısı aclıqdan hələ 5 yaşına çatmadan  ölürdülər. O dövrün statistik məlumatlarına görə bu cür şəraitdə işləyən və yaşayan hər 100 işçidən 36-sı ölür və şəhərədəki işçilər işçi olmayanlara nisbətən 22 il daha az ömür sürürlər.

Onsuz da dözülməz olan vəziyyət 1912-ci ildə bir az da gərginləşir və böyük tətil hərəkatına səbəb olur. Belə ki, həmin ildən etibarən əyalət səviyyəsində həftəlik iş müddətini 56 saatdan 54 saata endirən qanuni dəyişiklik kağız üzərində işçilərin lehinə görünsə də, sahibkarlar eyni nisbətdə əmək haqqlarını azaltdıqdan sonra artıq tətil etməkdən başqa çarə qalmamışdı.

11 Yanvardan etibarən işi dayandırmağa başlayan işçilər, ilk təşkil etdikləri yığıncaqda aksiyanı təşkilatlandırması üçün, dövrün anarxist, sosialist və radikal sendikalistlərinin yaratdığı “Dünya Sənaye İşçiləri” (IWW) sendikatına teleqram göndərmə qərarı alırlar. Nyu-Yorkdan gələn sendikat aktivisti Josef  Ettor sürətlə, fabriklərdə çalışan bütün etnik qrupların bərabər şəkildə təmsil edildiyi bir tətil komitəsi yaradır. Artıq yanvarın 12-də toxuculuq fabriklərinin minlərlə işçisi tətilə başlayırlar. IWW-nin şəhərdəki üzvlərinin sayının 300 olmasına baxmayaraq,  düzgün təşkilatlanma taktikası sayəsində bir həftə içində 25 ayrı fabrikdən 25 min işçi tətilə cəlb olunur. Bu cür geniş miqyaslı tətil həm fabrik sahiblərini, həm də o dövrdə hər vəchlə tətilləri pozmağa çalışan “Amerika İşçi Federasiyası”nı (AFL) təəccübləndirmiş və qorxutmuşdu. Onlar, tətilin təşkilatçılarını “anarxistlik” və “inqilabçılıq”da günahlandırırdılar.

Tətilin başlamasından az sonra polis və təhlükəsizlik xidməti hərəkətə keçir. Cəmi 1 həftə sonra onlar artıq tətil komitəsinin ətrafında və digər yerlərdə partlayıcı maddələr “tapmağa”, ayrı ayrı işçiləri və aktivistləri həbs etməyə, üzərlərinə hücum etməyə başlayırlar. Hər zaman sistemə çalışmış burjua mətbuatı isə hadisələri tamamilə başqa cür işıqlandırır. Məsələn “New York Times” tətildəki işçiləri “insanlıqdan uzaq zalımlar” kimi təqdim edirdi. Halbuki, daha sonra partlayıcıları yerləşdirən adamın bir cənazədaşıyan olduğu və böyük tekstil firması “Amerika Woolen Company”dan bu iş qarşılığında 500 dollar aldığı ortaya çıxacaqdı.

Bu tətil hərəkatının əsas hərəkət verici qüvvəsi və liderləri qadınlar olmuşdu. Qadınların istismarı və hüquqlarının heçə sayılması ilə bağlı bir çox iddialar irəli sürülmüş, qadın liderləri tərəfindən məhz işçi qadın probleminə dair kəskin tənqidlər edilmişdir. Bunlardan fəal sosialist, feminist, qadın işçi hərəkatı lideri Rose Schneidermanı və komunist, feminist  IWW-nin qadın liderlərindən Elizabeth Gurley Flynnı göstərmək olar. Elizabeth Gurley Flynn deyirdi:

“ Qadınlar fabriklərdə daha aşağı əmək haqqı qarşılığında çalışır, üstəlik bütün ev işlərini görür, həm də uşaqlara baxırdılar. Kişini “ağa və ailə rəisi” görən köhnə düşüncə tərzi çox güclü idi. Tətillərdə və ayrı-ayrı toplantılarda, iclaslarda iştirak edən qadınlara qarşı güclü bir kişi müxalifəti var idi. Biz bütün bunlara qarşı qətiyyətlə mübarizəyə başladıq. Qadınlar da tətil gözətçişi və təşkilatçısı olmaq istəyirdi. Bilirdik ki, qadınları tətil fəaliyətindən qıraqda, evdə tək başına saxlamaq tətil hərəkatını təhlükə altına alardı.”

Bu sözləri deyərkən onun hələ 21 yaşı var idi. 16 yaşından bəri işçi hərəkatında və IWW-lə birlikdə tətillərdə fəal içtirak edən bu yorulmaz komunist qadın hər kəsin sevimlisinə çevrilmişdi. Flynn işçilərin həyat yoldaşlar və qadın işçilər üçün xüsusi seminarlar, yığıncaqlar təşkil edir və onların maariflənməsinə çalışırdı. Daha sonra onun təşəbüsü ilə ictimai yeməkxanalar təşkil olunur ki, burada işçilər və onların uşaqları üçün yeməklər  bişirilir, onların normal qidalanmasına çalışılırdı.

Bread and Roses_3

Getdikcə bu tətilin miqyası genişlənir və hərəkat beynəlxalq miqyas alır. Dünyanın bir çox yerlərindən tətil iştirakçılarına ərzaq və maddi yardım göndərilməsinə başlanılır. Dünyada rezonans doğuran bu hadisə insanların qardaşlığının,  mübarizəsinin, işçi həmrəyliyinin simvolu oldu.  Flynnin təşəbbüsü və rəhbərliyi ilə tətildə olan işçilərinin uşaqlarının ac qalmaması və yaxşı baxılması üçün ölkənin müxtəlif yerlərindəki sosialist görüşlü və ya sosialist-komunist partiyalarına üzv ailələrin yanına göndərilir. Birinci dəfə 120, sonra 100 uşaq qatara mindirilərək “İnternasional”ın sədaları altında yola salınır. Üçüncü dəfə 150 uşağı daha göndərmək istəyərkən polis hücüm edir və 30 nəfər həbs olunur. Polis tərəfindən döyülən hamilə bir qadın isə uşağını itirir.

Bu hadisələr hərəkatda dönüş nöqtəsi olur, ölkə daxilində etirazlar güclənir. Nəticədə Konqresdə məsələylə bağlı istintaq başlanılması qərara alınır. 14 Mart 1912-ci ildə Amerikanın ən böyük tekstil şirkəti “American Woolen Company” işçilərin bütün tələblərini qəbul etdiklərini elan edir. Mart ayının sonunda isə bütün digər tekstil şirkətləri də işçilərin istəklərini qəbul etdilər. 30 Martda Nyu-Yorkdakı uşaqları da yanlarına gələn tətilçi işçilər zəfərlərini “İnternasional” söyləyərək qeyd edirlər.

Amerikan işçi hərəkatının tarixində ən parlaq məqamlardan biri olan bu tətil dünya işçi hərəkatlarının tarixində də ən əhəmiyyətlə səhifələrdən birini təşkil edir. Qadınların dominantlıq etdiyi bu tətil yuxarıda qeyd etdiyim kimi “Çörək və güllər tətili” olaraq tarixə düşür. Buna səbəb isə tətilin liderlərindən Rose Schneidermanın söylədiyi nitqi olmuşdur. O, işçi qadınların da yaşam haqlarını istədiklərini söyləyir: “Sadəcə mövcud olmaq yox, həqiqətən yaşaya bilmək! Necə ki varlı qadınlar bu hüquqlara sahibdirlər – günəşə , musiqiyə, incəsənətə.  İşçi qadınlar nəinki bunlara, heç adi hüquqlara belə sahib deyillər. Biz çörək istəyirik ama həm də güllər…”

Məhz sonuncu cümlə qadınların çətinliyini gözlər önünə sərir. Çünki işçilər bütün günü işləyir və öz həyatlarına arzularına istəklərinə ən önəmlisi isə insanca yaşamağa ayırmaq üçün vaxtları olmurdu. Onlar yalnız qarınlarını doyurmaq üçün müqavimət göstərmədilər. Özlərinin və uşaqlarının daha gözəl bir dünyada yaşamaları idi məqsədləri: çörək yeyə biləcəkləri, amma gül də ala biləcəkləri bir dünya! Əməklərinin qarşılığını ala biləcəkləri, amma mahnı oxumağa, rəqs etməyə də zaman ayıra biləcəkləri bir dünya! Günəş üzü görə biləcəkləri, eşqi və digər gözəllikləri azadca yaşaya biləcəkləri bir dünya! İnsanın insanı istismar etmədiyi, istehsal edilən hər şeyin hər kəsə çatacaq şəkildə paylaşıldığı bir dünya!  Beləliklə, bu hərəkat təkcə işçi haqlarını tələb etmirdi həm də istismarçı kapitalist sinfinin onların əlindən aldığı insanca yaşama haqqını da tələb edirdi. Gəzmək, əylənmək, musiqi, incəsənət yalnız varlı təbəqənin imtiyazı olamamalı idi, işçilər də dünyanın bu gözəlliklərini dada bilməli idi.

Bəli, onlar  çörək üçün vuruşurdular, amma həm də güllər üçün..

James Oppenheim – “Bread and Roses”

As we come marching, marching in the beauty of the day,

A million darkened kitchens, a thousand mill lofts gray,

Are touched with all the radiance that a sudden sun discloses,

For the people hear us singing: “Bread and roses! Bread and roses!”

As we come marching, marching, we battle too for men,

For they are women’s children, and we mother them again.

Our lives shall not be sweated from birth until life closes;

Hearts starve as well as bodies; give us bread, but give us roses!

As we come marching, marching, unnumbered women dead

Go crying through our singing their ancient cry for bread.

Small art and love and beauty their drudging spirits knew.

Yes, it is bread we fight for — but we fight for roses, too!

As we come marching, marching, we bring the greater days.

The rising of the women means the rising of the race.

No more the drudge and idler — ten that toil where one reposes,

But a sharing of life’s glories: Bread and roses! Bread and roses!

Şeiri qeyri-profesional şəkildə tərcümə etməyə çalışmışam, səhvlər və yanlışlıqları üzrlü hesab edin.

Çörək və Güllər

Yürüyürük, yürüyürük günün gözəlliyində

Milyonlarla qaranlıq məbəxtlərə

Minlərlə boz fabrik bacalarına

Çarpır və birdən parıldayan

Bir işıq kimi eşidilir səsimiz

Çörək və güllər! Çörək və güllər !

Yürüyürük, yürüyürük, kişilər üçün də savaşırıq

Onlar bizim övladlarımızdır,

Biz yenə də analıq edərik onlara

Həyatımız sömürülməyəcək

Doğuşdan məzarədək.

Qəlblər də aclıqdan ölür, bədənlər kimi

Bizə çörək verin, həm də güllər verin!

Yürüyürük, yürüyürük saysız qadın ölümləri üçün

Ağlayırıq, oxuyuruq onların çoxillik çörək fəryadları üçün

Onların kölə, əzablı ruhları sənət, gözəllik sevgi ilə tanış idi.

Hə biz çörək üçün vuruşuruq, amma həm də güllər üçün!

Yürüyürük yürüyürük daha gözəl günlər gətirmək adına

Qadını yüksəltmək  üçün

Daha köləlik, tənbəllik olmasın

Həyatın sevincini bölüşmək üçün

Çörək və güllər! Çörək və güllər !

Hazırladı: Samirə Güney                                           (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:4422