abunə ol: Yazılar | Şərhlər | Еmail

Kədərli Don Kixot diktaturaya qarşı

Şərh

Xuan helman

2013-cü il mayın 17-də Argentinanın eks-diktatoru, “Çirkli müharibə”nin və “Ölüm uçuşları”nın banisi, uşaq oğrusu Xorxe Videlanın yoxluğa yollandığı xəbəri yayılanda, ilk xatırladıqlarım rejissor Marko Beçisin “Olimpo qarajı” filmi və ispandilli ədəbiyyatın məşhur siması Xuan Xelman oldu.

Marko Beçis o qapqara filmində, diktator Videlanın hakimiyyəti illərinin amansızlıqlarını (cəllad sevdiyi qıza işgəncə verir, finalda isə “ölüm uçuşu”na yollayır) incəsənətdə əks etdiribsə, Xuan Xelman o cəhənnəmi bilavasitə taleyində yaşayıb. Onun taleyi, həm də “Diktatura şəraitində yaradıcı hansı mövqedə dayanmalıdır” sualına bənzərsiz və bəzək-düzəksiz cavabdır.

***

“Sənin üzün zülmətdə işıqdır, oğlum mənim,

İşgəncə gecəsində işıq.

O işgəncə gecəsinin xatirinə yaşayıram

və ölürəm, oğlum mənim…” (Xuan Xelman)

Onu bəzən “Latın Amerikasının kədərli Don Kixotu” adlandırırlar. Mübahisə etmək olar. “Kədər insanı müdriklik zirvəsindən endirir” – Spinoza yazmışdı. Xuan Xelman isə müdrikliyini ən ekstremal şəraitdə, bioqrafiyasının çoxsaylı “lənətlənmiş dövrlər”ində də saxlayıb. Uduzmağı ilə barışmayıb, kədəri enib.

Elə buna görə də “Niyə Argentinada yox, Meksikada yaşayırsız” sualına “Xanımım meksikalıdır, mən isə xanımımı çox sevirəm” lakonik cavabını verir. Uzun-uzadı, kədərli cavabdan qaçır. Əsl şair azdanışan olur.

Xelman dilinin ucuna da gətirmir ki, Argentina ona ögey ana olub, onun oğlunu, gəlinini, nəvəsini, dostlarını əlindən alıb, özünü məhbəsə salıb, ölkədən qovub, haqqında ölüm hökmü çıxarıb, 13 il mühacirətdə saxlayıb, dönüşündə isə haqqında yeni cinayət işi açıb. Ancaq bütün bunlar onun üçün şəxsi problemlərdir – acıq hissini Vətən hissinə bərabərləşdirmək olmaz.

2008-ci ildə o, İspaniya kralı Xuan Karlosun əlindən Servantes mükafatını alır (ispandilli ədəbiyyat üçün bu, Nobel mükafatının ekvivalentidir). 84 yaşlı şairi Latın Amerikasının təkcə ədəbiyyat nəhəngi yox, həm də dirəniş, mübarizə simvolu sayırlar. Yaşadığı amansızlıqlar və dərdlər onu qətiyyən qisasçı etməyib. Zahiri barışqanlıq pərdəsi altında gizlədilən permanent Qiyam hissi bizlərə nonsens görünə bilər, ancaq XX əsr Latın Amerikasında belələri birmi, ikimi?.. Çoxdur. Xelman da onlardan biridir…

***

“7 ya 8 yaşım olanda böyük qardaşım mənə rus dilində Puşkinin şeirlərini oxudu. Mən evin uzaq küncünə qaçıb, saatlarla orada qaldım – bir sözünü də başa düşmədiyim, yad dildəki şeirlərin musiqisi məni fəth etdi” – sonralar “El Pais” qəzetinə müsahibəsində Xelman xatırlayacaqdı.

Hər kəsin həyatında bifurkasiya nöqtəsi, təkan anı olur – taleyin müəyyənləşdiyi epizod. Rusca bir kəlmə də bilməyən 7 yaşlı Xuan üçün də taleyinə çevriləcək ədəbiyyat həmin gün başladı. İlk şeirini 8 yaşında yazır. İlk dəfə 11 yaşında çap olunur.

1930-cu ildə Buenos-Ayresdə Ukrayna mühacirlərinin ailəsində dünyaya göz açır. Onun atası 1905-ci il rus inqilabının fəal iştirakçısı olub, məğlubiyyətdən sonra Rusiyanı tərk edir, ölkələr dəyişir, sonunda Argentinada məskunlaşır. Oktyabr İnqilabından sonra SSRİ-yə dönür, ancaq bir neçə il keçir və yenidən Buenos-Ayresə qayıdır. Onun 3 oğlundan 2-si Moskvada doğulur, yalnız kiçiyi – Xuan Latın Amerikasında dünyaya gəlir.

Xuan Xelman universitetdə kimyanı öyrənir, təhsilini yarımçıq qoyur, ömrünü ədəbiyyata həsr etmək qərarını verir. Sürücü, zavodda fəhlə, satıcı olur. 15 yaşında Kommunist Partiyasına qoşulur. 25 yaşında kommunist şairlərdən ibarət “Boyat çörək” (El pan duro) qrupunu yaradır. Qrupun üzvləri ümumi büdcə yaradıb, bir-birinin kitablarının çapına yardım edirdilər. 1956-cı ildə Xelmanın ilk şeirlər kitabı (“Skripka və digər müxtəlifliklər”) işıq üzü görür.

Jurnalist fəaliyyətinə 36 yaşından başlayır, Sol mətbuatda məqalələr yazır. Kommunist təbliğatına görə həbs olunaraq 1 il məhbəsdə qalır. Həbsdən çıxandan sonra Argentina Kommunist Partiyasını tərk edir. Səbəb – partiyanın mötədil siyasi kursuna etiraz. Xelman dinc yolun səmərəsizliyini bəyan edir və silahlı mübarizəyə qoşulur. Mübarizəsini gevaraçı İnqilabçı Hərbi Qüvvələr (Fuerzas Armadas Revolucionarias) təşkilatında davam etdirir. Diktaturalar bir-birini əvəzləyir, Xuan Xelman isə təkcə qələmi ilə yox, həm də odlu silahla mübarizə aparır.

1970-ci illərin əvvəllərində Argentinada silahlı mübarizənin avanqardı rolunu əfsanəvi “Montoneros” təşkilatı boynuna götürür (məhz onlar 1980-cı ilin iyulunda Paraqvayda gizlənən Nikaraqua diktatoru Somosanı tapıb məhv edəcəkdilər), Xelmanın üzvü olduğu İnqilabçı Hərbi Qüvvələr də bu təşkilatın tərkibinə keçir. “Montoneros” təşkilatı şəhər partizanlığı taktikası ilə, həm ABŞ emissarlarına, həm də yerli hakimiyyətə qarşı vuruşurdu.

Artıq,yalnız Argentinada yox, həm də Latın Amerikası ölkələrində və İspaniyada məşhur şairə çevrilən Xelman təşkilatın təbliğində və ölkədə insan haqlarının tapdanması faktlarının dünyaya çatdırılmasında əsas sima olur. 1976-cı ildə o, bu məqsədlə Avropaya yollanır və Madriddə olarkən, Argentinada növbəti hərbi çevriliş baş verir – hakimiyyətə cəllad Xorxe Videla yiyələnir.

Xelman barəsində ölüm hökmü çıxarılır. O, Avropada qalmağa məcbur olur və YUNESKO-da tərcüməçi işləyir. Argentinada isə ən amansız terror tüğyan edir, insanlar məhkəməsiz edam olunur, izsiz-tozsuz yoxa çıxır, ölkə qorxu və dəhşətin səltənətinə çevrilir. Videlanın qurduğu 2000-dən çox gizli türmələr işgəncə dəzgahına çevrilir. Diktaturanın davam edəcəyi 7 il ərzində öldürülənlərin dəqiq sayı bu gün də məlum deyil – rəqəmlər 30 minlə 100 min arasında variasiya edir.

***

1976-cı ilin 26 avqustunda hərbçilər şairin 19 yaşlı qızı Noranı, 20 yaşlı oğlu Marselonu və 19 yaşlı gəlini Mariyanı oğurlayır. Həmin vaxt Mariya 7 aylıq hamilə idi.

4 gün davam edən işgəncələrdən sonra Nora və onun boliviyalı nişanlısı sərbəst buraxılır, ancaq Marselo ilə Mariya izsiz yoxa çıxırlar. Bu xəbəri Parisdə alan Xuan Xelman bütün əlaqələrini işə salaraq oğlunun və gəlininin sonrakı taleyini aydınlaşdırmağa, bir şeirində yazdığı kimi “Oğlunu yoxluqdan qurtarmağa” çalışır. Və müvəffəq olmur.

Axtarışlar illərlə davam edir. Yalnız 1988-ci ildə Xuan Xelman oğlunun və gəlininin başına gətirililən dəhşətləri araşdırıb öyrənə bilir. Məlum olur ki, onlar “Orleti” türməsində (keçmiş avtomobil təmiri emalatxanası) saxlanılıblar, Marselo 7 yoldaşı ilə birlikdə öldürülərək cəsədləri bidonlarda çaya axıdılıb. Bidonları tapan kəndlilər onların içində dəhşətli tapıntı ilə rastlaşıb və diktatura qurbanlarını ümumi məzarda basdırıblar. 1988-ci ildə Xelman həmin məzarın açılmasında iştirak edir və oğlunun qalıqlarını çıxararaq dəfn edir. 1990-cı ildə Çilinin “Punto final” qəzetinə verdiyi müsahibədə şair deyir:

“Generallar deyirdilər: “Onlar həmişəlik yox olub”. Əvvəl öldürür, sonra unutdurur, ümumi məzara gömürlər. Bununla da onları təkrar-təkrar öldürürlər. Cəsədləri gizlətməklə, qətl faktını gizlətməklə… Yer üzündən silirlər, bioqrafiyadan məhrum edirlər. Və öldürülənlərin cəsədlərini tapmaq onları heç olmasa bu yolla həyata qaytarmaq deməkdir. Bilirəm, oğlumu, həm də mənə görə öldürdülər. Ancaq ilk növbədə siyasi fəaliyyətinə görə. Bildiyim qədərincə, oğlum silahlı mübarizədə iştirak etmirdi, ancaq müqavimət hərəkatında 12 yaşından vardı…”

Və Xelman oğlunun 12 yaşında yazdığı şeiri göstərir: “Qara şəhərin yaxınlığında qara səmanın altında qara qarda qara çöldə qara qoyun otlayır və qıpqırmızı geyinmiş mən hönkürürəm…”

Xuan Xelman oğlundan fərqli olaraq, gəlininin məzarını tapa bilmir. Axtarışlar zamanı məlum olur ki, hamilə Mariya qonşu Uruqvaya aparılıb, orada türmədə uşaq doğub, doğuşdan sonra öldürülüb, körpə isə uşaqsız zabitlərdən birinə verilib. Bu da Videla diktaturasının amansız reallıqlarında biri idi – öldürülən Sol fəalların türmədə doğulan övladları rejimə qulluq edən sonsuz ailələrə verilirdi (Videlaya qarşı məhkəmədə irəli sürülən ittihamlardan biri də kidneppinq idi).

2000-ci ildə Xuan Xelman Uruqvayda 23 yaşlı nəvəsi ilə görüşür…

***

1979-cu ildə şair bəyanat verərək, fikir ayrılıqlarına görə “Montoneros”u tərk edir. Bu addımına görə əqidə yoldaşları da ona ölüm hökmü çıxarırlar. Sonra diktatura çökür, yerinə gələn Raul Alfonsinin “demokratik” hökuməti isə yalnız hərbçilərə qarşı yox, həm də diktatura ilə silahlı mübarizə aparmış inqilabçılara da cinayət işi açır. Onların siyahısına Xuan Xelman da düşür. Bu xəbər böyük hiddət doğurur, Qarsia Markes, Varqas Lyosa, Eduardo Qaleano, Oktavio Pas onun müdafiəsinə qalxır. 1988-ci ildə növbəti prezident Karlos Menem Xelmanla bərabər 64 partizanı əfv edəndə isə şair qəzəblə “Məni övladlarımın və övladıma çevrilmiş minlərlə gəncin qatilləri ilə dəyişmək istəyirlər” deyir və əfvdən imtina edir.

O, Argentinaya yalnız bir neçə günlük qayıdır, birbaşa Meksikaya yollanır və bu gün də orada yaşayır. “Çirkli müharibə”nin iştirakçılarının cəzalandırılması uğrunda mübarizəsini davam etdirir.

“Dikturanın məqsədi qorxu toxumu səpməkdi. Keçib getməyən, bu gün də qalan qorxu. Ondan necə yaxa qurtarmaq olar – əgər qatillər bu gün küçədə bizimlə yanaşı gəzirsə? Tanış jurnalistin işgəncələrdən keçmiş bacısı dayanacaqda avtobus gözləyirmiş. Ona cəlladı yaxınlaşır və deyir: “Görürsən, biz yenə də küçədəyik”. Mənim mütərəqqi fikirli, diktatura dövründə özlərini çox ləyaqətlə aparmış Solçu dostlarım var, artıq diktatura yoxdur, ancaq onlar öz yeniyetmə övladlarına adi tələbə nümayişlərinə çıxmağı qadağan edirlər. Yəni diktatura qətlə yetirilmiş 30 min insandan əlavə, həm də gələcəyə olan ümidimizi əlimizdən alıb. Argentina Sol-unun isə hazır nicat proqramı yoxdur” – Xuan Xerman “Punto final” qəzetinə müsahibəsində söyləyir.

***

26 şeir kitabının müəllifi olan şairdən, əsərləri haqda soruşanda deyir: “Məncə, şair ömrü boyu bircəcik kitabını yazır. Ya da uzağı 2-3 mövzudan. Onu nə maraqlandırırsa: poeziya, sevgi, İnqilab…”


Oxşar yazılar:

Baxış sayı:2938