abunə ol: Yazılar | Şərhlər | Еmail

Qiyamın gözdən salınması

Şərh

02_12_13_Oppozicia

“Mədəniyyət – közərmiş xaosun üzərindəki nazik alma qabığıdır” – Nitsşe özünün “Acıqlı müdriklik” əsərində yazırdı. Üzümüzə qapanan həftə sanki bu kəlmələrin tənənəsi altında keçdi.

Mədəni dəyərləri bəşər yüzillərlə toplayır, ancaq bir gündə itirə bilir. 20-ci əsrin ən böyük sosial fəlakətlərindən birini – sosial dövlətin məhvini və onun gətirdiyi digər itkiləri – elmin, təhsilin, mədəniyyətin, humanizmin, ədalətin gözdən salınmasını yaşamış indiki nəsillər üçün baş verənlər az qala məntiqi proses kimi qavranıldığı üçün nələrin itirildiyinin fərqində deyilik. Nəticədə məqsədlər taktikalarla, səbəblər bəhanələrlə qarışıq salınır, vaxtilə Orteqa-i-Qassetin dəhşət içində yazdığı “Kütlələrin üsyanı” isə dirənişi də, insan qüruru uğrunda Qiyamı da gözdən salır.
Hazırda dünya səhnəsində oynanan tamaşaların bir çoxunu gələcək nəsillər (əgər onlara yenidən humanizmə və mədəniyyətə qayıtmaq mümkün olacaqsa!) saxta, pafoslu, epataj, rejissor və aktyor işini ürəkbulandıran, dekorasiyaları əcaib, oyunçuları isə isteriklər yığını olan çoxpərdəli aktlar kimi dəyərləndirəcək. Gerçəkliyi anlamaq üçün ondan uzaqlaşmaq, kənar seyrçi olmaq gərəkdir. Bunun da ki, vaxta ehtiyacı var. Ancaq fəlakət ondadır ki, vədə gəlib çatanda olduqca çox dəyərlər aşınmaya məruz qalmış olacaq. Bu isə obyektiv qiyməti verə bilməyəcəyimizə dəlalət edir.
Bu cümlələrin yazılmasından məqsəd tarixin səhnəsindəki tamaşalarda “massovka” funksiysını yerinə yetirən xalqların növbəti əsassız nikbinlikdən sonra növbəti əsassız bədbinliyə qapılacağının qaçılmazlığını əyani misallarla göstərməkdir. İlk misal noyabrın 22-dən bəri kükrəyən Ukrayna Maydanıdır. Yüz mindən çox fərd 3 həftədir seçim edir və fərqində də deyil ki, bu, taun ilə vəba arasındakı seçimdir. Avropa, yoxsa Rusiya? Avropa İttifaqı, yoxsa Gömrük İttifaqı? – seçim guya ki, bu cürdür. Əslində isə kütlələrin köməyi ilə yenidən dirçəldilən “Soyuq müharibə”nin növbəti epizodu, neoliberalizmin ixracı planının növbəti səhifəsi gerçəkləşdirilir və sonunda nə alınacaqsa da, kütlələr üçün ya elə indiki kimi, ya da bundan qat-qat pis olacaq.
Digər diqqətəlayiq cəhət – Ukraynada kütləvi etirazların cılızlaşması, dirənişin vulqarlaşması, ideoloji dəyərlərdən uzaq olan Qiyamın gözdən salınması prosesi gedir. Yeni bir situasiya yaranıb: fərdlər küçələrdədir, burada yatıb-durur, hökumət binalarını blokadada saxlayır, Kiyev meriyasının binasını zəbt edib “İnqilabın qərargahı”na çevirir – ancaq heç nə dəyişmir… 1917-ci ilin Oktyabrında poçt, teleqraf və vağzalın zəbti artıq hakimiyyət dəyişməsi idi (ki, o da Sistemin dəyişməsi ilə bitdi), Kiyevdə isə nə istəyirsən et, sonunda zero nöqtəsində qalırsan. Və bu, artıq stereotipə, normaya çevrilməkdədir – dünyanın 4 yanında rejissorlar kütlələrdən şantaj aləti kimi yararlanaraq onlara müəyyən (Sistemi dəyişməyəcək qədər təhlükəsiz) manevr və hərəkət sərbəstliyi verirlər, ancaq məsələ gəlib Sistemin devrilməsinə dirənəndə, bütün planlar yarımçıq qapadılır.
Nədədir bu şantaj? Avropa mətbuatı Kiyev etirazçılarını “xalq” adlandıranda qəsdən unudur ki, Yanukoviç qanuni yolla seçilmiş prezidentdir, Azarov hökumətini isə Radanın böyük əksəriyyəti müdafiə edir. Yəni, kim ki küçədə deyil, o, xalqdan da deyil? Yaxud ABŞ-ın Freedom House təşkilatının rəhbəri Devid Kremer birbaşa Yanukoviçə qarşı sanksiyaların tətbiqinə çağıraraq deyir: “Qərb dövlətlərinin nümayəndələri Kiyevə gedirlərsə, rəsmi görüşlər keçirmək əvəzinə küçələrə çıxıb nümayişçilərlə həmrəyliklərini bildirməlidirlər”. Bəs sonu? Sonu – idarə olunan xaos. Yox, əgər Yanukoviçi devirmək mümkün olacaqsa, onda 9 il əvvəlki dairənin yenidən qapadılması, son illərin ssenarisinin yenidən təkrarlanması. Yəni, 9 il əvvəl hakimiyyətə kloun (Yuşenko) və oğru (Yulya) gəlmişdi, sonra da onu “paxan” (Yanukoviç) əvəzləmişdi. Bu dövrə də 9-10 ilə qapanır, sonra hər şey yenidən təşkil olunur. Dirənişçi yüz minlər isə növbəti dəfə ələ salınmaqlarına baxmayaraq, mütəmadi olaraq yenə küçələrə çıxaraq “Demokratiya!” qışqırır.
Axı olub bunların hamısı, olub. İdeologiyası, avanqardı, təşkilatı və dəqiq formalaşmış strategiyası olmayan hərəkatlar məğlubiyyətə məhkum “əl oyuncaqları”, kütlə isə informasiya texnologiyaları hesabına siyasi hallüsinasiya həddinə çatdırılmış “top əti”dir. Onların köməyi ilə “müqəddəs Qərb dəyərləri” adı altında ölkəni 2 yerə də bölmək olar, “paxan”ı “kloun”la əvəzləmək də, Maydanda Banderanın bayraqlarını yelləndirmək də, Sol aktivistləri döymək də… Sizə qəribə gəlmirmi ki, Ukraynada Qərb dəyərlərini Tyaqnibok kimi millətçilər (hətta faşist qruplaşmaları) təbliğ edir?..
Ukraynada Qərblə Rusiyanın toqquşması və yeni “Soyuq müharibə”nin epizodu yaşanır, kütlə isə vasitədir. Niyə Ukrayna elə Ukrayna kimi – hər 2 mürtəce tərəfdaşdan eyni məsafədə qalmasın? Müstəqillik Avropanın köləsi olmağa razılıqdanmı ibarətdir? Yox, səbəblər artıq unudulub. Necə ki, Böyük Fransa İnqilabının başlanmasına təkan vermiş epizod – çörək qıtlığı unuduldu, necə ki, 1-ci Dünya Savaşına bəhanə olmuş serb Prinsipin Sarayevoda Avstriya ers-hersoquna atdığı güllələrin o savaşın iştirakçılarına – Rusiya, Fransa, İtaliya və s.-yə heç bir isti-soyuğu yoxuydu – ancaq dünya qırğınının başlanması üçün bu, tutarlı əyləc olmadı. Eləcə də Ukraynada Avropa ilə Assosiasiya sazişinin imzalanmamasının bəhanəsi ilə başlanan dirəniş başlanğıc bəhanəsindən uzaqlaşıb. Bu cür saziş illərlə əvvəl Türkiyə ilə bağlanıb, yaxud Avropanın hətta Çili və CAR ilə eyni sazişi var – bundan nə dəyişib ki? Heç nə. Elə Ukrayna üçün də müsbətə heç nə dəyişməyəcəkdi, mənfi dəyişiklikləri rəqəmlərlə sadalayan Azarova isə heç kəs qulaq asmır. Çünki, əsas məsələ – hakimiyyət məsələsidir və Avropa ilə sazişdən sonra iqtisadiyyatın tarmar olacağı hakimiyyət üçün çarpışanların heç birinin vecinə deyil. Halbuki, Avropanın tamhüquqlu üzvünə çevrilmiş Bolqarıstan, Rumıniya və Baltikyanı ölkələrinin itirdiklərinə baxmaq elə də güclü görmə qabiliyyəti tələb etmir.
Ukraynalılara yaxşı məsləhət ölkəsini itirməyin nə demək olduğunu bilən məşhur Emir Kusturitsadan gəlib. Rejissor müsahibəsində deyir: “Avropaya girməklə sizin ödəyəcəyiniz qiymət çox yüksəkdir. Müasir Avropa “dizaynerlər”inin son məqsədləri təəssüf ki, hərbi məqsədlərlə sırf əlaqəlidir”.
Ukrayna elə bir pat vəziyyətinə doğru gedir ki, hər iki halda kütləni peşmançılıq və məğlubiyyət gözləyir. Halbuki, küçədə məhv edilən böyük enerjini Sistemin dəyişdirilməsinə yönəltmək olardı – yeni, sosial Ukrayna quruculuğuna. Elə bir Ukrayna ki, orada Yanukoviç Timoşenkonun kamera qonşusudur, Kravçuk, Kçuma və Yuşenko məhkəmələrini gözləyir, Rusiya və Avropa isə yalnız qonşulardır.
Kusturitsa da bunu deyir: “Demokratiya can üstündədir. Texnoloji inqilab insanların ağlını dəyişib. Demokratiya dünyanı zəbt etmək istəyən imperialist dövlətlərə lazımdır, çünki, demokratiya bu işğalı mümkün edir. Demokratiyanın alternativi sosial inqilabdır…”
***
tayland
Qiyamın gözdən salınmasının digər nümunəsini Tailandda görürük. Orada da neçə həftədir etirazlar səngimir. Hədəf – baş nazir Yinqlat Çinavatdır. Bu incə xanım 2006-cı ildə çevriliş nəticəsində ölkədən qovulmuş və hazırda Ərəb Əmirliklərinə sığınmış keçmiş baş nazir və milyardçı Taksin Çinavatın doğma bacısıdır. Bir sözlə, növbəti “ailə modeli”.
Taylar deyir ki, Yinqlatı Taksin idarə edir, odur ki, o, postundan getməlidir. Razılaşın ki, inqilab üçün çox gülməli arqumentdir – bəs onu təyin edəndə hara baxırdız? Yaxud, mövcud siyasi sistemdə fiqurun əvəzlənməsi nə vaxtdan inqilab sayılıb?
Bu şüarla taylar binaları zəbt edir, polislə savaşır, barrikadalar qurur, itkilər verir, ölkə idarəçiliyini iflic edir – ancaq heç nə dəyişmir. Paradoks da bundadır: kəmiyyət keyfiyyətə keçmir. Üstəlik, bu, necə demokratiyadır ki, kütlələr aylarla savaşa bilər, ancaq son sözü Tailand kralı deyəcək. Odur ki, “inqilabçılar” ağızlarını ayırıb kral Pumipon Adulyedutun verdiktini gözləyir. Kral isə dekabrın 5-də 86 yaşını qeyd edir – başı qarışıqdır. Və “inqilabçılar” da bu münasibətlə dekabrın 4-dən 7-nə kimi dirənişə ara veriblər.
Bir Sovet lətifəsindəki situasiya yada düşür: Sovet və alman döyüşçüləri meşə uğrunda savaşırlar, gah bu, gah digər tərəf növbə ilə meşəni ələ keçirir, sonunda isə meşəbəyi gəlir və hər ikisini qovur.
İnqilabın meşəbəyisi də varmış…
***
 Mandela-Fidel
Dekabrın 5-də Nelson Mandela vəfat etdi. 21-ci əsrə 20-ci əsrdən qalmış 2 nəhəng inqilabçıdan biri də getdi. Fidel tək qaldı…

 
Məmməd Süleymanov

 


Oxşar yazılar:

Baxış sayı:4766