abunə ol: Yazılar | Şərhlər | Еmail

“Potyomkin döyüşü” və hakimiyyətə dair

Şərh

Bronenosets Potyomkin

1925-ci il istehsalı olan 75 dəqiqəlik “Potyomkin zirehli gəmisi” filmi dünya kino tarixində inqilab konsepsiyasını uğurla əks etdirə bilən tək-tük filmlərdən biridir. Filmin yaranma tarixini və dövrün texnoloji səviyyəsini nəzərə alsaq, “Potyomkin zirehli gəmisi”nin niyə 1958-ci ildə Belçika kino festivalında “bütün dövrlərin ən yaxşı filmi” seçilməsinin təsadüf olmadığını görərik. Rejissor Sergey Eyzenşteyn’in montaj sahəsində etdiyi nailiyyətlər və “kinoda süjet xətti” ifadəsinin tam şəkildə yerinə oturduğu bu ağ-qara şedevr hətta nasist propaqanda lideri Jozef Göbbels’in diqqətindən kənarda qalmamışdı: “Misli görünməmiş şahəsər. Bu filmi izləyən insan bir bolşevik ola bilər.”

Ümumi təsəvvür xatirinə filmdəki hadisələrlə reallıq arasında paralelliklərə nəzər salaq.

Rus – Yapon müharibəsi zamanı məğlubiyyətə uğrayıb zəifləmiş Çar ordusu kəndli hərəkatlarını yatırmaqda da çətinlik çəkirdi. Vəziyyətin yaratdığı total “ruhdandüşmə” sindromu artıq özünü etirazlar formasında nümayiş etdirirdi. Və ilk inqilabi cəhd kimi dəyərləndirilə biləcək “Potyomkin” hadisələri də bunun bariz nümunəsidir.
Ordudakı yüksək rütbəli zabitlərin gəmi heyətinə olan təzyiqi, yemə-içmə və işləmə şəraitinin acınacaqlı vəziyyətdə olması sıravi əsgərlər arasında narazılıqların baş qaldırmasına səbəb olur. Nəticədə, 27 iyun 1905-ci ildə Potyomkin Gəmisində üsyan baş verir.

Bu üsyan dənizçi və əsgərlər arasındakı ortaq etiraz fikrinin praktikaya keçmiş halı hesab oluna bilər. Heyət üzvləri gəmidəki hakim təbəqəni (kapitan və zabitlər) zərərsizləşdirdikdən sonra qızıl bayrağı qaldırır və işçi tətillərinin geniş yayıldığı Odessada qərar tuturlar.

Daha sonra üsyanı yatırtmaq üçün göndərilən müharibə gəmilərindəki dənizçilər qarşı tərəfə atəş açmaqdan imtina edir və beləliklə üsyan geniş vüsət alır. Ancaq bu hərəkata Qara dəniz donanmasının digər gəmiləri qoşulmur. Ruminiya sahillərinə yaxınlaşan Potyomkin buradakı hökumətə təslim olur və üsyan məğlubiyyətlə nəticələnir.

Film 5 hissədən ibarətdir:
1. “İnsanlar və qurdlar”: Gəmidəki anti-gigiyenik şəraitdən yararsız hala düşmüş ərzaq məhsulunun əsgərlərdə yaratdığı etirazlar.
2. “Limandakı dram”: Üsyanın başlaması və lider fiqur olan Vakulinçukun öldürülməsi.
3. “Ölü adam ədalətə çağırır”: Vakulinçukun cənazəsinin Odessaya gətirilməsi və buradakı əhalinin yas tutması (və ya özünüdərk).
4. “Odessa pilləkənləri”: Üsyan etmiş sadə vətəndaşların Odessa pilləkənlərində çar əsgərləri tərəfindən qırılması.
5. “Eskadra ilə görüş”: Çarlığın göndərdiyi silahlı donanma və onların üsyançılar tərəfinə keçməsi.

*****

Alman sosioloq Maks Veber tarixi şərti olaraq 3 dövrə (Marksda isə 5 dövrlük dialektika idi) bölürdü: ənənəvi, feodal və kapitalist; ortaq cəhət adamların bir hissəsinin digəri üzərində ağalığıdır. Bu formalardakı ümumi tərəfin açıqlanması üçün Hegel’in idealist motivli dialektikası kömək ola bilər. Həyatın demurqu kimi baxılan “IDEA” fenomeni, Marks vasitəsilə maddi dünyaya uyğunlaşdırılmışdı. Yəni Hegel’in dialektikası insan şüurunda (düşüncə, maddi olmayan şərait) formalaşırdısa, Marks onu maddə dünyasına gətirmiş, onun istehsal və iqtisadi aktivliklə bağlı təsirlərini nəzərdən keçirmişdi. Dialektika sadə olaraq tezis, ona qarşı olan antitezis və onların birgəliyindən yaranmış sintezdən ibarətdir. Marksın dialektikası bu cür idi:

Tezis: ümumi mülkiyyət + kasıblıq (primitiv kommunizm)
Anti-tezis: xüsusi mülkiyyət + zənginlik (quldarlıq, feodalizm və kapitalizm)
Sintez: ümumi mülkiyyət + zənginlik (sonuncu kommunizm)

Hegelin mistisizmindən (Hegel’in dialektikası şəxsi ateizmə aparan primitiv addımdır) fərqli bir yanaşma göstərən Marks siniflərarası ziddiyyəti açaraq, cəmiyyətdə bundan doğulan siyasi və sosial çatışmazlıqları nümayiş etdirə bilmişdi.

Ancaq “Ağa-qul” dialektikası bütün dövrlər üçün aktualdır, eləcə də bugünkü periferik sistemdə. Qısa şəkildə bu konsepsiyanın təsvirini verək.

Hegel’ə görə, iki fərd qarşılarkən şüurlar üçün özünüdərk sistemi işləməyə başlayır; bir insan özünü bir növ digərində görür, tapır. Həmçinin bu qarşılaşmadan bir qarşıdurma meydana gəlir ki, almancada bunun qarşılığı aufhebung’dur: bir şeyi üst bir səviyyəyə qaldıraraq onu həm əngəlləmək, həm də qorumaq. Konsepsiyanı daha yaxşı qavramaq üçün burjuaziya və işçi sinfini götürək. Burjuaziya işçi sinfi olduğu üçün var (yəni ondan asılıdır) və ya “burjuaziya işçi sinfinin mənfəəti üçün burjuaziyadır” (“Kommunist Manifest”dən). Qarşılıqlı asılılıqda itirəcək çox şeyi olan tərəf sözsüz ki, burjuaziyadır və mövcud vəziyyəti davam etdirmək üçün “passiv inqilab”dan (Antonio Qramşi) istifadə edir. Marks və Engels vaxtilə hazırladıqları manifestdə bunu qeyd etmişdilər: “…Burjuaziya siyasi reformları deyil, mövcud maddi şəraitdəki, iqtisadi əlaqələrdəki dəyişikliklərin onlara (işçilərə) fayda verəcəyini bildirərək hər cür inqilabi cəhdi işçi sinfinin gözündən salmağa çalışmışdır…”. İş saatları, növbəli iş rejimi, idarə heyəti, əmək haqları, sığorta, tətil günləri və s. bu kimi süni effekt yaradan dəyişikliklər sistemin ayaqda qalmasındakı ən önəmli faktorlardandır. Qərarları qəbul edən burjuaziya işçilərə, onları düşünərək bu addımı atdıqlarına eyham vursalar da, əslində bu qısamüddətli “gözboyama mexanizmi” uzunmüddətli istismarın özülünü təşkil edir.

*****

Hakimiyyət sisteminin effektivliyi ilə bağlı özfikirlər (dırnaqarası cümlələrdə vikipediyaya əsaslanıb)

Maks Veberə görə, tarix boyu üç hökmranlıq növü hökm sürmüşdür. Bunlar ənənəvi, xarizmatik və rasional tiplərdir. Bizə lazım olan sonuncudur, çünki “işləyən” sistemə görə bu növ daha uyğundur.

“Rasional (məntiqlə, qanunla) idarəçilik tipində isə bütün hakimiyyət qanunun aliliyi əsasında qurulur.”
Konstitutsiya qarşısında hər kəs cavabdehdir və ya olmalıdır (!), ya da ən ölüsü ölkədə konstitutsiya adlı kağızlar toplusunun mövcudluğu qəbul edilməlidir.

“Bu sistem bütün dünyada qərbdə kapitalizmin dirçəlişindən sonra yayıldı çünki kapitalizm kimi mürəkkəb sistemi idarə etmək üçün mütləq şəkildə qanunların hazırlanması və tətbiqi gərək idi.”
Kapitalizmin sistem olaraq ayaqda qalması üçün dövlət tərəfindən hər hansı bir qanun-qaydaya ehtiyac yoxdur. Çünki iri korporasiyaların və inhisarların hər birinin öz daxili strategiya və qanunları var. Dövlətin bu şirkətlərin işçi və istehlakçıya qarşı atdığı ədalətsiz addımları qarşılamağı hədəfləyən qəbul etdiyi qanunlar, mənfəətin bir hissəsinə bərabərdir. Düz mütənasiblik: Dövlət nə qədər şirkət əleyhinə (daha doğrusu onun fəaliyyətini məhdudlaşdırıb, ona yerinə göstərəcək qədər) qərarlar qəbul edirsə, hakimiyyətə olan pul axını da o qədər çoxalır ki, bu da hər iki tərəfi qane edir.

“Liderdən tutmuş hakimiyyətin ən aşağı təbəqəsinə kimi bütün vəzifələrə seçkilər və təyinatlar şəxslərin bacarıqları, təhsili və qabiliyyətinə əsasında aparılır. Veberə görə bu idarəetmə sistemi qanunun aliliyinə görə ən davamlı, möhkəm və effektiv idarəetmə üsuludur, əsasən də böyük ölçüsu (ərazi,əhali,işlərin miqyası) olan cəmiyyətlər üçün.”
Yəni hər kəsin seçim hüququ var (ancaq seçmə hüququ yoxdur). Ancaq bu seçim istehlak əşyalarına olan münasibətdə bitir. Məsələn, bu ayaqqabını yox o biri, bu kəməri yox, o biri qırmızını (!) seçirəm. Və illuziya da buradan yaranır. İnsanlar evlərindən çıxarkən istifadə etdiyi nəqliyyatı, gedəcəyi küçəni, yemək yeyəcəyi restoranı özləri seçir və budur sən “azad”san, çünki seçimlərin azaddır. Əlavə olaraq onu qeyd edim ki, ölkədə olan istər yerli istərsə də xarici mənşəli şirkətlər üçün, boş yerlərə (pozisiyanın yüksək və aşağılığından asılı olmayaraq) seçimlərin çox az bir hissəsi təhsil və iş qabiliyyətinə əsaslanır, qalanı üçün nəyin yararlı olduğunu deməyə ehtiyac yoxdur.

“Qəbul edilən qərarlar düşünülmüş xarakter daşıdığından həmişə əksəriyyət tərəfindən qəbul edilir, cəmiyyətin üzvləri qanuni hüququn dövlət hakimiyyəti tərəfindən qorunduğunu görür, onun bütün göstərişlərini yerinə yetirməyi özlərinin borcu bilirlər.”
“Əksəriyyət” sözü xalqın sözçülərinə işarədir. Hər hansı bir dövlətdə hakimiyyətin vətəndaşlarda yaratdığı xofu təhlükəsizlik kimi qiymətləndirməsi özünütərifdən başqa bir şey deyil. Dövlətin ideolojik silahları barədə Mişel Fuko və Altusser’ə müraciət etmək mütləqdir.

“Karl Marksdan fərqli olaraq Veberə görə heç də hər bir hakimiyyəti iqtisadi şərait doğurmur və hər bir hakimiyyət çox az hallarda iqtisadi məqsədlər güdür.”
Şərh vermək cümlədəki absurdluğun dərəcəsinə xələl gətirə bilər.

“Kapitalizmin təsərrüfat və idarəçilik sistemi kimi üstünlüyü və mükəmməlliyi kapitalist müəssisəsinin qazancının əməyin və istehsalın səmərəli təşkili ilə əlaqədardır.”
İstehsalın səmərəli təşkili ağır iş şəraiti və qeyd edilən əmək istismarını təcəssüm etdirirsə, sahibkar üçün əldə olunan qazanc təbii ki, mükəmməl olacaq.

Hazırladı: Maxim                  (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:3803