abunə ol: Yazılar | Şərhlər | Еmail

Karl Marks və müasir mədəniyyət – 1

Şərh

lifshic_chit

II HİSSƏ III HİSSƏ

Mixail Lifşits

Mədəniyyət haqqında, bizim günlərdə olduğu qədər heç vaxt danışılmayıb. Kimyadan daha sürətli şəkildə mədəniyyət tənqidi adlanan böyük ədəbi sənaye sahəsi yaranıb. Əhalinin sıxlığı, elmin inkişafı, artıq müstəqil vaxt, kütləvi informasiya uğurları – hər şey XX əsrin mənəvi böhranının izahına cəlb edilib. Bəziləri mədəniyyətin faciəsi, digərləri – qeyri-müəyyən narahatlıq, misilsiz maddi rifah axını arasındakı daxili tarazlığın itirilməsi haqqında danışır. Bir tanınmış müəllif öz əsərinə epiqraf kimi Renanın sözlərini seçib: “Biz boş güldanın ətrini içimizə çəkirik”, digəri Sivillanın sözlərini xatırlatdı: “Gecə düşür”.

Bu tənqidin motivləri müxtəlifdir. Onun bir çox mübariz nümayəndələrini oxuyarkən asanlıqla görmək olar ki, “mədəniyyət” sözü özlüyündə polemik kədər qazanır. Mədəniyyətin dəyərlərini çoxluğun şirin suyunda həll etmiş kütləvi cəmiyyətə edilən, hələ XIX əsrdən məlum olan hücumlar (Burje kimi yazıçıları xatırlamaq kifayətdir) aşkar mürtəce tendensiya çalarına malikdir. Onlarda bütün dünya tarixinə qarşı, imkanlı çoxluğun, dünyanın qalan hissəsi hesabına rahatlıqdan həzz alması hüququnu şübhə altına alan acıq, bu tarixi müəyyən şərtlərdə onlardan asılı etməyən və əvvəlki zamanlarda tanınmayan kütlələrə qarşı nifrət əks olunub. “Sürü”, “kütlədə ərimə”, “proletarizm”, “ehtiramın itirilməsi”, “dezaqreqasiya” və sairə, cahil kütlənin, öz kübar tədqiqatları ilə məşğul olmağı qadağan etdiyi gələcək Leybnitsin dəhşətli şəklinə qədər – bunlar və digər daha qaranlıq görüntülər, daha zəhərli xüsusiyyətlər kitabları doldurur.

Beləliklə, şişirtmək lazım deyil. Həyatın mənasızlığı qarşısında heyrətlənmiş hər müəllifi, ictimai fikri pessimism zəhəri ilə zəhərləmək kimi mənfur məqsəddə ittiham etmək olmaz. Hər şey böyüyür, müxtəlif, həmçinin ən mütərəqqi şeylərin də kölgəsi böyüyür. Bu faktın fərqinə varmış, yaxşı və ya pis şəkildə öz müşahidələrini ifadə etmiş kəs istənilən halda şahiddir, onu dinləmək lazımdır. Başqa məsələ – sivilizasiyanın bütün böyük güclərinin özündə əks təsir imkanını daşıdığını necə izah etmək olar və bu qəribə ziddiyyətlərdən həlledici çıxış yolunu hardan tapmaq olar?

Marks yüz il əvvəl bu suala cavab verib. Kapitalizm sinfi bərabərsizlik çərçivəsində ictimai qüvvələrin son, ən çox inkişaf etmiş və ən ziddiyətli inkişaf şəklidir. Bu qüvvələrin inkişafı elə bir səviyyəyə çatıb ki, cəmiyyət seçim qarşısındadır – ya gizli hüdudu keçmək və öz münasibətlərinin köhnəlmiş formasına qalib gəlmək, ya da məhv olmaq. Və real tarix bir çox qurban və səhvlər bahasına öz praktiki seçimini etdiyi, doğru yolu görə bilmədiyi müddətcə irtica peyğəmbərlərinə öz gülünc jestlərini yeridən çöküşün zahiri əlamətləri qaçılmazdır.

14 aprel 1856-cı ildə çartist “Xalq qəzeti”nin ildönümündəki nitqində Karl Marks demişdi: “Bizim zəmanəmizdə sanki hər şey öz ziddiyyətinin nəticəsidir. Biz görürük ki, insan əməyini möcüzəvi şəkildə azalda və daha məhsuldar etmək qabiliyyətinə malik olan maşınlar insanlara aclıq və yorğunluk gətirir. Yeni, indiyə qədər naməlum olan sərvət mənbələri hansısa qəribə, qeyri-müəyyən tilsim sayəsində yoxsulluq mənbəyinə çevrilir. Texnikanın qələbələri [1] sanki mənəvi geriləmə bahasına satın alınıb. Elə gəlir ki, bəşəriyyət təbiəti özünə tabe etdiyi müddətdəə insan digər insanların, ya da öz alçaqlıının köləsinə çevrilir. Hətta elmin saf işığı, göründüyü kimi, cəhalətin qaranlıq fonunda fərqli işıq saçmağa başlayır. Bizim bütün ixtiralarımız və tərəqqimiz sanki ona gətirib çıxarır ki, maddi qüvvələr intellektual həyat qazanır, öz intellektual xüsusiyyətlərindən məhrum insan həyatı isə sadə maddi qüvvə səviyyəsinə tənəzzül edilir”. (12, 4).

Bu sözlər səsləndiriləndən bəri çox şey dəyişib. İndiki kapitalizmin öz xüsusiyyətləri var və Marks tərəfindən göstərilən “bir tərəfdən, müasir sənaye və elm arasında, digər tərəfdən – müasir yoxsulluq və çöküş arasındakı” antaqonizmin əlamətlərindən bəziləri indi arxa plana keçirilib. Digərləri isə, əksinə, nəzərə çarpır və marksizmin banisinin adlandırdığı kimi, “geriləmənin başıbəlalı peyğəmbərləri”nin daimi müzakirə predmeti kimi xidmət edirlər. Lakin ümumilikdə Marksın təsvir etdiyi mənzərə öz qüvvəsini itirməyib. Daha çox əksinə – ictimai sərvətin yüksəlişi arasında çöküş və mürtəce hərəkatın cizgiləri daha parlaq ağ və qara kontrastı ilə ağılları heyrətə gətirir. “Bizim zəmanəmizdə sanki hər şey öz ziddiyyətinin nəticəsidir” – bu gün bu sözlər dünən olduğundan daha doğrudur.

Müasir sivilizasiyanın öz məhdudluğuna qarşı qaldırdığı qiyama baxaraq, marksizmin köhnəlməsi haqqında danışmaq gülüncdür. Öz cəhənnəm qazanında qaynayan kapital kortəbiiliyi çıxış yolunu böyük və kiçik müharibələrdə axtarır. İqtisadiyyatın qeyri-bərabər, fəlakətli inkişafının yaratdığı daimi həyəcan, gözəgörünməz şəkildə milyonlarla insanın taleyini idarə edən inhisarların ağır istismarı, müasir şəhərin xaosu qarşısındakı əzablı qorxu – bütün bunlar hər bir şəxsin həyatında ayrılıqda öz əksinə tapır və cəmiyyəti, kütləvi psixozlara səbəb ola biləcək mənəvi qızdırmaya yoluxdurur. Öz taleyinə təsir etmək imkanından məhrum insan hətta tox firavanlıqda da özünə rahatlıq tapmır və cinayətkarlığın, narkomaniyanın, əyyaşlığın artımı onun üçün təsəlliyə, şəxsi özfəaliyyətin əvəzləyicisinə çevrilir. Reklamın parıltısı ilə işıqlanmış, cinsi kaprizlərdən abstrakt incəsənətə qədər bütün heyrətamiz əcaibliklər, bu yeni Vavilon, dəbli həyatın bağıran mənasızlığı, kütlə üçün məstedici xəyal – hamısı eyni mənbədən qaynaqlanır, adı isə: aldadılmış gözləntilərdir. Kapitalizm boğulmuş azadlıq hissinin istismarını daha geniş şəkildə, işgüzar bünövrəyə qoya bildi və bundan yalnız özü üçün ictimai fayda deyil, həm də pul əldə etdi. Özlüyündə bu vasitə əvvəlki tarixi dövrlərin hökmran siniflərinə məlum idi.

Müasir mədəniyyətin savadlı və kübar, hətta həddən artıq kübar tənqidçiləri avropa Maariflənməsinin ziddiyyətləri haqqında yazdıqları vaxtda, həqiqi maariflənmə öz köhnə, elementar mövqelərində təhlükə altına girir. İndiki səhm sahiblərinin əcdadları artıq Volterdən üz çeviriblər. Burjua cəmiyyəti təbiət elmlərinin inkişafına təkan verir və din, mistika, spiritizm, astrologiya, “gizli elmlər” obıvatelin qəlbində öz qaranlıq köşəsini qoruyub saxlayır. Lakin kim düşünə bilərdi ki, reaktiv təyyarələr dövrü bu keçmişin xəyalətlərinin canlanması üçün ən əlverişli dövr olacaq? Qarşımızda məşum bir fakt dayanır – minillik yuxudan təzəcə oyanmış insan şüuruna qaranlıq güclərin hücumu. XX əsrin ortasında gündəlik mətbuat hansısa ucqar portuqal kəndində və ya dünya paytaxtlarının birində baş vermiş möcüzələrdən xəbər verir. Fantastik roman müəlliflərinin böyük elmi laboratoriya kimi təsəvvür etdiyi gələcək dünyanın astanasında qaranlıq fikirlər fabriki gecə-gündüz işləyir.

Bir fransız kitabın müəllifi astrologiya adı altında məşhur olan şarlatanlığın yayılması haqqında növbəti məlumatları misal gətirir. Birləşmiş Ştatlarda, ən azından otuz min astroloq var. İyirmi xüsusi jurnal səma cisimlərinin insan taleyinə təsiri məsələsini tədqiq edir, özü də bu jurnallardan biri beş yüz min nüsxə ilə dərc olunur. İki mindən çox qəzetin daimi astrologiya bölməsi var. Həmçinin radio gələcəyin ulduzlara görə öncəgörməsinə kifayət qədər zaman ayırır. Bir sıra radio söhbətlərindən sonra hansısa miss A. üç ay ərzində ulduz falının tərtib edilməsi üzrə beş yüz əlli beş min sifariş alıb. Bir sorğuya əsasən, beş milyon amerikalı hər il ulduz falı və başqa fal növlərinə iki yüz milyon dollar ödəyir. Nostradamusun dövründə astrologiya bu qədər parlaq karyeraya ümid edə bilməzdi! [2]

Lakin astrologiya və praktiki mövhumatın digər növləri bu qaranlıq ideyaların ancaq aşağı pillərini əmələ gətirir. Bir neçə pillə yuxarıda elmi ünvanı olan mövhumatçıların təmsil etdiyi hər növ psevdoelm yer alıb. Öz assosiasiyaları, beynəlxalq qurultayları, mətbu orqanları olan kosmobiologiya astrologiyadan az fərqlənir. Kosmobiologiya iddia edir ki, günəşin fəallığının tərəddüdləri yerdə təkcə maqnit burulğanlarına deyil, həm də dünya müharibəsi və iqtisadi böhran kimi hallara səbəb olur. Paris kommunası günəşdəki üç aylıq burulğana təsadüf edirdi, 1938-ci ilin Münxen razılaşması isə ultrabənövşəyi şüaların ifrat dərəcədə olan dozasından asılı idi. XVI Lüdoviq və II Nikolayın edamı ifrat günəş fəallığının nəticəsi idi. Ümumilikdə inqilab – günəş ləkələrinin və parlaq qaz partlayışlarının təsiri altındakı qeyri-sağlam enerji tutmalarıdır.

İnanmaq çətindir ki, qaranlıq mövhumat buludu elə bir zamanda böyüyür ki, elm və texnika dünya əhalisi qarşısında kainatın geniş hüdudlarını açıb. Amma yenə də bu belədir. Artıq bir çox elmi təşkilatlar və universitetlər, kitab və məqalə axını ilə təmsil olunan orta əsr sxolastikasının yenidən canlanmasına təəccüblənmirlər.

Lakin işin mahiyyəti burjua mədəniyyətinin əks istiqamətində hərəkətini göstərən ayrı-ayrı təfərrüatlarda deyil. Artıq uzun müddətdir ki, Jilson, Kristofer Dauson və ya Berdyayev kimi tanınmış mütəfəkkirlər tərəfindən cəmiyyətin ən yaxın vəzifəsi elan edilmiş, orta əsrlərə qayıdış – kapitalist “xidmət” sisteminə tabe edilməklə bütün mənəvi həyatın həqiqi cansızlaşdırılması ilə müqayisədə heç nədir. Əgər əvvəlki dövrlərdə vicdanlı yazıçı pul kisəsinə qarşı ümidsiz mübarizədə fikir azadlığını müdafiə edirdisə, bizim zəmanəmizdə Don Kixot rolu onun üçün həddən artıq yaxşıdır.

Ağılların hakimi kimi deyil, kiçik insan, müəyyən funksiyanı yerinə yetirməyə qadir mütəxəssis kimi, o, mənəvi xidmətin göstərildiyi nəhəng binanın qapıları qarşısında dayanıb. Bu binada original bəzəkli bir çox ayrı otaqlar var, lakin onlar arasında görünməz möhkəm iplər çəkilib və bu iplər yuxarıda, işin məzmununa, yəni incəsənət və elmə qarşı tam laqeydlik atmosferində həqiqi ağıl hakimlərinin oturduğu yerdə birləşirlər, onların hakimiyyəti ideyalara deyil, maddi gücə əsaslanır.

Marksizmin burjua tənqidi veteranları və sabiq marksistlərdən gəlmiş yeni əsgərlər işçi sinfi hesabına ziyalıların artımı haqqında yazırlar. Onlar buradan, burjua cəmiyyətinin iqtisadiyyatı və mədəniyyəti üzərində cəmiyyətin şüurlu elementlərinin nəzarətinin mümkünlüyü nəticəsinə gəlirlər. Əslində isə əksi baş verir – mənəvi yaradıcılığın bütün sahələrinin kapitalizmə xas olan maddi istehsal qanunlarına daha çox tabe edilməsi.

Müasir Qərbin iqtisadi və bədii ədəbiyyatda bu faktı təsdiqləyən bir çox faktı nümunə gətirmək olar. Salerləşdirilmiş, xidmətçiyə və ya mədəniyyətin “qulluqçusuna” çevrilmiş mənəvi əmək insanı hər yerdə hazır trafaretlərlə qarşılaşır, ya da o, bu sistemin ümumi axınında mövcud olan bütün mümkün fərqlilik formalarını tapmalıdır. Hətta böyük istedadlar da azad söz üçün çətinliklə imkan tapırlar və kapitalizmin tənqidi də zəruri təsəlli kimi üstünlük təşkil edən ictimai qüvvənin kortəbii planına daxil olur, və ya ən azından daxil ola bilər. Marksın sözləri ilə desək, “mövcud ictimai formasiyanın azad mənəvi istehsalı” imkanları (“hakim sinfin ideoloji tərkib hissələrindən” fərqli olaraq) bizim günlərdə əhəmiyyətli dərəcədə azalıb.

Kommersial məqsədə tabe etdirilmiş və ya ona yad olmayan mədəniyyət işçisinin bütün düşüncələri ona yönəlib ki, istehlakçını razı salsın, lakin qəzet məqalələri, radiotamaşalar və ya başqa əyləncə növləri şəklində təklif olunan xidmətlərinin istehlakçısı, ona xidmət göstərən sistemin köləsidir. Müasir obıvatelin, bədii ədəbiyyatın yaratdığı insan-salamander obrazı dəhşət doğurur. Onun Bebbit və ya Tyuler adlandırılmasından, mərhəmət və ya nifrətə layiq olub-olmamasından asılı olmayaraq – bu insan təpədən dırnağına qədər, qalstukundan siyasi fikirlərinə və sevgi ifadələrinə qədər reklam, radio, kinematoqrafın, “xülyalar fabrikinin”, böyük qəzetlər və öz hazır mənəvi məhsul mağazasını təqdim edən xidmət maşınının məhsuludur.

O, müasir qərb sosiologiyasında deyildiyi kimi, bütövlüklə “manipulyasiya edilən varlıqdır”. O əsas şeydən – özündən məhrumdur. “Həyat müxtəlif qurum və tədbirlər vasitəsilə onun əlindən alınıb – məşhur alman sosioloqu Hans Frayer yazır, – və ya ən azından, ona digər patentləşdirilmiş əmtəələr kimi təqdim olunur. İnsanı yaşayırlar. Ondan tələb olunan yeganə şey – mümkün olduqda təkcə zahirən deyil, həmçinin daxilən uyğunlaşmasıdır”.

Demək olmaz ki, özündə məqsəddən məhrum, tamamilə xarici təsirlərdən formalaşmış bu varlıq (Devid Rismenin ifadəsinə görə, other directed man) sakit şəkildə öz taleyi ilə barışır. Obıvatel ölənə qədər hər cür ideologiyadan qorxaraq, onu, manipulyasiya edən bu və ya digər qüvvə kimi dərk edir. O, “cəlb edilmiş” olmaqdan qorxur. Hər sırınmış ifadəyə inamdan eyni dərəcədə ifrat skeptisizmə keçir. Ona elə gəlir ki, insana layiq yeganə çıxış yolu sənətinin hər qaydası üzrə yerinə yetirməyi arzuladığı öz ixtisasına, öz xüsusi funksiyasına qaçışdır. Onun nə etdiyi – müharibə dəyirmanına su tökməsi və ya lazımsız həbləri reklam etməsi – əhəmiyyət daşımır. Onun fəaliyyətinin məzmunu haqqında ona danışmayın, belə ki, bu barədə söhbət onun gözündə ideologiya, təbliğatdır, yəni axmaqlar üçün tələ yemidir. Yalnız ustalıq, forma, şəxsi azadlığın son sığınacağı vacibdir. Bu poza uğurludur. Başqa bir qərbi almaniyalı sosioloq – fon Şelski bunu “konkretizm” adı ilə təsvir edir.

Mənəvi həyatın daxili dəyəri onun mahiyyətindən asılı olduğu üçün, bu cür fəndlər şəxsiyyətə, onun itirilmiş ləyaqətini geri gətirmir. Həqiqi mahiyyətdən məhrum mədəniyyət vasitələri və müasir biliyin yaratdığı yayılma üsulları onun özünə qarşı çevrilir. Və salamander-insan kinematoqrafiyanın ixtira edilməsindən sonra alçalır, radio və televizorun ixtirasından sonra isə daha da alçalır. Mədəniyyətin heyrətamiz nailiyyətləri aşkar çöküş əlamətləri ilə birləşir.

Müasir “kütləvi mədəniyyətdə” hadisələrin dəyişkən məntiqinin dramatik təsvirləri həddən artıq çoxdur. Hətta onlar adi bayağılıqlara çevriliblər. Bu mövzunu fərqli nəzər nöqtələrindən işləyərək romanlar və pyeslər yazmaq, bununla da insan-salamanderə, bütün planlarının mənasızlığının dərkini yeridərək, onun onsuz da dayanıqsız psixikasını laxlatmaq olar. Burada hazırcavablıq üçün, heyrətləndirici, gözlənilməz, paradoksal ədəbi fəndlər üçün geniş meydan açılır. Əgər bu peşəkar səmimiliklə edilsə, mədəniyyətin tənqidi özlüyündə müasir “konkretizmin” bir növünə, yəni işin mahiyyətinə qarşı laqeyd olan, realizə etmənin texniki mükəmməlliyinə çevrilə bilər və həqiqətən çevrilməkdədir. ürəkbulanma, əhatə edən dünyaya qarşı ikrah hissi oyatmaq sənəti, zəfər çalmış absurdun, insan mahiyyətinin irrasional mövcudluğunun dərk edilməsi artıq, hər bir əmək kimi rasional texnikası olan xüsusi peşəyə çevrilib.

Ağılın məlum meyllərində mədəniyyətin tənqidi asanlıqla marksizmin tənqidinə keçir. Savadlı kütlə üçün aydındır ki, ictimai şüurun tərəqqisi cəmiyyətin iqtisadi əsasının inkişafı ilə baş vermir. Yalnız kerosin lampalar dövründə bu cür düşünmək olardı, o zaman “kütləvi cəmiyyət” paradoksiyası hələ müasir səviyyədə deyildi. Bizə deyirlər ki, Marks tarixi prosesin məntiqinə, happy end (ing.xoşbəxt sonluq – tərc.qeydi) həddən artıq çox inanırdı. O, Hegel məktəbinin yetirməsi idi və böyük idealistin “loqodiseyasına” – dünya tarixində şüurun təsdiqinə böyük hörmət bəsləyirdi. Bəs siz bu şüuru harada görürsünüz?

Axı Marksın konkret gözləntiləri nöqteyi-nəzərindən də hər şey fərqli oldu. Çürüməkdə olduğu elan edilmiş kapital xalq kütlələrinin istehlak səviyyəsini qaldırdı, vergiləri dövriyyəyə buraxdı və dövri böhranlara əlac tapdı. İmkanlı siniflərdən çıxmış professor və tələbələr marksizmlə maraqlanırlar, böyük həmkarlar ittifaqlarında birləşmiş proletarlar isə marksizm haqqında heç nə bilmirlər. Hətta Karl Marksın ölkəsində belə, işçilər Hitlerə inana bildilər. 1914-cü ildən bəri fəaliyyətə başlamış qorxunc irrasional qüvvələr cəmiyyəti kütləvi qırğınlar və işgəncələr dövrünə qaytardı. Bəzi ölkələrdə obıvatel ala biləcəyi istehlak vəsaitlərinin çeşidliliyindən ağlını itirir, bu arada cəmiyyətin mənəvi vəziyyəti dəhşətlidir. Savadlı insanlar ibtidai insanların ənənələrinə meyl edir, nəsillər arasındakı münaqişə özünü hər yerdə biruzə verir, intihar əyrisi yüksəlməkdədir…

Bütün bunlar marksizmin inkarıdır? Həqiqətən də, bir çox şey keçən əsrin sinfi mübarizə təcrübəsindən çıxış edərək gözlənildiyi kimi baş vermədi. Birinci dünya müharibəsindən sonra özü üçün xüsusilə ağır dövrü yaşamış kapitalizm öz tarixi hökmünü gecikdirə bildi. Bu necə və nə üçün baş verdi – bu başqa, daha konkret sualdır. Məgər dünya bu gecikmə üçün, müasir mədəniyyət tənqidinin bu cür təfərrüatla və effektiv detallarla təsvir etdiyi o dəhşətli bədəli ödəmədimi?

Marksizmin baniləri heç vaxt iddia etmirdilər və hazırladıqları dialektik metoda əsasən heç vaxt iddia edə bilməzdilər ki, bəşəriyyət tarixinin real gedişatı sırf rasional səbəblərin təsiri altına baş verir və ya Hertsenin ifadəsi ilə desək, əvvəlcədən müəyyən edilmiş liberettoya əsasən baş verir. Xeyr, bu qarışıq, ziqzaqşəkilli və sonsuz ziddiyyətli fəaliyyətdə biz tez-tez irrasional, mənadan məhrum, çirkin-yöndəmsiz və buna baxmayaraq, heyrətamiz dərəcədə real hallarla qarşılaşırıq. Şüur və şüursuzluq həqiqətən bizim ətrafımızdadır – əks halda biz, sonradan beynimiz üçün adi olan sadələşdirmələrlə ətraf dünyaya aid etdiyimiz ölçüləri götürə bilməzdik.

Fransız məsəli deyir: la raison finira toujours par avoir raison (son nəticədə şüur haqlı çıxacaq). Lakin öz doğruluğunu necə sübut edəcəyini biz hələ bilmirik. Bu məsələ şuürlu, xeyirxah və gözəl olana inamla, zəif insan abstraksiyasının yaratdığı nümunəvi şəkildə görmə istəyimizlə həll olunmur. O, bir çox qüvvələrə təsir edən hadisələrin gedişatı ilə həll olunur. Biz sadəcə deyə bilərik ki, fransız məsəli doğrudur, belə ki, onun ehtiva etdiyi həqiqət hətta öz ziddiyyəti ilə də təsdiq olunur. Əgər şüurlu olan şey birbaşa tarixi cəhətdən mümkün şəkildə həqiqətə çevrilmədisə, o özünü, bir sıra irrasional obrazlar və daha doğrusu, ilk baxışda tamamilə anlamsız görünən mənasız şeylərlə ağlı heyrətləndirən hadisələrdə öz hərəkətilə biruzə verir.

Məsələn, ikinci dünyü müharibəsi zamanı məğlub olmuş ölkələrin iqtisadi cəhətdən digərlərindən öndə olması özlüyündə anlaşılmazlıq yaradır, lakin kapitalist təsərrüfatı çərçivəsində bu sadəcə anlamsız bir şey deyil, hələ Normal Encelin “Böyük xülya” kitabında gözəl şəkildə göstərdiyi kimi, mənasız qanunauyğun faktdır ki, bu faktdan pasifizm lehinə arqumentlər əldə etmişdir. Marks təliminin əleyhdarları tez-tez kapitalist ölkələrdə iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi uğurlarına istinad edirlər. Beləliklə – Marks tərəfindən qoyulmuş kapitalizm qanunları pozulub. Buradan nə doğur? İnsan hətta təbiət qanunlarını da poza bilər – məhz buna görə də o, bilik və iradəyə malik insandır. Məsələn, hansısa həyəcanlandırıcı maddələr qəbul edərək, öz həyat fəaliyyətini süni olaraq yüksəldir, lakin Alfons Dodenin “naibinin” hekayəsini xatırlayın. Son nəticədə dəfələrlə olduğu kimi, qanunlar güc gələcək, məsələ aydınlaşana və “şüurun haqlı çıxana qədər” isə o, öz doğruluğunu bir sıra xəstəlik əlamətləri yığını, xaos və pozğunluğunun bənzərsiz nişanələri ilə sübut edir. Həqiqət olaraq irrasional şəkildə mövcud pərəstişkarlarının süni nəzəriyyələrini bəsləyən, tarixi prosesin bütün qəribəliklərinin mənbəyi budur.

Yalnız kor deyə bilər ki, tarix Marksın göstərdiyi yoldan çıxıb, o əsasda ki, o, bir çirkinliklə digərinə cavab verir və iş uzandıqca və burjua cəmiyyəti optimistlərin və pessimistlərin nəfəsli orkestrinin sədaları altında öz iyirmi beşinci saatını yaşadığı müddətdə köhnə həyat quruluşunun taleyinin həll edilməli olduğu şəraiti daha qəliz edir. İçimizə daxil olmuş xəstəliyin əlamətləri son illərin çoxsaylı ədəbi nümunələrində təsvir edilmişdir və bu geriləmə əlamətləri xoşbəxt sonluq vəd etmir.

Marks təlimindəki sosial xəstəlik diaqnozunun ədalətliliyini təsdiq etmək üçün müasir dünyada baş verən real dəyişiklikləri inkar etmək lazım deyil, kapitalist cəmiyyətinin, özünə müvəqqəti çiçəklənməni geri qaytara biləcəyinə və hələ tanınmış German Rauşninq tərəfindən 40-cı illərdə qabaqcadan təsvir edilmiş “qızıl payız” dövrünə bənzər bir şeyə nail olmasına göz yummağa ehtiyac yoxdur. Heç bir ictimai quruluş bu cür tale tərəddüdləri olmadan səhnədən getmir. Antik istehsal üsulunun uzunmüddətli məhv olma prosesini xatırlamaq kifayətdir, müasir kapitalizm isə, hələ roma sivilizasiyasının Antoninlər dövründə əldə etdiyi nisbi sakitliyə heç də nail olmayıb.

Müasir tarixi şəraitin marksist təhlilinin ədalətliliyi ən yaxşı şəkildə, onu inkar etmək üçün əsas gətirdiyi həyat vəziyyətləri ilə sübut olunur. Əsrimizin əvvəlində marksizm öz “sosial fəlakət nəzəriyyəsi” ilə artıq bir dəfə köhnəlmiş hesab edilmişdi. Lakin köhnə Avropanın piylənməsinin şirin dövrü onun “qürubu” ilə əvəz olunub. Hakim siniflərin sosial inqilab təhdidini bir kənara ata bilməsi və xalq kütlələrinin şüurunu şovinizm ideyaları ilə əzə bilməsi faktı 1914-cü il müharibəsinin başlanması zamanı köhnə dünya üçün dəhşətli təhlükəyə çevrildi. Müharibənin sonunda Fridrix Engelsin bəsirətli sözləri gerçəkləşdi və köhnə cəmiyyət dağıntılar içində idi.

1917-ci ildə Lenin yazırdı: “İmperialist müharibə – “İngiltərə” və “Almaniya” adlı ən böyük və varlı bank şirkətlərinin müharibəsi – dünya ağalığı, qənimətin bölüşdürülməsi, kiçik və zəif xalqların talan edilməsi uğrundakı bu dəhşətli və cinayətkar müharibə bütün ölkələri müflis etdi, xalqlara əzab verdi, bəşəriyyəti dilemma qarşısında qoydu: mədəniyyəti məhv etmək və həlak olmaq və ya inqilabi yolla kapitalın hökmranlığını devirmək, burjuaziyanın rəhbərliyini yıxmaq, sosializm və möhkəm sülhə nail olmaq” [3].

Dəhşətli müharibənin gedişində milyonların atəşli arzusu olan dünya inqilabı öz ümumi-qlobal şəklində baş vermədi, lakin 1917-ci il Oktyabrından başlayaraq baş verənləri artıq geri qaytarmaq mümkün deyil. Bu, qərb ölkələrinin rəhbər siniflərini islahat yolları axtarmağa məcbur etmək üçün kifayət idi. 30-40-cı illərdə Qərbi Avropa və Amerikanın plutokratiyasının aldığı ikinci mühüm dərs bu tendensiyanı daha da gücləndirdi. Tarixin qanunlarını növbəti dəfə aldatmaq cəhdi əks nəticələrə gətirib çıxardı və ən zəngin kapitalist ölkələrini uçurumun kənarına gətirdi. İstənilən halda “qərb dünyasının” həqiqi sahibləri Marks sosializmi təliminə güzəştə getməli oldular – əlbəttə ki, onların sinfi ideyaları üçün mümkün olduğu qədər.

Köhnə cəmiyyətin ikinci nəfəsi və Marks tənqidçiləri üçün, onun ideyalarının təkzib edilməsi kimi görünən tarixin dönüşü buradan qaynaqlanır. Heyrətləndirici faktdır! Öz müvəqqəti və səbatsız çiçəklənməsi ilə kapitalizm bizim əsrin sosial inqilabına borcludur. Fakt özlüyündə mənasız, irrasional olsa da, həqiqidir. Öz vətənlərində və müstəmləkələrdə xalq kütlələrinə edilmiş güzəştlər burjua iqtisadiyyatı üçün, Kanenyakdan Hitlərə qədərki qanlı divan tutmalardan və Meksika və Perunun sərvətlərinin ələ keçirilməsindən başlayaraq, bütün müstəmləkəçi soyğunlardan daha faydalı oldu. Əvvəllər də olduğu kimi, hər inqilabdan sonra məcburi tədbirlər olaraq keçirilən bu güzəştlər daxili bazara misilsiz təkan verdi və kapitalist sənayesinə, onu indiyə qədər bəsləmiş olan qızıl damarı tapmağa imkan verdi. Şüur haqlı çıxdı, ən irrasional şəkildə olsa da.

(ardı var)

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]



Oxşar yazılar:

Baxış sayı:5835