abunə ol: Yazılar | Şərhlər | Еmail

Dünyada tətil və etirazlar

Şərh

clashes between police and teachers’ protest in Rio

Braziliyada müəllimlərin etirazından kadr

Dünyada işçi və əməkçilər ötən həftə də meydanlarda idi.

İndoneziyada tətil və etirazlar
İndoneziyanın paytaxtı Cakartada aşağı əmək haqqı və podratçı iş şərtlərinə qarşı 10 min adam etiraz nümayişi təşkil etdi. Eyni gün Orta Javadaki Subangda isə minlərlə işçi minimum ödənişin yüksəldilməsini tələb edərək etiraza başladı. Javanın şərqində olan Probolinqqoda da dövlətə aid kağız fabrikində işləyən minlərlə işçi daha əvvəl razılığa gəlinmiş minimum ödənişin ödənilməməsi səbəbindən etiraz edərək tətilə başladı.

Cənubi Afrikada platin mədən işçiləri apardıqları mübarizədə qalib gəldi.
Cənubi Afrika Anqlo Amerika Platinum ( Amplats ) və platin mədənlərində iki həftə davam edən tətil qələbə ilə nəticələndi. Tətil Amplats monopoliyasının minlərlə mədən işçisini işdən çıxarma planlarına qarşı başladılmışdı. Amplats bu ilin əvvəllərində 14 min, sonra isə 3 300 işçini işdən çıxaracağını elan etmişdi.
İşçilərin qətiyyətli aksiyasından sonra Amplats AMCU həmkarlar ittifaqı ilə razılaşma görüşünə məcbur qaldı və kütləvi işdən çıxarmaları dayandırmağı və mədənçilərə təzminatlarını ödəməyi qəbul etdi.

Çilidə “körpələr evlərində tətillər davam edir
Çilidə körpələr evi və ibtidai məktəblərdə işləyən minlərlə təhsil işçisinin davam etdirdiyi tətillər 10 günü keçdi. Təhsil işçiləri ödəniş artımı və iş şərtlərinin təkmilləşdirilməsini tələb edirlər. İş yerlərinə “tətil pozucular”ın gətirilməsi səbəbindən bir çox körpələr evi bazar ertəsi günündən bəri təhsil işçiləri tərəfindən işğal edildi. 70 min uşağın baxıldığı körpələr evlərində işğal hərəkəti davam edir.

Çilidə Pensiya sisteminə də etiraz edildi
Çilidə Xüsusi Pensiya Sisteminə( AFP) paytaxt Santyaqoda bir daha işçi və əməkçilər tərəfindən etiraz edildi. 4 min adamın iştirak etdiyi nümayişlərdə AFP-nin ləğvi tələb edildi. Etirazlar müxtəlif həmkarlar ittifaqı, Milli Tələbə təşkilatı CONFECH hərəkatı və “Şərəfli Bir Pensiya Üçün Vətəndaşlar” birliyi tərəfindən təşkil edildi.
Bu pensiya sistemi 1980-ci ildə faşist Pinoçet dövründə tətbiq olunmağa başlamışdı. Bu sistemə görə – ordu üzvləri və sərbəst işləyənlər xaricində – bütün işçilərin aylıq məvaciblərinin 13%-i məcburi şəkildə xüsusi pensiya fonduna köçürülür. İşçi və əməkçilər kobud şəkildə edilən bu soyğuna son verilməsi üçün mübarizə aparırlar.

İrlandiyada minlərlə həkim tətilə başladı
İrlandiyada 51 xəstəxanada işləyən 3 min həkim bir günlüyə fəaliyyətlərini dayandırıb. Həkimlər əvvəlcə dövlət xəstəxanalarında olduqca uzun iş saatlarına etiraz edirdilər. Bu hadisə İrlandiyada 25 il içində həkimlərin ilk aksiyası oldu.
Gələn il üçün büdcə layihəsi gələcək həftə məclisə təqdim ediləcək. İrlandiya Səhiyyə naziri hazırlanan yeni büdcədə səhiyyə sahəsindəki xərclərin azaldılmasını tənqid edib.
Tətilə başlayan həkimlər İrlandiya hökumətinin tətbiq etdiyi neo-liberal siyasət nəticəsində olduqca ağırlaşan iş şərtlərinin düzəldilməsini tələb edirlər.

Misirdə tətil qələbə ilə nəticələndi
Misirdə Məhəllə bölgəsində ödənməyən mükafat üçün başladıqları aksiyada qələbə əldə edən işçilər işlərinə geri qayıtmağa başladı.
Misirin Məhəllədəki dövlətə aid tekstil fabriklərində işçilərin başlatdığı tətil 13 Oktyabrda qələbə ilə başa çatdı. İşçilər əvvəlki dövrə aid mükafatların ödənməməsi səbəbindən tətilə başlamışdılar.
Dövlət tekstil sektorunda işləyən işçilərin etiraza başlaması nəticəsində müdir daha əvvəl dörd hissə olaraq ödəyəcəyinə söz verdiyi işçi mükafatlarının son hissəsini noyabr ayında ödəyəcəyinə dair söz verdi. İşçilərin daha əvvəlki mükafat ödəmələri Maliyyə Nazirliyi tərəfindən yerinə yetirilmişdi.
İşçilər 12 Oktyabr günü şirkətin idarə heyəti sədrinin otağını işğal etmiş və mənfəət payının işçilərə ortaq bir şəkildə bölüşdürülməsini tələb etmişdi.
Onu da qeyd edək ki, Məhəllədə dövlətə aid olan tekstil fabriklərində 22 min işçi işləyir.

Braziliya müəllimləri etiraz edir
Braziliyada müəllimlərin etiraz nümayişinə polis hücumu
Dövlət təhsilinin dəstəklənməsi, maaşların artırılması, iş şərtlərinin yaxşılaşdırılması tələbiylə tətilə çıxan Braziliyalı müəllimlərin tələblərinə dəstək üçün öncəki axşam keçirilən nümayişlərə yenə polis şiddəti ilə qarşılıq verdi. Ölkədə Müəllimlər Günü olaraq qeyd edilən 15 Oktyabrda Rio de Janeyro və Sao Pauloda keçirilən yürüşlərə polis hücum etdi.
“Qara Blok adlı anarxist qrupdan maskalı nümayişçilərin bir polis maşınını yandırması ilə başladığı” iddia edilən qarşıdurmada ilk hücum aksiyada üzlərini bağlayan qrupdan bəzilərini polisin nəzarətə almağa cəhd etməsi ilə başlamışdı. Braziliyada 19 iyulda qəbul edilən qanunla ictimai nümayişlərdə maska ilə və ya hər hansı bir şeylə üzünü bağlamaq qeyri-qanuni qəbul edilmişdi.
Polisin üzü maskalı qrupa hücum edərək həbs etmək istəməsinə nümayişçilər daşlarla və barrikada quraraq cavab verib. Qarşıdurmada dörd polis yaralanıb, yeddi bank şöbəsi atəşə verilib, 40-dan çox nümayişçi polis tərəfindən saxlanılıb.
Braziliyanın cənub-şərqində Belo Horizonte şəhərində də müəllimlərə dəstək məqsədli nümayiş keçirilib. Paytaxt Braziliya və şimal-şərqdə Salvador və digər bəzi şəhərlərdə də etiraz nümayişləri təşkil edilib.
Braziliyada müəllimlər iki aydır ki, tətil edirlər. İşçi Partiyası hökuməti isə təhsil sistemini və müəllimlərin iş rejimini yaxşılaşdırmaq barəsində hələ hər hansı bir proqram təqdim etməyib, ancaq 22 oktyabrda Müəllim Həmkarlar İttifaqı ilə hökumət arasında bir görüş ediləcəyi açıqlanıb.
Ali Məhkəmə hakimlərindən Luiz Fux Braziliya rəsmi xəbər agentliyi “Agencia Brasil”ə verdiyi açıqlamada tətildəki müəllimlərə tətbiq olunan sanksiyaların “bilavasitə bir yoldan belə olsa dövlət məmurlarının ifadə azadlığını tətil yolu ilə istifadə hüququnu pozduğunu ” bildirdi.

Masallıda fəhlə etirazı
«Memar» Yol Tikinti Servis şirkətinin işçiləri 4 aydır əmək haqlarını ala bilmədikləri üçün Bakı-Astara yolunu bağladılar
Dünən Bakı-Astara yolunun tikintisini həyata keçirən fəhlələr yolu bağlayıblar. Jurnalist Araşdırma Mərkəzi xəbər verir ki, belə bir etiraza fəhlələrin əl atması onlara 4 aydır əmək haqlarının verilməməsidir. Yolun Boradigah qəsəbəsi ərazisinə yaxın hissəsində inşa edilmiş körpünü sökməyə cəhd edən 50-yə yaxın fəhləni sakitləşdirmək üçün əraziyə polis qüvvəsi cəlb olunub.
Məlumatda deyilir ki, etiraz aksiyası keçirən fəhlələr «Memar» Yol Tikinti Servis şirkətinin işçiləri olublar. Onlara bu gün əmək haqlarının ödəniləcəyi barədə vəd verilsə də, sözə əməl edilməyib. Fəhlələr yolu bağladıqdan sonra isə şirkətin rəhbəriliyi onlarla danışıq aparmağa başlayıb. Bu gün isə fəhlələrlə yenidən görüş olacaq və onlara pullarını verəcəklərini bildiriblər.


Sol Xəbər – İşçi-Əməkçi Dünyası

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:4088