abunə ol: Yazılar | Şərhlər | Еmail

“Karasu Operating Company” kimi əməliyyat şirkəti Azərbaycana lazımdırmı?

Şərh

karasu

Xəbərdə verildiyi kimi, oktyabrın 3-də “Karasu Operating Company” (“Qarasu Oyl”) əməliyyat şirkətinə məxsus avtobusun qəzaya düşməsi nəticəsində 16 nəfər neftçi müxtəlif dərəcəli bədən xəsarəti alıblar və onlardan biri cərrahiyyə əməliyyatına cəlb edilib.

Qeyd edək ki, bu əməliyyat şirkəti Azərbaycanın qurudakı ən məhsuldar yataqlarına sahib çıxsa da, ölkənin ən qapalı hasilatçı şirkəti adına layiqdir. Ona görə ki, əməliyyat şirkətinin adını internetin axtarış sisteminə daxil etdikdə onun nəinki internet ünvanı, layihələri haqda məlumat çıxmır… gözə dəyən bir neçə məlumatdan aydın olur ki, vaxtaşırı burada işləyən neftçilər iş şəraitinin pis olmasından, əmək haqlarının aşağı olmasından əməlli-başlı giley güzar edirlər və hətta iş o yerə çatır ki, bəzən tətilə də əl atırlar. Belə bir hal 2011-ci ilin və bu ilin fevralında baş verib.

Elə isə oxucularımızı daha yaxından tanış edək bu əməliyyat şirkəti ilə. Bir qədər onun yaranma tarixində nəzər yetirək.

            “Karasu Operating Company” əməliyyat şirkəti Bakıdan 110-120 km cənubda yerləşən “Kəlaməddin” və “Mişovdağ” yataqlarının işlənməsi, rekonstruksiyası və kəşfiyyatı məqsədi ilə yaradılıb. Bununla bağlı 12 sentyabr 2000-ci ildə Vaşinqtonda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR – 15%) ilə Amerikanın “Moncrief Oil” (49,7% – operator) və Türkiyənin “Petoil” (35,3%) şirkətləri arasında Hasilatın Pay Bölgüsü (PSA) tipində müqavilə imzalanmışdı. Həmin ilin 25 oktyabrında müqavilə parlamentdə ratifikasiya edilib və noyabrın 25-də Azərbaycan Prezidentinin imzaladığı sərəncamla hüquqi qüvvəyə minib.

Müqavilənin şərtlərinə əsasən, artıq fəaliyyətinin 3-cü ilində əməliyyat şirkəti hasilatı 1999-cu il təsərrüfat göstəricilərindən 150% artırmalıydı. Qeyd edək ki, 1999-cu ildə “Mişovdağ” yatağında 94,8 min ton neft hasil edilmişdi, “Kəlaməddin” yatağında isə 46 min ton, yəni ümumilikdə 140,8 min ton.

 Ancaq 2002-cü ilin yekunlarına görə, “Karasu Operating Company” əməliyyat şirkəti müqavilə sahəsindən 131 min 864 ton neft hasil etməyə müvəffəq oldu. Yəni faktiki olaraq, SOCAR-dan təhvil aldığı yataqlardan hasilat 6,3% az idi.

Ancaq buna səbəb o idi ki, layihənin operatoru olan “Moncrief Oil” şirkəti əslində hasilatçı bir şirkət deyildi və XX əsrin 30-cu illərindən Texasda neft avadanlığının satışı üzrə ixtisaslaşmışdı. Azərbaycandakı yataqlarda hasilatı artırmaq üçün isə yeni quyular qazılmalı, avadanlığqların texnoloji yenilənməsi həyata keçirilməli və təbii ki, yeni sahələrdə kəşfiyyat-qazma tədbirlərinə başlamaq gərəkdi. Ancaq bunlar hamısı vəsait tələb edirdi. Amerika şirkəti isə riskə getmək fikrində deyildi. Ona Azərbaycandakı müqaviləyə görə səhmlərinin artmasından gələn gəlir artıq kifayət qədər qazanc gətirmişdi. Buna görə də 2003-cü ilin martında “Moncrief Oil” şirkəti öz partnyoru ilə birlikdə layihədəki paylarını bütünlüklə kanadanın “Nations Energy” şirkətinə sataraq Azərbaycanı tərk etdilər.

Kanada şirkətinin layihəyə gəlməsi ilə bir canlanma hiss olunmağa başladı: artıq 2003-cü ildə hasilat 151,6 min tona çatdı. 3 il sonra artıq hasilat müqavilə sahəsində 2 dəfə artmışdı. Ancaq 2007-ci ildən hasilatın yenidən azalması müşahidə edilməyə başlayır: 265,3 min ton.Bu isə o zaman baş verdi ki, artıq “Nations Energy” şirkəti yataqda apardığı geoloji-kəşfiyyat tədbirləri nəticəsində burada əlavə neft ehtiyatlarının olmadığı qənaətinə qəlir. Ona görə də 1956-cı ildən istismarda olan “Mişovdağ” və 1977-ci ildən neft hasilatına cəlb edilmiş “Kəlaməddin” yatağına əlavə sərmayə qoymağı kommersiya baxımından rentabelli layihə hesab etmir və investor axtarışına başlayır.

2007-ci ilin sonunda artıq investor tapılır və 2008-ci ilin fevralında alqı-satqı müqaviləsi tam şəkildə yekunlaşır. Artıq o zamandan “Karasu Operating Company” əməliyyat şirkətinin 85% səhmləri Britaniyanın Vircin adalarında qeydiyyatdan keçən “Global Energy İnc.” şirkətinə məxsusdur.

Bu şirkət haqda geniş ictimaiyyətə adından başqa elə bir şey məlum olmasa da, ancaq Rusiyanın işgüzar “Finmarket.ru” portalının əldə etdiyi məlumata görə, “Global Energy İnc.” şirkəti təsis sənədlərinə görə, Vircin adalarında 26 sentyabr 2007-ci ildə qeydiyyatdan keçib. Onun 2 təsisçisi var, hər ikisi də ofşor şirkətlərdə qeydiyyatdan keçən hüquqi şəxslərdir:  51% – Weistein Limited, 49% – Demipliet Limited.

“Kəlaməddin” və “Mişovdağ” yataqlarında hasilatın tədricən azalması müşahidə olunsa da, “Global Energy” şirkətinin operatorluğu altında hasilatın stabilləşməsi 2008-2010-cu illərdə özün büruzə verib və 200 min tondan artıq illik hasilat göstəriciləri qorunub saxlanilib. Ancaq 2011-ci ildən hasilatın böyük templə aşağı düşməsi müşahidə olunmağa başlayır. Hətta ilin yekunları ilə bağlı SOCAR rəhbərliyinin vəziyyətin normallaşdırılması istiqamətində əməliyyat şirkətinə etdiyi xəbərdarlıq belə nəticəsiz qalır və 2012-ci ildə hasilatın azalması davam edir.

“Karasu Operating Company” əməliyyat şirkətinin fəaliyyəti ilə bağlı Caspian Oil & Gas – 2013 beynəlxalq neft və qaz sərgi-konfransında da heç bir əlavə məlumat almaq mümkün olmadı. Son zamanlarda da şirkət ictimaiyyət üçün özünün maliyyə-təsərrüfat göstəriciləri ilə bağlı heç bir məlumat açıqlamayıb. Çox güman ki, ürək açan bir məlumat yoxdur ki, onu ictimaiyyətlə bölüşsün. Ancaq deyilənə görə, artıq müqavilə sahəsində hasilat vaxtilə PSA sazişi imzalanan zaman elan edilən həddən də azdır və bu azalma davam edir.

Əslində belə bir sual ortaya çıxır: “Karasu Operating Company” kimi əməliyyat şirkəti Azərbaycana lazımdırmı? Axı, Azərbaycan cəmiyyəti üçün PSA tipli neft sazişi deyəndə onun fikrində ilkin olaraq “Azəri-Çıraq-Günəşli” və “Şah-dəniz” kimi layihələrin icrası canlanır. Daim o şirkətlərin adları, layihələrin icrası KİV-lərdə hallanır. Adi vətəndaş üçün xarici neft şirkəti ilə birgə neft sazişinin həyata keçirilməsi ilk növbədə onun adət etdiyi “Azneft”dəki durumdan qat-qat üstün bir iş şəraitinin və sosial durumun göz önündə canlanmasıdır. Bəs reallıqda nə gətirib və nə verib Azərbaycan neftçisinə “Karasu Operating Company”? Onun iş şəraiti, əmək haqqı, sosial təminatı, tibbi təminatı və sair. hansı baxımdan bu gün SOCAR-ın öz işçisinə təklif etdiyi imkanlardan üstündür? 30 min manata qıyıb bir avtobus almayan şirkət, öz işçilərinin həyatına laqeyid yanaşırsa, ondan innovativ texnologiyaların tətbiqi ilə neft hasilatının artımını gözləmək, sadəcə sadəlöhvlük deyilmi?

Düzdür,  qeyd oluna bilər ki, 13 il əvvəl müqavilə imzalanan zaman həqiqətən SOCAR-ın imkanları aşağı idi. Razıyam, ancaq fakt budur ki, 13 il sonranın SOCAR-ı artıq Aralıq dənizində dərinliyi 5700 metr olan kəşfiyyat quyusu qazmaq imkanı ortaya qoyduğu vaxt, İsveçrə kimi zəngin bir ölkənin neft məhsulları bazarının 10%-nə nəzarət etdiyi zaman bəs deyilmi adına layiq şirkətlərlə partnyorluq etməyi?

P.S. Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EİTİ) çərçivəsində apardığım araşdırmalar zamanı məlum oldu ki, “Karasu Operating Company” əməliyyat şirkəti nə 2012-ci ilin yekunlarına görə, nə də 2013-cü ilin I yarısında Azərbaycan Dövlət Neft Fonduna 1 manat belə mənfəət ödəməyib.

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri              

 

Mənbə: http://caspianbarrel.org


Oxşar yazılar:

Baxış sayı:6703

Şərhlər

  1. Şirkət əvvəllər ingilislərə məxsus idi.Atam indi orada işləyir.Onun dediyinə görə həmin şirkət ingilislər vaxtı daha yaxşı idi.maaşları vaxtı vaxtında həmdə çox verirdilər.bayram pulları.sığortalar.Uzun sözün qısası hər şey əla idi.Ancaq nə vaxt ki şirkət rus-Azərbaycan əlinə keçdi.elə bil ora cəhənnəmə döndü.Maaşlar kəskin azaldıldı.tibbi sığortalar ləğv edildi.pulsuz paltar verilməsi və bayram pulları ləğv edildi.hətta məzuniyyətə də məcbur göndərirlər özüdə işçinin öz hesabına.Belə qəzalar birinci ya da ikinci dəfə deyil.Çox olub.hətta bir dəfə bir Qarabağ əlili iki uşaq atasının idarəçilərin səhvi ucbatından dəmir düşüb ölüb.polis gəlməmiş ölənin ağzına araq töküb qələmə veriblər ki içkiliydi.öz səhvi ucbatından ölüb! Bax belə bir yerdi ora..Özüdə orada asılan Azərbycan bayrağı pis günündədi.Atam neçə dəfə etiraz eləsə də deyiblər ki işdən çıxmaq istəmirsənsə səsini kəs.Bax belə!