abunə ol: Yazılar | Şərhlər | Еmail

“Vaşinqton güllələri”

Şərh

sandinista

Bu mətn, əvvəlki yazıda vurğulanan “Washington bullets” (“Vaşinqton güllələri”) mahnısındakı tarixi hadisələri qısa şəkildə xatırladacaq.

***

1970-73-cü illərdə Çilinin sosialist prezidenti vəzifəsini icra edən Salvador Alyende seçkilər vasitəsi ilə hakimiyyətə gəlmiş ilk marksist prezident olmuşdur. Hakimiyyətə gəlməkdə əsas məqsədi kimi, ölkədə orta təbəqənin maraqlarına cavab vermək idi.
Qısa zaman ərzində sosial baxımdan az təmin olunmuş insanlar üçün bəzi qanunların qəbul olunmasına nail olan Alyende, göstərdiyi bu cür fəaliyyətə görə şərti olaraq “Kasıbların Kral”ı adını alır.

Salvador Alyende hakimiyyətinin ilk aylarında Çilidə sosialist cəmiyyətin qurulmasının vacibliyini qeyd edirdi. Varlı insanların mülkləri müsadirə edilir, insanlar üzərində ciddi nəzarət yaradılırdı. Alyendenin əmri ilə 15 yaşından kiçik uşaqlara və yeni doğulmuş körpələrin analarına gündəlik yarım litr süd verilirdi. Ölkədə ən az maaş alan şəxslərin əmək haqları iki dəfə artırıldı. Ölkədə fəaliyyət göstərən xarici şirkətlərə qarşı sanksiyaların təyin olunması və yerli şirkətlərin dövlətin nəzarətinə keçməsi (əsasən ABŞın tabeçiliyindəki mis mədənləri) prosesi sürətlənirdi.

Bu cür siyasətin genişlənməsindən narahatçılıq duyan ABŞ-ın ölkəyə müdaxilə planları, Çilidə Kuba səfirliyinin açılması ilə (1970) özünü daha da göstərməyə başlayır. 1972-ci ildə ABŞ-ın təzyiqi ilə mühafizəkar müxalifət rəsmi qərarların qəbulu zamanı prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təkliflə çıxış etdi ki, bu da Alyende hakimiyyətini kapitalist sistemin “korrupsiyalaşmış qolları”na atdı. Parlament qərarların qəbulundakı “veto” hüququ ilə dövlətləşdirmə işlərinə mane olmağa başladı.
Ölkədaxili vəziyyətin günü-gündən pisləşməsi, bir vaxtlar Alyendə tərəfindən ordunun baş komandiri təyin edilmiş general Auqusto Pinoçetin hökuməti devirməsi ilə nəticələndi. Bu əksinqilaba kömək edən əsas qüvvə isə şübhəsiz, ABŞ-ın Mərkəzi Kəşfiyyat Bürosu (CIA) idi.

Diktatura rejiminə qədəm qoymuş Çilidəki yeni rejim ölkənin məşhur gitarist-ifaçısı Viktor Xaranın Alyende və sol partiyaları dəstəkləyən çıxışları ilə uyğunluq təşkil etmirdi. Nəticədə işgəncələrə məruz qalan Viktorun bir daha gitara çalmasın deyə əlləri sındırılır. Ancaq bir söz dil(in)dən düşmürdü: “Venceremos!” (“Qalib gələcəyik!”)

***

1961-ci ildə ABŞ-ın dəstəyilə əksinqilabçı kubalıların Fidel Kastro rejimini devirmək üçün həyata keçirdikləri uğursuz cəhd olan “Donuzlar körfəzi əməliyyatı”nın başlıca səbəbi Kuba liderinin süründürməçi kapitalist sistemdən uzaqlaşaraq “xalq hakimiyyətin mənbəyidir” maddəsini (!) mütləq şəkildə yerinə yetirməsi idi. Təşkil edilmiş müdaxilənin nəticəsi yankilər üçün heç də ürəkaçan olmadı. Bu rüsvayçı (həm siyasi, həm də hərbi) əməliyyat mövcud Kennedi hökumətini gözdən saldı. Həmin dövrün Kuba İqtisadiyyat Naziri olan Çe Gevara isə Ağ Evə ünvanladığı məktubda vəziyyəti aydın şəkildə təsvir edirdi: “Donuzlar körfəzi əməliyyatı üçün təşəkkürlər. Əməliyyatdan qabaq inqilab zəif idi. İndi əvvəlkin daha da güclüdür.”

***

1967-1972 və 1974-1979-cu illərdə Somoza ailəsindən sonuncu şəxs kimi Nikaraqua prezidenti olmuş Anastazio Debayl ölkədəki avtoritar-diktatura rejiminin baş memarı idi. Məqsəd kimi ailə sərvətini böyütməyi seçən Anastazio qəbul edilən yeni konstitusiyaya uyğun olaraq hakimiyyətini 1981-ci ilə kimi uzatmışdı. 1972ci ildəki paytaxt Manaqua zəlzələsinə göndərilən yardımların Somoza ailəsi tərəfindən mənimsənilməsi ilə bağlı iddiaların yayılması yuxarıdakılara qarşı başlanılan etirazların özünü hərbdə tapmasına səbəb oldu. Əsas hərəkətverici qüvvə isə Sandinista (albomun adı) Milli Qurtuluş Cəbhəsi (SMQC) idi. Baş verənlər nəticəsində dünya siyasət arenasındakı nüfuzunu itirmək istəməyən ABŞ Anastazio Debayla olan dəstəyini geri çəkir. SMQC-nin silahlı mübarizəsi nəticəsində ölkədəki diktatura rejimi devrilir. Nikaraquadan qaçan Somoza isə sıxındığı Paraqvayda Argentina təyinatlı solçu qruplar tərəfindən öldürülür.

***

1979-1989-cu illərdə SSRİ-nin Əfqanıstanda apardığı müharibə insanları, kommunizmlə qanı bərabərləşdirməyə sövq etmişdi. 1979-cu il dekabrın 24-də ilk sovet hərbi qüvvələri Əfqanıstan sərhədini keçərək, ölkədəki daxili sabitliyi bərpa etmək adı altında işğala başlamışdı. 10 il davam edən müharibə nəticəsində qalib gələn tərəf əfqan mücahidləri oldu.
10 illik hərbi əməliyyatlar dövründə Əfqanıstanda 2 milyon nəfərə yaxın mülki sakin həlak olub. SSRİ Əfqanıstana daxil olanda Qərb dünyası narahatlıq içində idi. Kommunistlərin burada qələbə çalacağı təqdirdə Qərb bu regiona nəzarəti itirə bilərdi.

1955-ci ildə Çin Tibetə daxil olaraq bu əraziləri ölkənin tarixi torpaqları kimi qələmə verdi. Bu müdaxilə zamanı çoxlu sayda tibetli rahib qətlə yetirilmişdi.

Böyük Britaniya bu günə qədər qlobal silah satışında ən qabaqcıl yerlərdən birini tutur. Bunların çoxu muzdlu əsgərləri qiyama sürükləyən müharibə liderləri üçün nəzərdə tutulur. Maraqlı fakt isə BMT-nin daimi beşliyini təşkil edən ölkələr, elə silah satışı siyahısında da ilk 5likdə qərarlaşıb; təsadüflərə inanmıram.

Hazırladı: Maxim                (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:3905