abunə ol: Yazılar | Şərhlər | Еmail

Tələbatlar və psixi sağlamlıq

Şərh

Mental-Health

K.Bazarov

Psixi sağlamlığın qorunması və bərpa edilməsi müasir cəmiyyətdə ciddi problemlərdən biridir. Bir tərəfdən, indiki informasiya tutumlu istehsal insan psixikasından  uyğunlaşma və yüksək davamlıq tələb edir, digər tərəfdən isə onun deformasiya və frustrasiyası burjuaziyanın sinfi hakimiyyəti üçün əsas şərt təşkil edir. Marksist psixologiya, psixi sferada olan pozğunluqları insanın bioloji təbiəti ilə onun sosial təbiəti arasındakı abstrakt münaqişə ilə izah edən burjua konsepsiyalarını qətiyyətlə  rədd edir. Cəmiyyət öz üzvlərinin psixi sağlamlığını pozmur, amma mövcudluq prinsipləri insanın təbii ehtiyacları susdurur və dəyişdirir.

Şəxsiyyətin nevrotizasiyasına nə səbəb ola bilər? Fizioloji səviyyədə Mərkəzi sinir sisteminin (MSS) işinin pozulması beyin qabığında oyanma və tormozlanma prosesləri arasında uyğunsuzluğun yaranmasıdır, bütün bunlar İ.P. Pavlovun işlərində öz əksini tapmışdır. Bu uyğunsuzluq patogen təsirlər altında baş verir. Əgər organik mənşəli (infeksiya, travma, irsi defektlər) nevrotik pozğunluqları nəzərə almasaq, onda nevrotizasiya üçün əsas faktor informasiyadır. Onun həcmi, bitlərin miqdarı yox, insan üçün əhəmiyyəti nəzərdə tutulur.  P.V. Simonovun emosiyaların informasiya nəzəriyyəsinə əsasən, hər hansı informasiyanın insan üçün nə əhəmiyyət daşıması onun aktual ehtiyacın təmin edilməsinə hansı formada təsir etməsi ilə ölçülür. Əgər daxil olmuş informasiya tələbatı təmin etmək şansını artırırsa, onda bu informasiya MSS üçün xoştəsirlidir və psixi planda müsbət emosiyalar yaratması ilə, fizioloji olaraq isə uyğun vegetativ reaksiyalar (əsas olaraq əzələ boşalması) ilə nəticələnir. Əgər, əksinə, informasiya tələbatların təmin edilməsini çətinləşdirsə, onda insan uyğun vegetativ reaksiyalarla (əzələ gərginliyi, qan təzyiqinin artması, endokrin sistemin cəld reaksiyası) müşahidə olunan mənfi reaksiyalarla yüklənir. Belə şəkildə, əgər tələbat kifayət qədər uzun müddət təmin olunmursa, mənfi emosional reaksiyalar mexanizmi ilə MSS-nin psixi müdafiəsi qırılır və nəticədə müxtəlif psixi pozğunluqlar yaranır. Onlar arasında daha çox yayılmış olanı “sərhəd pozğunluqlardır”. Yəni hər hansı bir psixi xəstəliyə aid olan kliniki simptomatika olmur, amma həyat keyfiyyətini aşağı salan və xronifikasiyaya meyl edən ağır psixi-fizioloji simptomlar buketi yaranır. Beləliklə, tələbatların ödənilməməsi şəxsin nevrotizasiyasının əsasında dayanır. Belə bir nəticəyə gəlmək olar ki, psixi sağlamlığı qorumaq üçün elə tələbatlar kultivasiya olunmalıdır ki, onların təmin olunması insan üçün əlçatan olsun. Amma praktikada belə “ani zəifliyə” yönəlmə şəxsiyyət üçün kədərli nəticələrə gətirib çıxarır. Yaranan tələbatı şəxsiyyətdən kənarda nəzərdən keçirmək olmaz. Psixi sağlamlıq əsas olaraq hansısa bir tələbatın təmin olunması prosesinin insanın bütünlüklə tələbatlar sisteminə nə dərəcədə daxil olmasından, sosial və bioloji normalara nə səviyyədə uyğun olmasından asılıdır.  P.V. Simonov laboratoriyasının çoxillik təcrübi və empirik təcrübəsinə əsaslanaraq, bir-birilə əlaqəli olan üç əsas tələbatlar qrupu ayrılmışdır: bioloji (vital), sosial və ideal (öyrənmə, dərk etmə) tələbatlar. Hər bir qrupun daxilində də tələbatlar “özü üçün” və “başqaları üçün”, həmçinin qoruma və inkişaf etdirmə tələbatlarına bölünürlər. Əsas qruplardan əlavə, ehtiyacların ödənilməsində iştirak edən iki spesifik tələbat qrupu da var, bunlar  təchiz olunma (tələbatın təmin olunmsaı vasitələri ilə) tələbatı və maneələri aradan qaldırmaq (iradə) tələbatı. İnsanın mövcudluğu üçün bu qrup və altqruplarda olan tələbatlar lazımi dərəcədə təmin olunmalıdır, özü də o üsullarla olunmalıdır ki, “onlar ümumilikdə cəmiyyətin inkişafına, və deməli, normaların dəyişməsinə və ayrı-ayrı fərdlərin inkişafına kömək etsin”. [1] Əsas tələbat qruplarından heç birinə, əsəb sisteminin tarazlığı üçün ciddi fəsadlar doğurmadan adekvat təmin edilmə planında etinasızlıq göstərilə bilməz. Axı bu tələbatların əsasında insanın ictimai inkişafı tərəfindən “çəkilmiş” ali şərtsiz heyvani reflekslər dayanır – hər bir tələbatlar qrupu və altqrupunun dərin şəkildə şərtiliyindən xəbər verən tələbatlar.

Kapitalist cəmiyyəti o tələbatları və onların təmin edilməsi üsullarını həvəsləndirir ki, onlar, ilk növbədə, yüksək gəlir əldə etməyi vəd edir, ikincisi, burjuaziyanın sinfi hakimiyyəti təhdid etmir. Göstərilən üç qrup tələbatlardan ən çox şişirdilən vital tələbatlardır və bunlar fizioloji, mədəni normalara əsaslanaraq deyil, monopoliyaların maraqlarının qorunmasından ibarətdir. Digər iki qrup tələbatlar da spesifik şəkildə təmin olunur. İnsanlar arasındakı münasibətləri həm subyektiv tərəfdən, həm də tarixi və sinfi-obyektiv şərtlənmiş ədalət prinsipləri ilə tənzim etməyi tələb edən sosial tələbatlar qrupunda “özü üçün” olan tələbatlar mütləq üstünlük qazanırlar ki,  bunlar da eqoizm və karyerizm yaradırlar. Əksinə, “başqaları üçün” sosial tələbatı susdurulur, baxmayaraq ki, filogenetik olaraq onlar daha böyük gücə malikdirlər. Çünki insan psixologiyasının formalaşdığı vaxtda  ibtidai dövrdə sağ qalmaq şərtlərinin tələbinə uyğun olaraq şəxsi maraqlar könüllü olaraq kollektiv maraqlara tabe idilər.

Öyrənmə tələbatı qeyri-adekvat şəkildə təmin edilir. Kütləvi bujuaziya mədəniyyəti, KİV sistemi ideal tələbatların təmin edilməsini yalnız imitasiya edirlər, çünki söhbət təbii ki, həqiqətin öyrənilməsidən (məhz həqiqətin öyrənilməsi cəhdi bu qrup tələbatların əsasını təşkil edir) getmir. Bu qrup tələbatlar “özü üçün” və “başqaları üçün” olmaqla ayrılmır, çünki həqiqət birdir.

Qoruma tələbatı (qəbul edilən normalara uyğunlaşmaq – prinsipcə bu, insan üçün təbii olaraq vacibdir, amma nəzərə almalıyıq ki, sinfi cəmiyyətdə normalar deformasiya olunurlar) inkişaf tələbatından daha çox prioritetə malikdir, baxmayaraq ki, filogenetik baxımdan qoruma tələbatına mənfi emosiyalar xidmət edirlər (yəni mənfi emosiyalar kifayətdir ki, insanı bu qrup tələbatların təmin ediləsinə təhrik etsin). Bu qrup tələbatların ödənilməməsi halında insanda həyəcan spektrli mənfi emosiyalar yaranır. İnkişaf tələbatı müsbət emosiyalarla sıx formada əlaqəlidir. Məhz müsbət emosiyaları yaşamaq cəhdi insanı bu və ya digər tələbatların təmin olunma normaları çərçivəsindən kənara çıxmağa istiqamətləndirir. Görünür, bu, onunla əlaqəlidir ki, bu emosiyalar hər şeyin “ok” olduğunu düşünən  ictimai təbəqələrdə çatışmır, amma bu halda inkişaf tələbatı susdurulur və ya xroniki təmin olunmur, bu isə öz növbədə frustrasiya vəziyyətə səbəb olur.

İnkişaf  tələbatı ilə yaradıcılıq fəaliyyəti sıx əlaqəlidir. Mənə elə gəlir ki, sərbəst yaradıcılıq əməyi ona görə insan üçün cəlbedicidir ki, yaradıcı əmək universal tələbatdır, belə ki, bunun təmin edilməsi eyni vaxtda optimal nisbətdə bütün əsas tələbat qruplarının ödənilməsini təmin edir (kommunist cəmiyyətin yetkinlik səviyyəsi məhz bu tələbatın ödənilməsi kriteriyasına və bu əməyin mümkünlüyü, əlçatanlığı səviyyəsinə görə müəyyən olunacaq).

Müasir şərtlər daxilində geniş mənada psixi sağlamlıq haqqında danışmaq lazım deyil. Əlbəttə, tələbatların təmin edilməsində prioritetlərin şüurlu yerləşdirilməsi mənfi emosiyaların yükünü kifayət qədər yüngülləşdirə bilər, amma bütöv bir sıra əsas tələbatlar var ki, onları yalnız cəmiyyət tamamilə ödəyə bilər. Amma indiki prinsiplərdən tamamilə fərqli prinsiplərə uyğun qurulan bir cəmiyyət..

[1] P.V. Simonov   ” Motivasiya olunmuş beyin”, səh 53

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:4610