abunə ol: Yazılar | Şərhlər | Еmail

Məmməd Süleymanov – “Vaxtsızlıq illəri”

Şərh

Ilhamla ireli

Bakıda 20 yaşlı gənc özünü Tələbə Qəbulu üzrə dövlət komissiyasının binası qarşısında asan, Neftçalada qazmaçı köməkçisi buruqdan yıxılıb ölən, Salyanda yol qəzasında 8 nəfər həlak olan gün YAP-çılar Azərbaycan adından qələbələrini qeyd edirdi. 
Şəmkirdə hərbi maşında yanıb ölən əsgərlərin ailələrində yasdı, Bakıda isə zurna, qarmon, balaban sədaları gecəni diksindirirdi.
Azərbaycanın bir hissəsi qalan hissəsi üzərində qələbə qazanmışdı.
Toxlar acları, harınlar qorxaqları, çoxüzlülər üzü olmayanları, əzənlər əzilənləri udmuşdu. İkincilər birincilərin daha 5 il analoqu olmayan quldarlıq-feodal quruluşunu legitimləşdirməsinə əvəzsiz yardım etmişdi.
Bizə nəticələri açıqlayırlar – 76 faiz səs verib, onların da 89 faizdən çoxu öz zülmkarlarını dəstəkləyib.
Dəstəkləyib… Belə deyilsə, bu 89 faiz niyə susur? Belədirsə, bu 89 faiz üçün çalışmağa dəyərmi? Bu, patdır, ya seytnot? Bu, normadır, yoxsa qarabasma?
Bu, reallıqdır.
Eserlərlə bolşeviklərin siyasi baxışlarındakı bir mühüm fərqi analiz edirəm. Ogüst Blankinin və Lui Blanın, dekabristlərin və “Narodnaya Volya”nın şərəfli ardıcılları olan eserlər xalqı fərdlərin oyadacağına inanırdı. Bolşeviklər isə fərdlərin dəlisov cəsarətini yox, xalqı, kütləni irəli çəkirdi. Son söz bolşeviklərdə qaldı. Ancaq bu, Gertsenin proqnozuna ziddi: “İnqilab onsuz da baş verəcək. Sadəcə, o vaxtadək sivilliyi artırmaq lazımdır”. Dahi saydığım Gertsen öz “Kolokol”u ilə maarifçiliyə inanırdı. Biz nəyə inanaq?
Razıyam, 20 ildir Azərbaycanda maarifçiliklə məşğul olunmayıb. Buna ən münbit şərait olan 1988-1995-ci illərdə belə. Çünki, qarışıq dövrlərdə üzə savadsızlar, karyeristlər, bilik düşmənləri, daxilində dəyərləri olmayanlar çıxır. Onlarmı maarifçiliklə məşğul olmalıydı? Onlar son 20 ildə bəlkə heç 3-5 dəyərli kitab oxumayıblar. Və azəri siyasətinin flaqmanları da bu tip adamlar oldular. İndi də onlardır.
Liberalizmdən xəbərsiz liberallar, milli dəyərlərdən məhrum millətçilər, Marksı oxumamış kommunistlər, Bakunindən bixəbər anarxistlər… və onların da fövqündə intellektsiz, beyin qırışlarından məhrum sürüşkən karyeristlər – budur azəri siyasətinin (iqtidarlı-psevdomüxalifətli) ümumiləşmiş obrazı. Və bu personajların siyasətinə adekvat da elektorat formalaşmalıydı.
Biz quyunun elə dərinliyindəyik ki, orada oturmaq oradan çıxmaqdan daha xoş və daha asan görünür. İnsanların barışqanlığı onlara unutdurub ki, barışqan insan – insan deyil, fizioloji funksiyalarını icra edən bioloji növdür. Bu, aşağılara da aiddir, aşağıları sürüyə çevirmiş yuxarılara da. Budur reallıq.
15 oktyabr seçkiləri 20 illik bir dövrün son akkordu oldu, indiyədək baş verənləri qəlibə saldı. Çox xoşladığım marksist, indi 91 yaşı olan Erix Xobsbaum “Qısa 20-ci əsr” əsərini yazıb. Onun fikrincə, 19-cu əsr 1901-ci ildə yox, 1914-cü ildə, Sarayevoda Qavrilo Prinsipin atdığı güllələrlə bitib. Deməli, 20-ci əsr də o vaxt başlayıb. Və 20-ci əsr 2000-ci ildə bitməyib, 1980-cı illərdə bitib. İkiəlli razıyam.
Bəs son 20 ildə yaşadığımız hansı əsrdi? Deyərdim – bu 20 il vaxtsızlıq illəri idi. Onu 21-ci əsr saymaq olmaz, çünki, o irəliyə addım deyildi, reqressdir. Tarixdə ilk dəfəydi ki, inkişaf etmiş ölkə (o cümlədən, Azərbaycan) “üçüncü dünya ölkəsi”nə çevrilirdi. Tarixdə hərəkət həmişə irəliyə olub, ilk dəfə təkamül yox, involyusiya baş verirdi. Azərbaycan üçün 15 oktyabr seçkiləri bu “vaxtsızlıq illəri”ni rəsmiləşdirdi.
5 il əvvəl hansısa alternativin dinc yolla baş tutacağına əfəl ümid qalmışdı. Bu ümidlər son “demokratik, şəffaf, sakit” seçkilərlə puç oldu. İrəlidə 2 yol qalıb – ya onillərin monarxiyası (qorxuram ki, bu, bizim “uzun 21-ci əsrimiz” ola!), ya da “vaxtsızlıq illəri”nə son.
Sağ qalan azsaylı vətəndaşlar bunun üzərində düşünməlidirlər.
Hər şey öz dövrünə düzgün ad verməkdən başlayır. Bunu hələ Marks (və ilk dəfə olaraq) sübut etdi.
Harada olduğunu biləndə, haraya getmək istədiyini anlamaq asanlaşır…
oktyabr, 2008


Oxşar yazılar:

Baxış sayı:3933