abunə ol: Yazılar | Şərhlər | Еmail

Sonbahar… (film)

Şərh

Sonbahar…

Sol çətirinin altına toplananlar, heç vaxt o illərdəki qədər çətin sınaqdan keçməyib. Ondan əvvəl də, ondan sonra da çox zülmlər, işgəncələr, məşəqqətlər görsələr də, heç biri o illərdəki qədər ağır mənəvi əzab verməyib; çünki başqa vaxtlar bütün yoxluqların ortasında yollarını işıqlandıran, onlara güc verən bir şey var idi: İnam ! “Bir gün gələcək” ə olan inam. Ən çıxılmaz küçələrdə, ağrılı edamlarda, dostlarının qətllərində, hətta satqınlıqlarda belə o inamı qucaqlayaraq, onun aydınlığında yollarını görə bilirdilər.1990-cı illər isə sol üçün bu inamın sınağı idi. Berlin divarının dağıdılması, Sosialist blokdakı ölkələrdə baş verənlər, tarixin sonunu elan edənlərin hüdud tanımaz “zəfər” nərələri, bəzi “40 illik solçular”ın belə bu axıma qoşulub lal su kimi  kapitalizmə, liberalizmə axmasıyla nəticələnmişdi. Solçuluq, ən yaxşı halda köhnə bir zarafatın mövzusu, lazımsız fədakarlıq idi. Ancaq o ən inamsız illərdə belə inamını itirməyənlər, çoxluğa oxşamayanlar, çoxluğa oxşamağı rəd edənlər, bəzən sırf inad üçün belə olsa, rəsmlərini heç vaxt unudulmasın deyə israrla iqtidarların üzlərinə tuturdular.

Həmin illərdə Türkiyədə sol başqa bir mübarizə də aparırdı. Bu illər, hələ “İttihat və Terakkidən” qalma bir ənənəylə “dövlət içində dövlət” , yaxud “dərin dövlət” adlanan qruplaşmaların xüsusən Çillər hökümətinin açıq dəstəyiylə azğınlaşdığı “barbarlıq illəri” idi . Solçuların və Kürd müxaliflərin oğurlanması, qətli, həbsi ən sıradan gündəlik hadisələr idi. Və dövlətin bütün bu infazlara səssiz qalması bir tərəfə, dəstək verməsi həmin bir ovuc solçuya da ən radikal eyləmlərə əl atmaqdan başqa yol qoymurdu. Radikallıq artdıqca  həbslər də artırdı. Ancaq bununla da yetinməyən dövlət, 1990-cı  illərin ortalarından etibarən hazırlamağa başladığı və 2000-ci ildə fəaliyyətə keçirdiyi  F tipli kamera həbsxanaları tərtib edir. Məqsədi müxaliflərin həbsxanada da bir-biriylə görüşüb təşkilatlanmasının qarşısını almaq, onları bütün dünyadan təcrid edib sındırmaq, bir sözlə 90-cı illər barbarlığının son akkordlarını vurmaq  olan bu həbsxanalara köçürülmələrə hazırlaşarkən, dövlət məhbusların güclü müqaviməti ilə üzləşir. Ölüm aclıqları bütün həbsxanaları bürüyür. Gənc oğlanlar və qızlar, təslim olmaqdan, dövlətin istəklərinə boyun əyməkdəndirsə ölməyi seçir.Onsuz da o F tipli həbsxanalara getmək, onlar üçün ölüm demək idi, bunu bilirdilər. Dövlət bu sərt müqavimət qarşısında məhbuslarla görüşən ziyalı qurubunun təkliflərini nəzərdən keçirəcəyinə söz versə də 20 dekabr 2000-ci ildə gecəyarısı həbsxanalara qəfil hücum edir. Həyatlarını qorumaqdan məsul olduğu vətəndaşlarına qarşı silahlı hücum edib onları öldürən, yaralayan dövlət, bu əməliyyatına bütün iqtidarların ikiüzlü ironiyasıyla “Həyata Dönüş” adını verməkdə tərəddüt etmir. Dekabr soyuğunda başlayan bu basqında 22, daha sonra bunun davamı olaraq da ölüm oruclarında 122 nəfərin öldüyü bu hadisələr, o çətin illərin ümidli uşaqlarının üstünə qışın bumbuz soyuqluğu ilə çökmüşdü. Ölməyib sağ qalanlar isə ölümün, yəni o buz kimi qışın bir addımlığında idi.İqtidar sahibləri üçün həyata dönüş olan mövsüm, onlar üçün payıza dönüş olmuşdu. Bütün o inamsız illərin qəhrəmanları, artıq ölümlərinin kandarında, hüzünlü və kədərli bir payıza düşmüşdü…

Məmləkət əhli “Seçilmiş”lərlə girələnib, “yaxşı kommersiya filmləri necə olmalıdır ?” deyə baş sındırarkən, mən də oturub o “Payız”a baxdım. Rejissor Özcan Alperin ilk uzun metraj filminə.

Film, həbsxanalara 2000-ci ildəki hücumdan götürülmüş həqiqi kadrlarla, hücumdan əvvəl jandarmanın anonsuyla başlayır. Fırtınadan əvvəlki ürpərdici səssizliyi  parçalayan jandarmanın səsi, müqavimət göstərənləri təslim olmağa çağırır. Və həmin hadisələrə yaraşan  sarkastik bir cümləylə bitirir sözlərini: həyat gözəldir.

Sonra isə o F tipli kameralarda 10 il qalmış siyasi məhbus Yusifin xəstəliyinə görə azad olunub evinə qayıtmağını, Qaradəniz sahilinin Hopa qəsəbəsində bir kənddə, oranın möhtəşəm mənzərəsi ilə izləyirik. Cəhənnəm və cənnət, ölüm və həyat, keçmiş və gələcək arasındakı o uzaq məsafənin yox olduğu bir qovuşma anıdır onun təbiətlə qucaqlaşması. Filmin bir yerində deyildiyi kimi, ömrünün ən gözəl illərini sosialzimə inandığı üçün, təkcə inanmaqla qane olmayıb bunu inadla tələb etdiyi üçün həbsxanada keçirən Yusif, indi  kəndinə qayıdıb. Və bu qayıdışla  biz,  onun təkcə ömrünün ən gözəl günlərini deyil artıq tamamını bu inancı üçün fəda etdiyini bilirik. Kənddə Yusifin vaxtı günlərin keçişi ilə deyil, göy üzündə toplanan buludların qaranlığı ilə ölçülür.Və hər bulud parçası addım-addım onu qışa aparır…

Film də elə bundan bəhs edir – Yusifin o kənddə  keçmişiylə, gələcəyiylə, inanclarıyla və ən çox da qaranlıq buludlara bürünmüş varoluşuyla səssiz, ancaq dərin hesablaşmasından. Ailə, dostluq , köməkləşmə, əyalət insanının həyat təxəyyülü kimi bir çox  can alıcı sualın ortasında öləziyən işıq kimi işaran solğun bir məhəbbətlə sarsılmasından.Qəsəbəyə dənizin qarşı sahilindən göz qırpan  Gürcü qızı Ekayla Yusifin eşqi imkansız bir həyatın hüznüylə qovrulur. Eka, dağılan Sovet ölkəsində uşağını qoyub, qarşı sahilə doya bilmək üçün, bəbəsinə oyuncaqlar alabilmək üçün fahişəlik etməyə gəlib. Dağılan o ölkədən dünyanın min bir tərəfinə səpələnmiş qadınlardan sadəcə biri kimi.

Oğlan keçmişinin yaralarını sağalda bilməyəcək qədər xəstədi, artıq aşiq ola bilməyəcəyini biləcək qədər solğundu, amma aşiqdi…

Qız keçmişinin izlərini silə bilməyəcək qədər məğlubdu, artıq aşiq ola bilməyəcəyini biləcək qədər yorğundu, amma aşiqdi…

Bütövlükdə filmdə Rus ədəbiyyatının izləri çoxdur, ancaq ən güclüsü hər iki aşiqin ayrı-ayrı otaqlarda Vanya Dayı filminə baxdığı səhnədə, həm imkansız, həm də əyalət ümidinə bürünmüş bu məhəbbətin ekran həllindəki sarsıdıcılıqdır: “Neyləyə bilərik? Yaşamalıyıq! Yaşayacağıq Vanya Dayı, yaşayacağıq. Çox uzun günlər, boğucu axşamlar keçirəcəyik. Taleyimizin bütün sınaqlarına səbrlə dözəcəyik.” O ikisi arasında yaşanan məhəbbət nə gələcək tərəfindən girov götürülüb, nə də keçmişin uçurumlarına düşüb; onlar sadəcə indini, bu dəqiqəni istəyəcək qədər məsum və tutunmasızdılar. Eka Yusifə, Qaradəniz dalğalarına qarşı durduqları bir epizodda “kaş ki, burdan bir yerdə çıxıb gedə bilsək” deyir. Artıq gec, çox gec olduğunu bilməyin çarəsizliyi ilə…

Bu kino, rejissorun titrdə yazdığı kimi “həmişə xəyallarının ardınca gedən, səbrsizlik zamanının uşaqlarına” bir yoldaş salamıdır. Və daha yaxşı gələcək arzusuyla aldadılıb həyatı, ruhu və bədəni zəbt olunmuş uşaqlara bir ağı…

P.S. Kinoya baxarkən Ekanın həyatının qalanını fikirləşirdim. Görəsən nə vaxtsa bizdə də bir rejissor dünyaya səpələnmiş Ekaların (lap olsun Tükəzbanların) hekayəsini bizə pafosa düşmədən, bu kino səviyyəsində göstərə biləcəkmi?

Toğrul Abbasov

Dekabr, 2008

www.solfront.org



Oxşar yazılar:

Baxış sayı:12725

Şərhlər

  1. Orxan deyir:

    Filmə haradan baxa bilərəm?

    1. Scherif Abde deyir:

      Filmi təqdim edəcəyik.