abunə ol: Yazılar | Şərhlər | Еmail

The Clash: Kapitalizm əleyhinə rok

Şərh


the_clash_logo_

“The Clash” 1976-cı ildə qurulmuş və 10 illik sənət karyerasına malik ingilis pank-rok qrupu; 70-ci illərin sonlarınadək orijinal pank hərəkatının ən uğurlu və ikona sayıla biləcək proyektlərindən biri. Əsasən güclü səhnə performansları ilə tanınan qrup pank, reqqi, caz, rəqs, ska və digər bir çox musiqi növləri ilə birləşdirdikləri 6 studiya albomu lentə almışlar.

Qrupun musiqisi sol ideologiya ilə uzlaşırdı və rəhbər Co Strammer özü də solçu idi. Ümumiyyətlə, “The Clash” pank rokdakı radikal siyasi üsyanın pioneri hesab olunur. Qrup yaşadıqları ölkədəki digər qrupların bir çoxu kimi monarxiya (Böyük Britaniya taxt-tacı) və aristokrat təbəqəsini tənqid edir, ancaq onlardan fərqli olaraq nihilizmə qapılmırdı. Siyasi fəaliyyətlərinin praktiki göstəricisi kimi müasir liberal hərəkatlarla olan həmrəylik və Anti-nasist Liqasına qoşulmaları (daha bir neçə rok qrupu qatılmışdı), eləcə də, 1978-ci ildə Londonun Viktoriya Parkında, 50000-dən çox tamaşaçının izlədiyi “Rasizm əleyhinə rok” adlı konsert göstərilə bilər.

Adını çəkdiyim konsertdə qrupun rəhbəri Strammerin geyindiyi köynək isə digər diqqətçəkən məqamlardan biri idi. Bir üzdə 1970-ci ildə qurulmuş, məqsədləri ölkədə inqilabçı dövlət qurmaq olan, İtaliya təyinatlı marksist-solçu qruplaşma olan “Qırmızı briqada”. Kiçik miqyaslı oğurluq və partlayıcılarla fəaliyyətə başlayan təşkilat1974-cü ildən etibarən dövlət aparatının səlahiyyətli şəxslərinə hücuma başladılar (“1 adamı vur, 100 adamı maarifləndir” sloqanı). 1984-cü ildəki bölünmədən sonra əvvəlki gücünü itirən qruplaşmanın ən səs-küylü işi dövrün İtaliya Baş Naziri və Xristian Demokrat Partiyasının rəhbəri Aldo Moro’nu qaçıraraq öldürmələri olmuşdu.

Köynəyin digər üzündə isə barələrində bir o qədər də şərhə ehtiyac duymadığım Baader-Maynhof birləşməsi olan marksist-leninist təşkilatın adı həkk olunmuşdu: RAF. Yeni bir Dünya üçün bütün Dünya imperializminə qarşı mübarizə aparmış qrup üzvlərinə Stamhaymdakı sui-qəsdlər onların SOL üçün necə dəyərli və korrupsioner sistem üçün necə qorxulu olduqlarını bir daha sübuta yetirmişdi. Bəzən məsələlərin hədsiz müəmmalı olması (Rafiq Tağı cinayəti) onu kütlə üçün çətin unudulan bir hadisəyə çevirir. Yadda olduğu müddətcə hər kəs özü üçün nəticə çıxartmalı, TV “ziyalıları” maskanı atıb kütləyə doğru-düzgün informasiya çatdırmalıdır. Məsələn, Dario Fo kimi; müəllifi olduğu “Mən Ulrike. Qışqırıram!” adlı pyesindən:

“Artıq indidən cəsədimi qaçırdıb saxlamağınızı, vəkillərimə mane olmağınızı görürəm… Xeyr, Ulrike Maynhof’u görə bilməzsiniz. Bəli, özünü asdı. Xeyr, cəsədin müayinəsinə icazə yoxdur. Heç kim baxa bilməz. Yalnız hökumətdən səlahiyyətli şəxs, o da qərarını verib artıq. Maynhof özünü asıb. Amma boynunda asılma izi yoxdur… Boynunda heç bir ləkə görünmür… Əvəzində bütün bədəni çürüyüb… Kənara çəkilin! Fotoaparatla şəkil çəkmək qadağandır, əlavə sual vermək qadağandır. Cəsədimi incələmək qadağandır. QADAĞAN. Düşünmək qadağandır, təxmin etmək, danışmaq, yazmaq qadağan, hamısı qadağandır!..”
…və yadıma “68 Fransası”ndan bir sloqan düşdü: “Qadağan etmək qadağandır!”“The Clash” qrupunun mahnılarındakı açıq siyasi mesajlar ilk sinqllardan özünü göstərmişdi. Məsələn, “Ağ üsyan” (“White riot”) mahnısının mövzusu irqçi neo-faşist birliklərin qaradərililərə qarşı olan radikal münasibətlərinin tənqidinə həsr olunmuşdu. “Karyera imkanları” (“Career opportunities”) adlı mahnı çətin şəraitdə, aşağı əmək haqqı ilə (“sakit, başımı salıb, gündəlik çörəyimi qazanıram” deyimi) yadlaşma nəzəriyyəsinin arqumentlərilə, sahibkarların isə “pul maşınları”na çevrilmiş işçilərlə bağlıdır (Hegel’in dialektikasının açılışına kəskin ehtiyac var). “London yanır” (“London is burning”) adlı sinql isə şəhər həyatının yeknəsəkliyini və sistemin günə “gündəlik” sözünü sırımasını ifşa edir.

“Sandinista!” (1980) “The Clash”in 4cü studiya albomudur. Dövrün bütün musiqi trendlərini tapa biləcəyimiz bir layihə olan “Sandinista!” qrupun karyeralarındakı pik nöqtə hesab olunur. Albomdakı “Vaşinqton güllələri” (“Washington bullets”) mahnısı Co Strammer’in o vaxta qədər yazdığı ən kəskin siyasi mətnə malik idi. Adı çəkilən yerlər – Çili, Nikaraqua, Kuba, Əfqanıstan və Tibet – dövrün siyasət arenasında əsas müzakirə obyektləri kimi nəzərdən keçirilmişdi. İlk 3 “təyinat nöqtəsi”ndə Strammerin solçu ruhu hiss olunur; son 2 yerlərlə isə Moskva və Pekin mərkəzli kommunist dövlətlərin imperialist hərəkətlərini tənqid edirdi.

Bu yazının sonunda mahnının tam halda tərcüməsini təqdim edirəm. Davamı olacaq yazıda isə mahnının açılışına nəzər yetirəcəyik.

“Oh! Ana, Ana bax ora!
Sənin uşaqların yenə o küçədə oynayır.
Sən bilmirsən nə baş verdi orda?
14 yaşlı gənc vuruldu orda.
Camdaun şəhərinin Kokani silahları
Öldürülən təlxəklər, qanlı pula sahib adamlar
Yenə Vaşinqton güllələri atılır?Çilinin hər hücrəsində
Əzab çəkənlərin harayları deyiləcək
Alyendeni xatırla və bir gün əvvəl,
Xatırla Viktor Yaranı,
Santiaqo stadionunda
“Es verdad” – budur yenə Vaşinqton güllələri.

Və 1961-də Donuzlar Körfəzində
Havana pleyboyla vuruşdu, Kuba günəşi altında,
Kastro üçün qırmızı, indi daha da qırmızı idi,
Vaşinqton güllələri Kastronu öldürmək istədi.

İlk dəfə
Nikaraquada inqilab olanda,
Amerikadan müdaxilə yox idi
Amerikada insan haqları.

İnsanlar liderə qarşı vuruşdular
Və onu göyə sovurdular…
Vaşinqtonun güllələri olmadan nə edərdi o görəsən?

Əgər əfqan üsyanına qarşı savaşa bilsən,
Moskvanın güllələri yan keçdi.
Soruş ondan nə düşünür kommunist səsverməylə bağlı…
…Tibetin təpələrindəki Dalay Lamadan soruş
Nə qədər keşiş ələ keçirib çinlilər?
Müharibə bataqlığındakı pullu əsgərləri dayandırın,
Və cəbbəxanadakı Britaniya güllələrini yoxlayın.
Que?

Sandinista!
Hazırladı: Maxim                                                                     SOLFRONT.org (c)


Oxşar yazılar:

Baxış sayı:5350