abunə ol: Yazılar | Şərhlər | Еmail

“Bulla – Dəniz” qaz yatağında baş verən yanğın 1 aydır ki, davam edir

Şərh

bulla neft yatagi

Avqust ayının 17-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Bulla-Dəniz” qaz yatağının 90-cı quyusunda baş vermiş yanğın hələ də davam edir. Yanğın avqust ayının 17-də 23:30 radələrində “Bulla-Dəniz” qaz yatağının şimal-şərqi qanadında 5868 metr dərinlikdə qazma zamanı baş verib. Quyudan çıxan alov 350 m radiusa yayıldığından yanğınsöndürənlər alovun ətrafa yayılmaması üçün top atəşi ilə quyunun üst avadanlığını dağıdıblar. Lakin bu yanğının qarşısını almadı. İlk günlərdə ARDNŞ rəsmi olaraq itkilər barədə heç bir məlumat vermirdi. Lakin sonradan ARDNŞ-in və “Halliburton” şirkətinin (ABŞ) “Boots&Coots” servis xidmətinin mütəxəssisləri bir yerdə özülə qalxıb xüsusi cihazlar vasitəsilə ölçü işləri aparıblar və nəticədə gündə 2,5-3 milyon kubmetr qaz yandığı məlum olub. 2,5-3 milyon kubmetri ölkə əhalisinə verilən qaz göstəriciləri ilə hesablasaq (qazın hər 1000 kubmetri 100 manatdır), o zaman daxili bazara görə itkimiz gündəlik 300 000 manat, dünya bazarı qiymətlərinə görə isə 850-900 000 dollardır (müxtəlif ölkələrə satış qiyməti müxtəlifdir). Əgər yanğının artıq bir aydır ki, davam etdiyi nəzərə alsaq, o zaman uyğun olaraq itkinin 9 milyon manat və 25,5-27 milyon dollar civarında olduğunu söyləyə bilərik. “Bulla-Dəniz” qaz yatağının ehtiyatları 17 milyard kubmetr qaza bərabər hesab edilir. Yataqdan gün ərzində 2,5-3 milyon kubmetr qaz çıxdığını bilərək, demək olar ki, əgər yanğını söndürməsələr yanğın hələ təqribən 15 il davam edə bilər.

Yanğının baş vermə səbəbinə gəldikdə isə, Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın dediklərinə görə quyudakı qaz axını o qədər güclü olub ki, dəfələrlə fontan vurub. Quyuya daxil olan qum dənəcikləri qaz axını ilə metalla sürtülməsi nəticəsində qığılcım yaranıb və nəticədə yanğın baş verib. İlham Şabanın bu sözlərindən belə çıxır ki, ARDNŞ qeyri-peşəkardır; təhlükəsizlik və mühafizə sistemləri o qədər bərbaddır ki, xırda qum dənəcikləri ilə metalın sürtülməsi nəticəsində milyon manatlar dəyərində itkilər baş verir.

İlk yanğından dərhal bir gün sonra Rövnəq Abdullayev televiziyaya çıxaraq hər şeyin qaydasında olduğunu dedi: yanğın artıq söndürülüb, 62 işçinin hamısı təxliyə olunublar və heç bir ekoloji cəhətdən ətraf aləmə ziyan vurulmayıb. Sonradan yanğını söndürə bilmədikləri halda sentyabrın 3-ü Rövnəq Abdullayev quyunun xilas edildiyini bildirib. Halbuki yanğın bir aydan çoxdur davam edir. Xilas etmək deyəndə, əlbəttə ki, Rövnəq Abdullayev başqa şeyi nəzərdə tuturdu. Onun son açıqlamalarına görə quyunu xilas etmək üçün yanğını ARDNŞ qəsdən törədib. Əks halda partlayış baş verəcəkmiş. Bu, bir daha ARDNŞ-in necə çarəsiz vəziyyətdə qaldığını sübut edir. İlham Şabanın açıqlamasında deyilirdi ki, yanğın qum dənəcikləri ilə metalın sürtülməsi ilə baş veribsə, Rövnəq Abdullayev bu yanğını qəsdən törətdiklərini bildirir. Görünür Rövnəq Abdullayevin öz səhvlərini boynuna alması, yanğını özlərinin qəsdən törətmələrini deməsindən daha çətindir. Lakin, Rövnəq Abdullayev bilmir ki, partlayış o zaman baş verir ki, fontanın qarşısını almaq mümkün olmasın. Belə hallar baş verməsin deyə quyuların ağzına xüsusi avadanlıq yerləşdirilir. Yəni problem həmin avadanlığın nasaz olması ilə əlaqədardır. Bura həmçinin texniki, texnoloji, sınaq prosedurlarının qeyri-peşəkar şəkildə aparılması, quyunun uzun müddət nəzarətsiz qoyulması səbəbi də daxildir. Bu hadisəyə görə səlahiyyətli və cavabdehlik daşıyan şəxslərin səhlənkarlığı ucbatından baş verən yanğına görə cəzalanmamaları üçün hər dəfə bir cür səbəb irəli sürürlər. Lakin ortada milyon manatlarla ölçülən itki faktı vardır.

Başqa bir məsələ də var ki, Rövnəq Abdullayev ekoloji cəhətdən heç bir ziyan vurulmadığını bildirsə də, həm dənizə, həm də dəniz canlılarına külli miqdarda ziyan vurulub. Eynilə o, əsas məsələnin 62 işçinin həyatının xilas edilməsinin olduğunu deyərək, özünün absolyut xeyirxahlıq təcəssümü kimi göstərməyə çalışır.  Sanki: “Qazdır da yanır, canınız sağ olsun. Əsas odur ki, işçiləri xilas etdik”, – deyir. Bununla belə, hətta bütün 62 işçinin sağ-salamat sahilə çıxarılması xəbəri də şübhə doğurur. Hər halda dövlət büdcəsinə dəyən ziyana görə ARDNŞ təzminat ödəməlidir və məsuliyyətli şəxslər cəzalandırılmalıdır. Yəqin seçkilərdən sonra bunun normal bir hal olduğunu sübut etməyə çalışacaqlar və hər zamankı kimi xaricdə baş verən oxşar hadisələrlə müqayisə edəcəklər. Halbuki problem ölkələrdə deyil, ümumi sistemdədir. Sovet dövründə istehsal olunan ehtiyat hissələrinin artıq istifadə müddəti keçib və yeniləri də ya ucuz qiymətə xaricdən gətirilir, ya da artıq potensial olaraq iş qabiliyyətini itirmiş Bakı “Səneyeavtomatika” zavodu kimi yerlərdə istehsal olunur (o da ki xırda detallar). Odur ki, Sovetin süqutundan sonra atalarının malı kimi öz aralarında xalqa məxsus olan mülkiyyəti bölüşdürənlər indi öz məsuliyyətlərindən yayınmağa çalışırlar. Nə qədər ki, fəhlələr zavodları öz əllərinə keçirməyiblər (misal üçün Türkiyədə və Yunanıstanda tamamilə fəhlələrə məxsus avtonom zavodlar), bu cür hallar davamlı olacaq.

Hazırladı: Nicat Yusubov                                       (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:4822