abunə ol: Yazılar | Şərhlər | Еmail

“Bizim işləmək hüququmuz var!”

Şərh

chelsea

1976-cı ildən fəaliyyətdə olan ingilis pank-rok qrupu “Chelsea” qrupunun ən uğurlu mahnısı işsizlik ilə əlaqədar yazdıqları “İşləmək hüququ” (“Right to work”) adlı sinqldır. Populyarlığın müjdəçisi olan bu mahnı qrupun yaranmasından bir il sonraya təsadüf edir. Sinqlın adı ilə bağlı bəzi şeyləri qeyd etmək lazımdır. Belə ki…

“İctimai məktəb” (“public school”) kimi, “işləmək hüququ” birləşməsi də Böyük Britaniya və ABŞ-da müxtəlif mənalar verir. ABŞ-da bu ifadə dövlətin həmkarlar ittifaqı və işçilər arasında bağlanmış müqaviləni heçə saymaq “hüququ” hesab edilir; hansı ki bu müqavilələrdə dövlətin nəzarəti altında (qanuni nəzarət) şirkətə qarşı işçilərin hüquq və tələblərini müdafiə edilməlidir. Əslində kapitalizmin işləmə mexanizminin əsas sütunlarından biri olan və sistemin tam və ya periferik şəkildə qalmasında mühüm rol oynayan istismar formulası – işçinin sahibkar tərəfindən maddi və mənəvi əzilməsi – şirkətlərin öz büdcələrinə milyonlarla dollar (sırf bu valyutanın vurğulanması təsadüfi deyil) pul axıtmasına şərait yaradır. Dövlətin bir üst-qurum kimi bu vəziyyətə aydınlıq gətirməsi lazım olduğu halda – sözdə işçi lehinə qəbul edilən qanunların kağız üzərində qalması absurdluğu – iri korporasiyalarla mənfəətə dayanan “dostluq” münasibətləri qurması insanda hakimiyyət və “demokratiya”ya qarşı ikrah hissi oyadır. İşçilərin iş prosesinə cəlb olunduğu andan etibarən əzilən qismində (sistemin illüuzionar xarakterinin nəticəsi olaraq bu hal təbii qarşılanılır) görünməsi, nədənsə mənə Frans Kafka’nın “Məhkəmə” romanındakı protaqonistin vəziyyətini xatırlatdı. Həmkarlar ittifaqının işçilərin vəkili vəzifəsini yerinə yetirə bilməməsinin (korrupsiya artıq aksiomadır) digər bir səbəbi də əhəmiyyət və təsir dərəcəsi çoxmuş kimi göstərilən imzalı sənədlərin (“hər şey işçilərin – cəmiyyətin – rifahına hesablanıb!” geydirmə şüarı) dövlət tənzimlənməsi adı altında təqdim edilməsidir. Dövlətin işçilərə hansı metod və formalarla yardım etməsindən (və ya “yardım etməsi”) asılı olmayaraq statik vəziyyətin dərk olunması üçün bir o qədər də savadlı olmağa ehtiyac yoxdur, çünki status-kvoda dəyişiklik yoxdur. İllərdən bəri sürən paradoks hələ də davam etməkdədir: “İşçilər yeganə sinifdir ki, həm istehsal edir (subyektdir), həm də istismar edilir (obyektdir)”, marksist siyasətçi və filosof Qeorq Lukaç deyir.

Birləşmiş Krallıqda isə “right to work” ifadəsi işləmək haqqı-hüququ mənasına gəlir. “Chelsea” qrupu bu mahnı ilə mövcud hakimiyyətin sözdə həmin prinsiplə işləyən sisteminə ironik yanaşırdı. Mahnının buraxılış ilini nəzərə alaraq həmin dövrün ən yaddaqalan siyasətçilərindən birini, Marqaret Tetçeri xatırlamaq olar. Məhz “dəmir leydi”nin ölkə iqtisadiyyatındakı səmərəli iş rejiminin nəticəsi olan minlərlə işsiz insan yığınları, onlar üçün barəsində danışdığımız “hüquq”un sona çatdığı anı yaşayırdılar. Xüsusi mülkiyyətin həvəsləndirilməsi məqsədilə aparılan liberal yönümlü islahatların iqtisadiyyatı durğunluğa sürükləməsi və ardınca gələn işsizlik dalğaları: 1979-cu ildə 1.3 milyon, 1981-ci ildə 2.5 milyon, bir il sonra 3 milyon. Hər kəs Tetçer hakimiyyətinin bu “uğurlu” siyasətini dəyişdirəcəyini güman etdiyi vaxtda onun “istəyirsinizsə siz dönün, leydi dönməyəcək” açıqlaması sonrakı illər üçün fəlakətdən başqa bir şey olmadı; 1990-cı il, Trafalqar meydanındakı 200.000-ə yaxın qəzəbli nümayişçinin etiraz sədaları, polislə qarşıdurma, 113 yaralanan və 340 nəzarətə götürülmüş vətəndaş. Həmişə olduğu kimi “yuxarılar”ın radikal qərarları “aşağılar”a baha başa gəlir.

Yazının məğzini daha yaxşı qavramaq üçün (“işləmək” və “işçi” arasında paralellik axtarışında) onun ikitərəfli izahını verəcək iki film nümunəsi fonunda qiymətləndirmək daha yaxşı olar. İlki 2002-ci il, ispan istehsalı “Günəşli bazarertələri” (“Los lunes al sol”) filmidir; bu film “işləmək hüququ” məsələsini işıqlandıracaq. Digəri isə 2000-ci il, Ken Loaç’ın rejissoru olduğu “Çörək və qızılgüllər” (“Bread and roses”) kinosudur; bu film isə “işçilərin hüququ” barədə müəyyən təsvir formalaşdıra bilər.

Vəziyyətə qısaca bu cür şərh vermək olar: durmadan böyüyən kapitalizmin durmadan böyüyən problemləri.

Bu yazını mahnıdakı əsas bəndin tərcüməsi ilə bitirək:

“Mən hətta sabahın nə gətirəcəyini də bilmirəm
İcazə ver deyim ki, gələcəyin yoxluğu dəhşətli bir şeydir.
Dayanıb sadəcə karyera gözləmək,
Mən narkotik qəbul etmir, pivə içmirəm.
Amma bunu deməliyəm ki,
Bizim işləmək hüququmuz var!”

Hazırladı: Maxim                                                                         (c) SOLFRONT.org

Oxşar yazılar:

Baxış sayı:3867