abunə ol: Yazılar | Şərhlər | Еmail

Anti-Flag

Şərh

anti flag

Anti-Flag 1988-ci ildə yaradılmış, Pensilvaniya, Pittsburqdan olan amerikan pank-rok qrupudur. Qrup əsasən mahnılarındakı SOL yönümlü siyasi baxışları, müharibə əleyhinə çağırışları, imperializmi tənqid, siniflərarası mübarizə, insan haqlarına dair fikirləri və müxtəlif sosial mesajlarla diqqəti cəlb edir. Bundan başqa, onların Beynəlxalq Əfv Komissiyası (Amnesty İnternational) və Qrinpis (Greenpeace) kimi qeyri-kommersiya təşkilatları ilə olan əlaqələri humanist, son dövrlərin yaddaqalan hadisələrindən “Uol Striti işğal et!” hərəkatına dəstəkləri də anti-kapitalist mövqeyini açıq şəkildə nümayiş etdirir.
Qrupun 1996-1999-cu illərdə buraxdığı üç albom – “Öz dövlətin üçün öl!”, “Sistem sənin üçün işləmir”, “Ordunun yeni növü” – Anti-Flag “ənənə”sinin əsasını qoydu. Bu albomlarda siyasi korrupsiya, rasizm, faşizm, polis qəddarlığı, müasir gənclik kimi mövzulara toxunulmuşdu.
Bundan sonrakı “Yeraltı şəbəkəsi” albomu (2001) ABŞ-nın xarici siyasətinə tənqid xarakteri daşıyırdı. Bir il sonrakı “Səfərbərlik” albomunda isə ABŞ-nın “11 sentyabr hadisələri” sonrası müharibəyə girməsi “Sülh üçün 911” mahnısı ilə pislənmişdi; nəticədə? bir çox musiqi mağazaları Anti-Flag’in audi-disklərini rəflərdən götürərək onlara ‘anti-amerikan’ damğası vurdular. Ancaq qrupdan gələn açıqlama təkcə ABŞ üçün deyil, bütün Dünya üçün idi: “Anti-Flag anti-amerikan mənasına gəlmir. Anti-Flag müharibə əleyhinə deməkdir. Anti-Flag birlik mənasını verir.”
Qrupun 2003 tarixli “Terror dövləti” albomu öz qeyri-adiliyi və sərhədsizliyi ilə digər albomlardan geri qalmadı və satış rəqəmləri ilə də qrup üçün yeni bir uğura imza atdı. Bu dəfəki əsas “hücum” isə Buş Administrasiyasının Asiyadakı terrorla mübarizə adı altında yeni bir müharibə başlatmasına yönəlmişdi.
2006-cı ildəki “Qan və imperiya” albomu ABŞ-nın “sülhə görə müharibə” strategiyasını tənqid edirdi.
Anti-Flag’ın “Amerikanın parlaq işıqları” albomundan (2008) olan “Qərb sivilizasiyası haqqında nə düşünürsən?” və bir il sonrakı “İnsanlar yoxsa silah” albomundan olan “İqtisadiyyat əziyyət çəkir… burax gəbərsin!” (həmçinin “Kapital yığır”) adlı mahnıları tam halda qrupun fikirlərini əks etdirə bilmişdi. İlkində Mahatma Qandinin “bu yaxşı ideya ola bilərdi” istehzasının işlənməsi, ikincisində isə öz-özünü bitirən paradoksal bir sistem kimi kapitalizmin yaratdığı böhran və nəticələrinin çatdırılması, qrupun SOL – anarxist baxışını bir daha sübuta yetirdi.
Maraq üçün qeyd edək ki, qrupun “Öz dövlətin üçün öl!” adlı mahnısı 2010-cu ilin avqustunda İraqa gedən ABŞ qoşunlarının yolunu kəsən müharibə əleyhdarları tərəfindən etiraz məqsədilə oxunulmuşdu.
Müasir dövrün etiraz musiqisində özünü yaxşı tərəfdən göstərmiş Anti-Flag qrupu 2010-cu ildə çəkilmiş “İnqilab kimi səslənir” sənədli filmində də yer almışdı.

Hazırladı: Maxim                                                                        (c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:6017