abunə ol: Yazılar | Şərhlər | Еmail

Yeni kitab: Leo Huberman – Sosializmin Əlifbası

Şərh

sosializmin elifbasiSOLFRONT-un yeni nəşri amerikalı marksist yazar Leo Hubermanın müəllifi olduğu “Sosializmin əlifbası” (“ABC of Socialism”) əsəridir. Əsər kapitalizmin tənqidi, sosializmin təməl prinsipləri, sosialist fikirlərin yaranmasının qısa tarixi və sosializmə dair bəzi suallara cavabları əhatə edir. Kitabı artıq Bakı şəhərinin bir sıra kitab mağazalarından əldə edə bilərsiniz. Yaxın zamanlarda regionlarımızın kitab mağazalarında da satışda olacaq.
Sizə SOLFRONT və Müəllif tərəfindən yazılmış Müqəddiməni təqdim edirik.

Müqəddimə

 Azadlıq, bərabərlik və qardaşlığın zəfər çaldığı cəmiyyət haqqında düşüncələr bəşəriyyətə hələ qədim dövrlərdən məlumdur. Bu barədə Platon, Aristofan fikir söyləmişlər, Yeni Zəmanənin utopiyaçıları xəyal qurmuşlar, lakin bu ideya öz əksini daha dolğun şəkildə marksizmdə, onun banilərinin, həmçinin XX əsrin bir çox intellektuallarının əsərlərində tapmışdır. İndiki dövrdə kapitalist sistemin alternativi kimi sosializm mövcud iqtisadi quruluş üçün həqiqi təhlükəyə çevrilən marksizm sayəsində artıq mücərrəd anlayış deyil. Lakin ilk sosialist ölkələrin (bu ölkələrin adlandırılmasından yola çıxaraq bu termindən istifadə etsək) simasında onun həyata keçirilməsi, yeni cəmiyyətin qurulması cəhdlərinin edildiyi obyektiv şərtləri əks etdiyməyə bilməzdi. Bu qəbildən olan ən tanınmış cəhdlərdən biri sovet sosializmi adlandırılan quruluş idi.

 Sosializmin sovet modeli XX əsrin ən amansız şərtləri altında, bəşəriyyət tarixindəki iki ən irimiqyaslı və dağıdıcı müharibələr arasında, imperialist ölkələr tərəfindən təcridə və daimi təhdidlərə məhkum olmuş, yoxsul və savadsız əhalisi olan yarıfeodal ölkədə qurulurdu. Bu şərtlər gənc sovet ölkəsindəki bir çox proseslərin çətinliyini müəyyən etməyə, həmçinin XX əsrin bir çox qərb intellektuallarını heyran etmiş dəyişikliklərin miqyasını vurğulamaya bilməzdi. Son nəticədə, sovet planlı iqtisadiyyatı əsasən kapitalizm çərçivəsində (klassik marksizmə görə) yerinə yetirilməli olan dövlət məsələlərinin həll edilməsi ilə məşğul idi. Sənayenin yaradılması – sənayeləşmə, feodalizm qalıqlarının məhv edilməsi və s. – bütün bunlar, klassik marksizmə görə, kapitalizm çərçivəsində həll edilməli idi. Sosializmin bu və ya digər modelinin məzmunu, kapitalizm dövründə həll tapmalı olan vəzifələrin yerinə yetirilməsindən ibarət olmamalıdır. Əgər bolşeviklər qısa zaman ərzində qırmızı bayraq altında, Qərbin hələ XVIII-XIX əsrlərdə keçdiyi prosesləri gerçəkləşdirmək qərarına gəlmişdilərsə, bu hələ sosialist cəmiyyətinə həqiqi keçidin mövcudluğunu nəzərdə tutmurdu. Bunu dərk etmək çox vacibdir, çünki Sovet İttifaqında mövcud problemlər haqqında bədxahlıq edən liberal tənqidçilər tarixi obyektiv şəraitdə nəzərdən keçirməyi xoşlamırlar. Qərb kapitalizminin mütləq şər kimi çıxış etdiyi Brejnevin durğunluq dövrünün Sovet İttifaqı Kommunist Partiyası doqmatikləri kimi, bizim liberallar da sosializmi mütləq şər hesab edirdilər, guya o, əzəldən mahiyyətcə qüsurlu və dəyişməzdir, SSRİ isə, onların fikrincə, sosializmin ümumiyyətlə mövcud ola biləcəyi yeganə forma idi. Bu mənada milli liberallar həmçinin, “həqiqi sosializmin” qurulduğunu iddia edən Kommunist Partiyası doqmatiklərinə bənzəyirlər. O zamandan bəri yalnız ideoloji qəliblərin istiqamət vektoru dəyişib, düşüncə tərzi isə yox, XXI əsrdə isə obyektiv təhlil üçün həddən artıq material mövcuddur…

 “Sosializmin əlifbası” – adından göründüyü kimi, o dövrün, indiki zaman üçün də daha aktual olan məsələlərini ən sadə dillə izah etməyə çalışır. Bir tərəfdən, söhbət kapitalizmdən – XIV-XV əsrlərdən yaranmağa başlayan, əzablı və qanlı inqilablar və müharibələrlə dolu təşəkkül və inkişaf yolu keçmiş, elm, mədəniyyət, ixtiralar, fəlsəfi və hüquq fikrinin sürətli inkişafını, demokratik qurumların və dəyərlərin inkişafını müəyyən etmiş, lakin eyni zamanda – köləlik, müstəmləkəçilik, xalqların soyqırımı, insanların amansız istismarı, çoxluğun yoxsulluq və miskinliyinə səbəb olmuş iqtisadi quruluşdan gedir. Kapitalizm çərçivəsində nisbi demokratiyaya və az-çox sabit sosial sistemə XX əsrin ikinci yarısında yalnız bəzi ölkələrdə, kapitalist “üçüncü dünya” ölkələrinin yoxsulluğu və neomüstəmkələşdirilməsi fonunda nail olunub ki (yenə də, solların iştirakı ilə. 1968-ci il Parisdə Qırmızı may – Qərb sollarının demokratiya və sosial nailiyyətlər uğrunda mübarizəsi epizodlarından yalnız biridir), bu gün də bu vəziyyətin şahidiyik.

Digər tərəfdən, Leo Huberman göstərilən iqtisadi sistemə qarşı sovet inkişaf modelində gördüyü sosialist alternativi qoymağa çalışır. Öz müasirlərindən – Qərbin sol intellektuallarından (məsələn, Erix Fromm) fərqli olaraq, Huberman sovet dövlətinin təbiətinə dair yanılmalardan qurtula bilməmişdi, lakin müəyyən məqamlarda belə bir fikrə gəlir ki, sovet təcrübəsi – əməldə sosialist cəmiyyət quruculuğunun ilk cəhdlərindən biridir və həqiqətən mürəkkəb şərtlər altında sovet cəmiyyətinin böyük uğurlarına baxmayaraq, SSRİ-nin bu qısa müddət ərzində mövcudluğu çərçivəsində onun qərb dünyasından birmənalı şəkildə üstün olması haqqında danışmaq qeyri-mümkün idi.

Müəllif bilmirdi ki, bu ölkənin özü də vəhşi kapitalizm dövrünə qayıdacaq və bu önsözün müəllifləri kimi, bir çox oxucular da bir zamanlar SSRİ-nin tərkibinə daxil olmuş respublikanın vətəndaşları olacaqlar…

Solfront kollektivi olaraq, cəmiyyətin hər üzvü tərəfindən kapitalizmin əsaslarının dərk edilməsi üçün izah edilən zəruri məqamların əhəmiyyəti və aktuallığını nəzərə alaraq, bu əsərin nəşr edilməsini zəruri hesab edir, həmçinin önsöz vasitəsilə oxucuların diqqətini sovet təcrübəsinin tənqidi qiymətləndirilməsinin, sovet sosializminin yeni cəmiyyətin özü deyil, ona gedən yolda bir addım olduğunu dərk etməyin vacibliyinə yönəltmək istəyirik.

Yalnız cəmiyyəti hərəkətdə dərk edərək, onu bütün şərtləri, inkişaf qanunlarını diqqətə almaqla nəzərdən keçirərək, cəsarətlə gələcəyə baxmaq olar. Fikrimizcə, bu kitab – bu dərketməyə şərait yaradacaq ilk addımlardan biridir.

 SOLFRONT

Müəllifdən

AMERİKALILARIN çoxunun sosializm haqqında bildikləri tək şey onu xoşlamadıqlarıdır. Bu insanları Sosializmin ya həyata keçməz olduğu üçün gülməli, ya da şeytan işi olduğu üçün qorxulu bir şey olduğuna inandırıblar.

Bu vəziyyət narahatedicidir. Bu günlərdə çox yayılmış belə bir əhəmiyyətli məsələni Amerika Birləşmiş Ştatlarında çox koranə və tərəfdar baxışlara istinadən görməzlikdən gəlmək, yaxud da günahlandırmaq səhvdir. Sosializm dünya miqyaslı bir hərəkatdır. Ondan bu ölkədə nifrət edən milyonlarla insanlarla yanaşı, başqa ölkələrdə çox məmnun olan milyonlar vardır. İndiyə qədər heç bir düşüncə bu qədər qısa zamanda bu sayda çox insanın xəyal gücünə hakim olmamışdır.

Sosializm daha indidən 200 000 000 insanın həyat tərzinə çevrilib – bu, yer üzündə yaşayanların altıda biri deməkdir. Daha 600 000 000 insanın həyat tərzi olma yolunda sürətlə irəliləyir. Bu iki qrup birlikdə dünya əhalisinin təqribən üçdə ikisini təşkil edir.

Bu səbəbdən sosializmin bir çox amerikalı üçün pis bir sözdən başqa bir şey hesab edilməməsi acınacaqlı bir vəziyyətdir, yaxşı, ya pis olsun, ona qarşı çıxılsın, ya da ona yetməyə çalışsınlar, əvvəlcə sosializmin yaxşıca öyrənilməsi lazımdır.

Kitabın ilk hissəsində kapitalizmin əsas xüsusiyyətləri sosialist nöqteyi-nəzərdən təhlil edilmiş, əsasən də Amerika Birləşmiş Ştatlarının bugünkü vəziyyəti nəzərə alınaraq, kapitalizmin quruluşu və qüsurları gözdən keçirilmişdir. Kitabın ikinci hissəsində ən böyük fikir adamları və onların nəzəriyyələri ilə birlikdə sosializm nəzəriyyəsi izah olunur. Təməl sosialist təliminin inkişafında ən əhəmiyyətli və güclü əsas iki şəxs – Karl Marks və Fridrix Engels olmuşdurlar. Bu günə qədər yaşayaraq gələn və bu gün də hər qitədə hərəkatın təməl daşı olan və bu kitabın da əsasını təşkil edən bu iki insanın Sosializm anlayışıdır.Bir xəbərdarlığı qeyd etmək istəyirəm: burada təsvir etdiyimiz mənzərə açıq və sərtdir. Bu, bəzi oxucuları çəkindirəcək, bəzilərini də əsəbiləşdirəcək. Bunu normal qarşılamaq lazımdır. Bir insanın davranış və inanclarına bu şəkildə qarşı çıxılması daima bir şok təsiri yaradır. Bunun uçun ağıllı oxucu, sosialist fəlsəfə haqqında müəyyən bir nəticəyə gəlmədən öncə kitabçanın hamısını oxumalıdır.

Son olaraq da bir şey unudulmamalıdır: bu kiçik kitab sadəcə sosializmə bir giriş, sosializmin ana xətlərini müəyyən edən qeydlərdir. Bu haqda xeyli yazılmışdır, məsələyə maraq duyan oxucu bu əlifba ilə kifayətlənməməli, məsələni layiq olduğu dərinlik və genişliklə izah olunan bir çox kitaba müraciət etməlidir.

Leo Huberman

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:8216

Şərhlər

  1. dilqem deyir: