abunə ol: Yazılar | Şərhlər | Еmail

Türkiyədəki “Gezi Parkı” etirazları: vətəndaş hərəkatı yoxsa siyasi hərəkat?

Şərh

gezi 1

Bir neçə gündür ki Türkiyədə “Gezi Parkı” hadisələri baş verməkdədir. Bu hadisələr artıq iki gündür ki, ciddi qarşıdurmalara çevrilib. Sosial şəbəkələr, vətəndaş təşkilatları, siyasi partiyalar tərəfindən xalq küçələrə çıxarıldı. Bütün “həssas vətəndaşlar” ciddi reaksiyalar verdi. Sadəcə İstanbulda olan hadisələr çox qısa vaxtda bir çox şəhərə – Ankara, İzmir, Eşkişehir, Adana, Samsun, Kocaeli, Trabzon, Diyarbakır, Antakya və digərlərinə yayıldı. Türkiyə Daxili İşlər Nazirliyinin açıqlamasına görə, 1-2 iyun tarixində 48 şəhərdə 90-dan çox etirazlar an baş vermişdir. Artıq indi ele bir həddə çatmışdır ki, şəhər və məkan sayı itməkdədir. Etirazlar bütün Türkiyəyə yayılmış vəziyyətdədir.

Türkiyə burjua mediasının əksinə olaraq hadisələr sosial şəbəkələrdə inanılmaz bir təşkilatçılıqla kordinasiya edildi, gərəkli informasiyalar sürətli şəkildə lazimi yerlərə ötürüldü. Burjua mediası bizə müharibələri, işğalları, cinayətlərı canlı təqdim edirdi, etiraz edən xalq isə alternativ media yaradaraq inqilabı canlı yayımlayırdı. Türkiyə əsas mediyası nə qədər səssiz qalırdısa, alternativ xalq mediası daha da çox təşkilatlanır və güclənirdi, baş verməkdə olan hadisələr dünya mediasının bəzi mərkəzlərində işıqlandırıldı, hətta Rusiyyanın RT kanalı hadisələri canlı yayımladı. Olanlar birdən-birə dünya mətbuatının diqqətinə səbəb oldu.

Türkiyə iktidar partiyası AKP-nin (Ədalət və İnkişaf Partiyası) uzun müddətdir ki yeritmiş olduğu kompleksli fəaliyyəti davamlı olaraq etirazlarla qarşılaşırdı. İndi artıq məsələ o yerə gəlib çıxmışdır ki, təşkilatlanmış futbol azarkeşləri də hadisələrə qarışıb, tam dəstək verirlər. Hətta bəzi qarşıdurmalarda həlledici rol oynayırlar (Beşiktaş Futbol Klubunun azerkeş qrupu Çarşı-nın bele bir şüarı da yayılmışdı:”Bizə 100 qazmaskası verin, “Gezi Parkı”nı işğal edək”. Bu yazı hazırlandığı ərəfədə artıq “Çarşı” qrupu bir inşaat buldozerini ələ keçirərək, polis təşkilatına aid 2 TOMA-nı (Toplumsal Olaylara Müdahele Aracı-İctimai Hadisələrə Müdaxilə Vasitəsi) etiraz zolağından uzaqlaşdırmaqda idi).

Hadisələr, təbii ki, səbəbsiz alovlanmadı. İktidarda olduğu müddətdə AKP Türkiyədə həm özəlləşdirməni sürətləndirmiş, həm sünni əsaslı təhsil və kadrlaşma siyasəti tətbiq etmiş, həm işçi sinfinin az qala bütün naliyyətlərini zibil qabına atmış, həm də Yeni-Osmançılıq adlandırılan, Türkiyə Cumhuriyyəti (1923) öncəsi Anadolu  İmparatorluğu qurma xəyalına düşmüşdür.

Türkiyənin sol fikirli analitikləri apardıqları bütün araşdırmalarda AKP-nin, ABŞ-nın Anadolu və Yaxın Şərqə dair geniş və imperialist maraqlarının alternativ üzü olan “podratçı” layihəsi olduğu vurğulanmışdır. Son dövrlərdə də AKP iqtidarının İran, İraq, Suriyaya qarşı yürütdüyü siyasətdə ABŞ əlaltısı olması, Suriya Vətəndaş müharibəsinə “gizli” şəkildə hər növ dəstək verməsi, Suriya Müxalifətinə ev sahibliyi etməsi və fikir dəstəyi verməsi, Suriyada etnik və dini-məhzəb yönlü addımları AKP-nin “podratçı” üzünü tamamilə ifşa etmişdir.

Həmçinin AKP-nin Türkiyə Böyük Millət Məclisində millət vəkili say çoxluğunu əlində tutması, onun layihə arealını asanlıqla genişləndirmişdir. Həmişə siyasi hakimiyyətin qarşısında böyük bir mane olan ordu “saxta” məhkəmələrlə “təmizlənmiş” (ordu çevrilişi ehtimalı azaldılmış), büdcə bölgüsündə din sektoruna və polis təşkilatına geniş maliyyə ayrılması, polis təşkilatının ciddi şəkildə silahlandırılması və hüquqi haqlarının genişləndirilməsi, siyasi, mədəni, sosial, iqtisadi sahələrdə imperialist maraqlar qarşısındakı manelərin qaldırılması və yüngülləşdirilməsi və bir sıra yenidən nizanlama faliyyətləri AKP-nin bir yol təmizləmə siyasəti olmuşdur.

gezi 2

Hələ də davam etməkdə və böyüməkdə olan, polis şiddətini artdığı, qəddarlaşdığı etirazların qığılcımı, Türkiyə Solunun ən böyük və davamlı toplaşma mərkəzi olan Taksimdə “Gezi Parkı” adlanan parkın özəlləşdirilərək Ticarət Mərkəzi və Mədəniyyət Evi tikintisi üçün sökülməsi qərarı və 3-cü Böyük Körpünün açılışı və bu körpüyə alevi qatili kimi tanınan Osmanlı padişahı Yavuz Sultan Səlimin adının verilməsi və s. oldu. Parkın sökülməsi qərarını mülki vətəndaşlar, buraya çadır qurub kitab oxuyaraq, istirahət edərək sivil formada etirazını bildirdi. 28 May tarixində baş nazir Ərdoğanın təlimatı ilə söküntü işləri yenidən başladı və vətandaşlarla polis arasında qarşıdurma başladı və hər bir prosesi ən kiçik detalına qədər izləyən sol və müxalifət cəbhəsinin reaksiyası ilə böyüməyə başladı.

Təbii ki, bu şəkildə alovlanma sadəcə “Gezi Parkı” səbəbi ilə deyildi. AKP-in, bütün fəaliyyətləri imperialist xarakterli olması, davamlı etirazlar, nümayişlərə, tətillərə səbəb olurdu. Bu ilki 1 May bayramının da Taksim Meydanında qeyd olunmasının qadağa edilməsi və sol partiya və qruplarla qəddarcasına qarşıdurmanın yaşanması da tam unudulmamışdı. Və hadisələr qısa zamanda kütləviləşməyə başladı. Parka çoxlu vətəndaş axışdı, qarşıdurma polis şiddəti ilə böyüdü və ümumi etiraz sferasına keçdi.

Bəzi qüvvələr hər hansı bir nöqtədən sonra polisin özlüyündə geri çəkilməsini, istefa edəcəyini istisna etmirdi. Amma sol qruplara çoxdan bəlli idi ki, polis təşkilatı ciddi bir “cemaat” (dini evlərin yetişdirmələri – red.qeydi) qruplaşmasıdır. Hətta bu haqda xeyli araşdırmalar edilmiş, jurnalist-araşdırmacı Ahmet Şıkın qələmə aldığı “İmamın Ordusu” (“İmam” deyimi “cemaat” təşkilatlanmasının beyni sayılan Fətullah Güləni simvolizə edir) əsəri polis təşkilatıın iç üzünü ortaya qoymuşdur. Təxmini iddialara görə, Türkiyə Polis Təşkilatının 80%-indən artıq işçisi “cemaatçi”dir. Ciddi cemaat intizamı ilə yetişdiriliblər (beyinləri yuyulub). Bu həm də o deməkdir ki, bu hadisələrdə polislərin xalq tərəfinə keçməsi çox çətin məsələdir. Çünki onları fəaliyyətlərinə bağlayan sadəcə maaş deyil, indiki şəraitdə bundan daha güclü olan ideoloji bağlılıqdır. Və nəzərə alaq ki, onların ideologiyası sol düşmənçiliyi xarakterizə edir. Bu həmdə o dəməkdir ki, polis zorakılığının bir sərhəddi olmayacaqdır. Və hər gün sosial şəbəkələrdə yayımlanan foto və videolarda bu açıq şəkildə təsdiq olunur.

gezi 3

Bununla bərabər, bu hadisələrin vətəndaş, yoxsa siyasi xarakterli olduğu müzakirələrinə rast gəlirik bəzən. Bəzi “ağıllı işbilənlər”, hadisələrin xarakterini anlamamaqla qalmayıb bir də şərh etməyə çalışırlar ki, “bu hadisələri siyasiləşdirməyə çalışırlar, buna icazə verməyin!”

Türkiyədə baş verən qarşıdurma ilk növbədə iqtidar AKP partiyası, onun əlaltıları olan yaşıl burjasiya və milli burjaziya, podratçılığını etdiyi imperialist güclərə qarşıdır. Bunların hamısının timsalında AKP hakimiyyətinə qarşıdır. Yeni-osmancılıq xəyallarına qapılaraq, Osmanlı İmperiyasını bərpa etmək istəyən bu dini yaşıllar hər addımda cəmiyyətin bütün təbəqə və sahələrini dəyişdirməklə ciddi addımlar atırdılar. “Gezi Parkı” layihəsi müxalifətin, anti-imperialist partiya, qrup və aktivistlərin işə qarışması ilə ciddi bir partlayış yaratdı. İqtidarda olduğu müddətdə “cemaat”ləşdirdiyi və silahlandırdığı polis aksiyaçılara qarşı həddən artıq sərt müdaxilə etməyə başladı. Heç bir şeyə aman vermədən döyür, işgəncə edir, kapsullu bibər qazını birbaşa aksiyaçıların üzərinə atır (halbuki, kapsul bibər qazının istifadə təlimatında 45-60 dərəcəlik atış bucağı xəbərdarlığı vardır), plastik mərmilərdən istifadə edir, nəzarətə  alınanlara sorğu-sualsız işgəncə verir və s.

İlkin olaraq Suriya və Reyhanlı hadisələrində podratçı AKP siyasəti tıxanma yaşamışdı. Bu hadisələr isə nəinki xarici siyasətdə, daxili məsələlərdə də işin həqiqi üzünü ortaya qoymuş oldu. AKP iqtidarı iflas edir. Xalq da onu istefaya çağırır.

İndi isə Türkiyədəki ayaqlanmanın xarakterini əlmizdən gəldiyi qədər açıqlamağa çalışaq. Bu hərəkat vətəndaş, yoxsa siyas xarakterlidir?

Hərəkatda təbii ki, aparıcı qüvvə xalqdır. Onlara səslənən iştirakçıları cavabsız qoymayaraq küçələrə çıxırlar. Çünki onlar AKP siyasətinin zərərlərini həyatlarının bütün sahələrində artıq ciddi olaraq hiss edir və görürlər. Amma, təbii ki, heç bir hərəkat statik xarakterli ola bilməz, o davam və inkişaf edirsə, yeni mərhələyə adlayır. Mitinqlərdə iştirak edənlər ictimai statusları baxımından nə qədər “vətəndaş” olsalar da, hərəkatın xarakterini, onların nəyə qarşı mübarizə etdikləri və nə üçün mübarizə etdikləri təyin edir: Qarşı çıxdıqları Siyasi İqtidardır. Məqsədləri bu ədalətsiz və inkişaf düşməni, mövhumatçı – mürtəce Ədalət və İnkişaf Partiyasının devrilməsi, yerinə bərabərliyə əsaslanan azadlıq, demokratik, ədalətli bir mərhələnin başlanmasıdır. Qarşı çıxdıqları siyasi obyektdir, istədikləri də siyasi təməllidir. Bu hadisələr “sosial tələbat” aspektində başlasa da, artıq etirazı və tələbi ilə tam siyasi xarakter almışdır. Sol, kommunist partiyaların nüfuzundan ehtiyat edənlər davamlı olaraq “marginal qruplar” şərhi verir, guya xalq hərəkatının siyasiləşməsinin itki olacağını qeyd edirlər.

gezi 4

Kimlərsə düşünə bilər ki, buraya “teyzeler”, taksi şoferləri, və s. qoşulmuşdur və məsələni siyasiləşdirməyin. Biz də onlara deməliyik ki, siz də məsələni nostalgiyaya çevirməyin. Bu hərəkat ya öz içərisində güclü bir siyasi iradə çıxararaq, öz tələblərinin tətbiqinə başlayacaq, ya da növbəti “podratçı” siyasi manipulasiyalara qurban gedəcək. Bu hərəkat tam siyasi xarakter daşıyır və daşımalıdır da.

Bir qrup “analtiklər” isə bunun “Türk Baharı” olduğunu deyir və belə olmasını arzulayırlar. “Bahar” termini siyasi terminologiyada liberallaşma və ya çevriliş, yəni kapitalist sistemin bərqərar olması və ya davam etdirilməsi mənasını ifadə edir və dolayısilə də imperialist xarakterlidir. İmperialist maraqlar öz əlaltılarını itirsələr, bunu yerinə yenisini təqdim etməyə çalışacaqlar. Əgər hərəkat özünü siyasiləşdirməsə, imperialist maraqlar bunu çox professional şəkildə siyasiləşdirəcəklər.

Son olaraq isə qeyd edək ki, artıq dünən axşamdan etibarən DİSK[1], KESK[2] və digər mütərəqqi işçi təşkilatları etirazları gücləndirmək, AKP faşizminə daha təşkilatlı zərbə endirmək üçün ölkədə ümumi tətil üçün müzakirələr aparırlar. Və artıq Eğitim-Sen-in 6№-li şöbəsi 3-4 iyun tarixində işdə olmayacaqlarını açıqlamışdır.[3] Bu gün də DİSK İdarə Heyyətinin ilkin açıqlamasına görə birinci addım olaraq sabah (4 iyun) saat 12:00-14:00 aralığında bütün iş yerlərində bildirişlər oxunacaq.[4]

gezi 5

Türkiyə Solunun 12 sentyabr 1980-cı il kimi qanlı tarixi vardır. Biz də yoldaşlar olaraq ümid edirik ki, tarix təkrarlanmayacaq, tarixi materialist anlayışı ilə yeni – “Qırmızı Anadolu” mərhələsinə keçəcək.

Ən böyük istəyimiz isə artıq Anadolu Sosialist Xalqlar Cumhuriyyətinin qurulmasıdır.

Çünki bu, artıq dayandırılması imkansız çörək, azadlıq və bərabərlik mübarizəsidir.

Yoldaş Nazımın dediyi kimi:

“Axın var, Günəşə axın,

Günəşi zəbt edəcəyik,

Günəşin zəbti yaxın.”

Ayaz Şirinov


[1] DİSK-Türkiye Devrimci İşçi Sendikaları Konfedersyonu – Türkiyə İnqilabi İşçi Həmkarlar İttifaqı Konfederasiyası (üzvülüyündə 18 həmkarlar ittifaqı var. Mənbə: http://tr.wikipedia.org/wiki/D%C4%B0SK)

[2] KESK- Kamu Emekçileri Sendikaları Konfederasyonu-İctimai İşçi HƏmkarlar İttifaqı Konfederasyiası(üzvülüyündə 12 Hİ var. Mənbə: http://tr.wikipedia.org/wiki/KESK)

[4] Bildirişin tam mətni – http://www.sendika.org/2013/06/diskten-akp-fasizmine-karsi-ihtar-eylemleri-geliyor-hukumet-durmazsa-hayati-durduracagiz/

 

Qeyd: Hadisələrin canlı gedişatını – http://www.geziparkicanli.com/halk-tv-izle/ ünvanından  izləyə bilərsiniz. Qeyd edək ki, saytda 4 ayrı kanal üzrə fərqli şəhərlərdə çəkilən kadrlar yer alır.


Oxşar yazılar:

Baxış sayı:15948