abunə ol: Yazılar | Şərhlər | Еmail

Yusif Vəzir Çəmənzəminli – “Müsavatçı”ya cavab

Şərh

yusif-21

«Müsavat» firqəsini tərk etdiyimə dair «Kommunist» qəzetinə göndərdiyim məktub «Yeni Qafqaziyyə»yə bərk toxunmuş, məsələyə «Müsavatçı» imzası ilə əsəbi bir məqalə həsr etmişdir. Bir tərəfdən deyir ki, zatən Vəzirov «Müsavat» təşkilatından təbid olunmuşdur. O biri tərəfdən firqənin gözəgələn əzasından birinin çəkilməsi «Müsavatçı»ya mənəvi duyğular təlqin edir.
İştə, əsəbiyyətin gizli mənası.
Buna ruslar deyirlər ki, «Yupiter, serdişsya–znaçit tı vinovat» («Yupiter, hiddət edirsən–deməli təqsirkarsan»– müəllif.).
Hər bir firqəyə daxil olmaq və yaxud onu tərk etmək məsləkə aid bir məsələdir. Nədənsə bu vazeh və aydın nöqtə «Müsavatçı»yca başqa bir qanuna tabe imiş: Firqəni tərk etmək şərəfsiz bir aqibət kimi tələqqi olunurmuş. Halbuki şərəfsiz aqibət mənəmi aid, yoxsa «Müsavat»ın rəhbərlərinəmi aid? Şərəfsizliyin onlara aid olduğunu isbat etməyə hazıram.
«Müsavat»ı tərk etməyim dərin düşüncələrdən sonra olmuşdur. Məni yaxından tanıyanlar, mənim ilə illərlə xalq işlərində işləyənlər çox gözəl bilirlər ki, mən həyatımda məsləkdən başqa heç bir amal rəhbərliyinə tabe olmuş adam deyiləm. Belə olmasaydı iki ildən bəri fabrikada əmələlik məşəqqətlərinə qatlaşmaq məcburiyyəti hasil olmazdı və yeganə qardaşım maddi sıxıntılar içində gənc ikən vəfat etməzdi. «Müsavatçı»nın məqaləsini təhlildən əvvəl bu münaqişənin qəzet sütununa vəzi məni son dərəcə məmiun edir. Çünki həqiqətin meydana çıxması lazımdır.
Bir kərə türk əfkari-ümumiyyəsi işlərin nə şəkildə olduğunu və nə şəkildə göstərildiyini bilməlidir. Halbuki, indiyə qədər «Müsavat» rəhbərləri özlərini təmizə çıxarmaq üçün min növ gizli propaqandalar yapmışlar və tamamilə günahsız şəxsləri kirləmək vasitəsilə öz üzlərini ağartmağa çalışmışlar.
Halbuki, o qaraüzlü, şəxsi faydalarını hər şeydən yüksək tutan və millətini qana bulaşdırmağa çalışan feodalların günahları əfv olunmaz və nə qədər xaricdə tədarük etdikləri paralar vasitvsilə propaqandalar yaparaq, təhrikatda bulunaraq həqiqəti gizlətmək istəsələr də, həqiqət ölməz və meydana çıxar.
Keçəlim «Müsavatçı»nın məqaləsinə.
Mənim iki il yarım əvvəl büsbütün «Müsavat»ı tərk etməyimə dair yazılan aydın və vazöh sətirləri «Müsavatçı» nədənsə şərhə başlayır və məktubun tarixini mənim firqədən çəkilməm günü ədd edir. Əcəba, belə bir süni şərhlə «Müsavatçı» kimi aldatmaq istəyir? Oxucularımı, yaxud özünümü?
Bir kərə inkişaf etmiş xəyalı peyğəmbər şəkli alır və «Müsavatçı» mənim daxili aləmimdən xəbər verməyə başlayır. Guya iki il yarım mənim üçün bir tərəddüd dövrü imiş: çıxımmı?–deyə düşünürmüşəm. Bir gün Rəsulzadənin təhdid məktubunu alaraq qəti bir qərar verə bilmişəm… «Müsavatçı» əfəndi, həqiqət belə deyil. Mənim firqə rəhbərləri Xəlilbəy Xasməhəmmədov əqrəbaları ilə ilk müxalifətimiz dörd ildir. Bu müxalifətdə bilaxirə müsavatçılardan qeyri mühacirətdə bulunan bütün azərbaycanlılar– sabiq məbuslar, səfir və generallar da iştirdk etmişdilər və bu surətlə müsavat rəhbərlərinin İstambulda rəzalətlərinə, sui-istemallarına bir sədd çəkilmişdi. Bu məqsədlə hətta bir qrup da vücuda gəlmişdi və dörd il əvvəl mən onun əzası idim. Lakin bir neçə əzadan mürəkkəb bir ailə firqə tələqqi olunmazdı. Halbuki, iki il yarım əvvəl Parisdə Rəsulzadə ilə görüşərək, heyrətlə öyrəndim ki, firqənin rukni bu adamlar imiş və o zaman firqəni lənətlərlə tərk etdim.
Bilaxirə «Yeni Qafqaziyyə»də yürüdülən nöqteyi-nəzərlə aşina olduqda məzkur ailə rəisinin inad və kinlərinə Rəsulzadə Məhəmməd Əminin də alət olduğunu duydum. Ötədən bəri mühacirətdəki müsavatçılar özlərini Türkiyənin gözündə təmizləmək niyyətilə propaqanda yaparlar və «günahları» da bir şəxsin üzərinə yükləməklə işin içindən çıxmaq istərlər. Hədəf olaraq nəzərdə də daima məni tutarlar. Halbuki, diplomatlıq və siyasətin incəliklərinə qədər vaqif olan türklər müsavatçıların avamfiribanə sözlərinə istehza ilə gülürlər və deyirlər: Səfir hökuməti təmsil edir. Əgər səfir siyasətində sərbəstlik göstərərsə, haman geri çağırılar. Halbuki, Vəzirov «Müsavat» hökuməti mövqeyini tərk etdikdən sonra belə səkkiz ay səfirlikdə davam etdi.
Uydurma və avamfiribanə şərhlərə öyrənən «Müsavatçı» burada da bir «çıxacaq yolu» bulur: «Azərbaycan hökuməti kəndisinin əzlinə zatən qərar vermiş ikən, hadisat bu qərarın qüvvədən felə isalına macal verməmiş, Yusifbəy səfarət mövqeyində qalmışdı»– deyir.
Baxalım həqiqət beləmi?
O vaxt xarici naziri bulunan Fətəli xan Xoyskiyə yazdığım 18 şubat (fevral) tarixli xüsusi məktubum bu sahədə gözəlcə izahat verir (ruscadan tərcümə):
Möhtərəm əfəndim.
Ukrayna və Krımda hökuməti-mətbuəmi təmsil edərkən nə qədər maddi sıxıntılar çəkdiyimi və cümhuriyyətin şərəfinə toxunacaq dərəcədə gülünc vəziyyətlərdə qaldığımı Bakıda təqdim etdiyim rəsmi raportlarımda qeyd etmişdim. İstambul səfarətini alarkən artıq bu dəfə hökumətim kəndisini təmsil edən bir müəssisəyə qarşı laqeyd bulunmaz zənnində idim. Təəssüflə yenə aldandım (cəsarətimdən dolayı məni əfv ediniz). Dəfələrlə rəsmi raportlar göndərdiyimə rəğmən səfarət yenə parasız buraxılır.
Zənn etmirəm ki, göndərdiyiniz əlli min franklıq bir çek ilə səfarətin idarə olunacağına qanesiniz. Halbuki, yalnız səfarət binasına ayda dörd yuz səksən lirə icarə verilir. Səfir, müstəşar (məsləhətçi), iki katib, kavaslar (qapıçı, keşikçi, xidmətçi) və Bakı ilə İstambul arasında rabitəmizi təmin edən kuryerdən ibarət bir təşkilat əzalarının maaşları və i.a.
Təfsilata hacət varmı? Rəsmi raportlarımda uzun-uzadı bəhs olunur. Yalnız sizdən bir ricam vardır. Hökumətimizin xətaları üzündən üzərimə düşən bu ağır məsuliyyətdən məni qurtarınız və müsaidə ediniz səfarəti müstəşarıma tərk edərək geri gələyim. Əminəm ki, bu dəfə artıq kuryer həftələrcə Bakıda ləngiməyəcək və cavabınızı alar almaz bu ağır məsuliyyətdən qurtaracağam».
Mənim ricama rəğmən hökumət kuryeri Bakıda 27 niysana (aprel) qədər saxlamış, nə para vermiş, nə də məni geri çağırmışdı. Bilaxirə bəzi hökumət əzası mühacir sifətilə İstambulda bulunarkən yenə çəkinmədən bəhs açmışdım və buna cavabən bir gün Xəlilbəy Xasməhəmmədov səfarətə gələrək mənim səfirliyimdə davam etməmi tövsiyə etmişdi.
Beləcə «Müsavat» Hökuməti düşdükdən sonra səkkiz ay maaşsız və maddi sıxıntılar içində İstambul səfarətini idarə etmək məcburiyyəti hasil olmuşdu. Bununla da məsələ bitmir. 1920-ci ilin əvaxirində (axırlarında) Əlimərdanbəy Topçubaşovun əlinə bir neçə milyon frank düşür, iştə, o zaman İstambul səfirliyinə maraq artır və haman mənim yerimi ayda on beş min frank maaşla Xəlilbəy Xasməhəmmədov tutur. (Mən səfir ikən ayda üç min frank maaş alırdım). Lakin burada da bir «hiyleyi-şəri» zühur edir. Mənim rəsmən çəkilməmə Xəlilbəy razı olmur. Çünki beynəlmiləl tarixdə sülh heyəti nəzdində göndərilən bir adamın, yəni Topçubaşovun səfir təyin etməsi görülməmiş bir işdir. Vətənindən mühacir sifətilə İstambula qaçıb gələn sabiq nazirin birdən səfir qiyafəsinə girməsi də gülünc olurdu. Onun üçün mən əski haqqım üzrə səfirliyimdə davam etməli imişəm və Xəlilbəy də bu sayədə «səfir maaşı» şəkli ilə milyonların təqsimində iştirak edəcəkmiş.
Təbiidir ki, razı olmadım və siyasətdən büsbütün çəkilməmi bəyan edərək qərarımı qüvvədən felə çıxardım. Babi-Aliyə getdim, xarici nazirinə və sədr-əzəm Tofiq paşaya «bərayivida» deyə vizit kartı buraxdım və elçi ləfzinin yanına «sabiq» kəlməsini əlavə etdim.
İştə, bu şəkil ilə mənə böyük maddi və mənəvi zərərlər bəxş edən səfarətdən məmnuniyyətlə ayrıldım.
Mənim «günah»larım.
Xəlilbəy Xasməhəmmədovə və əqrədaları İstambula qaçarkən məndən maddi yardım umurmuşlar.
Halbuki özlərinin bacarıqsızlığı üzündən para üçün Bakıya göndərilən kuryer iki ay ləngimişdi, bir növ geri gəlməmişdi. Bunun nəticəsində səfarətdə tənsiqat yapılmış, birinci katibdən başqa kavaslar belə xidmətlərini tərk etmişdilər. Bütün evə və dairəyə yalnız bir nəfər xidmətçi saxlanmışdı. Mən də iki katiblə bərabər başqa bir ailədən ucuz bir yemək gətirməklə keçinirdik. Bina sahibinin icarəsi tamamilə ödənməmişdi.
Bunlara rəğmən «şagirdin» yeməsi və «mürşid»lərə yedirməsi firqə nöqteyi-nəzərindən sünnət (qanun) imiş. İştə, birinci yapdığım «günah». Bu «günah»ı müsavatçılar daima mənə işarə edərdilər.
İkinci «günah» mühacirlərlə «səfir» Xəlilbay Xasməhəmmədov arasında cərəyan edən müxalifətdə işlənmişdi.
Bu müxalifətdə mən firqə «arkadaşım» Xəlilbəyi müdafiə etməmişdim və haqq mühacirlər tərəfində olduğunu izhar etmişdim. Nədən? Oxucuların müsaidəsi ilə bu qayət övsafi nöqtəni də tənvir etmək istərəm.
İstambulda bulunan millətçilərin əksəriyyətini təşkil edən o zaman gəncəlilər idi. Bu siyasətlə iştiğal etməyən və sülhpərvər adamların İstambula iltica etmələrinin səbəbi Gəncə hadisəsi olmuşdu. Odur ki, mühacirlər ürəklərində «Müsavat» rəhbərlərinə qarşı dərin bir kin bəsləyirdilər. Gəncədə tökülən qanların və yıxılan evlərin səbəbini iki adamda görürdülər. Biri Xəlilbəy Xasməhəmmədov, ikincisi Məşədi Əli Rəfiyev. Mühacirlərin rəyincə Gəncədə qarışıqlığa səbəb olan bu adamlar «Tiflisdən gürcü qoşunu gətirməyə gedirik» bəhanəsi ilə xalqı qan içində buraxıb qaçmışlar imiş. Bu qədər cinayətdən sonra da bir də İstambulda «millət naminə» tədarük olunan paralardan həyatlarını əvvəlkindən daha gözəl qurmağa müvəffəq olmuşlardı. Xəlilbəy bir böyük ev icarə edir, qiymətli xalılar və mebellər alır. Məşədi Əli yenə ticarətə başlayır. Halbuki başqa mühacirlər gündəlik yeməyə möhtac. İştə, müxalifətin mənbəyi. Mühacirlərlə Xəlilbəy arasındakı düşmənçilik o qədər artdı ki, bir neçə dəfə aclar konsulxanada ona hücum etdilər və bu vasitə ilə haqlarını bir az da olsa, Xəlilbəy Xasməhəmmədova tanıda bildilər.
Bu zamanlar mən bitərəf qalmışdım. Çünki Gəncədən mühacirlərlə bərabər gələn kin çox dərin idi və onu yox etmək qabil deyildi. Zatən mənim nöqteyi-nəzərimcə Gəncə üsyanını quranlar millətə qarşı böyük xəta işləmişlər. Bakıda məclisi-məbusan əzası imzaları ilə hökuməti Şuralara tərk etdikdən sonra Gəncə hadisəsinə lüzum varmı idi?
İştə, bu ikinci «günah»ım əvvəlkindən də böyük hesab olunmuşdu.
Üçüncü «günah» müsavatçılardan ayrılaraq bir başqa qrupa iltihaqım olmuşdur. Rəsulzadə mənə yazdığı məktubunda müsavatçıların adəti üzrə yenə bu «günah»dan bəhs edirdi.
Qardaşımın xəstəliyi və vəfatı. Qardaşımın vəfatı xüsusi bir hadisədir. Lakin bu xüsusiyyətdə bir siyasi qrupu təlif etmək üçün o qədər övsafi nöqtələr var ki, bunlardan bəhs etməmək olmaz.
Qardaşım ali məktəbi Parisdə ikmal edərək, bir bankda məmur idi və maaşı həyatına yetmədiyi üçün dairədə səkkiz saat çalışdıqdan sonra gündə iki saat da xüsusi yazılarla məşğul olurdu. Aylarla belə davam edən bir qeyri-təbii həyat vərəmlə nəticələndi. Qardaşım, bankın və dostlarının yardımı ilə cənubda bir kəndə göndərildi. Bir neçə aydan sonra səhhəti ümidbəxş bir şəkil aldı və doktorlar tamamilə xəstəlikdən qurtarmaq üçün bir neçə ay da istirahət tövsiyə etdilər. Heyhat! Paralar bitmişdi, heç yerdən bulmaq imkanı da yox idi. Haraya müraciət etdisə də, müvəffəqiyyət hasil olmadı. Əgər vasitə olsaydı, xəstəni bir hökumət sanatoriyasına məccanən yerləşdirmək mümkün idi. Müraciətlərə rəğmən Topçubaşov bu sahədə heç bir addım atmadı. İş bu yerə gəldi ki, xəstə kəndi tərk etmək məcburiyyətində qaldı və civardakı Po bələdiyyə rəisinə müraciətən küçədə qaldığını anlatdı. Axırda bir dispanser xəstəni gündə 18 frank vermək şərtilə bir evin beşinci qatında soyuq bir odada yerləşdirmişdi. Hal-hazırkı şəraitdə mənim üçün gündə on səkkiz frank tapmaq çətin bir məsələ idi. Qürbətdə əmələliklə qazandığım paralar ehtiyacımı zorluqla görürdü. Təbiidir kn, xəstənin həyəcanlı məktub və teleqraflarına rəğmən özümü əlacsız bir vəziyyətdə görürdüm.
Bu əsnada Topçubaşov Əlimərdanbəyin əlinə yenə «millət naminə» paralar keçdiyini eşitdik. Qlrdaşım yazıb Əlimərdanbəyə anlatmış və kömək istəmişdi. Fəqət məktubuna cavab verilməmişdi.
Əlimərdanbəy vaxtilə Napoleon iqamətgahı ədd olunan «Sen Klo» seyfiyyəsində bir villada yaşayırdı. Bir gün işi tərk edərək qardaşımın ricası üzrə «Sen Klo»ya getdim, Əlimərdanbəyi xanımı ilə villada yalnız gördüm.
Çoluq-çocuqlar bir neçə aylığa dəniz kənarına təbdili-ab-hava üçün göndərilmişdi. Məramımı anlatdım və dedim: Mən şəxsim üçün heç bir şey təmənnasında deyiləm, fabrikada çalışaraq həyatımı təmin edirəm. Xəstə bir azərbaycanlı türkü üçün yardımınızı müzayiqə etməyiniz.
Təbiidir ki, mülaqatımızdan heç bir nəticə hasil olmadı.
Maddi və mənəvi sıxıntılar sayəsində qardaşımın xəstəliyi şiddət kəsb etməyə başlamışdı. Xəstəlik bağırsaqlara da keçməyə başladı. Məhəmməd Əmin Rəsulzadəyə qardaşım bir məktub yazmış və Məhəmməd Əmin ona üç dollar göndərmişdi.
İştə, «Müsavatçı»nın bəhs etdiyi yardım bundan ibarətdir.
Mənim Məhəmməd Əminə yazdığım məktub xəstə qardaşımın son ricası idi. Məktubumda istiqrazdan bəhs açmışdım, istiqbal və əfkari-ümumiyyə naminə xəstəyə yardım etmələrini tövsiyə etmişdim. Cavabında Məhəmməd Əmin istiqrazı «vəhy» deyə izah edir və məni də təhdidlə qorxudurdu.
Məhəmməd Əmin bunu bilməlidir ki, dünyada mənim yeganə qorxum ədalətdəndir. Ədalətdən bixəbər, millətini para müqabilində müzür müahidələrə soxan alçaqlardan qorxmaq tənəzzülündə bulunmam.
Əgər Məhəmməd Əminlər Azərbaycanda feodalizmin ehyasına və qolçomaqların təkrar iş başına gəlməsinə inanırlarsa əmin olsunlar ki, bu olmayacaqdır. Bütün Azərbaycan gəncləri ölərlər, lakin əskimiş idarənin təkrar hökm sürməsinə razı olmazlar. Çünki böyük inqilabın feyzləri geri alınmaz.

XÜLASƏ
İstambulda bundan dörd il müqəddəm müsavatçıların rəzalətlərinin şahidi olduğum zaman bir dostum daima mənə söylərdi: Bax qardaş, gör və bil ki, millət bunlardan nə zülmlər görmüşdür.
Bilaxirə Parisin ətrafında kiçik bir şəhərdə işçi ikən dostumun sözlərini xatırlayırdım. Bir tərəfdə kef, mey-işrət, bir tərəfdə ölüm və yoxsulluq. Öz-özümə deyirdim: İştə, təxəyyül olunan istiqbaldan bir nümunə! Yəqin ki, Azərbaycanda xaricdəkilərin «milli məfkurə» deyə bağırdıqlarına inanan sadədil adamlar vardır. Əmin olsunlar ki, aldanırlar.
Zamanları keçmiş, söz və söhbətləri köhnəlmiş altun üftadəsi Topçubaşovlardan, Xəlilbəy Xasməhəmmədovlardan, qoçu Məşədi Əlilərdən, Rəsulzadələrdən və başqalarından millətə fayda gözlənməz. Yetər ki, mən qurban oldum. Nahaq yerə, yalançı propaqandalara uyulmasın. Əgər «mlli məfkurə» bizə zülm bəxş edəcəksə, ölsün o məfkurə. Əgər məfkurə dediyimiz ibtidai bir idarədə qovmi bir təşkilat isə, yox olsun o məfkurə.
Yeniliyin və inqilabın şüarı bu.
Bu gün Azərbaycanda bir gənclik var ki, inqilabın ruhundan doğmuş. Gənclər qoçu aləminə, fitnəfə-fəsad ocağına vida demiş, bütün azərilərin hüsn-təvəccöhünə istinadən bir hökumət təşkil etmişlərdir. Bunların zəfəri hüsn-niyyət və iman qüvvəsi ilə qazanılmışdır.
Maddiyyətə aludə, hüsn-niyyətdən məhrum olanlar musavat rəpbərləri kimi geri çəkilməlidirlər.
Əgər «Müsavat» namı altında qeyri-müsavat, zülm, istibdad və dərəbəyliyin geri dönməsini təsəvvür edənlər varsa, onlar tarixi, məntiqi inkar edənlərdir. Mənən ölən qüvvə, maddiyyət qüvvəsilə dirilməz. Bunu «müsavat» mürşidləri gözəlcə anlayırlar. Onun üçün millətin qanı və namusu qiymətinə də olsa, xarici istiqrazlar yaparaq şərəfsiz həyatlarının təmininə çalışırlar.

Yusif Vəzir Çəmənzəminli

Oxşar yazılar:

Baxış sayı:7196