abunə ol: Yazılar | Şərhlər | Еmail

İsaak Doyçer – 1984: Qəddarlığın mistisizmi

Şərh

1984

“1984” əsərinin İngiltərədəki ilk nəşrinin üz qabığı

Bizim nəsilə mənsub insanlar tərəfindən yazılmış çox az roman Corc Oruellin “1984” romanı qədər məşhurluq qazanıb. Çox az roman, əgər belələri ümumiyyətlə mövcud idisə, siyasətə bu qədər təsir göstərib. Oruellin kitabının adı məsələ çevrilib. Onun icad etdiyi sözlər – “yenidil”, “köhnədil”, “keçmişin dəyişkənliyi” “Böyük Qardaş”, “həqiqət nazirliyi”, “fikir polisi”, “düşüncə cinayəti”, “ikifikirlilik”, “nifrət həftəsi” və s. – siyasi lügətə daxil olub; onlara, Rusiya və kommunizmin pisləndiyi bir çox qəzet məqalələrində və çıxışlarda rast gəlmək olar. Televiziya və kino Atlantik okeanın hər iki tərəfindəki milyonlarla izləyicini Böyük Qardaşın dəhşətli siması və kommunist Okeaniya dəhşəti ilə tanış edib. Roman soyuq müharibə üçün ideoloji fövqəl-silaha çevrilib. Heç bir kitabda, heç bir sənəddə İkinci Dünya müharibəsindən sonra Qərbi bürümüş kommunizm təlaşı “1984” əsərində olduğu qədər parlaq əks edilməyib və dəqiq şəkildə cəmlənməyib.

 Soyuq müharibə, fiziki fövqəl-silaha yaratdığı sifariş kimi, eyni şəkildə bu cür ideoloji silaha “sosial sifariş” yaradıb. Lakin fövqəl-silah – həqiqi texnoloji möcuzədir; və onun tətbiq məqsədi və yaradıcılarının niyyəti arasında heç bir fərq yoxdur; o ölüm qorxusu və ya heç olmasa tam məhv təhlükəsi yaratmalıdır. “1984” tipli kitabı isə müəllifin məqsədlərinə xüsusi diqqət yetirmədən istifadə etmək olar. Onun bəzi hissələrini kontekstdən çıxarmaq, lazımi siyasi məqsədlərə xidmət edən hissələri isə nəzərə almamaq və tamamilə sükutla qarşılamaq olar. Lazımi təsir yaratmaq üçün, “1984” kimi kitab hətta ədəbi şedevr və ya heç olmasa mühüm və orijinal bir əsər olmaq məcburiyyətində deyil. Əslində böyük ədəbi dəyərə malik bir əsər adətən konyuktur məqsədlərdə istifadə olunmaq üçün quruluşca mürəkkəb və şəkil və ideyalar cəhətdən zərif olur. Bir qayda olaraq, onun simvollarını heyrətləndirici qorxuluq kimi dəyişdirmək, ideyalarını isə şüara çevirmək çətindir. Əgər görkəmli şairin sözləri siyasi lüğətə düşürsə, bu tədrici, demək olar ki gözəgörünməz şəkildə oraya nüfuz edir, qəfil həmlə ilə yox. Ədəbi şedevr siyasətçini zahirən kar edəcək şəkildə deyil, daxilən ilhamlandıraraq və zənginləşdirərək, onun ağlına təsir edir.

“1984” – güclü və zənginləşmiş, eyni zamanda qorxu və məhdudiyyətlərlə dolu təxəyyülün məhsuludur. Düşmən münasibətində olan bir tənqidçi onu alçaldıcı şəkildə “siyasi dəhşət komiksi” adlandırıb. Bu, ədalətsiz mühakimədir: Oruellin romanında, onu bu mühakimədən daha yüksək səviyyəyə qaldıran müəyyən fikir və hisslər təbəqəsi vardır. Lakin şübhəsizdir ki, “1984” simvolikası kobuddur; onun əsas simvolu Böyük Qardaş kifayət qədər istedadsız uşaq nağılındakı qulyabanını xatırladır; Oruellin hekayəsi elə bayağı elmi-fantastik filmin süjetinə bənzəyir ki, burada mexaniki dəhşət başqa bir mexaniki dəhşətlə növbələşir, bununla da Oruellin daha incə fikirləri, onun qəhrəmanlarına bəslədiyi mərhəmət hissi, müasiri olduğu cəmiyyətə dair (1984-cü ilə deyil) satirası oxucuya çatmaya bilər. Belə görünür ki, “1984” romanı müasir Svift qismində Oruellin reputasiyasını təsdiqləmir – “Heyvanıstan” əsərinin müəyyən qədər təsdiqlədiyi reputasiyanı. Böyük satirikə məxsus fikir zənginliyi və incəliyi, fəlsəfi qərəzsizlik Oruelldə çatışmır. Onun təxəyyülü sərt və bəzən bəsirətlidir, lakin genişlik, çeviklik və orijinallıq onun çatışmayan cəhətlərindəndir.

zamyatin

Yevgeniy Zamyatin

olmaması o faktla aşkar olur ki, Oruell “1984” ideyasını, süjeti, baş qəhrəmanları, simvollar və təhkiyə mühitini Qərbdə demək olar ki tanınmamış rus yazıçısından götürüb. Bu yazıçı – Yevgeniy Zamyatindir, Oruell üçün nümunə olmuş kitabının başlığı isə “Biz” adlanır. “1984” kimi, “Biz” – “antiutopiyadır”, “gələcəyin dəhşətli təsviri”, Kassandranın ağısıdır. Oruellin bütün işi – Zamyatinin mövzusunun ingilis variasiyasıdır; və yəqin ki sadəcə ingilis yanaşmasının mükəmməlliyi kitaba müəyyən orijinallıq qazandırır.

Zamyatin haqqında bir neçə söz yerinə düşər: hər iki yazıçının bioqrafiyasında müəyyən oxşarlıq var. Zamyatin daha erkən nəslə mənsubdur: 1884-cü ildə  doğulub, 1937-ci ildə vəfat edib. Onun erkən əsərləri, Oruell kimi, aşağı orta sinfin həyatından realistik təsvirlərdən ibarət idi. İspaniyadakı vətəndaş müharibəsi Oruellin həyatında olduğu kimi, 1905-ci il rus inqilabı da onun həyatında eyni əhəmiyyətə malik olub. O, inqilabi hərəkatda iştirak edirdi, Rusiya sosial-demokrat partiyasının (o zaman həm bolşeviklər, həm də menşeviklər buraya mənsub idilər) üzvü idi, çar polisi onu təqib edirdi. İnqilabın məğlubiyyətindən sonra o, “kosmik pessimizm” hissinə qapıldı və sosialist partiyası ilə əlaqələri kəsdi – daha qeyri-ardıcıl və həyatının sonuna qədər sosializmə qarşı olan sədaqətindən qurtula bilməmiş Oruell isə bunu etmədi. 1917-ci ildə Zamyatin yeni inqilaba soyuq nəzərlərlə və heç bir xəyal olmadan baxırdı, inanırdı ki, yaxşı heç nə alınmayacaq. O, “Biz” əsərini 1920-ci illərin əvvəlində Parisdə mühacir qismində yaşayarkən yazırdı.

Oruellin, “1984” əsərinin əsas elementlərini Zamyatindən götürməsi fərziyyəsi – ədəbi təsirlərin aşkar edilməsinə qarşı həvəs göstərən tənqidçinin uydurması deyil. Oruell Zamyatinin əsərini tanıyırdı və ona valeh idi. O, roman haqqında, “Heyvanıstan” əsərinin dərc edilməsindən sonrakı müddətdən “1984” üzərində işləməyə başladığı vaxta qədər redaktoru olduğu sol sosialist “Tribune” qəzetində 4 yanvar 1946-cı ildə dərc edilmiş esse yazmışdı. Bu esse təkcə “1984” əsərinin mənşəyinin Oruellin özü tərəfindən təqdim edilmiş inandırıcı sübutu kimi deyil, həmçinin “Biz”, həm də “1984” əsərlərinin əsasında duran ideyaya dair şərh kimi maraqlıdır.

Esse Oruellin belə bir əhvalatı ilə başlayır ki, Zamyatinin kitabının illərlə davam edən əbəs axtarışlarından sonra, onun fransız nəşrini tapıb (“Başqa biz” başlığı altında) və  kitabın İngiltərədə dərc edilməməsinə çox təəccüblənib. Belə ki, amerikan nəşri oxucuların xüsusi marağını cəlb etməyib. “Başa düşdüyüm qədərilə – Oruell davam edir – bu, əla kitab deyil, lakin şübhəsiz çox qeyri-adidir və qəribədir ki, heç bir ingilis naşir onu yenidən nəşr etdirməyə cəhd etməyib” (O, esseni bu sözlərlə bitirir: “İngilis nəşrin nə zaman çıxacağını izləmək lazımdır”).

Oruell qeyd edir ki, Oldos Hakslinin[1] “Heyrətl Yeni Dünya” (“Brave New World”) əsəri Zamyatinin əsərindən “qismən götürülüb” və əvvəllərin “bunun niyə qeyd edilmədiyinə” təəccüblənir. Onun fikrincə, Hakslinin əsəri ilə müqayisədə Zamyatinin əsəri daha yaxşıdır və “indiki vəziyyətə” daha uyğundur. Orada “rasionallaşdırılmış, mexanikiləşdirilmiş, ağrısız dünyaya qarşı ibtidai insan ruhunun üsyanı” nəzərdən keçirilir.

“Ağrısız” – doğru seçilmiş sifət deyil: Zamyatinin dünyası “1984” dünyasından daha az dəhşətli deyil. Oruell öz essesində bu dəhşətlərin qısa siyahısını sadalayıb, buna görə də esse “1984” əsərinin konspekti kimi oxunur. Oruell yazır ki, Zamyatinin təsvir etdiyi cəmiyyətin üzvləri “öz fərdiliklərini o dərəcədə itiriblər ki, yalnız nömrələrinə görə fərqlənirlər. Onlar şüşə evlərdə yaşayırlar ki, “Qoruyucular” adı altında məşhur olan siyasi polis üçün onları təqib etmək daha rahat olsun. Onlar eyni formanı geyinir və insanı adətən “numer” və ya “yunif” (“uniforma sözündən) adlandırırlar”. Oruell mötərizədə qeyd edir ki, Zamyatin “televiziyanın kəşf edilməsindən əvvəl” yazmışdı. “1984” əsərində artıq bu texnoloji icad ortaya çıxıb – romanın ilk abzasında polisin Okeaniya vətəndaşlarının evlərini izlədiyi vertolyotlarla birlikdə. “Yuniflərdən” “prollar” yaranıb. Zamyatinin cəmiyyətində “1984” cəmiyyətində olduğu kimi, məhəbbət qadağandır: cinsi münasibətlər ciddi şəkildə normalaşdırılıb və sadəcə heç bir emosiya olmadan bir akt olaraq icazə verilə bilər. “Vahid dövlət – Böyük Qardaşın aşkar prototipi olan – Hami kimi tanınan insan tərəfindən idarə olunur”.

“Dövlətin rəhbər prinsipi: xoşbəxtlik və azadlıq bir araya sığmaz. Vahid dövlət azadlığı əlindən alaraq, [insana] xoşbəxtliyi qaytarıb. Oruell Zamyatinin baş qəhrəmanını “London-taundan olan utopik Billi Braun kimi” təsvir edir ki, “onu bürüyən atavistik impulslar hər vaxt onu dəhşətə gətirir”. Oruellin romanında bu etopik Billi Braun Uinston Smitə çevrilib, lakin problem olduğu kimi qalıb.

Eyni şəkildə Oruell rus yazıçıdan süjetin əsas motivini də götürüb. Oruell onu bu cür müəyyən edir: “Qoruyucuların təhsil və sayıqlığına baxmayaraq, qədim insani instinktlərdən bir çoxu yox olmayıb”. Zamyatinin baş qəhrəmanı “hansısa I-330-a aşiq olur (bu isə, əlbəttə ki, cinayətdir”, eyni şəkildə Uinston Smitin Culiyaya aşiq olmaqla cinayət işlədiyi kimi). Həm Zamyatinin, həm də Oruellin əsərində sevgi hekayəsi qəhrəmanın “gizli müqavimət hərəkatında” iştirakı ilə qarışdırılıb. Zamyatinin qiyamçıları “sadəcə Dövlətin dağıdılması haqqında düşünmürlər, həm də aşağı salınmış pərdələr arxasında siqaret çəkmək və alkoqol qəbul etmək kimi günahlar işləyirlər”; Uinston Smit və Culiya mister Çarrinqtonun dükanının arxasındakı sığınacaqda “həqiqi kofe və şəkərdən” həzz alırlar. Hər iki romanda cinayət və sui-qəsdin üstü Qoruyucular və ya Fikir  Polisi tərəfindən açılır; hər iki halda qəhrəman “sonda öz tədbirlizliyinin nəticələrindən qorxmağa başlayır”.

Həm Zamyatin, həm də Oruellin əsərində qiyamçıların Hamini və ya Böyük Qardaşı sevənə qədər atavistik impulslardan “azad etdikləri” “müalicə” və “işgəncə” kombinasiyası demək olar ki eynidir. Zamyatinin əsərində “hökumət bəyan edir ki, yaxınlarda baş vermiş iğtişaşların səbəbi aşkar edilib: səbəb ondadır ki, bəzi insani varlıqlar təxəyyül adlanan xəstəlikdən əziyyət çəkirlər. Beynin fantaziyadan məsul olan əsəb mərkəzi tapılıb və xəstəliyin müalicəsi rentgen terapiyası nəticəsində mümkün olub. D-503 əməliyyata məruz qalıb ki, ondan sonra onun, həmişə etməli olduğunu düşündüyü əməli etməsi asanlaşıb – öz cinayət yoldaşlarını polisə təslim etmək”. Hər iki əsərdə etiraf aktı və sevimli qadının xəyanəti şok müalicəsi kimi təsir edir.

Oruell Zamyatinin əsərindəki növbəti işgəncə səhnəsinə istinad edir: O, kreslonun tutacaqlarına bərk yapışmış halda mənə baxırdı – gözləri tam bağlanana qədər baxdı. Sonra onu qaldırdılar, elektrodlar vasitəsilə ayıltdılar və yenə Zəngin altında oturtdular. İki-üç dəfə beləcə təkrarlandı – və o yenə də bir söz belə demədi”.

Oruellin işgəncə səhnələrində “elektrodlar” və “kreslo tutacaqları” kifayət qədər tez-tez səslənir, lakin Oruell qəddarlıq və ağrını daha  həssas, sado-mazoxist şəkildə təsvir edir. Məsələn:

“Heç bir xəbərdarlıq siqnalı olmadan, O`Brayenin əlinin hərəkətini nəzərə almasaq, ağrı onun bədənini bürüdü. Dəhşətli ağrı; özü ilə nə baş verdiyini görmürdü və elə bir hiss yaranmışdı ki, ona ölümcül travma vururlar. Bunun həqiqətən baş verdiyini yoxsa hisslərin elektrikin təsiri ilə yarandığını başa düşə bilmirdi; onun bədəni çirkincəsinə burulur və oynaqları yavaş-yavaş parçalanırdı. Ağrıdan alnında tər damlaları görünürdü, lakin ağrıdan daha pis olanı onurğasının indicə qırılacağı qorxusu idi. O dişlərini sıxdı və ağır şəkildə burnu ilə nəfəs alaraq, mümkün olduqca qışqırmamağı qərara aldı”.

Oruellin iqtibas siyahısı burada heç də tam deyil, lakin hər iki romanın süjetindən onun əsas ideyasına qayıdaq. Zamyatin və Hakslinin müqayisəsi haqqında danışarkən, Oruell yazır: “Totalitarizmin irrasional tərəfinin intuitiv qəbulu – insan qurbanları, bir məqsəd kimi qəddarlıq, ilahi cizgilərin aid edildiyi lider kultu – bunlar Zamyatinin kitabını Hakslinin kitabından daha üstün edən cəhətlərdir”. Biz əlavə edə bilərik ki, bu, həm də Oruellin öz modelinin hazırlandığı keyfiyyətlərdir. Hakslinin tənqid edərkən, Oruell yazır ki, o, “Heyrətli Yeni Dünya” cəmiyyətinin nə üçün bu qədər sərt və təfərrüatlı şəkildə təbəqələşdiyni anlamır: “Məqsəd iqtisadi istismar deyil… hakimiyyət həvəsi, sadism, müxtəlif növ qəddarlıq yoxdur. Artıq zirvədə olanlar orada qalmağa can atmır və hər kəs boş xoşbəxtlik yaşayır, həyat o qədər dəyərsizləşib ki, bu cür cəmiyyətin vaxtın sınağından keçə biləcəyinə inanmaq çətindir (kursiv mənimdir). Əksinə, zamyatin antiutopiyası cəmiyyəti – Oruellin fikrincə zamanın sınağından keçə bilər, çünki orada hərəkətlərin əsas motivi və ictimai təbəqələşmənin səbəbi iqtisadi istismar deyil, çünki ona ehtiyac yoxdur, məhz “yuxarıda dayananların” “hakimiyyət həvəsi, sadizm və qəddarlığıdır”. Burada “1984” leytmotivini asanlıqla sezmək olar.

Okeaniyada texnoloji inkişaf elə yüksək səviyyəyə çatıb ki, cəmiyyət tam şəkildə öz maddi tələbatlarını ödəyə və daxildə bərabərlik yarada bilərdi. Lakin bərabərsizlik və yoxsulluq, Böyük Qardaşın hakimiyyətdə qala bilməsi üçün qorunub saxlanılır. Oruell deyir ki, diktatura keçmişdə bərabərsizliyi qoruyurdu, indi isə bərabərsizlik diktaturanı qoruyur. Bəs diktatura hansı məqsədə xidmət edə bilər? “Partiya sırf hakimiyyət uğrunda ona can atır… Hakimiyyət – vasitə deyil; o – məqsəddir. Diktaturanı ona görə təsis etmirlər ki, inqilabı qorusunlar; inqilab edirlər ki, diktatura təsis edilsin. Repressiyaların məqsədi – repressiyalardır. Hakimiyyətin məqsədi – hakimiyyətdir”.

Oruell, Zamyatinin “sovet rejimini xüsusi satira obyekti” etmək məqsədinin olub-olmaması sualını qoyur. Oruell bundan əmin deyildi:

“Görünür ki, Zamyatin konkret bir ölkəni deyil, sənaye sivilizasiyasının can atdığı məqsədi nəzərdə tutur. O, səylə primitivizmə meyl edir, “Biz” romanında bu, aşkar şəkildə müşahidə edilir. “Biz” – faktiki olaraq mexanizmin, insanın düşünmədən şüşədən azadlığa buraxdığı və indi yenidən geriyə sala bilmədiyi cinin tədqiqidir”. Məhz müəllif məqsədinin bu cür birmənalı olmaması “1984” əsərində aşkardır.

Oruellin Zamyatin haqqında təxminləri doğru idi. Zamyatin sovet rejiminə müxalif olsa da, bu rejimin ünvanına satira yeganə və ya əsas məqam deyildi. Oruellin doğru qeyd etdiyi kimi, erkən sovet Rusiyasının zamyatin antiutopiyasındakı ifrat mexanikiləşdirilmiş dövlətlə əlaqəsi yox idi. Yazıçının primitivizmə meyl etməsi rus ənənələri, slavyanofillik və burjua Qərbinə düşmən münasibəti, kəndli və köhnə patriarxal Rusiyanın tərənnümü, Tolstoy və Dostoyevski ruhunda idi. Hətta mühacir ikən Zamyatin tamamilə russayağı şəkildə Qərblə bağlı məyusluq yaşayırdı. Bəzən elə gəlir ki, o, qismən sovet rejimi ilə barışırdı, bu zaman Stalinin simasında Hamini yaradırdı. Əgər Zamyatin öz satirasının oxlarını bolşevizmə qarşı yönəldirdisə, yalnız ona görə ki, bolşevizmin, köhnə primitiv Rusiyanı yeni mexanikiləşmiş cəmiyyətlə əvəz etməyə cəhd etdiyini düşünürdü. Maraqlıdır ki, o, öz hekayəsini 2600-cü ilə keçirərək, sanki bolşeviklərə deyir: əgər öz rejiminizə qərb texnologiyasının əsaslarını əlavə etsəniz, Rusiya belə olacaq. Sosializmdə məyus olmuş digər rus intellektualları kimi, Zamyatin üçün primitiv düşüncə və həyat tərzi təbii idi, belə ki, primitivizm hələ də rus köklərində yaşayırdı.

Oruell isə sənaye öncəsi cəmiyyətə qarşı həqiqi nostalgiya hissləri yaşamırdı və yaşaya da bilməzdi. Nə şəxsi təcrübəsi, nə də tarixi kökləri vasitəsilə Oruell heç vaxt primtivizmlə qarşılaşmamışdı, Birmada olduğu müddətdən başqa, burada o çətin ki primitivizm düşüncəsilə maraqlana bilərdi. Lakin cəmiyyəti əzməyi düşünən insanların texnikanı istifadə edə biləcəyi məqsədlər onu dəhşətə gətirirdi və o da “sənaye sivilizasiyasının məqsədlərini” şübhə altına alır və rişxənd edirdi.

Onun satirası Zamyatin satirasından daha çox Sovet Rusiyasını hədəf alsa da, Oruell öz dövrünün İngiltərəsi ilə Okeaniya arasında da eyni dərəcədə oxşarlıq görür, Birləşmiş Ştatları bir kənara qoysaq. Həqiqətən də, “1984” əsərində təsvir edilmiş cəmiyyət onun öz ətrafında nifrət etdiyi və dözümlü ola bilmədiyi hər şeyi ehtiva edir: ingilis sənaye şəhərinin yeksənəqliyi və sıxıcılığı, Oruellin naturalist, yeksənəq, yorucu tərzdə ifadə etdiyi “kirli, hisli və üfunətli” çirkinlik; İngiltərənin hərbi dövründə müşahidə etdiyi məhsulların normalaşdırılması və dövlət nəzarəti; “idman, kriminal və astrologiyadan başqa heç nəyin olmadığı rəzil qəzetlər, beş sentlik bulvar hekayələri, seks dolu filmlər” və s. Oruell yaxşı bilirdi ki, stalin Rusiyasında bu cür qəzetlər yoxdur və stalin mətbuatının çatışmazlıqları başqa qəbildəndir. “Yenidil” – stalinsayağı qəliblərdən daha çox onun nifrət etdiyi və fəaliyyətdə olan bir jurnalist kimi yaxşı tanış olduğu anqlo-amerikan jurnalistlərin “teleqraf” dilinə istehzadır.

“1984” əsərindəki partiyanın hansı xüsusiyyətlərinin sovet kommunist partiyasından daha çox ingilis leyboristlər partiyasını məsxərəyə qoyduğunu asanlıqla görmək olar. Böyük Qardaş və onun tərəfdarları işçi sinfinə nəzəriyyəni öyrətməyə çalışmır – bu, Oruellin stalinizmə ən az yaraşdıracağı səhv olardı. Onun prolları “bitki həyatı” yaşayırlar: “ağır iş, xırda deyişmələr, filmlər, azartlı oyunlar… onların əqli dünya görüşünü tamamlayır”. Yararsız qəzetlər və sekslə hopdurulmuş filmlər kimi, azartlı oyunlar da – xalq üçün yeni tiryək – rus həyatı səhnələrinə aid deyil. Həqiqət nazirliyi müharibə dövrünün london informasiya nazirliyinin aşkar karikaturasıdır. Oruellin gördüyü bədheybət, bütün digər dəhşətlər kimi, tanış olan və olmayan simalardan, cizgilərdən və bütün növ formalardan yaradılıb. Oruellin istedadı və orijinallığı ingilis həyatına dair satirasında aşkar olunur. Lakin “1984” əsərinin qazandığı populyarlıqda bu aspekt demək olar ki nəzərə çarpmır.

“1984” yalnız stalinizmə deyil, həm də bütün növ sosializmə dair çarəsiz məyusluğun sübutudur. Bu, çarəsizlik uçurumundan gələn fəryaddır. Oruelli bu uçuruma aparan nə oldu? Şübhəsiz ki, Kataloniyada əks-sədasını duyduğu 1936-38-ci il böyük stalin təmizləmələri. Həssas və vicdanlı bir insan kimi, baş verənlərə qarşı qəzəb və ikrah hissindən başqa heç nə hiss edə bilmirdi. Onun vicdanı stalinistlərin bəraətləri və sofizmi ilə təsəlli tapmırdı, məsələn, istedadlı və nəcib, lakin mənəviyyat məsələlərində çox tələbkar olmayan Artur Kestler bunlarla təsəlli tapırdı. Stalinistlərin bəraət və sofizmləri Oruellin düşüncə qabiliyyətindən ya aşağı, ya da üstün idi – onlar, hətta həyatının ən üsyankar və inqilabi dövrlərində də özünü eyniləşdirdiyi London-Taundan olan Billi Braunun sağlam düşüncəsi və inadkar empirizmindən ya aşağı, ya da üstün idi. O, öz baxışlarında təhqir edilmiş, şok olmuş, sarsılmışdı. Heç vaxt Kommunist Partiyasının üzvü olmamışdı. Lakin, yarıtrotskist POUM tərəfdarı kimi, bütün fərqliliklərə baxmayaraq, sovet rejiminin Oruell üçün dumanlı və ekzotik görünən bütün dəyişiklikləri və çevrilmələri zamanı bu rejimlə müəyyən həmrəylik və məqsədlərin ümumiliyini hiss edirdi.

Təmizləmələr və onun ispan əks-sədaları yalnız bu məqsədlər ümumiliyini məhv etmədi. Onlar sadəcə olaraq respublikaçı İspaniyanın hərbi nizamında qəfildən yer almış stalinistlər və antistalinistlər arasındakı uçurumu görməyə məcbur etmədi. Təmizləmənin bu birbaşa nəticəsi “totalitarizmin irrasional tərəfi qarşısında – insan qurbanları, bir məqsəd kimi qəddarlıq, rəhbər kultu” və müasir cəmiyyətdə yayılmaqda olan “qədim dünyanın məşum quldarlıq sivilizasiyalarının ruhu qarşısında” ikinci plana keçdi.

orwell

Corc Oruell

İngilis sosialistlərinin bir çoxu kimi, Oruell heç vaxt marksist olmayıb. Dialektik materializm fəlsəfəsi onun dərrakəsi üçün həmişə həddən artıq çətin olub. Ağıldan daha çox instinktiv olaraq, o möhkəm rasionalist idi, marksizm və rasionalizm isə – eyni şey deyil. Anqlosakson ölkələrində geniş yayılmış fikirlərin əksinə olaraq, marksizm fəlsəfəsi rasionalist deyil: o inanmır ki, insan adətən rasional motivlərə əsaslanır və onları şüurlu dəlillərlə sosializmə keçməyə inandırmaq olar. Marks özü “Kapital” əsərini “əmtəə istehsalından” – yəni insanın bazar üçün işlədiyi və bazardan asılı olduğu ideyasından başlanan “fetişist” düşüncə və davranış tərzinin ölçülüb-biçilmiş tarixi və fəlsəfi tədqiqatından başlayır. Marksın təsvir etdiyi kimi, sinfi mübarizə nə olsa da, rasional proses deyil. Bu, sosializm rasionalistlərinə vaxtaşırı özlərini marksist adlandırmağa mane olmur. Lakin həqiqi marksist öz zəkasını, stalin təmizləmələri kimi, insani fəaliyyətlərdəki irrasionallıq əlamətlərinə daha hazırlıqlı (rasionalistin ağlı ilə müqayisədə) hesab edə bilər. O, pərt ola, ruh düşkünlüyü yaşaya bilər, lakin onun dünya görüşü sarsılmayacaq. Rasionalist isə qəflətən insan mövcudluğunun irrasionallığı ilə qarşılaşdıqda pərişan və köməksiz hala düşür. Əgər o, rasionalizmdən yapışsa, reallıq  onun gözündən qaçacaq. Əgər o reallığı izləsə və onu saxlamağa çalışsa, rasionalizmlə vidalaşmalı olacaq.

Oruell reallığın arxasınca qaçırdı və birdən dərk etdi ki, həyat haqqında nə şüurlu, nə də şüursuz təsəvvürə malik deyil. O vaxtdan sonra təmizləmələr haqqında fikirlər onu tərk etmirdi. Birbaşa və ya dolayı yolla bu hadisə, İspaniyada yaşadıqlarından sonra Oruellin yazdığı demək olar ki bütün əsərlərin baş mövzusuna çevrildi. Bu, rahat xam xəyallara və iztirablı mənəvi problemlərlə mübarizəni dayandırmağa meylli olmayan nəcib mübtəlalıq, şüurun mübtəlalığı idi. Lakin təmizləmələrlə məşğul zəkası onların irrasionallığına yoluxdu. Baş verən hadisələri, ona tanış olan empirik sağlam düşüncə zəminində izah edə bilmədi. Rasionalizmdən uzaqlaşaraq, Oruell reallığı getdikcə kvazi-mistik pessimizmin tünd eynəkləri ilə görməyə başladı.

“1984” əsəri haqqında yazırdılar ki, bu kitab – ölməkdə olan insanın təxəyyülünün məhsuldur. Burada həqiqət payı var, tam həqiqət olmasa da. Kitab üzərində iş Oruellin həyatındakı son coşğun alov idi. Görüntü və dilin qeyri-adi, qaranlıq dərinliyi, baş qəhrəmanın bədii təxəyyülünün qəhrəmanı təhkim etdiyi işgəncələrin demək olar ki fiziki olaraq hiss edilməsi buradan doğur. O, öz solmaqda olan fiziki mövcudluğunu, öz ölümqabağı əzablarını ötürdüyü Uinston Smitin zəifləməkdə və qurumaqda olan bədəni ilə eyniləşdirir. Əzablarının son spazmlarını son kitabının son səhifələrində əks etdirir. Lakin Oruell məyusluğu və pessimizminin daxili məntəqinin əsas izahını yazıçının ölümqabağı əzablarında deyil, canlı insanın hiss və fikirlərində, titrək, qalib gəlmiş rasionalizm reaksiyasında axtarmaq lazımdır.

“Mən NECƏ olduğunu başa düşürəm: lakin NİYƏ olduğunu başa düşmürəm” – “1984” leytmotivi budur. Uinston Smit Okeaniyanın necə mövcud olduğunu və onun diqqətlə işlənmiş tiraniya mexanizminin necə fəaliyyət göstərdiyini bilir, lakin əsas səbəb və məqsəd ona məlum deyil. O, cavab axtarışında “cinayətkar fikrin” sirli nümunəsi olan, Emmanuel Qoldsteynin – gizli Qardaşlığın ilhamvericisinin yazdığı “Kitab”ın səhifələrinə müraciət edir. Lakin “Kitab”ın yalnız “Necə?” sualına cavab verən fəsillərini oxumağa müvəffəq olur. Fikir polisi o anda basqın edir ki, o “Niyə?” sualına cavab verməyi vəd edən fəsillərə təzəcə başlamışdı və bu sual cavabsız qalır.

Bu, Oruellin öz çətinlikləri idi. O öz Okeaniyası haqqında deyil, daha çox stalinizm və böyük təmizləmə haqqında “Niyə?” sualını verirdi. Təbii ki, bir gün o, cavab üçün Trotskiyə müraciət etdi: xarici görünüş və yəhudi Emmanuel Qodsteyn adına qədər bir necə bioqrafik məlumatları Trotski-Bronşteyndən götürmüşdü. “1984” əsərində bu qədər çox səhifəni tutan “Kitab”ın fraqmentləri, “Satılmış İnqilab” əsərinin aşkar, lakin uğursuz təhkiyəsidir. Oruell Trotskinin mənəvi yüksəkliyinə heyran qalmışdı və eyni zamanda da ona sona qədər inanmır və dediklərinin həqiqiliyinə şübhə edirdi. Baxışlarının Trotskinin baxışlarına zidd olması öz ifadəsini Uinston Smitin Qoldsteynə münasibətində tapdı. Smit ən sona qədər Qoldsteyn və Qardaşlığın həqiqətən mövcud olub-olmadığını və ya polis tərəfindən uydurulub-uydurulmadığını müəyyən edə bilmədi. Trostki və öz fikirləri arasındakı– Oruellin dəf edə bilmədiyi baryer marksizm və dialektik materializm idi. O, Trotskidə “Necə?” sualına cavab tapdı, lakin “Niyə?” sualına cavab tapa bilmədi.

Lakin Oruell tarixi aqnosistizmlə qane ola bilməzdi. O, kim də olsa, skeptik deyildi. O daha çox fanatik təbiətə malikdi, qoyulan suallara sürətli və aydın cavab almaqda qətiyyətli idi. İndi onun qəlbi, inamsızlıq, şühbəliliklə, ONLAR tərəfindən London-taundan olan vicdanlı Billi Brauna qarşı qaranlıq sui-qəsdlərin axtarışı ilə narahat olurdu. ONLAR – nasistlər, stalinistlərdir, Çerçil və Ruzvelt və təbii ki, dövlət ideyasını müdafiə edən hər kəs idi, axı Oruell mahiyyətcə sadəlövh anarxist idi və onun nəzərlərində istənilən siyasi hərəkat, dövlət ideyasına qazandığı anda mövcudluğunun mənasını itirirdi. Mürəkkəb ictimai səbəbləri təhlil etmək, qarışıq siyasi motivləri, hesablamaları, qorxu və şübhələri izah etmək, ONLARIN fəaliyyətinin arxasındakı məcburedici şəraiti izah etmək onun ağlına gəlmirdi. İctimai güclər və tendensiyalar, tarixi qaçılmazlıq anlayışları onda şühbə və qıcıqlanma oyadırdı. Lakin bu qavramlar olmadan (mötədil və lazımi şəkildə istifadə edilən) Oruelli narahat edən suallara ümumiyyətlə cavab vermək mümkün olmaz. O, qarşısında ağacları, daha doğrusu, bir ağacı görür, lakin meşəni görmür. Bundan əlavə, tarixi ümumiləşdirmələrə qarşı inamsızlıq onu, ən köhnə, bayağı, abstrakt, metafizik və mənasız tarixi ümumiləşdirmələrdən birindən yapışmağa vadar etdi: ONLARIN bütün planları, sui-qəsdləri və diplomatik addımlarının yeganə bir mənbəyi var. Bu mənbə – “sadistsayağı hakimiyyət yanğısı”dır. Beləcə, Oruell gündəlik rasionalist sağlam düşüncədən “1984” əsərinin ilham mənbəyi olan qəddarlığın  mistisizminə keçir.

“1984” romanında insanın maşın üzərində hökmranlığı elə yüksək səviyyəyə çatıb ki, cəmiyyət hər kəs üçün rifah yaratmaq və bərabərsizliyə son qoymaq iqtidarındadır. Lakin bərabərsizlik və ehtiyac yalnız ona görə qorunub saxlanılır ki, Böyük Qardaşın sadist meylləri təmin edilsin. Həmçinin, biz Böyük Qardaşın həqiqətən mövcud olub-olmadığını və ya onun yalnız mif olduğunu bilmirik. Partiyanın kollektiv qəddarlığı (dərrakəli və xoşniyyətli ola biləcəyi ayrı-ayrı partiya üzvlərinin deyil) Okeaniyanı terror altında saxlayır. Totalitar cəmiyyəti sadizm ideyası idarə edir. Oruellə elə gəlirdi ki, o, adi olanın və fərz etdiyi kimi, yalnış ictimai siniflər və sinfi maraqlar konsepsiyası çərçivəsindən kənara çıxıb. Lakin marksizm terminlərinə əsasən, ictimai sinfin marağı şəxsi maraqlarla və öz üzvlərinin ictimai vəziyyəti ilə müəyyən əlaqəni nəzərdə tutur, hətta əgər sinfi maraq şəxsi maraqların sadə cəmini nəzərdə tutmursa. Oruellsayağı partiyada bütöv olan şey hissələrlə heç bir əlaqəyə malik deyil. Partiya hər hansı bir maraq və ya məqsədlə hərəkətə gətirilən ictimai orqan deyil. Bu, insan təbiətində olan bütün çirkinliklərin  fantomsayağı əksolunmasıdır. O, metafizik, çılğın və hakimdir. Şər Gücü.

Əlbəttə, Oruell “1984” əsərini xəbərdarlıq kimi yazırdı. Lakin xəbərdarlıq alınmadı, çünki romanın əsasında çıxılmazlıq dayanır. Oruell totalitarizmi, tarixi dayandıran bir şey kimi qəbul edirdi. Böyük Qardaşa qalib gəlmək mümkün deyil: “Əgər siz gələcəyin mənzərəsini görmək istəyirsinizsə, əbədi olaraq insan üzünü – əzən çəkməni təsəvvür edin”. O, böyük təmizləmə mənzərəsini gələcəyə proyeksiya edir və onu həmişəlik donmuş halda təsəvvür edirdi. O, hadisələri realistik şəkildə, kompleks tarixi kontekstdə görmək iqtidarında deyildi. Hadisələr həddən artıq “irrasional idi” və bunun nəticəsində Oruell onları, çılğınlıqla həddən artıq yaxın məsafədə olduğu üçün ağlını itirməkdə olan psixiatr kimi irrasional şəkildə dərk etməyə başladı. “1984” faktiki olaraq xəbərdarlıq deyil, qaranlıq minilliyin, əbədi əzablar minilliyinin gəlişini xəbər verən qulaqbatırıcı fəryad idi.

O dövrün kütləvi informasiya vasitələri tərəfindən eşidilmiş fəryad milyonlarla insanı dəhşətə gətirdi. Lakin onlara, dünyanın mübarizə apardığı problemləri görməyə kömək etmədi, onları dərrakəsini genişləndirmədi. O, dünyanı bürümüş və sadə ağılları çaş-baş etmiş panika və nifrət dalğasını böyütdü və gücləndirdi. “1984” Şərq və Qərb arasındakı münaqişəni ağ-qara rənglərdə görməyi öyrətdi, dəhşətli kabusu və bəşəriyyətin əziyyət çəkdiyi bütün xəstəliklərin günah keçisini göstərdi.

Atom əsrinin əvvəlində dünya apokaliptik dəhşət halında yaşayır. Məhz bu səbəbdən bədii əsərlərdə Apokalipsis motivləri insanları bu qədər maraqlandırır. Lakin atom və hidrogen apokaliptik bədheybətlərini Böyük Qardaş buraxmayıb. Müasir cəmiyyətin əsas çətinliyi ondadır ki, o hələ də öz həyat tərzi və ictimai-siyasi qurumlarını texniki biliyin nəhəng nailiyyətlərinə uğyunlaşdırmağı öyrənməyib. Biz atom və hidrogen bombalarının Şərqdə yaşayan milyonlarla insanın şüuruna necə təsir etdiyini bilmirik, burada ağrı və qorxu səthi (və ya hətta çaşqın) rəsmi optimizm pərdəsi altına gizlənib. Lakin belə bir faktı görməmək təhlükəli olardı ki, Qərbdə milyonlarla insan əzab və qorxu içində bəşəriyyətin taleyi qarşısındakı şəxsi məsuliyyətlərindən qaçaraq qurtulacaq və öz qəzəb və ümidsizlik hisslərini, Oruellin “1984” əsərinin onların gözləri qarşısında yaratdığı bədheybətsayağı günah keçisinə yönəldəcəklər.

“Siz bu kitabı oxumusunuz? Mütləq oxumalısınız. Onda başa düşəcəksinzi ki, niyə o kommunistlərə atom bombası atmalıyıq” – Oruellin ölümündən bir neçə həftə əvvəl Nyu-Yorkda bir bəxtsiz kor qəzet satıcısı mənə “1984” əsərini məsləhət gördü.

Yazıq Oruell, nə vaxtsa təsvir edə bilərdi ki, onun kitabı Nifrət həftəsi proqramında bu qədər məşhur tədbir olacaq?

Şərh

Bu fikir şəxsi xatirələrə və Oruellin fəaliyyətinin təhlilinə əsaslanır. Son müharibə zamanı (ikinci dünya müharibəsi – tərc. qeydi) Oruell deyəsən “Economist”, “Обозреватель” və “Tribune” jurnallarındakı dərc edilmiş Rusiya haqqındakı məqalələrimin tənqidi, amma müəyyən qədər qeyri-adi məzmunu ilə maraqlanırdı (Sonra hər ikimiz Almaniyada “Обозреватель” jurnalının müxbiri idik, bəzən jurnalistlər düşərgəsində eyn otağı paylaşırdıq). Zahiri razılığımız arxasındakı yanaşma fərqlərini görmək üçün müəyyən qədər vaxta ehtiyacım oldu. Oruellin “sui-qəsdlər” haqqında necə təkidlə düşünməsi məni narahat etmişdi, onun siyasi mülahizələrinin isə izlənmə maniyasının freydist sublimasiyası ilə bu dərəcədə oxşarlığı məni heyrətləndirmişdi. O, məsələn, şəksiz inanırdı ki, Stalin, Çerçil və Ruzvelt dünyanı bölmək üçün, həm də öz xeyrinə bölmək və sonradan onu istismar etmək üçün şüurlu şəkildə əlbir idilər (mən bu vaxtlarda Okeaniya, Ostaziya və Evraziya fikirlərini sezə bilirəm). “Onlar hakimiyyət istəyirlər” – o həmişə təkrar edirdi. Bir dəfə mən Böyük Üçlüyün zahiri həmrəyliyi arxasındakı, artıq üzə çıxmaqda olan güclü ziddiyyətləri görməyin mümkün olduğunu ona deyəndə, Oruell elə bir qorxu və inamsızlıq göstərdi ki, sonralar hətta bizim söhbətimizi “Tribune” jurnalında da yazdı və əlavə etdi ki, dediyim münaqişənin əlamətlərini görmür.  Bu, Yalta konfransı[2] və ya dərhal ondan sonrakı vaxt idi, bu zaman gələcəkdə nə baş verəcəyini görmək çətin deyildi. Oruelldə məni heyrətə salan şey, siyasətin bəzi aspektlərindəki dar görüşlü bəsirət və əyilməz möhkəm inamla birləşən tarix hissinin və siyasi həyatın psixoloji dərkinin olmaması idi.

İsaak Doyçer (Isaac Deutscher, 1907-1967) – tanınmış polşalı yazıçı, jurnalist və siyasi aktivist. İkinci dünya müharibəsi başlandığı zaman Böyük Britaniyaya köçüb. Trotski və Stalinin bioqrafiyalarının, həmçinin SSRİ ilə bağlı bir sıra məqalələrin müəllifidir. Trotskinin üçcildlik bioqrafiyası ingilis yeni sol dalğasına böyük təsir göstərib.

1954-cü ildə yazılıb


[1] Oldos Haksli (Aldous Huxley, 1894-1963) – məşhur ingilis yazıçısı və məşhur Haksli ailəsinin üzvlərindən biri olmuşdur (tərc.qeydi).

[2] Yalta Konfransı – 4-11 fevral 1945-ci ildə ABŞ, Böyük Britaniya və SSRİ nümayəndələrinin iştirak etdiyi və Avropanın müharibədən sonrakı yenidənqurma məsələlərinin müzakirə edildiyi konfrans (tərc.qeydi).

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:9364