abunə ol: Yazılar | Şərhlər | Еmail

Dünyanı dəyişdirmə hərəkatının sənətkarı: Bertold Brext

Şərh

Bertolt-Brecht

A.Aras

İncəsənətdən söz düşdükdə, özünü marksizmə, işçi sinfinin azadlıq mübarizəsinə yaxın görən ziyalı və sənətkarlar, birbaşa bu siyasi kimliyə sahib olanlar arasında Bertold Brextin adı qürur verici adların ən başında gəlir.

Sadəcə həyatı ilə deyil, mübarizəsi, bədii praktikası və birbaşa incəsənət nəzəriyyəsi sahəsində marksizmə etdiyi əlavələrlə Brext bir çox müasiri arasında önə çıxan, asanlıqla aşıla bilinməyəcək bir səviyyənin və şəxsiyyət nümunəsidir. Təəssüf ki, onun marksist incəsənətə əlavə etməyə çalışdığı nəzəri işlər yarım qalmış, lazımınca inkişaf etdirilməmişdir.
Burjuaziya və burjua sənətkarlar-tənqidçilər tərəfindən onun qədər sistemli bir təzyiqə məruz qalan və yaradıcı əməyi mühasirə altına alınan bir sənətkar nümunəsi çox azdır. Elə bir təzyiq ki, Brextə, onun incəsənət anlayışına və əsərlərinə qarşı burjua mühasirəsi və təxribatı, o öldükdən sonra da davam etmiş və hələ də davam etməkdədir. Bu burjua “marağına” sadəcə onun siyasi baxışlarının səbəb olduğunu düşünmək son dərəcə səhv olar. Əksinə, yaşadığı müddətdə alman faşizmi onun əsərlərinə özündən daha çox kin bəsləmiş, bir müddət üçün sığınmaq məcburiyyətində qaldığı ABŞ imperializmi digər mühacirlərə göstərdiyi münasibəti ondan da əksik etməmiş, əsərlərinin dərc edilməsinə və səhnəyə qoyulmasına problemlər yaratmışdır. Şübhəsiz ki, digərləri kimi mühacirliyə öyrəşməmiş olmasının da bunda böyük rolu var. Ancaq əsl səbəb Brextin orada və o şəraitdə də burjaziyaya təslim olmaması, mübarizəsinə inadla davam etməsidir. Və indi “ali incəsənət anlayışı”nın təmsilçiləri tərəfindən bu düşmən mövqeyi xaincə davam etdirilməkdədir. Burjaziya illər boyu reklamından təbliğatına qədər Brextin anlayışının inqilabi tərəflərini budayaraq, mənimsəyib öz malına çevirmə həyasızlığını davam etdirməkdədir.

Burjaziyanın göstərdiyi bu tarixi “marağın” işçi sinfi və sosialistlər tərəfindən göstərildiyini, olduğu kimi davam etdirildiyini söyləmək çox çətindir. Bu, onun əsərlərinin ya da incəsənət konsepsiyasının və bədii praktikasının dərk edilməməsindən qaynaqlanmır. Əksinə, Brextin əsərləri brextyen incəsənət anlayışı yaşadığı dövrdə ən çox işçilər və sıravi xalq tərəfindən maraqla qarşılanmış və dərk edilmişdir. Çünki, bir cümlədə izah etsək, Brext fəaliyyət incəsənətini, dünyanı dəyişdirmək və yenidən qurmaq incəsənətini yaratmağa çalışmışdır. Sözün sadəcə siyasi mənası ilə deyil, bədii mənası ilə də o proletar incəsənətin zəhmətkeş işçisidir. Davamlı bir tədqiqat  içindədir. Səhv nəticələrə gətirib çıxaran eksperimentlərdən boyun qaçırmır. Qəliblərlə, ehkamlarla istədiyi nəticəni əldə etməyəcəyini bilir. Bu səbəbdən o, inqilabçı siyasi bağlardan, incəsənət anlayışını isə burjua ideologiyasından alan bir çox sənətkarın qarşısında həqiqi bir inqilabçıdır, yaradıcılığı isə nəzəri arxa planı və sinfi özəyi ilə inqilabçı bir yaradıcılıqdır. Onun əsərləri son dərəcə sadə və xalq tərəfindən asanlıqla başa düşülən xüsusiyyəti ilə dünyanın hər tərəfində maraqla qarşılanmışdır. Bu, eyni zamanda onun əsərlərinin bəşəri dəyərinin bir sübutudur.

Brext “xalqın səviyyəsinə enmək” bəhanəsinin arxasında gizlənən xalq yaltaqlarına da, “burjaziyanın ali incəsənəti”nə də nifrət edir.  Bundan əlavə, onun bədii və nəzəri rəqiblərindən biri (ən başda gələn) burjaziya və burjua incəsənətidirsə (tarixi kökləri ilə klassik imcəsənət anlayışı), digəri isə müxtəlif formalara bürünmüş xalq yaltaqlığı, burjua təsirlərindən qurtula bilməmiş sosialist sənət və sənətkarlardır. Bəli, Brext, xalis proletar incəsənətinin mövcud olmayacağını da deyir, amma bu əsla burjaziyaya və onun sosial həyatda, mədəniyyətdə, incəsənətdəki hökmranlığına qarşı mübarizə aparmasının, bunları bir-bir arıtlamasının qarşısında mane deyildir.

Brextin və brextyen incəsənət anlayışının sosialistlər cəbhəsində layiq olduğu marağı lazımınca görə bilməməsinin bir səbəbi də onun incəsənət anlayışının və əsərlərinin kommunist partiyaların rəsmi etibarını əldə edən nəzəriyyəçilərin ortaya qoyduğu sənət anlayışı ilə açıq və ya qapalı bir mübarizə halında olmasıdır. Hazır qəliblərə, vərdişlərə, reseptlərə olan uzaqlığıdır. Qeyd etməliyik ki, bu ziddiyyət nəzəri sahədə davam etdiyi halda Brext müharibədən sonrakı dövrdə sadəcə ziyalı-sənətkar şəxsiyyəti ilə deyil, bir kommunist olaraq da öhdəliklərini yerinə yetirməyə səy göstərdiyi üçün geri qayıtdığı ölkəsində təcrid edilməmiş, bir kənara atılmamış, nəzəri sahədəki gərginlik əlaqələrinə sirayət etməmiş, Berliner Ensemle Teatrını qurub fəaliyyətinə burada davam etmişdir.

Brextin nəzəri əməyi və klassik anlayışla mübarizəsi

Brexti marksist incəsənət nəzəriyyəçilərindən fərqləndirən əlamət hər şeydən əvvəl onun incəsənətə, incəsənət və mədəniyyət sahəsindəki sinfi hökmranlığa tarixi materialist anlayışın tənqidi silahı ilə yanaşmasıdır. İnqilabi bədii praktikasında göstərdiyi inad və incəlikdir. O, bir növ Marksın iqtisad sahəsində tətbiq etdiyi üsulu, oxşar bir formada sənət sahəsində tətbiq etməyə çalışmışdır. Onun fikrincə, incəsənətdə proletariat tərəfində olmağın birinci və əsas şərti budur. Ancaq bu gözlə baxdıqda, incəsənət sahəsində davam etməkdə olan sinfi mübarizənin ideoloji-siyasi vəzifələri, hər hansı bir şişirtməyə, ehkamçılığa varılmadan başa düşülə bilər. Brext ən qədim incəsənət sahəsi olan teatrı özünə nümunə seçərək konseptual və təcrübi fəaliyyətə başlayır. Lakin şeirdə də bunu sınaqdan keçirir.

Brextə görə, burjua incəsənətinin əsası-özəyi antik yunan teatrının klassik mövzularının, qəhrəmanlarının və üslubunun bu günə uyğunlaşdırılmış müasir bir versiyasına əsaslanmaqdır. Geyimlər dəyişilir, adlar dəyişilir, aktyorlar dəyişilir, lakin əsas məqsəd və bu məqsədin təmsilçisi olan obrazlar-rollar eyni qalmaqdadır. Hətta tərkibi olaraq belə çox şey dəyişməməkdədir. İnqilabi incəsənət anlayışı (“Epik teatr” olaraq məhşurlaşsa da, əslində “epik” və “teatr”dan daha irəliyə gedir) buradakı təhlilə borcludur.

Təhlilini iki kritik anlayışla ifadə etmək mümkündür: Eyniləşmə və Katarsis (boşalma-sağaltma). Brextə görə, klassik incəsənətin bu iki əsas ünsürü burjaziyanın incəsənətdəki hegomonluğunun da açarlarıdır.

Məqsəd isə tamaşaçını (xalqı) sənətdə (səhnədə) yaradılan illüziyaya ortaq edərək onu rahatlatmaq və teatrdan (sənətin təsir sahəsindən) çıxdıqda normal həyatına, normal işinə rahatlamış bir formada davam etməsini təmin etməkdir. Bir işçi ya da bir kölə olaraq gələn tamaşaçı “doymuş”, duyğularını teatrda “boşaltmış” (katarsis olmuş) bir formada həyata davam etməsi əlbəttə ki mövcud sistemin davam etməsi deməkdir.

Bu incəsənət anlayışı (səhnə tərtibatı və bir başa oyun vasitəsi ilə) hələ teatrda ikən tamaşaçını özündən təcrid edir, onu passiv bir tamaşaçı mövqeyində saxlayır. Tamaşaçıdan baxdığı şeyi başa düşməsi və tənqid etməsi deyil, onunla (müsbət obrazlar, qəhramanlarla) eyniləşməsi tələb olunur. Oyun (sənət) oyadıcı, məlumatlandırıcı deyil, uyuşdurucu olmalıdır. Qəhramanlar “əşya”laşdırılmış bir eyniləşmə “subyekt”i olaraq, hər kəsin yüksək duyğularını, bir sıra ictimai ideallarını təmsil etməlidir  (bu ideallar, təbii ki, pyesdə olduğu kimi, gerçək həyatda da hakim sinfin damğasını daşıyır). Tamaşaçının hisslər dünyası içində edilməli olanı etməli, tamaşa olmalı olduğu kimi başa çatdırılmalı, kənarda – gerçək həyatda müzakirə ediləcək – gerçəkləşdiriləcək heç bir şey qalmamalıdır. Cavablandırılmamış bir şey qalmamalıdır, tək bir sual belə! Səhnə elə tərtib olunmalıdır ki, burada baş verən bir sıra hadisələrin olduğu gerçək dünyanın bir “nümunə”si olduğunu tamaşaçıya unutdura bilsin və əksolunma əmsalını – tamaşanın təsirini artıra bilsin. Aktyorlar da rollarını elə həqiqətəuyğun oynamalıdırlar ki, həyatdaki hər hansı bir həqiqi ictimai obrazı ən tam formada çatdıra bilsinlər. Rolların, həqiqi ictimai varlıqları (ağanı oynayan biri “ağa”, köləni oynayan bir “kölə”ni) “təmsil” etdikləri başa düşülməsin. Bu səbəbdən aktyor oynadığı rolla mümkün oldu ölçüdə eyniləşməlidir. Buna nail olunarsa, tamaşaçı da ona verilən “tamaşaçı” rolunu daha yaxşı mənimsəyər. Beləcə ümumi olaraq, səhnə, rollar, mövzu (yəni incəsənətin təmsil etdiyi həqiqətlər) həqiqətlə, həqiqi sinfi əlaqələrlə yer dəyişdirməyə xidmət edir. Əsl həqiqət teatrdan kənarda saxlanılaır, tamaşanın xəyali gerçəyi tamaşaçıya yeridilir. Gəlinən nöqtə, tamaşanın – rolların bir nümunə olduğunun unutdurulması yolu ilə tamaşaçının həqiqi həyata  və əlaqələrə müdaxiləsini ortadan qaldırmaqdır. Budur, Brext üçün incəsənətdə burjua irticası özünü bu əsasda, şübhəsiz antik-dövr teatrına əlavə edilmiş bir sıra yenilikləri də qataraq istehsal edər.

Forma və tərkibdə hansı səviyyədə zənginləşdirmə metodundan istifadə edilirsə edilsin, üstündə nə qədər dəyişiklik edilirsə edilsin, bu tərz və konsepsiya əsas etibarilə mürtəcedir. İnqilabi anlayış və niyyətlə olsa da, surəti çıxarılmalı deyil, mübarizə edilməlidir. Əlbəttə, illüziya yaratmaq, kütlələri passivizmə aparmaq, işçi və zəhmətkeşlərə hökmran sinfin köhnəlmiş vasitələri ilə səslənmək, bu yolla sırf onların duyğularına xitab etmək, inqilabi incəsənətin, inqilabçı sənətkarın işi ola bilməz. Sənət istehsaldan, həyatın özündən ayırd edilib, öz “ali” hökmranlığının qəliblərini parçalamalı, səhnəni həyatın içində qurmalıdır. Rəsmlər kətanlara, rəsm qalareyalarına yox, geniş divarlara da çəkilməli, küçələrdə nümayiş etdirilməlidir. Rəngkar ilə rəssam, daş yonanla heykəltaraş arasındakı istedad və sinfi ayrıseçkilik, bənnalar və daş ustaları lehinə pozulmalı, sərmayənin artmasına əsaslanan yaradılan iş bölgüsü ləğv edilməli, incəsənət xüsusi bir iş olmamalı, iş əyləncəli, bədii və kollektiv bir xarakter qazanmalıdır. Məhsuldar yüksək istedadlı sənətkar şəxsiyyəti rədd edilməlidir. İncəsənət bir imtiyaz, sənətkar xüsusi bir imtiyazlı şəxsiyyət olmamalıdır. İncəsənət əsərləri, məhsulları və bədii yaradıcılıq kütlələrin, qarşısında diz çöküb sitayiş edəcəkləri bir şey yox, gündəlik həyatda münasibətdə olacaqları, toxunacaqları, tənqid edəcəkləri, dəstəkləyəcəkləri, özləri üçün şərh edib yenidən yaradacaqları bir fəaliyyət halına gətirilməli, buna uyğun bir forma və tərkibə salınmalıdır. İncəsənət kütlələrin dünyanı dəyişdirmə praktikasını inkişaf etdirib, buna xidmət edirsə, istismar olunanların əlində həqiqi bir silaha çevrilə bilər.

Sonradan müəyyən qədər inkişaf etdirilmiş forması ilə bu çərçivədə xülasəsini verə biləcəyimiz Brextin bədii anlayışının öz dövründə nəzəriyyələşdirdiyi əsas termin “yadlaşma”dır. Sənətin bir nümunə olduğu  həqiqətini qaralamağa çalışan hakim klassik anlayışın qarşısına Brext yadlaşmanı, yaradılmağa səy edilən illüziyanı dağıdıcı-inqilabçı bir vasitə olaraq qoyur. Burjua bədii təfəkkürünə və yaradılmağa səy edilən ideoloji manipulasiyaya  bir dəyənək kimi soxulan bu anlayış sadə bir texniki teatr cəhdi deyil, olduqca güclü bir silahdır. Tamaşa edən (tamaşaçı) və oynayan (aktyor), səhnələşdirilən əsər (bədii əsər) və həqiqət arasına çəkilmiş və yüz illərdir öyrəşilmiş bir tarixi divarı – ayrıseçkiliyi parçalayaraq, işçi və zəhmətkeşləri inqilabi nəzəriyyənin inqilabi incəsənətinin silahları ilə təchiz edir, onları həqiqi həyatda da tamaşaçı oturacağından siyasi səhnəyə çıxarır, səhnəni (incəsənəti) dünyanı dəyişməyə dair inqilabi müdaxilənin şüurluluğu ilə və inqilabi hərəkatın yaradıcılığı ilə təchiz edir. Brextin əsərlərində bu inqilabi tərzin yaratdığı təsiri R.Wintzen, aşağıdakı yüksək fikirlərlə ifadə edirdi:

“Teatr səhnəsində o, elə bil atəşin bir ehtiras, xalqın ağzı idi, poetik bir şimşək və ildırım səsi isə gözəl bir məhəbbət nəğməsi idi”

Brextin bədii anlayışı və əsərləri insanları əyləndirməyə, bu dünyanı boş gözlərlə seyr etməyə istiqamətləndirən əsərlər deyil, mübarizə meydanına dəvət edən, onları çoşduran bir müharibə çağırışıdır.

Brext həm bir konsepsiya inkişaf etdirmək, həm buna uyğun əsərlər təqdim edə bilmə mənasında bir “buzqıran” rolunu tam şəkildə ilə yerinə yetirib. İncəsənəti mübarizənin atəşində sınanmış, arxasında məna dolu miras qoyub. Yarımçıq qalan əsərini, əksik qalan fəaliyyətini tamamlamaq isə proletariatın gənc üzvlərinin işidir.

Kızıl Bayrak qəzeti

(c) SOLFRONT.org

[Yazı original məqalədən Solfront.org üçün hazırlanmışdır]


Oxşar yazılar:

Baxış sayı:5539