abunə ol: Yazılar | Şərhlər | Еmail

Boris Kaqarlitski – Marksizm: “Siyasi iqtisaddan iqtisadiyyata. Mənfəət norması”

Şərh

SOLFRONT oxuculara tanınmış rus sosioloqu, publisisti, siyasi elmlər namizədi Boris Kaqarlitskinin “Marksizm: tədris üçün tövsiyə olunmur” kitabını azərbaycan dilində təqdim edir. Kitab marksist fikrin tarixini və təkamül yolunu, həmçinin marksizm daxilindəki ideoloji istiqamətləri və onun öz dövründə oynadığı, siyasi, iqtisadi və ictimai rolu əks etdirir, mövcud ideoloji istiqamətlərin əsas xüsusiyyətlərini və bir–birindən fərqləndirici cəhətlərini izah edir. Kitab sizlərə hissə – hissə təqdim olunacaq. Saytda tam şəkildə dərc edildikdən sonra kitabı bir neçə müddətdən sonra şəhərin mağazalarından əldə edə bilərsiniz.

marksizm-ne-rekomendovano-dlya-obucheniya

Əvvəlki                                    Növbəti

Boris Yulyeviç Kaqarlitski
Marksizm: Tədris üçün tövsiyə olunmur

 

KAPİTALİZM DÜNYA SİSTEMİ KİMİ

Əgər Marks özü kapitalizmin iqtisadi qanunlarına xüsusi diqqət ayırırdısa, XX əsr ortalarının qərbi marksizmi öz diqqətini psixologiya, mədəniyyət və siyasi mübarizə problemlərində cəmləyirdi ki, bu məsələlər “Kapital” müəllifinin əsərlərində bəzən ikinci planda olurdu. Amma bu o deməkdir ki, burjua cəmiyyətinin bütün iqtisadi inkişaf məsələləri “Kapital”da həll edilmişdi?

Marks tərəfindən görülən böyük həcmli işə baxmayaraq,  “Kapital” başa çatmamış kitab olaraq qaldı. Engels Marksın vəfatından sonra onun qaralamaları əsasında üçüncü cildi yazdı, amma bununla möhtəşəm fikrin ancaq bir hissəsi yerinə yetirildi.

Siyasi iqtisaddan iqtisadiyyata

 Siyasi iqtisadçı kimi, Marks kapitalist istehsal üsulunun ümumi fəaliyyətindən başladı. Amma kapitalizm – sadəcə olaraq istehsal üsulu deyil, həm də bu üsul əsasında inkişaf edən iqtisadi sistemdir. Həm də dünya miqyasında.

Kapitalist sisteminin qlobal genişlənməsi haqqında Marks və Engels artıq “Kommunist manifesti”ndə yazmışdılar. Amma gələcəkdə onların diqqəti digər məsələlərdə cəmlənmişdi. Ümumi prinsipləri və kapitalın fəaliyyətinin daha dərin, bazar qanunlarını formalaşdırmaq lazım idi. Marks və Engels bu vəzifənin öhdəsindən dahiyanə şəkildə gəldilər. Amma ümuni qanunu kəşf etmək, hələ konkret mexanizmin necə fəaliyyət göstərdiyini təhlil etmək demək deyil. Məsələn, mexanika qanunlarını XVII əsrin sonundan bəri yaxşı başa düşürdülər, amma bu qanunlar əsasında hazırlanmış daxili yanma mühərriki ancaq iki yüzillikdən sonra yarandı. Buna oxşar bir şey marksizmdə kapitalist sisteminin təhlili ilə baş verirdi.

Marksizm artıq XX əsrin əvvəllərində çox ciddi problemlərlə üzləşdi. “Kommunist manifesti”ndə Marks burjuaziya haqqında yazırdı: “Məhv olma təhlükəsi altında, o, bütün xalqları burjua istehsal üsulunu qəbul etməyə, onları özlərində sivilizasiyanı qəbul etməyə, yəni burjua olmağa məcbur edir. Yəni, o öz nümunəsinə əsasən dünya yaradır” (Marks K., Engels F. Əsərləri, C. 4, Səh. 428).

Yüz il keçdikdən sonra həmin fikirləri – amma başqa terminologiyada – Beynəlxalq Valyuta Fondu və ya Dünya Bankı nümayəndələri deyirdilər ki, onlar qərb liberal iqtisadi normalarının hər yerdə tətbiqinin, bizim Qərbdə gördüyümüz nailiyyətlərə gətirib çıxardığını sübut edirdilər. Bu arada kapitalizmin müxtəlif ölkələrdə tətbiqi tamamilə fərqli nəticələrə gətirdi. Məsələ sadəcə onda deyil ki, qərb ölkələrində rifah artımı sabiq müstəmləkələrdə analoji uğurlarla müşayiət edilmirdi – qərb siyasi və iqtisadi institutlarını nə qədər səylə təkrarlasalar da. Kapitalizməqədərki münasibətlərin bir çox “qalıqları” yalnız xüsusi sahibkarlıq və azad rəqabətin təsiri altında məhv olmurdular, həm də, əksinə, saxlanmağa və inkişaf etməyə davam edirdilər.

1990-cı illərdə alman  marksisti Mario Kesler dəqiq qeyd etmişdir ki, Marksın dediklərinin əksinə olaraq, burjua dünyanı “öz nümunəsinə görə” deyil, öz tələbatlarına görə yenidən qurur. İşgüzar təcrübənin vahid şəklə salınması heç də avtomatik olaraq öz ardınca hətta qərb əmək münasibətlərinin də inkişaf səviyyələrinin bərabərləşməsini gətirmir. Kapitalizməqədərki istismar formaları kapitalizmə uyğunlaşdırılır – o şərtlə ki, onun sayəsində dünya bazarının hər hansı bir tələbatı ödənir.

Amerikada qaradərililərin köləliyi qədim dövrün qalığı deyil, o, ucuz xammala ehtiyac duyan kapitalist bazarının inkişafı nəticəsində yaranmışdır. Eyni şəkildə kəndlilərin Rusiyada və Polşada kölə halına salınması Orta əsrlərə qayıdış deyildi. Şəxsən azad olan kəndli yenidən canlı əmtəəyə ona görə çevrilmədi ki, taxıl, kəndir, meşə, kətan və digər şərqi avropa təsərrüfatı məmulatları London və Amsterdamın əmtəə birjalarına lazım idi. Rus təhkimçiliyinin güclənməsi ölkənin modernizasiyasını yavaşlatmırdı, çarlara və tacirlərə “Avropaya pəncərə açmağa” mane olmurdu, əksinə, onlara bu modernizasiya üçün resurs tapmağa kömək edirdi. Digər tərəfdən isə, məhz Avropada və Şimali Amerikada azad muzdlu əməyin nisbətən bahalı olması Şərq və Cənubdan gətirilən ucuz xammala tələbatı artırırdı. Bir şey digərini kompensasiya etməli idi.

Tamamilə aydındır ki, kapitalizm muzdlu əməyə, insanın öz iş qabiliyyətini, öz iş qüvvəsini satmasına əsaslanıb. İş qüvvəsinin dəyəri və onun köməyi ilə istehsal olunan əmtəələrin dəyəri arasındakı fərq izafi dəyərdir – kapitalın gəlir və yığım mənbəyidir.

Xüsusi mülkiyyət özgəsinin əməyini qanuni şəkildə, zorakılıq və məcburetmə olmadan mənimsəməyə imkan verir. Burjua xüsusi mülkiyyəti, feodal mülkiyyətdən fərqli olaraq, müxtəlif növ əlavə öhdəliklərlə yüklənməyib. Feodal mülkiyyəti məhdud idi. Cəngavər krala xidmət etməli idi. Bu gün heç kim gözləmir ki, zavod sahibi müharibə vəziyyətində öz pulu ilə tank almalı və onunla döyüş meydanına getməlidir.

Bu kapitalist mülkiyyətinin bir məqsədi var – kapital yığımını təmin etmək. Marks göstərmişdir ki, bu istehsal üsulu, öz növbəsində, bir sıra qaçılmaz ziddiyyətlər yaradır. Müəyyən mərhələdə mənfəət normasının azalması tendensiyası müşahidə olunur. Məhz canlı əmək izafi dəyərin (və müvafiq olaraq, mənfəətin) mənbəyi olduğuna görə, texnoloji təkamülün hər bir yeni sikli canlı əmək və avadanlıqlar (istehsalın əsas fondları) arasındakı nisbəti dəyişir. Avadanlıq bahalaşır, onu daha tez-tez dəyişməli olurlar, bu da mənfəətdə əks olunur. Artan rəqabət də mənfəətdə əks olunur.

Nəticədə mənfəət norması məntiqi olaraq hətta o halda da azalmalıdır ki, məcmu mənfəət artsın. Burada Marks proletariatın nisbi və mütləq yoxsullaşması haqqında nəticəyə gəlir. Axı kapitalist üçün bu tendensiyanı dəyişməyin yeganə üsulu – əmək haqqını azaltmaq və ya dəyişməz əmək haqqı ilə istismarı artırmaqdır. Amma real əmək haqqının azalması yeni ziddiyyətlərə gətirib çıxarır. Birincisi, işçi sinfi müqavimət göstərməyə başlayır, sinfi mübarizə kəskinləşir və nəticədə inqilab baş verir. Digər tərəfdən isə, əmək haqqının azalması daxili bazarın kiçilməsinə gətirib çıxarır ki, bu da son nəticədə satış böhranı doğurur.

Qeyd edək ki, Marks burada ya İngiltərənin daxili bazarını nəzərdən keçirir, ya da fərz edir ki, dünya bazarı, strukturuna görə, İngiltərənin daxili bazarından fərqlənməyən bir vahid kimi fəaliyyət göstərir. Bu, şərti fərziyyədir, həmçinin “Kapital” müəllifi üçün şübhəli heç nə yoxdur ki, söhbət abstrakt – sadələşmiş modeldən gedir, amma məhz bu şəkildə ümumi siyasi-iqtisadi qanunauyğunluqları formalaşdırmaq olar.

Marks xüsusilə dünya bazarının tədqiqi ilə məşğul olmur.

Dövrü ifrat istehsal böhranları sistemi sarsıdır. Kapital üçün sonsuz yığımı təmin edən, istehsalın daimi artımı zəruridir, bazar isə genişlənmir. Böhran anında, Marksın fikrincə, proletariat elə bir yoxsullaşma səviyyəsinə çata bilər ki, burjuaziya onun hesabına yaşamaqdansa, özü proletariatı bəsləməyə başlayır.

Belə bir nəticə çıxır ki, dövrü böhranlar nəhayətdə hər şey dağılmayana qədər təkrarlanacaq, daha da ciddi şəkil alacaq. Demək lazımdır ki, Marksın əsərlərində heç yerdə kapitalizmin son böhranı haqqında birbaşa tezis formalaşmayıb, hansından sonra ki, istənilən halda sistemi dəyişmək lazım gələcək. Amma heç təsadüfi deyil ki, bu tezis XX əsrin əvvəlində bir marksist broşuradan digərinə köçürdü. Bu, Marksı oxuduqdan sonra doğan məntiqi nəticədir.

Əgər məsələyə məntiqi baxsaq, mənfəət normasının azalma tendensiyası nəzəriyyəsi inkarolunmazdır. O, siyasi teorem kimi hazırlanıb. Bu səviyyədə Marksın sxemini inkar etmə cəhdlərinin hamısı iflasa uğrayırdı. Nə məntiqi, nə də riyazi cəhətdən bu sxemi inkar etmək mümkün deyil. Amma digər tərəfdən, empirik məlumatlar nəzəriyyəyə uyğun deyil. Problem nədədir?

Mənfəət norması

  Beləliklə, əgər statistikaya nəzər salsaq, aşkar olunur ki, XX əsrin böyük hissəsi ərzində mənfəət norması təxminən eyni səviyyədə qalır. Eyni şəkildə Qərbi Avropada, ABŞ-da proletariatın yoxsullaşması müşahidə olunmur. Bundan əlavə, artıq Viktorian dövrünün sonunda ingilis işçilərinin həyat səviyyəsi yüksəlməyə başlayır. Eyni şey sonralar Almaniyada, Belçikada, Fransada müşahidə olunur. Amma nəzəri səviyyədə bu – kifayət qədər aşkar – faktlara istinad edərək Marksın çoxsaylı tənqidçiləri yenə də “Kapital” müəllifinin mülahizələrini inkar edə bilmədilər və alternativ model təklif etmədilər.

Eduart Bernşteyn sadəcə olaraq yoxsullaşma nəzəriyyəsini unutmağı təklif etdi, çünki empirik məlumatlar nəzəriyyəyə uyğun deyil. Eyni şəkildə bir neçə il sonra amerikan iqtisadçısı C.K.Helbreyt çıxış etdi.

Roza Luksemburq və Lenin tamamilə fərqli düşünürdülər. Onlar, hər biri özlüyündə, bu suala məntiqi cavab tapdılar. Doğrudur, Lenin cavabı daha çox siyasi planda axtarırdı, Roza Luksemburq isə nə baş verdiyinin az və ya çox dərəcədə aydın nəzəri izahını verməyə müvəffəq oldu. Həm Lenin, həm də Roza Luksemburq kapitalizmi qlobal və təkamül edən, dəyişən sistem kimi nəzərdən keçirməyə cəhd etdilər. Bu, onları vacib nəticələrə gəlməyə təkan verdi.

Lakin Marksa qayıdaq. Mənfəət normasının azalma tendensiyasından danışarkən, “Kapital” müəllifi kapitalizmin texnoloji bazisini az və ya çox statik şəkildə nəzərdən keçirir. Bəli, müntəzəm olaraq quruluşa yeni avadanlıqlar daxil edilir. Amma Marksın modelində texnoloji dəyişikliklər inqilabi deyillər. O, bir mövqedən çıxış edir  ki, yeni avadanlıq, daha təkmil, daha məhsular və daha bahalı olacaq. Amma o, kapitalizmin sahə strukturunun dəyişikliklərini və ya prinsipial olaraq yeni sahələr yaradacaq texnoloji inqilabları nəzərdə tutmur. Marks vəziyyəti XVI əsrə istinadən təhlil edərkən məsələ fərqli olur. Burada o, yeni istehsal sahələrinin yaranması zamanı nə baş verdiyini çox gözəl başa düşür. Marks İngiltərə və Qərbi Avropada toplanmış konkret tarixi materiala istinad edir.

İlk texnoloji inqilab XV əsrdən başlayır və təxminən yüz il davam edir. XVIII əsrin sonunda sənaye inqilabı baş verir. Amma prinsipial olaraq yeni sahələrin yaranması Marks tərəfindən onların mənfəətə təsiri nöqteyi-nəzərindən təhlil olunmur. Təcrübədə bunun təsiri çox böyük idi.

Kapitalizmin fəaliyyətini necə təkrar etdiyini təhlil etmək üçün Marks sistemi statik vəziyyətdə modelləşdirir. Tamamilə aydın səbəblərdən o, bu tarazlıq vəziyyətini təsvir etməli idi, əks halda onun mexanizmini başa düşmək çox çətindir. Təcrübənin dəqiqliyinə təsir edən müxtəlif xarici amillərdən təcrid olunmaq lazım idi.

 Bu halda Marks, kapitalın mahiyyətinə varmağa cəhd edərkən, tam şəkildə Hegelin tələbəsidir. Amma real həyatda xalis varlıqlar yoxdur. Buna görə də “Kapital”ın strukturu abstraktdan konkret olana yaxınlaşmadır, tədrici təfərrüatlaşmadır. Əgər o, daha çox yaşasaydı, üç cildlə kifayətlənməzdi.

“Kapital”ın təhlili özündə bir çox amilləri ehtiva etməyə başlayır. Birinci cild kapitalist müəssisənin quruluşu, burjua istehsal üsulunun mahiyyəti haqqında ən ümumi təsəvvürlər verir, sonra isə biz kapitalın təkrar istehsalını, onun yığımının necə baş verdiyini başa düşməyə başlayırıq. Son nəticədə biz dünya ticarəti şəraitinə, cəmiyyət, dövlət və iqtisadi sistem münasibətlərinə varırıq. Amma bu zaman Marks vəfat edir. Növbəti nəsil marksistləri isə adətən “Kapital”ın sadəcə birinci cildini oxuyurlar.

Əgər kapitalist iqtisadiyyatının sahə strukturunu nəzərdən keçirsək, aşkar olunur ki, keyfiyyətcə yeni sahələrin yaranması ilə mənfəət norması kəskin şəkildə yüksəlir. Bu, xam torpağın şumlanmasına oxşayır. Dərhal böyük məhsul yığmağa müvəffəq olunur. Şirkətin səmərəli işləyib-işləməməsi, biznesin inkişafı strategiyasının olub-olmaması vacib deyil. Birinci olmaq vacibdir. Sonra məhsul azalmağa başlayır. Rəqabət artır, bazar doyur. Pioner-şirkətlərin idarə edilməsindəki səmərəsizliklər aşkar olunur. Mənfəət norması azalmağa başlayır.

Hər sahənin daxilində Marks tərəfindən bütövlükdə sistemin özünə münasibətdə müşahidə edilən həmin sikli görmək olar. Amma bu, həmişə sinxron şəkildə baş vermir. Yeni sahələrdə bu sikl, deyildiyi kimi, ağ vərəqdən başlaya bilər. Dövrü olaraq yeni sahələr yaranır ki, onlar mənfəət normasının çox güclü sıçrayışını, artımını doğururlar. Nəticədə kapitalist iqtisadiyyatı çərçivəsində ümumilikdə götürülmüş mənfəətin orta statistik səviyyəsi  daha yüksək olur.

Əgər hər bir sahəyə ayrılıqda baxsaq, aydın olur ki, onun daxilində mənfəət normasının azalma tendensiyası kəsilməz şəkildə hakim olur. Son dövrlərdəki kompyuter biznesinin, mobil rabitə və internet-xidmətlərin tarixi bizə bu prosesin möhtəşəm illüstrasiyasını verir.

Texnoloji inqilablar dövrü olaraq kapitalizmi “canlandırır”. Amma bəla ondadır ki, onlar çox nadir hallarda baş verirlər. Onlar arasında müddət ən yaxşı halda 50 il, bəzən isə daha çox olur. Axı hər yeni texnologiya inqilab deyil. Bəs texnoloji inqilabın imkanları tükənibsə, nə etməli? Bu anda mənfəət normasının azalma tendensiyası maksimal şəkildə əks olunur. Bu proseslərə qarşı gələ bilmək üçün kapital nə etməlidir?

Marks cəmiyyəti sırf kapitalist, sırf burjua cəmiyyəti kimi təsvir edirdi. İqtisadiyyat tarixçisi kimi, o çox gözəl başa düşürdü ki, bu kapitalizm feodalizmdən doğub, onun tarixi var, onun formalaşma mərhələləri var. Amma bu məqamlar (“Kommunist manifesti”ndə təfərrüatla təhlil olunan) “Kapital”da əhəmiyyət kəsb etmirlər. Burada da təcrübənin dəqiqliyi birinci dərəcəlidir.

Keçmiş zaman tədricən məhv olur, o öz yerini kapitalizmə verməlidir. Buradan, yeri gəlmişkən, təsəvvür doğur ki, xırda əmtəə istehsalı, iri kapitalla toqquşmaya tab gətirməyərək aradan qalxmalı olacaq.

(c) SOLFRONT.org


Oxşar yazılar:

Baxış sayı:10735